"Yağışa düşən qərib"

 

Arif Fərzəli əyalətdə yaşayıb-yaratmaq qismətinə şükür eləyən, böyük şəhərlərin reklam işıqlarında gözü qalmayan şairlərdəndir. Amma adı paytaxt Bakının ədəbi mühitində yetərincə tanınır və tez-tez çəkilir. Bu istedadlı şair Masallı rayonunun Xırmandalı kəndində saldığı ömür cığırında var-gəl etməyindədir. Səhərlər məktəbdə dərs deyir, gündüzlər bağ- bostan becərir, gecələrsə hər cür pafosdan, dəbdəbədən uzaq şeirlər yazır... Ulu öndərin xatirəsinə həsr etdiyi bir şeirində dahi şəxsiyyətin ruhuna ehtiramını görün, necə sadə dillə qələmə alıb:

 

Sənin adınadır

xofsuz həyatımız,

buxovsuz muradımız

Endirməyə haqqımız yox -

Sənin adınadır

Bayrağımız,

Şərəfimiz - adımız...

 

Nədənsə, hər dəfə Arif Fərzəlini xatırlayanda onun elə yenicə çapdan çıxmış kitabına da ad kimi seçdiyi "Yağışa düşən qərib" şeiri yadıma düşür. Ariflə Bakıda heç vaxt rastlaşmasam da, onu paytaxtın yağışlı bir günündə, sel axan küçələrində görürəm:

 

Nə evlərdən səs-səmir,

Nə küçədə kimsə var.

Gedəcəyi ünvanı

Heykəllərdən soruşar

Yağışa düşən qərib...

 

Yox, Arif Fərzəli həftə səkkiz-mən doqquz qırmızı qovluğunu qoltuğuna vurub Bakıya gələn, redaksiyaların qapılarında "bitən", qəzet və jurnalların səhifələrinə "yapışan" şairlərdən deyil. Üç-beş ildə bir dəfə görünə, ya görünməyə. Amma bu dəfə necə olubsa, Bakıya heykəllər "ağlayanda" gəlib. "Saçının arası "göl", alnının qırışı "çay" olub. İlin altı ayının yağışlarına mənalı şeirlər həsr etmiş şairi yağış yaxalayıb.

- Yenə yağışa düşüb kövrəlmisənmi, şair? - deyə soruşuram.Cavab verir ki:

 

Bu yağış torpağın gedər çatına,

Bu yağış torpağın getməz qatına.

Bənövşə yuxular düşməz yadıma,

Bu yağış ha yağa, kövrəltməz məni...

("İyun yağışı")

 

Onunla ilk dəfə Xırmandalıdakı əkin sahəsində görüşməyimdən 15-16 il ötür. Söz vaxtına çəkər, elə yay günlərindən biri idi. Yetişdirdiyi bal kimi şirin qarpız-yemişin dadına baxdım. Əkinçi şairin söz "tarla"sına səpdiyi saf duyğu "toxum"larının da misra-misra böyüyüb şirin bar-bəhər verdiyinin şahidi oldum. Necə deyərlər, papaq altında oğullar varmış.

 

Nəsil-nəsil şumlanırıq,

növbə-növbə əkilirik hamımız,

Bir ovuc Vətən torpağıyıq -

bərəkətlimiz, şoranımız,

Xamımız...

 

Rayonda hamı Arif Fərzəliyə "Masallının Fikrət Qocası" deyir. Həm şairliyinə görə, həm də eynən ustadı kimi, səs telləri "incik" olduğundan bir az xırıltı ilə danışdığı üçün.

 

Bir biyaban dərvişiyəm,

mənə şair deməyin ucadan.

Yazmadıqlarıma görə

qorxuram Allahdan,

utanıram

ustadım Fikrət Qocadan...

 

Yazdıqlarına gəlincə, "Yağışa düşən qərib" Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) kimya fakültəsini və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirmiş Arifin "Toxuma həsrət torpaq", "Sizin dünya", "Ömür yarımçıq qalmır" adlı kitablarından sonra oxucularla növbəti görüşüdür. Qələminin get-gedə ovxarlanması, duyğularını yerli-yerində fəlsəfi düşüncə köynəyindən keçirməsi aydın nəzərə çarpır. Arif Fərzəli yetərincə vətənpərvər şair idi, indi isə vətəndaş şair kimi də yetkinləşib. O, tarixi mövzulara çağdaş prizmadan elə işıq tutur ki, oxucu ibrət götürsün. Məsələn:

 

Bərk yatmağımdan bilərsən,

Mən sənin nəvənəm, Qazan!

 

- deyən şair həmin kitabda bir qədər öncə oxuduğumuz "Ozandısa, bizdəndi" şeirini sanki davam etdirir. Günləri yeyib-içməkdə, deyib-gülməkdə, yatıb-qalmaqda keçən bəzi soydaşlarımızın yaxasından tutub silkələyir. Bir şeirdəki qafiyələr digərindəkilərlə ahəngdar səsləşir. Bir şeirdə Qazanın xarakteri görünür, ikincidə artıq açıq şəkildə adı çəkilir. Belə qəribə, gözəgörünməz bağlar çoxdur Arifin əsərlərində.

"Oyunmuş bu yol deyilən" şeirində oxuyuruq:

 

Vaxt cığır - zaman içində,

Baxt şaxır güman içində.

Yaddaşım al-qan içində -

Qardaş savaşından gəlləm...

 

Tarixi faciələrimizi bilənlər dərhal duyacaq ki, müəllif şair babası Şah İsmayıl Xətainin qan qardaşı sayılan Sultan Səlimlə gərəksiz döyüşünə işarə vurur.

Arif Fərzəlinin adsız bir şeiri Qarabağ ağrısına həsr edilib. Mövzuya fərqli yanaşıb. Şeiri piano (axı, Qarabağ musiqi beşiyimizdir) və bülbül (sona bülbüllər Qarabağı yada salır) obrazları üzərində qurub:

 

Özgə barmaqlar altında susursa,

ən yaxşı mahnısını çalır

sahibsiz pianonun dilləri...

Özgə nəfəs altında susursa,

ən yaxşı nəğməsini oxuyur

sahibsiz Qarabağ bülbülləri...

 

Susqun pianonun və əl boyda bülbüllərin bu "barışmazlığı", əslində, bizlərə çox söz deyir.

Arifin adi detallardan ustalıqla istifadə etməsi diqqətçəkəndir. Uğurla seçilən hər detal şeirə orijinallıq gətirir. "Qoca boksçu" bu baxımdan maraqlıdır:

 

Əlləri sustalıb düşüb yanına,

Əlcəyi divardan asılı qalıb.

Tablamır taleyin yumruqlarına,

Ömrünün küncünə qısılıb qalıb...

 

Kürəyini dağlara söykəmiş kənd, bar ağaclarının yanında "utanan" söyüd, qurumuş bulaq, arxası üstə düşüb göyləri cırmaqlayan böcək, bir anda, özü aşırı yağmış qar, "məktub"- qəbirlər... Arifin poetik dünyasının yadda qalan atributlarıdır. Məncə, sıradan bir rəssam belə onun şeirlərinə eskizlər çəksə, sərgisi sənətşünasları ciddi şəkildə maraqlandırar.

Müəllifin sevgi, həsrət, ayrılıq şeirləri riyasızlığı, səmimiliyi ilə seçilir:

 

Öz əlimlə qayçılandım bir ömür,

Qamçıladım, qamçılandım bir ömür.

Bir buluddum, damcılandım bir ömür,

Sellənmədim bu sevdanın yolunda...

 

Bu şeirlər gözqamaşdıran rənglərdən xalidir, amma boyalar təbii olduğundan heç biri pozulub getmir. Necə ki, fabrik məhsulu olmayan qədim xalçanın, kilimin "bəti-bənizi" hələm-hələm solub saralmır...

Şeirlərin birində bədii qəhrəman ayrıldığı sevgilisinə üz tutub deyir:

 

Unut,

olmuşların ən adisi bilib...

çıxım yadından,

yas yerinə gedəndə

dəsmalın yadından çıxantək...

 

Çöllər onun vərəqidir, bellər - yazan qələmi... Qabarlı əlləri, kövrək ürəyi ilə əyalətdə umacaqsız tale yaşayır. Bostanında "lək-lək" sözlər, "tağ-tağ"misralar becərir. Daşın-torpağın arasından "qızıl" beytlər, bəndlər tapıb çıxarır. Sonra da hamısını sanki güləbətinlə bir-birinə toxuyur...

Qələm dostuma yeni uğurlar arzulayıram!

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 24 iyul.- S. 5.