Xətai rayonu:
Görülən işlər bu ilin də uğurlu
olacağına zəmanət verir
Son
illər Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində
əldə edilən uğurlar, müsbət göstəricilər
2011-ci ilin birinci yarısında də davam etmişdir. Hesabat
dövründə ölkəmizdə ümumi daxili məhsul
istehsalı 0,3 faiz artmış, qeyri-neft sektorunda isə
artım 7,2 faiz təşkil etmişdir. Azərbaycanda
böyük maliyyə resursları yaradılmış,
ümumi valyuta ehtiyatları 38 milyard dollara
çatmışdır. İlin birinci yarısında
dövlət büdcəsinə edilmiş düzəlişlər
nəticəsində büdcə xərcləri rekord səviyyəyə
- 20 milyard dollara çatmışdır.
Bütün bunlar barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı danışılmış, qazanılmış uğurlar yüksək qiymətləndirilmişdir. İclasda, eyni zamanda, qarşıda duran vəzifələrə də toxunulmuş, onların həlli yolları müəyyənləşdirilmişdir.
Xətai Rayon İcra Hakimiyyətində keçirilən cari ilin ilk yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bu barədə ətraflı danışıldı. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, hesabat dövründə rayonda iqtisadiyyatın əsas sahələrində 2010-cu ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz çox məhsul istehsal olunmuşdur. Eyni zamanda tikinti-quraşdırma işlərinin həcmi 59 milyon 491 min manat olmuş, onun ümumi məhsulda xüsusi çəkisi 7,5 faiz təşkil etmişdir. Sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,5 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.
2011-ci ilin ilk 6 ayında müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən əvvəlki ilin müvafiq dövrünə nisbətən 42 faiz çox investisiya yönəldilmişdir.
Nəqliyyat müəssisələri əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsini 16,9 faiz artırmış, rabitə təşkilatları faktiki qiymətlərlə keçən ilin müvafiq dövründəkindən 2,5 dəfə çox, yəni 64 milyon 736 minm manatlıq rabitə xidməti göstərmişdir.
Sonra geniş hesabat məruzəsi ilə çıxış etmək üçün rayon icra hakimiyyətinin başçısının birinci müavini Zaməddin Əkbərova söz verildi. Rayonda sosial-iqtisadi inkişafın geniş icmalını verən natiq məruzədə vurğuladı ki, əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı rayon üzrə 492 manat 50 qəpik təşkil etmişdir və bu da əvvəlki illə müqayisədə 15 faiz çox deməkdir. Digər sahələrdə orta aylıq əmək haqqı daha yüksək olmuşdur.
Diqqətə çatdırıldı ki, 2003-cü il oktyabrın 1-dən 2011-ci il iyul ayının 1-nə olan dövr ərzində rayonda 20762, o cümlədən 20556 daimi iş yerləri açılmışdır. Hesabat dövründə isə 1454 yeni iş yerləri yaradılmışdır.
Bu ilin birinci yarısında özəl sektorun bütün sahələri üzrə artımlar müşahidə olunmuş, rayon üzrə əhalinin iqtisadi fəallığının səviyyəsi 70,9 faiz, məşğulluğun səviyyəsi 93,8 faiz, işsizliyin səviyyəsi 6,2 faiz təşkil etmişdir.
Hesabatda göstərildi ki, sürətli inkişaf mərhələsini yaşayan rayonda əhalinin maddi-rifah halının davamlı yüksəlməsi, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkili daim diqqətdə olmuşdur. Pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların ödənilməsində gecikmə hallarının qarşısının alınması üçün tədbirlər görülmüş və bu vacib məsələ hesabat dövründə gündəlik nəzarətdə olmuşdur.
Həmçinin o da bildirildi ki, Bakıətrafı qəsəbələrdə abadlaşdırma işləri son vaxtlar daha geniş vüsət almışdır. Bu işlər "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində daha uğurla icra olunur. Dövlət Proqramının icrası sürətli inkişafına yeni təkan vermiş və bu istiqamətdə əməli konkret addımlar atılmış, çevik, həssas sosial mexanizmlərin və sistemlərin səmərəli tətbiqi nəticəsində nəzərəçarpan nailiyyətlər və uğurlar əldə edilmişdir. Belə ki, həmin Dövlət Proqramında 2013-cü ilin sonunadək 79 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bunun da 29-nun icrası cari il üçün həyata keçiriləcəkdir. Dövlət proqramının qəbulundan keçən iki ay müddətində cari il üçün nəzərdə tutulmuş 17 tədbirin icrasına başlanılmış, 12 tədbirin icrası üçün hazırlıq işləri görülür. Hazırda rayonda 2 ümumtəhsil məktəbində əsaslı təmir işləri aparılır. Bir məktəbdə isə təmir və tikintiyə hazırlıq görülür. Bu işlərin cari il sentyabrın 15-dək başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda, dövlət proqramında cari ildə rayonumuzun 7 uşaq bağçasında və 4 səhiyyə müəssisəsində əsaslı təmir işlərinin həyata keçiriləcəyi nəzərdə tutulur. Həmin bağçalar və tibb müəssisələri ilin sonunadək müasir tələblər səviyyəsində əsaslı təmir olunaraq istifadəyə veriləcəkdir.
Ümumiyyətlə, rayonda 26 məktəbin, 28 uşaq bağçasının, 7 səhiyyə müəssisəsinin əsaslı təmiri və əlavə tikililər aparılması proqramda əks olunmuşdur.
Rayonda yol infrastrukturunun yeniləşdirilməsi qarşıda duran ən mühüm problemlərdən biridir. Doğrudur, son illərdə rayonda yeni yol qovşaqları, körpülər, yol ötürücüləri, yeraltı və yerüstü keçidlər tikilib istifadəyə verilmiş, mərkəzi yollar, o cümlədən, Y.Səfərov küçəsi, Nobel prospekti və Zığ yolu küçəsi dünya standartları səviyyəsində yenidən tikilmişdir. Rayonun daxili küçə və yollarının əsaslı şəkildə təmiri və yenidən qurulması cənab Prezidentin təsdiq etdiyi Dövlət Proqramında nəzərdə tutulmuş və artıq bu istiqamətdə işlərə başlanılmışdır. Qısa vaxt ərzində Əhmədli kəndində 766 min kvadratmetr asfalt örtüyü salınmış, digər yaşayış sahələrində də bu işlərə başlanılmışdır. Bunlardan əlavə ilin I yarısında küçə və səkilərə, binaların həyətlərinə 4600 kvadratmetr asfalt örtüyü vurulmuş və həmin işlər hazırda da davam etdirilir.
Yığıncaqda çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov göstərdi ki, Xətai rayonunda 2011-ci ilin birinci yarısında yüksək sosial-iqtisadi göstəricilərin əldə edilməsi ölkədə həyata keçirilən düzgün sosial-iqtisadi siyasətin nəticəsidir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi Heydər Əliyev strategiyasının tərkib hissəsidir. Millət vəkili çıxışını yekunlaşdırarkən bildirdi ki, Xətai Rayon İcra Hakimiyyətinin 2011-ci ilin birinci yarısındakı fəaliyyətini qənaətbəxş qiymətləndirir və qarşıda duran vəzifələrin həllində rayonun bütün idarə və müəssisələrin kollektivlərinə uğurlar diləyir.
Yığıncaqda Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Qafur Rəhmanov, RİH-in ictimai-siyasi şöbəsinin müdiri Kamran İsmayılov və bir çox xidmət sahələrinin rəhbərləri də çıxış etdilər.
Yekunda Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qarşıda duran vəzifələr və onların həlli yolları barədə tövsiyə və tapşırıqlarını bildirdi.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2011.- 26 iyul.- S. 5.