Sumqayıtda
şəhərin sosial-iqtisadi
inkişafının yekunları geniş
müzakirə edilmişdir
Sumqayıt
Şəhər İcra Hakimiyyətində keçirilmiş
yığıncaqda cari ilin birinci yarısında şəhərin
sosial-iqtisadi inkişafının yekunları müzakirə
edilmişdir. Yığıncaqda Milli Məclisin deputatı,
ARDNŞ-nin "Azərikimya" istehsalat birliyinin
müşahidə şurasının sədri Muxtar Babayev,
Sumqayıtın hüquq-mühafizə orqanlarının,
müəssisə, idarə və təşkilatlarının
rəhbərləri, habelə şəhər ictimaiyyətinin
nümayəndələri iştirak etmişdir.
Sumqayıt
icra hakimiyyətinin başçısı Eldar Əzizov
yığıncağı açaraq demişdir:
"Prezidentin gərgin iş qrafikinə baxmayaraq o, şəhərimizə
gəlmiş, burada Sumqayıtın
abadlaşdırılması ilə əlaqədar bir sıra
mühüm tədbirləri həyata keçirməyə
başlaması ilə tanış olmuşdur. Dövlət rəhbəri
şəhər ictimaiyyəti qarşısında
çıxışında yeni geniş layihələrin
ümumi mənzərəsini müəyyən etmiş,
onların həyata keçirilməsi üçün konkret
müddətlər göstərmişdir".
Şəhər
icra hakimiyyətinin başçısı yaxın 3 ildə
Sumqayıtın abadlaşdırılması üzrə həyata
keçiriləcək layihələr barəsində ətraflı
məlumat vermişdir. Onun sözlərinə görə, Heydər
Əliyev Mərkəzinin tikiləcəyi ərazidə
"Heydər parkı"nın yenidən qurulması işləri
bu ilin sonuna qədər başa çatdırılacaqdır.
Olimpiya kompleksi istifadəyə veriləcək, şəhərdəki
Cümə Məscidinin görkəmi tamamilə dəyişəcəkdir.
Bundan əlavə, Nəsimi adına mədəniyyət və
istirahət parkının və Heydər Əliyevin abidəsi
qarşısındakı meydanın yenidən
qurulmasının birinci mərhələsi başa
çatdırılacaqdır.
Hələ
işlənib hazırlanma mərhələsində olan yeni
layihələrin eskizləri də monitorda nümayiş
etdirilmişdir.
Eldar
Əzizov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
iqtisadi inkişafına dəlalət edən göstəricilərin
artmasını vurğulamışdır. O, bu il iyulun 12-də
Nazirlər Kabinetinin ilin birinci yarısında respublikanın
sosial-iqtisadi inkişafının yekunlarına həsr
edilmiş iclasında Prezidentin nitqinə, respublikanın
iqtisadi nailiyyətlərini səciyyələndirən konkret
rəqəmlərə istinad edərək
vurğulamışdır ki, Sumqayıtda da müsbət meyllər
müşahidə olunur, bu da şəhəri işgüzar
insanlar üçün daha cəlbedici edir.
Sumqayıt
icra hakimiyyətinin başçısının müavini
Sahib Quliyev cari ilin ilk 6 ayı ərzində şəhərin
sosial-iqtisadi inkişafı haqqında hesabat məruzəsini təqdim
etmişdir. O, şəhərin bütün xidmət sahələrinin
fəaliyyətini təhlil edərək
vurğulamışdır ki, ilin əvvəlindən 266 milyon
manatlıq məhsul istehsal edilmişdir. Bu, keçən ilin
müvafiq dövrünün göstəricisi ilə
müqayisədə 30,6 faiz çoxdur. Sənayedə də
müsbət dinamika müşahidə olunur. Natiq qeyd
etmişdir ki, burada istehsal edilmiş məhsulun həcmi 40,4
faiz artaraq 163 milyon manata çatmışdır. ÜDM-də
özəl sektorun nisbi payı 63 faiz olmuşdur. Sumqayıt əməkçilərinin
orta aylıq əmək haqqı artaraq 230 manatdan 350 manata
çatmışdır. Sumqayıtda yeni nəslə mənsub
olan bir müəssisə - Qafqazda analoqu olmayan müasir
texnopark uğurla fəaliyyət göstərir. Bir sıra sahələrdə
müsbət meyillər müşahidə olunur. Kimya sənayesində
məhsul istehsalının həcmi iki dəfə,
metallurgiyada üç dəfə artmışdır. Yeyinti
sənayesində artım 1,4 dəfə, yüngül sənayedə
isə 1,3 dəfə artmışdır.
Hesabat
məruzəsi və onun ətrafında
çıxışlar açıq dialoq formatında
keçmişdir. Yığıncaq
iştirakçıları müzakirələrdə fəal
iştirak etmişlər. Onlar şəhər rəhbərliyinin
ünvanına təşəkkürlərini bildirməklə
bərabər, bəzi səhlənkar sahibkarların
ünvanına tənqidi qeydlərini də bildirmişlər.
Eldar
Əzizov öz vəzifələrini səhlənkarlıqla
yerinə yetirən rəhbərləri ciddi məzəmmət
etmişdir. Yerli "Dünya TV" telekanalının çəkiliş
qrupunun hazırladığı, əvvəlki tənqidi
çıxışdan sonra şəhərdə
yaranmış vəziyyətin real mənzərəsini əks
etdirən videomateriallar monitorda nümayiş etdirilmişdir.
Sonra
yığıncaq iştirakçıları adından
Respublika Prezidenti İlham Əliyevə müraciət qəbul
edilmişdir.
Xalq qəzeti.- 2011.- 26 iyul.- S. 5.