Sabirabad yüksəlişin yeni mərhələsinə qədəm qoyur

 

Bu gün Sabirabad öz keçmiş şöhrətini qaytarmaq əzmindədir. Rayonda böyük tikinti, quruculuq və abadlıq işlərinə start verilib. Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində Sabirabadın infrastukturu dinamik inkişaf etməkdədir. Yarım ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağının nikbin ruhda keçməsi də ilk növbədə məhz bu amillə izah edilməlidir.

Fəallar yığıncağını əslində Sabirabadın yeni rəhbərliyinin ictimaiyyət nümayəndələri ilə növbəti işgüzar görüşü də adlandırmaq olar. Bundan əvvəl 32 kəndin sakinləri ilə görüşlər də birbaşa ünsiyyət, açıq diskusiya şəraitində keçmiş və demək olar ki, özünü doğrultmuşdur. Bu arada təşkil olunan çoxsaylı qəbullarda və səyyar görüşlərdə isə rəhbərliklə sakinlər arasında açıq söhbətlər qarşıda duran konkret vəzifələrin müəyyən edilməsi baxımından faydalı olub.

İcra hakimiyyətinin başçısı Nazim İsmayılov fəallar yığıncağını açaraq iyulun 12-də Nazirlər Kabinetinin yarım ilin yekunlarının müzakirəsi zamanı dövlət başçısı İlham Əliyevin nitqindən irəli gələn vəzifələrədən danışdı. Yarım ildə Azərbaycanda qeyri-neft sektorunda artımın 7,2 faiz olduğunu, kənd təsərrüfatının 6,2 faiz, əhalinin pul gəlirlərinin 17 faiz artdığını, büdcə xərclərinin 20 milyard dollara çatdığını xüsusi vurğuladı.

Bütün bu inkişafın kökündə dövlət başçısının gərgin işinin, yorulmaz fəaliyyətinin dayandığını deyən, icra başçısı ölkə Prezidentinin bölgəyə son səfərindən ətraflı bəhs edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sabirabada bu il mayın 5-dəki gəlişi daha əlamətdardır. Dövlət başçısı daşqına məruz qalmış Qasımbəyli kəndinə yeni çəkilmiş 15 kilometrlik asfalt yolun açılışında iştirak etmiş və həmin kənddə əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olmuş, ictimaiyyətin nümayəndələri ilə görüşərək əhalini qayğılandıran problemlərlə maraqlanmış, lazımi tapşırıq və tövsiyyələrini vermişdir.

Bu səfərin nəticəsi olaraq rayonda böyük canlanma yaranmış, abadlıq, tikinti və quruculuq işləri geniş vüsət almış, infrastrukturun yeniləşməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməyə başlanmışdır. Dövlət başçısının diqqət və qayğısı sayəsində təbii fəlakətin törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində xeyli iş görülüb. Subasmaya məruz qalan əksər evlərin yerində möhkəm özüllü 1010 yeni ev tikilib, 100 evdə bərpa-gücləndirmə işləri aparılıb, dəymiş ziyana görə əhaliyə 10 milyon manatdan çox kompensasiya verilib, 10 sosial obyektdə əsaslı təmir işləri başa çatdırılıb. Dövlət başçısının növbəti səfərindən sonra isə bu istiqamətdə işlər daha da güclənib. Onun göstərişi ilə daşqından ziyan çəkmiş 1164 nəfərə daha 1,5 milyon manat kompensasiya verilib, 276 yeni evin tikintisi nəzərdə tutulub. 318 evdə bərpa-gücləndirmə işləri görüləcək, 33 sosial obyektdə tikinti-təmir işləri aparılacaqdır ki, artıq bu tipli obyektlərdən 14-də inşaat işləri başlanıb. Dövlət başçısının tapşırığı ilə daşqına məruz qalmış Əsgərbəyli kənd məktəbinin tam orta məktəbə çevrilməsi üçün əlavə korpusun və həmin kənddə yeni tibb məntəqəsinin, poçt binasının tikintisi başa çatdırılmaq üzrədir.

Natiq vurğuladı ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində rayon mərkəzi ilə olan məsafəni dəfələrlə qısaldacaq yeni körpünün tikintisi barədə 25 may 2011-ci il tarixli sərəncamı sabirabadlılıların illərdən bəri qəlblərində bəslədikləri arzularının çin olmasıdır. Bu körpü Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənlə, Əlicanlı və Zəngənə kəndlərinin 16 min nəfərdən çox əhalisi üçün və ümumilikdə sabirabadlılar üçün həyat deməkdir. Artıq bu nəhəng körpünün tikintisinə ilkin hazırlıq işləri başlanmışdır.

Ölkə rəhbərinin tapşırığı ilə yaxın vaxtlarda Sabirabad şəhərinin əhalisi üçün uzun illər problemə çevrilmiş, həm də yoluxucu xəstəlik mənbəyi olan "Axmaz" adlanan su hövzəsinin qurudulmasına başlanacaqdır. Nazirlər Kabinetinin qərarı ilə bunun üçün bir milyon manat vəsait ayrılmışdır.

Sabirabad şəhərinin su və kanalizasiya sistemi də yenidən qurulacaqdır. Bu istiqamətdə də işlərə start verilib. Su təmizləyici qurğuların və nasos stansiyaların yerləri müəyyənləşdirilib, şəhərin müxtəlif yerlərində 8 kanalizasiya nasos stansiyasının tikintisi üçün torpaq sahəsi də ayrılıb.

Şəhərin görünüşünə xələl gətirən tikililərin qaydaya salınmasına başlanılmışdır. Heydər Əliyev prospekti boyu yerləşən ictimai yaşayış binalarının üzlənməsi, plastik pəncərələrin qoyulması, dam örtüyünün müasir formada əsaslı təmiri və blokların suvanması, hasarların yenidən qurulması işləri aparılır.

Yolların yenidən qurulması işlərinə də başlanılıb. Hazırda Muradbəyli-Qasımbəyli və Narlıq-Qaraqaşlı istiqamətində yolların əsaslı təmiri davam etdirilir. Yaxın aylarda Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonundan keçən hissəsinin yenidən tikintisinə də başlanacaqdır.

Yığıncaqda vurğulandı ki, rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri sürətləndirilib. Şəhərdə 16 çoxmərtəbəli yaşayış binasının qazlaşdırılması tamamlanmaq üzrədir. Şəhərin qaz xətti olmayan 27 küçəsindən 15-nə təbii qaz verilməsi üçün layihə-smeta sənədləri də hazırlanmışdır. Kürkəndi kəndinin 420 sakininə təbii qazın verilişi təmin edilmişdir. Qalaqayın kəndinə mavi qazın verilməsi istiqamətində işlər davam etdirilir. Artıq 5 kənddə - Nərmankənd, Ulacalı, Şıxlar, Bulduq və Mürsəllidə qazlaşdırma işləri aparılır. Yaxın günlərdə isə daha 8 kənddə-Azadkənd, Beşdəli, Yaxa Dəllək, Minbaşı, Qarağac, Quruzma, Qaraqaşlı, Qəzlidə bu işə başlanacaqdır.

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə xüsusi tədbirlər planı hazırlanıb həyata keçirilir. Cavad yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunan 14 kəndin elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı layihələşmə işləri artıq yekunlaşıb və yaxın günlərdə işə başlanacaqdır.

Tədbirdə təhsil və səhiyyə obyektlərinin əsaslı təmir edilməsi və yenilərinin tikilməsi və onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamtində geniş tədbirlərin həyata keçirildiyindən də danışıldı. Bildirildi ki, M.Ə.Sabir adına məktəb həm görünüşünə, həm də istismar müddətini başa vurduğuna görə artıq sökülüb. Yerində Heydər Əliyev Fondunun dəstəyi ilə üç mərtəbəli 1200 şagird yerlik ən müasir formada məktəb inşa ediləcəkdir. Yuxarı Axtaçı kəndində 250 şagird yerlik yeni məktəb binasının tikintisi sürətlə aparılır. Bu təhsil ocağının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Muradbəyli kənd tam orta məktəbinin əsasli təmiri də başa çatdırılmaq üzrədir. Zəngənə kənd tam orta və Surxayoba kənd ümumi orta məktəblərində də əsaslı təmir işləri yeni dərs ilinədək yekunlaşacaqdır. Şəhərin 4 saylı və Azadkənd uşaq baxçaları binalarının əsaslı təmiri də yaxın vaxtlarda başa çatdırılacaqdır.

Tibb ocaqlarının təmir-tikintisinə də diqqət artırılmışdır. Mərkəzi Rayon Xəstəxanasında və Poliklinika şöbəsində, Qaratəpə kənd sahə xəstəxanasında bir sıra təmir işləri görülmüş, Yolçubəyli kənd həkim məntəqəsi Yaponiya səfirliyinin maliyyə vəsaiti ilə yeni üslubda tikilərək yaxın günlərdə istifadəyə veriləcəkdir. Səhiyyə müəssisələrinin maddi-texniki bazası da möhkəmləndirilmişdir. Prenetal Mərkəz, əksər kənd sahə xəstəxanaları və tibb məntəqələri müasir tibbi avadanlıq və cihazlarla təmin edilmişdir.

Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafından da ətraflı danışıldı. Deyildi ki, hazırda rayonda kənd təsərrüfatı yönümlü 7 kooperativ, 116 kiçik müəssisə, 79 fermer təsərrüfatı , ümumilikdə 260 təsərrüfat subyekti qeydə alınmışdır.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq iri təsərrüfatların təşkili istiqamətində tədbirlər görülmüşdür. Rayonun Çol Beşdəli və Axısxa kəndlərində 500 hektara yaxın pay torpağının könüllük əsasında birləşdirilməsilə kooperativlər təşkil edilmişdir.

2010-cu ildə baş vermiş təbii fəlakətin kənd təsərrüfatı məhsulları istehsalçılarına ciddi ziyan vurmasına baxmayaraq 2011-ci ildə məhsul istehsalçılarının çoxu təsərrüfat fəaliyyətlərini bərpa etmişlər. Rayonda 55470 hektarda əkin aparılmışdır ki, ondan da 17838 hektarını taxıl əkinləri təşkil etmişdir. Hər hektardan 30,3 sentner olmaqla cəmi 54,1 min ton taxıl məhsulu toplanmışdır. Bu da 2010-cu illə müqayisədə 19 min ton çoxdur.

N.İsmayılov sonra dedi:

-Möhtərəm Prezidentimiz Sabirabada, onun sadə, əməksevər insanlarına daim qayğı göstərir, rayonun inkişaf perspektivlərini diqqətdə saxlayır. Yenidənqurma, abadlıq işləri və Kür çayı üzərindən yeni körpünün salınması üçün rayon İcra Hakimiyyətinə böyük vəsaitin ayrılması də məhz sabirabadlılara olan böyük diqqət və qayğıdan xəbər verir. Bütün bunlara görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk.

Yığıncaqda çıxış edən rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşov, Sabirabad şəhər icra nümayəndəsi Əhədağa Əliyev, Təhsil şöbəsinin müdiri Elman Bunyadov, MRX-ın baş həkimi Əlifağa Nadirov və başqaları görülən işlərdən ətraflı danışdılar və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da səylə çalışacaqlarını əmin etdilər.

Tədbirə yekun vuran İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov diqqəti qarşıda duran mühüm vəzifələrə cəlb etdi. O bir daha bildirdi ki, bu vəzifələrdən ən əsası Sabirabadı ən yaxın dövrdə Muğanın ən abad, ən təmiz mərkəzinə çevirmək və sakinlərin rifah halını daha da yaxşılaşdırmaqdır.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 26 iyul.- S. 5.