YAP Nizami rayon təşkilatında "Gorus -2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirildi

 

Zaman-zaman havadarlarının köməyilə Azərbaycan torpaqlarını ələ keçirməyə nail olan ermənilər ideoloji təbliğatda müəyyən üstünlüklər qazansalar da, artıq onların yalan, böhtan və iftira üzərində qurulmuş bu mənfur siyasətləri getdikcə iflasa uğrayır, nankor qonşularımızın iç üzü açılır. Əsrlər boyu tarixi saxtalaşdırmaqla məşğul olan erməni ideoloqları artıq tarixi həqiqətlərin qarşısında geri çəkilməyə məhkumdurlar.

Milli Elmlər Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı tarixi saxtalaşdıraraq özlərinin işğalçılıq siyasətlərinə həqiqi don geyindirməyə çalışan ermənilərə tutarlı cavabdır. Artıq zaman sübut edir ki, idoloji cəbhədə iflasa uğrayan erməniləri döyüş meydanında da ağır məğlubiyyət gözləyir. Erməni xislətinin əsl mahiyyətini açıb göstərən "Gorus-2010: absurd teatrı mövsümü" kitabı Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda geniş müzakirə obyektinə çevrilmişdir.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsinə həsr olunmuş tədbirdə də erməni yalanlarının ifşa edilməsində müstəsna əhəmiyyət daşıyan bu əsərin məziyyətlərindən geniş söhbət açıldı, nankor qonşularımızla ideloji cəbhədə mübarizənın daha da gücləndirilməsinin vacibliyi önə çəkildi.

Tədbiri giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva hamını erməni təbliğatını alt-üst edən bu əsərin içtimai müzakirəsində fəal iştirak etməyə səslədi.

Sonra "Resurs" Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadənin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı erməni təbliğatına qarşı mübarizədə mükəmməl vasitədir" mövzusunda geniş məruzəsi dinlənildi. Qeyd olundu ki, Ermənistan prezidentinin Gorus şəhərində erməni diaspor jurnalistləri qarşısında etdiyi sərsəm çıxışa cavab olaraq yazılmış bu kitab dərc olunduqdan sonra Serj Sarkisyan və erməni ideoloqlarının cavab vermək, tarixi saxtalaşdırmaq cəhdləri artıq tamamilə puça çıxmışdır. Kitabın olduqca mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran natiq bildirdi ki, müəllif burada milliyyətindən asılı olmayaraq bütün tarixçilərin, eləcə də ədalət hissini, az da olsa, itirməyən erməni müəlliflərinin əsərlərinə istinad edərək nankor düşmənlərimizin üzünü açıb göstərmişdir.

Məruzəçi bildirdi ki, artıq işğal etdikləri Azərbaycan torpaqlarının geri qaytarlmasının vaxtının yetişdiyindən təşvişə düşən erməni lideri indi də jurnalistləri köməyə çağırır, onları döyüş meydanında əldə etdikləri ədalətsiz qələbəni diplomatiya sahəsində möhkəmləndirməyə səsləyir. Bununla belə, akdemik Ramiz Mehdiyev sözügedən əsərində qeyd edir ki, ermənilər qonşu ölkəyə qarşı apardığı ədalətsiz müharibə ilə, əslində tarix qarşısında qalib yox, məğlub olmuşlar. Qeyd olundu ki, hazırda özünü bütün enerji və nəqliyyat layihələrindən təcrid edən Ermənistan artıq məğlubiyyəti ilə barışmağa məhkumdur.

Erməni yalanlarına tutarlı cavab olaraq yazılmış "Gorus-2010: absurd teatrı mövsümü" kitabının tarixi faktlara, obyektiv gerçəkliklərə istinadən yazıldığını diqqətə çatdıran S. Mehdizadə bildirdi ki, əsərdə ermənilərin əzəli Azərbaycan torpaqları hesabina özlərinə dövlət yaratmaqları, qədim yer-yurd adlarımızı dəyişdirərək erməniləşdirmələri tarixi faktlar, tutarlı dəlillər əsasında sübuta yetirilmişdir. O da qeyd olundu ki, akademik Ramiz Mehdiyevin bu sanballı əsərində erməni tarixçilərinin kitablarından və monoqrafiyalarından sitatların verilməsi bədnam erməni ideoloqlarının və siyasətçilərinin növbəti yalanlar uydurmaq imkanlarını əslində tam heçə endirmişdir. Ermənistan prezidentinin absurd yalanlarını tutarlı faktlarla ifşa edən bu kitabda bütün arxiv materiallarına, eləcə də həm kənar, həm də erməni tarixçilərinin əsərlərinə əsaslanan akademik Ramiz Mehdiyev bir daha tarixi xəritələrə istinad edərək nəinki Dağlıq Qarabağ Muxtar Vilayətinin, həmçinin indiki Ermənistanın yerləşdiyi ərazinin əzəli Azərbaycan torpaqları olduğunu sübuta yetirmişdir.

Sonda o, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsinə həsr olunmuş tədbirin təşkilatçıları olan Nizami Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının rəhbərliklərinə təşəkkürünü bildirdi.

Tədbirdə Milli Məclisin deputatları Mirkazım Kazımov, Gülər Əhmədova, Flora Qasımova, eləcə də YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov çıxış edərək erməni yalanlarının ifşa edilməsində müstəsna əhəmiyyət daşıyan "Gorus-2010: absurd teatrı mövsümü" kitabinda göstərilən ayrı-ayrı tarixi faktların işğalçı Ermənistan dövlətinin prezidenti Serj Sarkisyanatarixi saxtalaşdirmağı özlərinin əsl peşəsi seçən bədnam erməni ideoloqlarına tutarlı cavab olduğunu vurğuladılar. Bildirildi ki, gərgin araşdırma və zəhmət bahasına ərsəyə gətirilən bu əsər istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırilması, istərsə də bədnam erməni ideoloqlarının apardıqları çirkin təbliğat kampaniyasının ifşa olunması baxımından son dərəcə əhəmiyyətli, aktual bir əsərdir. Akademik Ramiz Mehdiyevin bu sanballı monoqrafiyasının ictimai müzakirəsinin davam etdirilməsinin vacibliyini diqqətə çatdıran natiqlər bildirdilər ki, Azərbaycan həqiqətlərinin beynəlxalq arenada dərk olunduğu hazırki şəraitdə ermənilərə qarşı ideoloji mübarizə daha da gücləndirilməli, düşmənin yalan və iftiralarının cavabı vaxtında verilməlidir.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbirə yekun vuraraq olduqca böyük ictimai-siyasi əhəmiyyət kəsb edən "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ermənilərə qarşı ideoloji müharibədə mühüm silah olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin dediyi kimi, artıq biz müdafiə taktikasından hücum taktikasına keçməli, erməni yalanlarını dərhal ifşa etməliyik. Artıq beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini daha çox müdafiə etdiyi, Azərbaycanın dövlət başçısı İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı nümayiş etdirdiyi mövqeyin əksər dünya ölkələri tərəfindən birmənalı olaraq dəstəkləndiyi hazırki şəraitdə düşmənə qarşı ideloji cəbhədə mübarizə daha da gücləndirilməlidir. Bu baxımdan Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsərinin bədnam qonşularımızın əsl xislətinin açılması, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdıran T. Budaqov bildirdi ki, kitab təkcə tarixçilər, siyasətçilər üçün deyil, həm də geniş oxucu auditoriyası üşün faydalı və qiymətli mənbədir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 27 iyul.- S. 4.