Qurub-yaradanlar unudulmurlar
Elə insanlar var ki, dünyalarını dəyişdikdən sonra da uzun zaman yaddaşlarda yaşayırlar. Bunlar həyatlarını mənalı yaşayan, ömürlərinin hər bir anını doğma xalqına, doğma el-obasına xidmətdə keçirən, daim qurub-yaratmaq eşqi ilə alışıb yanan, yer üzünə xeyir toxumu səpən insanlardır.
Belə xeyirxah əməl sahiblərindən biri də Abşeron Rayon İcra Hakmiyyəti başçısının Digah qəsəbəsi üzrə nümayəndəsi işləmiş, sağlığında el ağsaqqalı adını qazanmış, əməyi dövlətimiz tərəfindən layiqincə qiymətlənmiş Böyükağa Ələkbərovdur. Böyükağa müəllim son günlərə qədər Abşeronun gözəl və abad guşələrindən olan Digah qəsəbəsinə rəhbərlik edib.
1958-1969-cu illərdə qəsəbədəki mədəniyyət evinin müdiri vəzifəsində çalışıb. 1961-1964-cü illərdə hərbi xidmətdə olub. 1964-1969-cu illərdə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Pedaqoji Universitet) ali təhsil alıb. Doğma qəsəbəsindəki orta məktəbdə müəllim işləyib.
1969-cu ilin avqustunda XDS-in ilk sessiyasında qəsəbə soveti icraiyyə komitəsinin sədri vəzifəsinə seçilib və 1992-ci ilə, sovet quruluşu dağılandan sonrakı dövrə qədər tam 23 il bu vəzifədə çalışıb, doğma qəsəbənin problemlərinin həlli ilə məşğul olub. Respublikamızın müstəqillik qazandığı ilk illərdə böyük həyat və iş təcrübəsini nəzərə alaraq onu Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbə ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin edirlər.
Təbii ki, müstəqilliyin ilk illərində ölkəmizin qarşılaşdığı bütün sosial-iqtisadi çətinliklər Digahdan da yan keçməyib. 1992-1993-cü illərdə uzun zamandan bəri fəaliyyətdə olan elektrik xətləri köhnəldiyinə görə işıqlar tez-tez söndüyündən, çətinliklərə baxmayaraq B.Ələkbərov bu problemin həllinə girişir və tezliklə qəsəbəyə yeni işıq xəttinin çəkilməsinə nail olur. Hələ sovet dövründə, 1970-ci ildə o, su qıtlığı problemindən əziyyət çəkən digahlılar üçün "2-ci sovxoz" deyilən ərazidən su xətti çəkdirmiş, sakinlərin əziyyətlərinə son qoymuşdu. Bütün bunlar onun el-obası üçün gördüyü vacib və savab işlərin çox kiçik bir qismidir. O, rayonun ictimai həyatında da daim fəallıq göstərmiş, Digahın sosial-iqtisadi inkişafı üçün yorulmadan çalışmış, həmyerlilərinin gündəlik məişət və təsərrüfat problemlərinin həlli üçün müvafiq icra strukturları ilə işgüzar əlaqələr qurmuşdur.
Ömrünü, demək olar ki, doğma el-obanın tərəqqisinə həsr etmiş Böyükağa Ələkbərov 1986-cı ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuş, bir neçə dəfə fəxri fərmanlarla mükafatlandırılmışdır.
Qəsəbə sakini Oruc Məmmədov (Digah qəsəbəsindəki Səxavət Məmmədov adına orta məktəbin direktoru) deyir:
- Böyükağa müəllimi
40 ildən çox idi
ki, tanıyırdım. O, özünün
yaxşı işləri, xeyirxah əməlləri
ilə qəsəbəmizdə əsl el
ağsaqqalı kimi ad
qazanmışdı. Onu daim
bu və ya digər problemin həllində, iş
üstündə görmüşük. O, eli-obası üçün həmişə
yorulmadan çalışar, faydalı bir iş görməyə
can atardı. Su
sarıdan korluq çəkən qəsəbəyə
su, işıq xətlərinin çəkilməsində,
yol problemlərinin həllində, qəsəbənin
mərkəzi hissəsində 1500 kvadratmetr
yola asfalt örtüyünün salınmasında, Neftçi,
Ş.İ.Xətai, M.P.Vaqif, M.F.Axundov küçələrinin
asfatlaşdırılıb abadlaşdırılmasında, yeni qaz xəttinin çəkilməsində
onun xidmətləri danılmaz idi.
Zahir Ağayev, Digah sakini:
- O, işgüzar, yaradıcı bir şəxsiyyət idi. Qəsəbəmizdəki əksər sosial obyektlər üçün binaların tikilməsində onun bu və ya digər dərəcədə əməyi olub. Onun rəhbərliyi dövründə qəsəbədə yeni poçt, ATS binaları tikilib, orta məktəb binası üçün 10 otaqdan ibarət yeni korpus inşa edilib. Həkim ambulatoriyası yenidən əsaslı şəkildə təmir olunub və zəruri tibbi avadanlıqlarla təmin edilib. Uşaq bağçasında əsaslı təmir işləri görülüb. Böyükağa müəllim, demək olar ki, dağılıb məhv olmaq təhlükəsi ilə üzləşən məscidi əsaslı təmir etdirərək sakinlərin ixtiyarına verdi. Burada 16 metr hündürlüyü olan minarə inşa olundu. O, hədsiz dərəcədə xeyirxah adam idi. Qəsəbə və rayon ərazisində yaşayan Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, kimsəsizlərə daim kömək əli uzadar, onlara maddi və mənəvi dayaq durardı.
Son illər Abşeronda baş verən dəyişikliklərdən, ölkə başçısı İlham Əliyevin rayona qayğısından hədsiz minnətdarlıq və qürurla danışan Böyükağa Ələkbərov həmişə iftixarla deyərdi ki, taleyin onun üçün ən böyük mükafatı ulu öndər Heydər Əliyevin qurub-yaratdığı, bayrağını bayraqlar içində ucaltdığı müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmasıdır.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 21 iyul.- S. 7.