Bakının təmizliyinə, səliqə-sahmanına hamımız cavabdehik

 

Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsinin 20 ili tamam olur. Ötən müddət ərzində ölkəmizdə misli bərabəri olmayan geniş tikinti-quruculuq, abadlq işləri görülüb. Bunu hamı etiraf edir. Paytaxtımız Bakıda aparılan yenidənqurma işləri şəhəri daha gözəgəlimli edib. Xarici ölkələlərdən gələn turistlər, rəsmi dövlət adamları Bakının füsunkar gözəlliyindən heyranlıqla söz açır, xalqımızın qonaqpərvərliyindən ağız dolusu danışırlar.

Həqiqətən də son 20 ildə Azərbaycanda çox şey dəyişib. Şəhərlərimiz, rayonlarımız, kənd və qəsəbələrimiz zəmanəyə uyğun müasir görkəm alıb. Elə yaşayış məntəqələrimiz var ki, iyirmi ildə əsrlərə bərabər inkişaf yolu keçib. Xaçmaz, Yevlax, Qəbələ, Zaqatala, Tovuz, Ağcabədi, Cəlilabad, Lənkəran rayonlarında və başqa yerlərdə həyata keçirilən tikinti, abadlıq işləri adamı valeh edir.

Bütün bunlar ümumilli liderimiz Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində mümkün olmuşdur. Ulu öndər Azərbaycanda ikinci dəfə - 1993-cü ildə hakimiiyyətə gələndə ölkə bərbad vəziyyətdə idi. Sovet dövründən qalmış var-dövlət talanıb dağıdılmışdı. İnsanlar bir tikə çörəyə möhtac qalmışdılar. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi respublikamızda həyatı iflic etmişdi. Ölkə parçalanaraq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bax, belə bir acınacaqlı vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ölkədə sabitlik, qayda-qanun yaradılmasının qayğısına qaldı.

Həmin illəri hamımız yaxşı xatırlayırıq. Küçədə adamı tutub sorğu-sual etmədən cəbhəyə göndərirdilər. Vətəni müdafiə etməyə borclu olan silahlı qüvvələr isə hakimiyyət uğrunda öz aralarında barışmaz mübarizə aparırdılar. Ümummilli liderimiz həmin qüvvələri tez bir zamanda zərərsizləşdirdi. Ölkədə nizami ordu quruculuğunun təməli qoyuldu. Milli orduya yardım fondu yaradıldı. Hərbiyə çağırış işləri sahmana salındı. Bununla bərabər cinayətkarlığa qarşı mübarizə gücləndirildi, qanunsuz fəaliyyət göstərən silahlı dəstələr ləğv olundu, iki dəfə dövlət çevrilişinə qəsdin qarşısı alındı. Ermənistanla müharibədə atəşkəs rejimi əldə olundu.

Dövləti idarə etməkdə fitri istedada malik olan Heydər Əliyev bütün bunların öhdəsindən gələndən, ölkədə davamlı sabitlik yaradandan sonra dünyanın diqqətini Azərbaycanın enerji ehtiyatlarına cəlb etdi. Milli təbii sərvətlərimiz sayılan neftqaz yataqlarının müştərək istismar olunması məqsədilə dünyanın aparıcı dövlətlərinin sayılıb-seçilən şirkətləri ilə 30 ilə nəzərdə tutulan "Əsrin müqaviləsi" bağlandı. Və təqribən bundan iki il sonra iqtisadiyyatı şil-küt olmuş Azərbaycan dirçəlməyə başladı, dinamik inkişaf yoluna qədəm qoydu, xarici ölkələrə tuşlanan neftqaz kəmərləri respublikaya milyonlarla maliyyə vəsaiti gətirdi.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini saymaqla qurtaran deyil. Bu dahi şəxsiyyətin ən böyük xidmətlərindən birineftqaz satışından əldə edilən vəsaitin şəffaflığını təmin etmək üçün yaratdığı Neft Fondudur. Neft Fondu yarandığı gündən indiyədək fəaliyyətini vaxtaşırı geniş ictimaiyyətə bəyan edir. Onun işindəki aşkarlıq dünya miqyasında təqdir olunubdur. Fonda daxil olan vəsaitlər ilk öncə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma ev-eşiyindən didərgin düşmüş, etnik təmizləmə siyasəti aparan Ermənistanın düşmənçiliyi sayəsində Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan qovulan soydaşlarımızın yaşayışının yaxşılaşdırılmasına, məişət problemlərinin həllinə yönəldildi. İnsanların sağlamlığına xidmət edən onlarla Olimpiya İdman Kompleksinin, Müalicə Diaqnostika Mərkəzlərinin tikintisiNeft Fondunun vəsaiti hesabına mümkün olmuşdur. Ümumiyyətlə, bu fond xeyirxah məqsədlər üçün yaradılıb və bunun real nəticələrini hamımız görürük.

Heydər Əliyev məktəbinin ən istedadlı və yaradıcı yetirməsi olan möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən ulu öndərimizin siyasisosial-iqtisadi kursunu layiqincə davam etdirir. Bu işdə Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva ölkə başçımızın ən yaxın köməkçisi və sirdaşıdır. Azərbaycanın inkişafı, tərəqqisi naminə bu cütlüyün gördüyü işlər nəinki ölkəmizdə, eləcə də bütün dünyada hamı tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycanda təkcə son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalmışdır. Hər bir ölkənin iqtisadisosial yüksəlişini nümayiş etdirən bu rəqəmlər bizim inkişafımızı əyani şəkildə sübut edir. Ölkəmizin iqtisadi gücü ildən-ilə artır. Güclü iqtisadiyyata söykənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra olunur, hər yerdə böyük tikinti-quruculuq, abadlıq işləri aparılır. Bütün regionlarda sürətli inkişaf gedir, ölkə iqtisadiyyatını neft-qaz amilindən asılılığını azaltmaq üçün çoxşaxəli tədbirlər həyata keçirilir.

Dövlətimizin rəhbəri Azərbaycanın döyünən ürəyi olan Bakı şəhərinin inkişafına xüsusi diqqət yetirir. Ölkəmizin regionları ilə yanaşı, paytaxtımızın və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişdir. Son on beş ildə Bakının əhalisi xeyli artmış, onun ərazisi daha da genişlənib. Vaxtilə paytaxtımızda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdısa, bugünkü Bakıda həyata keçirilən tikinti, abadlıq işləri, kommunal, nəqliyyat sahələrindəki yenidənqurma layihələri böyüyən şəhərə uyğun aparılır. Bakının müasir meqapolisə çevrilməsi qarşıya həlli vacib olan bir sıra məsələlər çıxarır. Onlardan ən başlıcası yol-nəqliyyat kompleksinin yenidən qurulması idi ki, bu da uğurla həll edilməkdədir.

Fərəhlə qeyd edilməlidir ki, son bir neçə il ərzində Bakıda 23 yol ötürücüsü, körpütunel istifadəyə verilmiş, yolların genişləndirilməsi layihələri icra edilmişdir. Heydər Əliyev Aeroportundan şəhərə gələn magistral yol genişləndirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. İndi təyyarə ilə Bakıya gələn qonaqlar rahat yolla tez bir zamanda şəhərə çatırlar. Şəhərdə 32 piyada keçidi tikilmişdir. Əvvəlki illərdə tikilmiş bütün keçidlər yenidən bərpa olunmuşdur. Bu gün həmin keçidlərin hər biri xalqımızın tarixini xatırladan memarlıq əsəridir. Keçidlərin bəzilərində quraşdırılan eskolatorlar insanların rahatlığına xidmət edir. Magistral yolların kənarlarında da həm yeraltı, həm də yerüstü keçidlərin tikilməsi şəhər sakinlərinin təhlükəsizliyinə hesablanmışdır.

Dənizkənarı Milli Parkın ərazisi 4 kilometr uzadılmışdır. Ümumiyyətlə, bu park gələcəkdə Bayıldan tutmuş Zığadək genişləndirilərək dəniz kənarını əhatə edəcəkdir ki, bu da şəhər sakinlərinin və paytaxtımıza gələn qonaqaların ən sevimli istirahət məkanına çevriləcəkdir. Bakıdakı parkların, bağların hamısı yenidən qurularaq müasirləşdirilmiş, bir-birindən yaraşıqlı fəvvarələr tikilmiş, işıqlandırma sistemi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bir sözlə, şəhərimizdə aparılan tikinti-quruculuq, abadlıq işləri Bakını daha da gözəlləşdirir. "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül" metro stansiyalarının istifadəyə verilməsi, həmin ərazilərdə aparılan yenidənqurma işləri adamın gözünü oxşayır, qəlbində qürur hissi yaradır.

Paytaxtımızdakı bütün teatrlar, tamaşa salonları, muzeylər əsaslı təmir olunmuşdur. Yeni muzeylər, nadir memarlıq abidəsinə çevriləcək Xalça Muzeyi tikilir və mədəni həyatımızı zənginləşdirən digər tarixi binalar təmir edilir. Bakıda möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılır. Hələ tam hazır olub istifadəyə verilməsə də bu mərkəz artıq dünya memarlıq xəzinəsinə daxil edilibdir. Şəhərin girəcəyində, Xəzərin ləpədöyənində, geniş bir ərazidə salınmış Bayraq Meydanı nadir memarlıq abidəsi, iyirmi illik müstəqilliyimizin rəmzidir. Söz yox ki, gələn il Azərbaycanda keçiriləcək "Eurovision" beynəlxalq mahnı festivalı üçün tikiləcək yeni nəhəng konsert salonu şəhərimizi daha da gözəlləşdirəcək, ölkəmizə təşrif buyuracaq çox minli xarici qonaqlar Bakının füsünkarlığından zövq alacaq, xalqımızın qonaqpərvərliyindən bəhrələnəcəklər.

Bakının yeni baş planı hazırlanıb. Şəhər həmin plana uyğun şimal tərəfdən Sumqayıta sarı, cənubdan isə Ələt qəsəbəsi istiqamətində genişləndiriləcəkdir. Vaxtilə "Qara şəhər" adlanan ərazidə indi " şəhər" layihəsi həyata keçirilir. Buradakı sənaye obyektlərinin hamısı - neft emalı zavodları, maşınqayırma, gəmi təmiri müəssisələri Qaradağ rayonunun ərazisinə köçürülür. Qədim Bakı cavanlaşır, hərtərəfli yenidən qurulur, şəhərə müasir, beynəlxalq standartlara uyğun görkəm verilir. Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan öz varlığını sübuta yetirmək üçün transmilli layihələrə start verib. Ölkəmizə gələn əcnəbilərin sayı ildən-ilə çoxalır.

Bütün bunlar çox yaxşıdır, əladır. Ancaq gəlin görək biz həmin qonaqlara öz səxavətimizi, mədəniyyətimizi bütün dolğunluğu ilə göstərə bilirikmi?! Məncə yox. Ona görə ki, Bakının inkişafına uyğun olaraq biz sakinlər də öz mədəni davranışımızı, birgəyaşayış səviyyəmizi yüksəltməliyik. Şəhərin mərkəzi hissəsini alababat təmiz saxlamaqla bitmir. Bakının bütün ərazisi təmiz, səliqə-sahmanlı olmalıdır. Unutmamalıyıq ki, Bakı küləklər şəhəridir. Burada yerə atılan hər şey bir azdan külək vasitəsilə sovrularaq havaya qaldırılır və sonradan öz başımıza tökülür. Xarici ölkələrdə sellofan torbalardan hələ keçən əsrin ortalarından istifadə olunub. Amma oralarda bizdən fərqli olaraq belə torbaları çölə, bayıra atmırlar. Onların içərisinə məişət tullantılarını qablayaraq müəyyən olunmuş yerlərə qoyurlar.

Yeri gəlmişkən, bir haşiyə çıxım. Hələ keçən əsrin 70-ci illərində Finlandiyanın paytaxtı Helsinki şəhərində rastlaşdığım bir mənzərəni unuda bilmirəm. Orada həftənin müəyyən günlərində vağzalyanı meydanda səyyar mini-bazar təşkil edilir. Səhər saatlarından günortayadək davam edən həmin bazar bağlananda satıcılar gətirdikləri meyvə-tərəvəz, ağartı və başqa məhsulların qalığını səliqə ilə qablayaraq aparırlar. Alver zamanı təmizliyə, sanitariya qaydalarına yüksək səviyyədə əməl olunur. Bizdə isə bunun əksinədir, kim harada nə satırsa, tör-töküntüsünüorada qoyaraq gedir. Yaxud, çox yerdə valideyn uşağın əlinə məişət tullantısı yığılmış sellofan torbanı verir ki, aparıb zibil yeşiyinə atsın. Uşaq da tənbəllik edərək belə torbaları divar dibinə, həyətə tullayır, ya da ağacın budağına asaraq çıxıb gedir.

Şəhərin təmizliyini, səliqə-sahmanını qorumaqda mənzil istismar sahələri kollektivlərinin üzərinə çox böyük vəzifələr düşür. Ancaq onların əksəriyyəti vəzifələrinin öhdəsindən layiqincə gəlmir. Həyətlər, küçələr, məhəllələr günlərlə süpürülmür, zibil vaxtlı-vaxtında daşınmadığı üçün qalaqlanaraq qalır, ətrafı üfunət bürüyür, külək əsəndə belə yerlərdə gediş-gəliş çətinləşir. Mənzil istismar sahələri ictimai binaların cari təmirini, demək olar ki, unudublar, sakinlərin giley-güzəranı qulaq ardına vurulur. Su idarələri köhnəlib sıradan çıxmış kəmərləri, kanalizasiya xətlərini yeniləri ilə əvəz etməyi aylarla ləngidirlər. Nəticədə ətrafa axan su, kanalizasiya çirkabı antisanitariya şəraiti yaradır, xəstəlik mənbəyinə çevrilir.

Heç kim Bakıda olan maşınların sayını dəqiq deyə bilməz. Hər gün şəhərimizin küçələrindən yüz minlərlə müxtəlif markalı maşınlar şütüyür. Hərəsinin də üç-dörd növ siqnalı var. Həmin siqnallar çalınanda sakinlərin əsəbləri tarıma çəkilir, ürəyi xəstə, təzyiqi yüksək olanlar xəstəxanaya düşür. Gəlin, bir-birimizə hörmətlə yanaşaq, bir-birimizi qoruyaq, birgəyaşayış qaydalarına əməl edək. Gecə yarısı avto xuliqanlar şəhərdə at oynadırlar. Onların vəhşicəsinə idarə etdikləri maşınların vıyıltısından, cığıltısından, haray-həşirindən evdə yatmaq mümkün deyil. Bunu görən əcnəbilər xalqımız haqqında nə fikirləşə bilərlər? Bu sual hamımızı ciddi narahat etməlidir. Maşınların sürücüləri öz hərəkətlərinə ciddi fikir verməlidirlər. Axı onlar bir qolunu pəncərədən çıxararaq, damağında siqaret, qulağında telefonla danışmaqla görəsən kimə fors edirlər. İçdiyi plastmas su butulkasını, çəkdiyi siqaret kötüyünü maşından çölə tullayan sürücülər və ya sərnişinlər öz hərəkətlərindən niyə utanmırlar?! Bunlar xalqımıza utanc gətirən hallardar. Şəhərimiz abadlaşıb gözəlləşdikcə biz sakinlər də mədəniləşməliyik, davranışımıza, hərəkətimizə fikir verməliyik. Böyük zəhmət, vəsait hesabına yaradılan təmizliyin, səliqə-sahmanın qorunub saxlanmasına hamımız cavabdeh olmalıyıq.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 26 iyul.- S. 6.