Gəncə: ilin birinci yarısında görülən işlər onu göstərir ki, qədim Nizami yurdu tezliklə Avropanın ən gözəl şəhərlərindən birinə çevriləcək

 

Bir neçə il qabaq iri rayonlardan birinin icra hakimiyyəti başçısının altı aylığın yekunlarına dair hesabat məruzəsinin surətini almışdım. Ertəsi gün zəng etmişdi:

- Məruzəyə baxa bildinizmi, rayonumuzda görülən işlər haqqında orada ətraflı yazılıb...

Dedim ki, məruzəni başdan ayağa oxumuşam, orada qəzet üçün bir dənə də olsun fakt yoxdur, hamısı ümumi sözlərdir.

Başçı halını pozmadan - "Müəllim, cəmi altı ayda rayonda nə iş görmək olar, özünüz ora-burasını düzəldib bir yazı hazırlasanız, pis olmaz" - demişdi...

Bu söhbəti təsadüfən xatırlatmadım. 2011-ci ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında şəhər icra hakimiyyətinin hesabatı ilə tanış olduqdan sonra bir daha bu qənaətə gəldim ki, Gəncədə qısa müddətdə o qədər iri miqyaslı işlər görülüb ki, hesabatda artıq "ümumi sözlərə" nə ehtiyac var, nə də yer. Hamısı konkret faktlar, konkret ünvanlar, ürəkaçan rəqəmlər, göstəricilər. Əvvəlki cümlədə "bir daha"sözunu ona görə işlətdim ki, hesabat məruzəsi, fəallar yığıncağı, müxtəlif çıxışlar, təkliflər, tövsiyələr öz yerində, şəhərə çıxmaq, gəzmək kifayətdir ki, biləsən Gəncədə son aylarda nələr baş verir.

Gəncə ilə bağlı yazılarımın birində qeyd etmişdim ki, şəhərdə aparılan işlərin hamısına nəzarət etmək, onları istiqamətləndirmək adamı heyrətə gətirir. Çünki bir deyil, beş deyil, 2 mindən çox obyektdə yenidənqurma, tikinti, təmir-bərpa işləri aparılır. Bunlar küçə və prospektlərdir, park və xiyabanlardır, yaşayış binaları, ticarət, ictimai-iaşə obyektləri, məktəb, xəstəxana binaları, tarixi memarlıq abidələri və neçə-neçə digər tikililərdir. Bütün bunlarla yanaşı, uzun illər şəhərin görünüşünə xələl gətirən kommunikasiya xətlərinin, qaz, su, elektrik xətlərinin sökülərək yerin altına salınması, səliqə-sahman yaradılması, dəmir boruların polietilen borularla əvəz olunması, təsəvvür edin, nə deməkdir. Buna uzun müddət vaxt, vəsait, işçi qüvvəsi lazımdır. Amma işlər o qədər sürətlə, həm də keyfiyyətlə görülür ki, üç-dörd gün əvvəl keçdiyin küçəni tanıya bilmirsən.

Adətən, yazılarımda çoxlu rəqəm işlətməyi sevmirəm. Amma, görünür, bu dəfə ənənəni pozacağam. Çünki Gəncədə həyata keçirilən işlərin miqyası o qədər böyükdür ki, bunsuz keçinmək mümkün deyil.

 

Sənaye sahəsi

 

2011-ci ilin birinci yarısında şəhərdə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 226,2 milyon manat olmuşdur. Keçən ilin eyni dövrü ilə müqayisədə onun həcmi 45,4 faiz artmış, 70,7 milyon manat çox məhsul istehsal edilmişdir. Bu dövrdə ümumi daxili məhsulun adambaşına düşən həcmi 47,3 faiz artaraq 727,1 manata və ya 924,5 ABŞ dollarına çatmışdır. Ümumi daxili məhsulun 65,9 faizini qeyri dövlət bölməsi təşkil edir.

Şəhər sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 54,7 milyon manat olmuşdur. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon manatlıq və ya 13,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 29,8 faizini təşkil etmişdir.

Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 7,1 faiz artmış və ya 16 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bunun 8,9 faizdən çox hissəsi istehlakçılara göndərilmişdir.

 

Abadlıq, tikinti-quraşdırma sahəsi

 

Bu sahədə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə irəliləyiş göz qabağındadır. Görülən işlər bunu bir daha təsdiq edir. İlin əvvəlindən bütün maliyyə mənbələrindən şəhər iqtisadiyyatının inkişafına müəssisə və təşkilatlar tərəfindən 55 milyon 796 min manat əsas kapitala investisiya yönəldilmişdir. Bu da 2010-cu ilin altı ayı ilə müqayisədə 36 milyon 473 min manat və ya 2,9 dəfə çoxdur. Ümumi investisiyanın tikinti-quraşdırma işlərində istifadə edilmiş həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 53 milyon 288 min manat olmuşdur. İstehsal təyinatlı obyektlərin inşasına 36 milyon 162 min manat (64,8 faiz), qeyri-istehsal təyinatlı obyektlərin inşasına 19 milyon 634 min manat (35,2 faiz) investisiya sərf edilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində büdcə vəsaitləri 16 milyon 165 min manat (ümumi investisiyanın 28,9 faizi), müəssisə və təşkilatların 36 milyon 692,4 min manat (65,8 faiz), büdcədənkənar fondların vəsaitləri 2,2 milyon manat (4 faiz), əhalinin şəxsi vəsaitləri 733,8 min manat (1,3 faiz) təşkil etmişdir.

Tikinti müəssisələrinin 6 ay ərzində öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 1,6 dəfə artaraq 18,9 milyon manat olmuşdur. Görülən işlərin 17,2 milyon manatı və ya 90,9 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 750,2 min manatı və ya 4 faizi əsaslı təmir, 974,6 min manatı və ya 5,1 faizi cari təmir işləridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və tövsiyəsi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü nəticəsində cari ilin fevral ayının sonundan aparılan tikinti, abadlıq- quruculuq və yaşıllaşdırma işləri daha da geniş miqyas almışdır. Şəhərin, demək olar ki, bütün əraziləri iri tikinti meydançalarına bənzəyir.

Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə 45 nömrəli yardımçı məktəb binasında təmir bərpa işləri aparılır. 4, 15, 30, 32, 43 nömrəli məktəblərin əsaslı təmir olunması, şəhər təhsil idarəsi üçün inzibati binanın və şahmat məktəbinin tikintisi 2011-ci ilin investisiya planına daxil edilmişdir. 3 və 32 nömrəli körpələr evi - uşaq bağçalarının əsaslı təmirinin aparılması və 2 nömrəli uşaq bağçasının yeni binasının inşası nəzərdə tutulur.

Şəhərin Heydər Əliyev, Ş.Xətai, Atatürk, N.Nərimanov prospektləri, Nizami, Dədə Qorqud, Əziz Əliyev, Mehmandarov, Ü.Hacıbəyov, Cavadxan, Mirzə Abbas Abbaszadə və digər küçələrində - ümumilikdə 2020-dən çox müəssisə, idarə və təşkilatların, ticarət, iaşə, xidmət və digər sosial-mədəni obyektlərin yerləşdiyi inzibati binaların, ofislərin fasadlarının təmiri, yenidən qurulması və bərpası işləri davam etdirilir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsi və onun ətrafında abadlaşma işləri aparılır, məqbərənin ornamentlərinin və digər elementlərin üzlənməsi üçün 1070 poqonometr qranit və 450 poqonometr aqlay döşənmişdir.

H.Əliyev, Ş.Xətai və N.Nərimanov prospektlərində, Z.Hacıyev, Dədə Qorqud küçələrində 54 ictimai binanın dam örtüyü mansard formasında yenidən qurulmuşdur. Vaxtilə "Üç bulaq" adlanan 1,5 hektar ərazidə yeni park salınır, müasir memarlıq üslubunda inşa edilən "Beş bulaq" qranit lövhələrlə üzlənmişdir. Parkda Şeyx Nizami Gəncəvinin heykəli ucaldılacaq, beş ədəd fəvvarə inşa ediləcəkdir. 100 metr hündürlüyündə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılacaq meydanda bayrağın bünövrəsinin tikintisinə başlanılmışdır. Şəhər icra hakimiyyəti inzibati binasının ətrafında, Heydər Əliyev, Atatürk prospektlərində və şəhərin digər küçələrində aparılan abadlıq işlərində 3 min 122 poqonometr qranit səki daşı, 2 min 314 kvadratmetr qranit lövhə, 9 min kvadratmetr tamet plitə döşənmiş, səkilərə 13 min 89 kvadratmetr asfalt salınmışdır.

Yolların əsaslı təmiri zamanı 48 min 639 kvadratmetr asfalt salınmış, 1820 poqonometr beton və 5 min 180 poqonometr qranit səki daşları qoyulmuş, 5 min 542 kvadratmetr mozayka səki daşı döşənmişdir. Cavadxan küçəsində 47 metr uzunluğunda su, qaz, kanalizasiya və elektrik xətlərinin dəyişdirilməsi işlərinə başlanılmışdır. Həmin küçədə yerləşən yaşayış binalarının, iaşə, xidmət və digər obyektlərin fasadları yenidən qurularaq 466 kvadratmetr aqlayla işlənmişdir. Şəhərin Bakıdan, Şəmkirdən, eləcə də Göygöl rayonundan giriş yollarının hər iki tərəfindəki qeyri-qanuni tikililər sökülmüş, yol genişləndirilərək yaşıllıq zolaqları salınmışdır. Gəncənin Yevlax şəhəri istiqamətindəki girişində yolun ətrafı səliqə-sahmana salınmış, ərazinin abadlaşdırılması üçün bura 648 min 120 kubmetr torpaq verilmişdir. Qısa müddətdə şəhərdə yerləşən parkların, xiyabanların abadlaşdırılmasına, onların memarlıq baxımından yüksək səviyyədə və zövqlə yenidən qurulmasına, səliqə-sahman yaradılması işlərinə başlanılmışdır. Keçirilən bu tədbirlər şəhər ictimaiyyəti tərəfindən çox böyük razılıqla qarşılanır. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə "Azərdövlətlayihə" İnstitutu tərəfindən şəhərin yeni Baş Planının işlənib hazırlanması işləri davam etdirilir. Şəhərin ən qabaqcıl və modern infrastrukturla təmin edilməsi ilə yanaşı, iqtisadi imkanların və mövcud potensialın səfərbər olunması, yeni müəssisələrin tikintisi, iş adamları üçün əlverişli şəraitin yaradılması və digər məsələlər şəhər icra hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən biridir.

Son aylar şəhərdə görülən təmir-tikinti, quruculuq və bəra işləri sürətləndirilmiş, prospekt və mərkəzi küçələrdə onlarla sahibkar tərəfindən şəhərsalma və arxitektura qaydalarına cavab verən ticarət obyektləri yenidən qurularaq müasirləşir, reklam və dizayn tərtibatı üzrə işlər tələblərə uyğun qaydada aparılır. Şəhərin mərkəzində yerləşən "Gəncə Univermaq" MMC-nin fasadı yenidən qurularaq 6 min kvadratmetr silkon-şüşə materialı ilə üzlənəcək, dörd mərtəbəli univermaq binasının beşinci mərtəbəsi mansard formada yenidən qurulacaqdır. Artıq bu işlərə başlanılmışdır.

 

Sosial sahə

 

Şəhər əhalisinin təbii qaz, elektrik enerjisi, su və digər sahələr üzrə təminatına diqqət və nəzarət xeyli artırılmışdır. Təhsil, səhiyyə, mədəniyyət, idman, vətəndaşlarla iş sahələrində fəallıq, təşəbbüskarlıq, məsuliyyət hissi ön plana keçmişdir.

Əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi üçün cari ilin əvvəlindən şəhərin ayrı-ayrı küçələrində və ərazilərində 1512 poqonometr uzunluğunda yeni qaz xətləri çəkilmiş, 3 ədəd yeni tənzimləyici şkaf, 120 siyirtmə yoxlanılaraq işlək vəziyyətə gətirilmiş, 9 ədəd yeni siyirtmə quraşdırılmışdır.

Gəncə-Şəmkir magistral yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar 346 poqonometr uzunluğunda 375 millimetrlik və 530 millimetrlik diametrli qaz kəməri borusu demontaj olunaraq yenidən çəkilmişdir. Ü.Hacıbəyov, Ə.Məmmədov, İ.Qayıbov küçələrində, Sadıllı, Bağbanlar, Qırmızı kənd və digər yaşayış ərazilərində qazın tələb olunan təzyiqdə məişət abonentlərinə çatdırılması üçün 282 ədəd qaz tənzimləyici şkaf, 26 ədəd siyirtmə təftiş və təmir edilmişdir.

Bu il iyulun 1-nə kimi 68 min 693 abonentdən 65 min 368-i, yəni 95,1 faizi sayğacla təmin olunmuşdur. Hazırda vaxtı ilə şəhərsalma qaydalarına zidd çəkilmiş yerüstü borular polietilen borularla əvəz edilərək yeraltı çəkilir. Bu işlərə başlanan gündən iyulun 1-nə kimi 14 min poqonometrdən çox polietilen boru çəkilmişdir.

Əhalinin içməli su ilə təchizatını yaxşılaşdırmaq, kanalizasiya xidmətini yüksəltmək məqsədilə bir sıra işlər görülmüşdür. Tranzit və magistral su kəmərlərində, həmçinin şəhərdaxili su şəbəkəsində ilin əvvəlindən 565 poqonometr uzunluğunda müxtəlif ölçüdə magistral və məhəllədaxili su boruları, 51 ədəd siyirtmə və 5 min 318 poqonometr elektrik kabeli dəyişdirilmiş, 31 ədəd elektrik mühərriki, 8 ədəd su nasos stansiyası təmir edilmiş, 132 ədəd artezian və subartezian nasosu, 5 güc transformatoru təmir olunmuşdur. Şəhərin kanalizasiya şəbəkəsinin istismarının yaxşılaşdırılması məqsədilə yaşayış məhəllələrində 70 poqonometr müxtəlif ölçüdə kanalizasiya xətləri çəkilmiş və təmir edilmiş, 100 ədəddən çox baxış quyusu təmizlənmiş və digər işlər görülmüşdür. Natəvan yaşayış ərazisində uzun illər suya ehtiyacı olan əhalinin su ilə təminatını yaxşılaşdırmaq üçün 1 ədəd yeni subartezian quyusu qazılmış, 3 min 430 poqonometr uzunluğunda su xətti, 3 min 30 poqonometr uzunluğunda kanalizasiya xətti çəkilib əhalinin istifadəsinə verilmişdir.

Təhsil sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Məktəblərdə şagirdlərin dərsə davamiyyətinin yaxşılaşdırılması, əlavə məşğələlərin, açıq dərslərin keçirilməsi, yeni təlim metodlarının tətbiq edilməsi, qabaqcıl təcrübənin öyrənilib yayılması bu qəbildən görülən işlərdəndir.

2010-2011-ci tədris ilində keçirilən respublika fənn olimpiadasında 21 nömrəli tam orta məktəbin IX sinif şagirdi Jalə Qurbanova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 2-ci yeri, xarici dillər təmayüllü gimnaziyanın X sinif şagirdi Ceyran Məmmədova biologiya fənni üzrə 3-cü yeri tutmuşlar. "Ana dilimizi sevək və sevdirək" inşa müsabiqəsinin respublika turunda isə 4 nömrəli orta məktəbin IX sinif şagirdi Nərmin Nərimanzadə 2-ci yerə çıxaraq gümüş mükafata layiq görülmüşdür. Bakı şəhərində keçirilən "İnepo" Beynəlxalq Olimpiadasında Gəncə şəhərini təmsil edən 4 nömrəli orta məktəbin şagirdi 35 ölkənin qatıldığı 400 iştirakçı arasında ikinci yer tutaraq gümüş medalla təltif olunmuşdur. 2010-2011-ci tədris ilində "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qalibi Gəncə şəhəri 5 nömrəli tam orta məktəb, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi isə 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yeganə Səfərova olmuşdur.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 12 adda 48 min 188 manatlıq inventar və texniki avadanlıq alınmışdır. Şəhərdə fiziki cəhətdən qüsurlu olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan 45 saylı orta məktəbdə əsaslı təmir işləri aparılır. Buraxılış imtahanlarında 2 min 670 nəfər şagird iştirak etmişdir. Onlardan 2 min 292 nəfəri (86 faiz) imtahanları müvəffəqiyyətlə verərək tam orta təhsil haqqında attestat almışdır. Ötən ildə isə 2 min 799 məzundan 85 faizi tam orta təhsil haqqında attestat ala bilmişdir. Şagirdlərin hərbi ali məktəblərə, C.Naxçıvanski adına hərbi liseyə hazırlanması işi təhsil idarəsinin diqqət mərkəzindədir. Hazırda C.Naxçıvanski adına hərbi liseydə 38 nəfər, respublikanın müxtəlif ali hərbi məktəblərində isə 109 nəfər təhsil alır.

Şəhərin səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər davam etdirilməkdədir. "Onkoloji xidmət üzrə tədbirlər proqramı" çərçivəsində onkoloji dispanserin müasir səviyyədə inşa olunmuş şüa korpusunda kommunikasiya, ventilyasiya xətləri, lisenziyalaşma işləri başa çatdırılaraq, Çexiya Respublikasının istehsalı olan "TERABALT" aparatı istifadəyə verilmişdir. Dispanserin həyətyanı sahəsi abadlaşdırılmış, asfalt döşənmiş, yeni hasar çəkilmiş, yaşıllıq zolaqları salınmış, gül-çiçək əkilmişdir. Gəncə şəhər yoluxucu xəstəliklər xəstəxanasında insan immun çatışmazlığı virusuna yoluxmuş xəstələr üçün Rayonlararası Antiterovirus Terapiya Mərkəzi təşkil edilmişdir. Mərkəz müasir avadanlıqlarla təmin olunmuşdur. "2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"na uyğun olaraq Rayonlararası Ağ Ciyər Xəstəlikləri Dispanserində rayonlararası bakterioloji laboratoriyanın tikintisinə başlanılmışdır.

Təcili Tibbi Yardım Xəstəxanasının urologiya və ginekologiya şöbələrində, aptek, mətbəx bölmələrində, 1 saylı tibbi sanitariya hissəsində, 2 saylı poliklinikada, psixoterapiya və kardioloji dispanserlərində, endokrinoloji, yoluxucu və göz xəstəlikləri xəstəxanalarında, 4 saylı təsərrüfat hesablı poliklinikada təmir işləri aparılır.

"2011-2015-ci illər üçün qanın, qan komponentlərinin və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı"na uyğun olaraq 17 aprel hemofiliyalı xəstələr günü, 8 may Ümumdünya talassemiyalı xəstələr günü, 14 iyun beynəlxalq qan donoru günü və 29 iyun 2011-ci il tarixlərdə tibb işçiləri tərəfindən keçirilmiş könüllü qanvermə aksiyalarında 300 nəfərdən çox şəxs iştirak etmişdir.

2011-ci il fevralın 19-da Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə səhiyyə idarəsi Hacıkənd qəsəbəsində Xocalı məcburi köçkünlərindən və qəsəbənin yerli sakinlərindən 400 nəfərə yaxın şəxsi tibbi profilaktik, rentgenoflüoqrafik, ultrasəs (USM), elektrokardioqrafik (EKQ) və laborator müayinələrdən keçirmişdir. Bununla yanaşı, qəsəbənin Xocalı rayonunun Kosalar kəndinin inzibati binasında və qonşu evlərdə dezinfeksiya, deratizasiya işləri aparılmışdır. Bütün məktəblərdə yuxarı sinif şagirdləri arasında səyyar rengenoflüoqrafik müayinələrin aparılmasına diqqət artırılmışdır. Müayinə 42 məktəbi, 3 min 570 şagirdi əhatə etmişdir. Yoluxucu xəstəliklərlə mübarizə tədbirləri, sanitar-maarifləndirmə işləri gücləndirilmiş, (məktəblərdə, bağçalarda, əlillər evində, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə və s.) 278 min 352 kvadratmetr sahədə dezinfeksiya işləri aparılmışdır.

2011-ci ilin əvvəlindən əhalinin asudə vaxtının səmərəli təşkili və mədəni xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlər davam etdirilməkdədir. Tarixi bayramlar və əlamətdar günlərlə bağlı ümumşəhər tədbirlərində şəhər əhalisi fəal iştirak etmişdir. Şəhərdə yüksək səviyyədə Novruz şənlikləri qeyd olunmuşdur. Bu bayram tədbirlərində milli oyunlar, idman yarışları nümayiş etdirilmiş, rəngarəng musiqi nömrələri təqdim olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə şəhərdə ilk dəfə keçirilən "Gül bayramı" ulu öndərin əziz xatirəsinə hörmət və sonsuz ehtiramın daha bir nümayişinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncədəki "İmamzadə" kompleksinin təmiri və bərpası ilə əlaqədar imzaladığı sərəncamı bütün şəhər sakinləri rəğbətlə qarşılamışdır. Hazırda burada görülən işlər daha da sürətləndirilmiş, şəhər ilə "İmamzadə" arasındakı 5,2 kilometr yolun yenidən abadlaşdırılmasına başlanmışdır. Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə "İmamzadə" ziyarətgahının ətrafında inşa edilmiş, sonralar təbii aşınmalar nəticəsində məhv olmuş tarixi tikililərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində də işlər aparılır.

Görkəmli ədib Mir Cəlal Paşayevin ev muzeyində, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirə ev muzeyində, Dövlət Kamera Orkestrinin binasında 1, 2, 3, 4, 9 nömrəli uşaq musiqi məktəblərində, uşaq incəsənət məktəbində və məktəbin Gülüstan filialında əsaslı və cari təmir işləri aparılmışdır.

Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə dünya ədəbiyyatı korifeylərindən olan dahi Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə əlaqədar təşkilat komitəsi yaradılmış və sentyabr ayında keçiriləcək yubiley tədbirlərinə böyük hazırlıq işləri aparılmaqdadır.

Şeyx Bahəddin küçəsində yerləşən Uğurlu xan sarayında əsaslı təmir işləri görülmüşdür. XVII əsr tarixi memarlıq abidəsi olan Çökək Hamamda, Şah Abbas məscidinin ərazisində bərpa işləri, Fikrət Əmirov parkının II hissəsində yenidənqurma işləri davam edir.

Hesabat dövründə Gəncə idmançıları respublika, dünya, Avropa və beynəlxalq yarışlarda 129 medal qazanmışlar. Onlardan 49-u qızıl, 4-ü gümüş və 37-si isə bürüncdür.

İdmanın karate-do, kiqboksinq, sərbəst güləş, futbol, şahmat, dama, boks, cüdo, basketbol, taekvando və digər növləri üzrə şəhər birincilikləri, çempionat və turnirlər keçirilmişdir. Bakıda keçirilən "Hünər" VI vətənpərvərlik mahnı festivalında şəhərimizin nümayəndəsi Tural Süleymanov III yerə çıxmışdır.

Şəhər icra hakimiyyətinin fəaliyyətində prioritet məsələlərdən biri də vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu, əhalinin qaldırdıqları problemlərin qanunvericiliyə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsidir.

2011-ci ilin altı ayı ərzində şəhər icra hakimiyyəti başçısı aparatına 4 min 315 yazılı müraciət daxil olmuşdur. Müraciətlərin təxminən dörddə üçü və ya 72,5 faizi torpaq sahəsinin ayrılması, mənzil, tikinti məsələləri təşkil edir. Ümumiyyətlə, daxil olmuş ümumi ərizənin 46,6 faizi və ya 2 min 12-si tikinti ilə əlaqədar müraciətlərdir.

Şəhər sakinlərini narahat edən problemlərin öyrənilib vaxtında aradan qaldırılması baxımından səyyar qəbulların keçirilməsi müstəsna əhəmiyyət daşıyır.

Şəhər rəhbərliyi müxtəlif sahələrin - təhsil, səhiyyə və mədəniyyət işçiləri, sahibkarlarla, eləcə də şəhid ailələri və digər müxtəlif infrastrukturların rəhbərləri ilə görüşlər keçirmiş, onları düşündürən problemlər və qayğılarla maraqlanmış, şəhər əhalisini narahat edən məsələləri yerində öyrənərək həmin problemlərin həllinə yönəldilən konkret tapşırıqlar vermişdir.

...Bəli, Gəncə Şəhər İcra Hakimiyyəti ötən həftənin sonu hesabat verdi, bu ilin altı ayı ərzində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışdı. Şəhər fəallarının bu yığıncağında iştirak edənlər, çıxışa yazılanlar, təkliflər irəli sürənlər bir daha əmin oldular ki, Gəncə tezliklə Avropanın ən gözəl şəhərlərindən birinə çevriləcək. O günə lap az qalır. Çünki şəhər hər gün, hər saat dəyişir, gözəlliyə qovuşur. Təbii ki, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının, köməyin parlaq təzahürüdür. Elə Elmar Vəliyev kimi təşəbbüskar, olduqca işgüzar bir şəxsin şəhərə rəhbər təyin edilməsi də bu qayğı və diqqətdən irəli gəlir. Kimdəsə buna şübhə varsa, Gəncəyə gəlsin, gəzsin, baxsın...

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.- 27 iyul.- S. 5.