Həsən bəy
Zərdabi mükafatı təqdim edildi
Milli
mətbuatımızın 136-cı ildönümü ilə əlaqədar
keçirilən tədbirlərin davam etməsi cəmiyyətimizin
"dördüncü haktmiyyətə" olan münasibətinin
təzahüru kimi qiymətləndirilir. Azərbaycan Jurnalistlər
Birliyinin "Xalq Mətbuat Mərkəzi"ində
keçirdiyi təqdimat mərasimi də bu mövzulu tədbirlərin
ən dəyərlilərindən biri idi. Çünki
ölkənin aparıcı kütləvi informasiya vasitələrinin
təmsilçilərindən 7 nəfəri həmin gün Həsən
bəy Zərdabi mükafatı ilə təltif olundu.
Azərbaycan
Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı
çıxış edərək mətbuatın cəmiyyət
həyatında oynadığı roldan söz açdı,
qloballaşan dünyada mətbuatın gündən-günə
daha ön sıralara çıxdığını
vurğuladı. Birlik sədri qeyd etdi ki, Azərbaycan jurnalistləri
həmin prosesin fəal iştirakçılarıdır. Bu
gün mükafatlandırılan qələm
yoldaşlarımız isə çoxminli həmkarlarımız
arasından seçilmiş ən layiqli mətbuat təmsilçiləridir.
Sonra
Elçin Şıxlı yeni laureatları KİV təmsilçilərinə
təqdim etdi və qaliblərə diplomlar verildi. "Gəncənin
səsi" qəzetinin baş redaktoru Rəfiqə
Sadıqova, "İctimai Televiziyanın "Ortaq məxrəc"
verilişinin aparıcısı Vəsilə Zeynalova, "1
News.az" internet saytının təsisçisi Teymur Rzayev,
"Xalq qəzeti"nin bölgə müxbiri İlqar Həsənov,
jurnalist kadrların hazırlanamasında xüsusi xidmətləri
olan professor Tofiq Yusifov, ANS teleşirkətinin əməkdaşı
Ayaz Nizamioğlu və Media Hüququ İnstitutunun rəhbəri
Rəşid Hacılı 2011-ci ilin Həsən bəy Zərdabi
mükafatının laureatı oldular.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov,
qocaman jurnalist Oqtay Cəfərov, professor Qulu Məhərrəmli,
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidoğlu,
eləcə də mətbuatla bağlı qeyri-hökumət
təşkilatlarının rəhbərləri
çıxış edərək bu tədbirin əhəmiyyətindən
söz açdılar, laureatları təbrik etdilər. Qaliblər
adından çıxış edən İlqar Həsənov
qeyd etdi ki, Həsən bəy Zərdabi mükafatı qələm
sahibləri üçün ən ali mükafatdır. Ən
ali mükafatın laureatlarının seçilməsi
zamanı ən ali hissin, ədalət hissinin gözlənilməsi
isə mətbuata böyük nüfuz, jurnalistikaya hörmət
qazandırır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 27 iyul.- S. 6.