Lənkəran: hər sahədə yüksəliş var

 

Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da cari ilin ilk yarısının sosial-iqtisadi göstəriciləri yüksək olmuşdur. Yarımillik hesabat iclasinda bu barədə konkret faktlar əsasında ətraflı danışılmış və qarşıda duran vəzifələrə diqqət cəlb edilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov tədbiri açaraq Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası, sosial siyasətin uğurları və hər iki istiqamətdə bölgədə reallaşdırılan uğurlu layihələri nəzərə çatdırdı.

Şəhər icra hakimiyyəti başçısının müavini Rüstəm Qurbanov 2011-ci ilin altı ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər barədə məruzə etdi. O bildirdi ki, 211 mindən artıq əhalisi olan Lənkəranda hesabat dövründə tərəqqi meylləri güclənmişdir.

Rayon üzrə ümumi məhsul buraxılışı 9,2 faiz artmış və 82 milyon manat təşkil etmişdir. Sənayedə 6,1 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 6,2 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 66,7 faiz təşkil etmişdir.

Cari ilin birinci yarısında rayonda 712 yeni iş yeri açılmışdır ki, bunun da 505-i daimidir.

Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 14,4 milyon manat olmuşdur. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 22,8 min kvadratmetr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə fərdi mənzil tikintisi 6 faiz artmışdır.

Aqrar bölmədə məhsul yığımı getdikcə genişlənir. İyula qədər 239 hektar sahənin taxılı biçilmiş və 504 ton məhsul toplanmışdır. Məhsul yığımının əvvəlindən 2443 ton kartof, 22200 ton tərəvəz, 77,2 ton yaşıl çay yarpağı istehsal edilmişdir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 2,3 faiz çoxalmış, diri çəkidə ət istehsalı 31,9 faiz, süd istehsalı 4,6 faiz, yumurta istehsalı 2,2 faiz artmışdır.

2011-cu ilin birinci yarısında rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 14,5 milyon manat investisiya yönəldilmişdir.

2011-cu ilin birinci yarısında əhaliyə 110,3 milyon manatlıq ticarət, 23,3 milyon manatlıq pullu xidmətlər göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət xidməti 4,9 faiz, pullu xidmətlər 11,2 faiz artmışdır. Ötən dövrdə əhali gəlirləri 6,2 faiz, xərcləri 5,9 faiz artmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 206 manat olmuş və ya 9 faiz artmışdır.

Nəqliyyatda özəl bölmənin inkişafı hesabına sərnişindaşıma 9,5 faiz, yükdaşımalar 5,4 faiz artmışdır.

İlin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə poçt və rabitə müəssisələri tərəfindən 3,4 faiz çox xidmət göstərilmişdir. Rabitə xidmətlərinin 81,1 faizi bilavasitə əhaliyə göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz çoxdur. Telekommunikasiya qovşağı stansiyalarının 100 faizi elektronlaşdırılmışdır.

Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, rayonda istehsalın həcmi sənayedə 65,5 faiz, aqrar bölmədə 99,9 faiz və pullu xidmətlərdə 83,3 faiz özəl bölmənin payına düşür. Altı ayda sahibkarlara, iş adamlarına və vətəndaşlara bank və kredit təşkilatları tərəfindən 16 milyon manat kredit verilmişdir.

Birinci yarımildə 17,3 milyon manatlıq əmək pensiyaları və müavinətlərin ödənilməsinə yönəldilmişdir. Bu dövrdə pensiyaların vaxtında ödənilməsi təmin edilmişdir. Məcburi dövlət sosial sığorta haqqının yığılması üzrə proqnoza 101,4 faiz əməl olunmuşdur.

Prezident İlham Əliyevin 17 may 2011-ci il tarixli sərəncamına müvafiq olaraq rayonda 21 mindən çox vətəndaşın pensiyasına yenidən baxılmışdır.

Ünvanlı dövlət sosial yardımı almaq üçün rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş 1596 ailədən 1282-si qeydiyyata alinmiş, 1100 ailəyə təyinat verilmiş, 182 ailəyə yardım verilməsindən imtina edilmişdir. Birinci yarımildə 1100 nəfər ünvanlı dövlət sosial yardımı alanlara hər ay 110 min manat vəsait ayrılmışdır. Ümumilikdə, hazırda 2340 nəfər ünvanli dövlət sosial yardımı alır.

Türkəkəran kəndində Qarabağ əlili üçün fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.

Əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması daim diqqət mərkəzində olmuş, əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, eləcə də digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi məqsədilə konkret tədbirlər həyata keçirilmişdir. Bununla birlikdə əhalinin elektrik, qaz, su və kanalizasiya təchizatında bəzi problemlər mövcuddur.

Son illər Lənkəranda yeni məktəblərin tikintisi və əsaslı təmiri sahəsində bir sıra işlər görülmüşdür. Hazırda şəhər 4 saylı məktəb-liseyi üçün 560 şagird yerlik əlavə korpusun, Osaküçə və Şovu kənd tam orta məktəblərinin hər biri üçün 220 şagird yerlik binaların tikintisi davam edir. Şəhər 3 saylı orta məktəb və 17 saylı uşaq baxçasının binalarının əsaslı təmiri davam etdirilir.

Rayonun səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda səhiyyə sistemində güclü infrastruktur mövcuddur. Müasir Regional Müalicə Diaqnostika Mərkəzi, Uşaq Poliklinikası, Mərkəzi Xəstəxananın nəzdində Perinatal Mərkəzin imkanları hesabına tibbi xidmətin səviyyəsi yaxşılaşmışdır.

Lənkəran şəhəri 2011-ci ildə Folklor Mərkəzi elan olunmuşdur. Bununla əlaqədar rayonda lazımi işlər görülür. Xalq Sənətkarlığı və folklor nümunələri toplanılır, sərgilər, televiziya verlişləri təşkil edilir.

Prezidentin sərəncamı ilə 2011-ci ilin Azərbaycanda "Turizm İli" elan olunması ilə əlaqədar rayonda turizm obyektlərində monitorinq keçirilmişdir, bu müəssisələrdəki xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülür.

Əhaliyə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün son zamanlar yeni və müasir üslubda obyektlər tikilib istifadəyə verilmişdir. Lənkəran şəhərində 16 yerlik "Xan-Lənkəran" otel binası və Sütəmurdov kəndində "Palmalife" Turizm İstirahət kompleksi tikilmişdir. Rayonda bu sahədə görülən məqsədyönlü tədbirlər nəticəsində keçən illərə nisbətən turistlərin sayı artmışdır.

Ötən ay rayonda ilk dəfə olaraq respublika II teatr festifalı keçirilmişdir.

Lənkəran gənclər və idman idarəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası istiqamətində tədbirlər müəyyənləşdirilmiş və onların həyata keçirilməsi üçün məqsədyönlü işlər görülür.

Cari ilin birinci yarımilində rayonda cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunması sahələrində müəyyən işlər görülmüşdür. Nəticədə cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 fakt azalaraq , 210 (212) cinayət faktı qeydə alınmışdır. 168 cinayətin açılması təmin olunmuş, 16 cinayət faktı bağlı qalmaqla cinayətlərin açılması 91,3 faiz təmin olunmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində 43 fakt (2011-ci ilin müvafiq dövründə 41 fakt) aşkar olunmuşdur ki, bu faktlardan 14-ü, yəni 32,5 faizi narkotik vasitələrinin satışı ilə bağlı olmuşdur. 1 fakt narkotik bitkilərin əkilib becərilməsi, 27 fakt isə narkotik vasitələrinin qanunsuz saxlanılması olmuşdur. Ötən dövrlə müqayisədə qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 2 kq 438,8 q artmışdır.

Narkotiklərlə mübarizə sahəsində bir sıra profilaktiki və təbliğatı işlər görülsə də, bu sahədə nöqsanlar qalmaqdadır.

Cari ilin birinci yarısında şəhər İcra hakimiyyətinə 2625 yazılı müraciət daxil olmuşdur. Ötən illə müqayisədə 217 müraciət azdır. Daxil olmuş müraciətlərin 2528-i ərizə (ötən il 2534 olmuş), 95-i şikayət (ötən il 76 olmuş), 5-i təklif olmuşdur. Dövlət orqanlarından və digər qurumlardan baxılmaq üçün göndərilən 811 müraciətin 667-si Prezident Administrasiyasından, 26-sı Milli Məclisdən, 15-i Nazirlər Kabinetindən, 103-ü respublikanın digər təşkilatlarındandır. 1814 müraciət birbaşa şəhər İcra başçısının ünvanına göndərilmişdir. 894 müraciətə nəzarət qaydasında baxılmışdır. Müsbət həll olunan müraciətlərin sayı 789, qismən həll olunan müraciətlərin sayı 75, müvafiq izahat verilən müraciətlərin sayı 1380, əsassız müraciətlərin sayı 39 olmuşdur.

Cari ilin birinci yarısında şəhər İcra hakimiyyətində 3128 nəfərin, o cümlədən hər həftənin cümə günləri keçirilən qəbullarda şəhər icra hakimiyyətinin başçısı tərəfindən 1080 nəfərin şifahi müraciətinə baxılmışdır.

Nazirlər Kabinentinin geniş iclasında cənab Prezident nitqində korrupsiya və rüşvətxorluqla əlaqədar neqativ halların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar vermişdir. Yığıncaqda qeyd edildi ki, Lənkəranda da hər bir vəzifəli şəxs bundan ciddi nəticə çıxarmalıdır.

Ötən 6 ay ərzində vətəndaşların müraciətlərinə əsasən şəhər İcra hakimiyyəti tərəfindən əhaliyə daxili imkanlar hesabına 26 min manat dəyərində tikinti materialı, 78 min manatlıq ərzaq və maddi yardımlar verilmişdir.

Məruzəçi dedi ki, 2011-ci ilin sonrakı aylarında qarşda bir sira vacib məsələlər durur. Bu işlərin bir qismi regionların sosial-iqtisadi inkişafı 2-ci Dövlət Proqramında öz əksini tapmışdır. Belə ki, "Lənkəran" sanatoriyasının, şəhərin su-kanalizasiya sisteminin, Bakı-Astara magistral yolunun Lənkəran hissəsinin, bir sıra kəndlərarası və kənddaxili ara yollarının yenidən qurulması, şəhər 8 saylı və Şilavar kənd orta məktəbləri üçün yeni binaların tikintisi, yeni poçt və tibb məntəqələrinin inşa edilməsi, şəhərin tam qazlaşdırılmasının başa çatdırılması və rayonun yaşayış məntəqələrinin qazlaşdırılması işlərinin sürətləndirilməsi, bir sıra yaşayış məntəqələrində, xüsusilə ucqar dağ kəndlərində köhnəlmiş elektrik avadanlıqlarının yenidən qurulması nəzərdə tutulmuşdur.

Sonra şəhər təsərrüfatı üzrə RİHB-nın müavini Möhübbət Babayev və aqrar sahə üzrə müavin Tofiq Rzayev çıxış etdilər.

Milli Məclisin sosial siyasət daimi komitəsinin sədri Hadi Rəcəbli Lənkəranın sosial-iqtisadi inkişaf dinamikasını yüksək dəyərləndirdi, dövlət siyasətinin aspektlərinə diqqəti cəlb etdi.

Şəhər icra hakimiyyətinin başçısı Tofiq İbrahimov iclasa yekun vurdu. Dövlətin gündəlik qayğısı sayəsində Lənkəranın bundan sonra da sürətli inkişafının təmin ediləcyinə inamını ifadə etdi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 28 iyul.- S. 5.