Azərbaycan diasporu lobbiçiliyə doğru
inamla addımlayır
Mütəşəkkil
və çevik diasporun, güclü lobbinin yaradılması
uzunmüddətli bir proses olduğundan bu sahədə
qarşıya çıxan problemlərin və həllini
gözləyən taleyüklü məsələlərin
müzakirəsinə həmişə ehtiyac duyulur. Bu mənada
Dünya Azərbaycanlılarının III Qurultayı tarixi əhəmiyyət
kəsb edir. Dünyanın 42 ölkəsindən yüzlərlə
nümayəndənin iştirak etdiyi qurultayda xaricdəki cəmiyyətlərimizin
birgə fəaliyyət strategiyası müasir dövrün tələbləri
istiqamətində bir daha müəyyənləşdirildi, Azərbaycanın
haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması, mədəni irsimizin və
tariximizin təbliği, soydaşlarımızın hüquq və
azadlıqlarının qorunması, onların
yaşadıqları ölkələrdə cəmiyyətə
inteqrasiya məsələləri yenidən nəzərdən
keçirilərək mühüm qərarlar qəbul edildi.
Dünya
Azərbaycanlılarının III Qurultayının
iştirakçıları Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin mötəbər tədbirdəki
çıxışına diqqət çəkərək
bildirirlər ki, ölkə rəhbərinin tarixi nitqi
qarşıya yeni vəzifələr qoymuş, xarici ölkələrdə
yaşayan soydaşlarımızın təşkilatlanması
və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin
başlıca istiqamətlərini müəyyənləşdirmişdir.
Dövlət başçısının tövsiyə və
tapşırıqları Azərbaycan diasporunun yeni dövrdəki
fəaliyyətinin ideoloji təməlini təşkil etməklə
yanaşı, dünya azərbaycanlılarının birliyinin
konseptual əsaslarının milli ideologiyası müstəvisində
formalaşmasının tarixi-siyasi əhəmiyyətini daha dəqiq
qiymətləndirmək imkanı yaratmışdır. Bu
fikirləri bizimlə bölüşən Benilüks Azərbaycanlıları
Konqresinin (BAK) fəxri prezidenti, Avropa Azərbaycanlıları
Konqresinin birinci vitse-prezidenti Sahil Qasımov belə hesab edir
ki, Azərbaycan diasporu lobbiçilik istiqamətində daha qətiyyətli
addımlar atmaq əzmindədir. Sahil müəllim BAK-ın fəaliyyəti
barədə ətraflı məlumat verərək dedi:
-
Benilüks Azərbaycanlıları Konqresində üç
Avropa ölkəsində - Belçika, Niderland, Lüksemburqda
fəaliyyət göstərən müxtəlif coğrafi məkanlardan
olan Azərbaycan və türk təşkilatları birləşib.
Konqresdə həmçinin İraq Türkmənləri Məclisi
də yer alır.
2006-ci
ilin aprel ayında BAK-in yaranması üçün təşəbbüs
qrupu təşkil olundu və üstündən 6 ay
keçdikdən sonra noyabr ayının 18-də BAK adlı
yeni bir ictimai birlik Avropa ölkələrinin birində -
Niderland Krallığında yarandı.
Qeyd
edim ki, Niderland Krallığı Azerbaycan icmasının ən
sıx və kompakt yaşadığı Avropa ölkələrindən
biridir. Ərazi baxımından kiçik olan bu Avropa ölkəsində
müxtəlif coğrafi məkanlardan olan 50 mindən çox
azərbaycanlı yaşayır.
Bu
icmaları birləşdirmək, təşkilatlandırmaq və
fəaliyyətlərini mərkəzləşdirmək
üçün Konqresin yaranmasına böyük ehtiyac
duyulurdu. BAK-in təsis olunmasının əsas və
başlıca səbəblərindən biri məhz bu idi. Fəaliyyətimizdəki
yeniliklərə gəlincə, hesab edirəm ki, ümumiyyətlə,
BAK-ın əsas nailiyyətlərindən, uğurlarından
biri budur ki, artıq azərbaycanlılar bu ölkələrdə
etnik bir qrup kimi tanınır və qəbul edilir. Bu ölkələrin
rəsmi dairələri azərbaycanlıları etnik qrup kimi
tanıyır, icma nümayəndələri kimi bizimlə
sıx-sıx görüşürlər. Məsələn,
Niderland Krallığında Parlament seçkilərində
demək olar ki, bütün partiyaların nümayəndələri
BAK rəhbərliyi ilə görüşməyə xeyli
maraq göstərirdilər, BAK-dan seçkilərdə dəstək
istəyirdilər.
Biz
Azərbaycan həqiqətlərini, mədəniyyətimizi,
tariximizi, öz dəyərlərimizi bu ölkələrdə
təbliğ etməklə həm dövlətlərimizi,
xalqlarımzı bir-birinə yaxından tanıdırıq, həm
də bir körpü rolunu oynayırıq. Təbii ki, hər
bir azərbaycanlı xaricdə öz dövlətini, millətini
layiqincə təmsil etməlidir ki, xalqı barədə fikir
yarada, ona hörmət bəslənməsinə nail ola bilsin.
Qeyd etdiyim kimi, BAK yarandığı gündən etibarən
Azərbaycan həqiqətlərini Avropada yayır,
Dağlıq Qarabağ məsələsində
yaşadığı ölkələrin ictimaiyyətini
bilgiləndirir və erməni lobbisinə qarşı mütəşşəkil
mübarizə aparır. BAK-ın 5 illik fəaliyyəti ərzində
erməni diasporu üzərində onlarca qələbəmiz
mövcuddur. Buna misal olaraq Suzan Kruqerin çəkdiyi
"Ümid axırıncı ölür" filminin
satışa buraxılmaması, erməni rejissoru
Hovanesyanın "Hərb və sülh insanlarının aqibəti"
filminin Rotterdam İDFA film festivalından
çıxarılması və bu filmin
mükafatlandırılmasının qarşısının
alınması, Utreçt Turizm Sərgisində ermənilərin
stendlərindən dəfələrlə Qarabağa aid
materialların çıxarılması, "Archax Fruit"
adı altında Niderlandda satılan qida maddələrinin
ifşa edilməsi və bu qida maddələrini idxal edən
şirkət haqqında lazımi instansiyalara məlumat verilməsi,
Amsterdam Universitetlərində "Qarabağ - Kosovo: bənzər
tarix" disputlarında fəal və mütəşşəkil
iştirak edərək bu müzakirələrin heçə
endirilməsi, Brüsseldə Avropa Parlamenti
qarşısında Xocalı ilə əlaqədar möhtəşəm
nümayişlərin keçirilməsi, Rotterdam şəhərində
Bakı küçəsinin yenidən açılması və
bu küçədə rəsmi barelyefin qoyulmasını və
sairəni göstərmək olar.
Bundan
əlavə, BAK-ın digər ölkələrdəki Azərbaycan
və Türk diaspor təşkilatları ilə xeyli sıx əlaqələri
var. GUAM ölkələrinin diaspor təşkilatları ilə
əməkdaşlıq münasibətləri mövcuddur.
İngiltərədəki Kıbrıs Türkləri Konseyi,
Avropa Türk Demokratları Birliyi, Amerikadakı, Rusiyadakı,
Avropadakı bir çox təşkilatlar ilə sıx-
sıx görüşür və təcrübə
mübadiləsi aparırıq. Bəzi tədbirlərin eyni
gündə, eyni vaxtda keçirilməsinə nail oluruq.
Benilüks
Azərbaycanlıları Konqresi artıq bu ildən etibarən
Avropa Birliyində akkreditə olunub və Azərbaycanın
Avropa məkanına inteqrasiya olunmasi istiqamətində
lobbiçilik fəaliyyəti göstərir. Belə hesab edirəm
ki, dünyanın hər aparıcı ölkəsində Azərbaycana
aid tarixi və incəsənət muzeylərinin
açılması zəruridir. Çünki bu yolla mədəniyyətin
təbliği və ölkənin tanıdılması işi
daha yaxşı nəticələr verir. Təbii ki, digər
təbliğat vasitələri də diqqətdən
qaçmamalıdır. Məsələn, qəzet nəşri,
radio və televiziya kanallarının açılması
çox vacib məsələlərdir. Biz bu sahədə
müəyyən irəliləyişlərə nail
olmuşuq. Hazırda Benilüks Azərbaycanlıları
Konqresinin mətbu orqanı mövcuddur, Konqresimizin radio və
televiziya kanallarınin da açılması üzərində
işləyirik.
Mən
sonda yenidən Dünya Azərbaycanlılarının III
Qurultayı barədə öz fikirlərimi bildirmək istərdim.
Dünya azərbaycanlılarının və onların xaricdəki
diaspor təşkilatlarının aparıcı nümayəndələrinin
Bakıda bir araya gəlməsi, burada yeni fəaliyyət
strategiyasının birlikdə müəyyənləşdirilməsi
tarixi hadisədir. Dövlət başçımızın
çıxışı bir daha göstərdi ki, Azərbaycan
Respublikası diasporumuzun quruculuğu prosesinə xüsusi diqqət
göstərir və bu sahəyə qayğısını əsirgəmir.
Ölkəmizin iqtisadi cəhətdən gücləndiyi,
diplomatik uğurlar qazandığı bir vaxtda biz - xaricdə
yaşayan azərbaycanlılar da
çalışmalıyıq ki, öz fəaliyyətimizlə
Vətənimizin haqq işinə daha çox dəstək verək.
İnanıram ki, bu mənada Dünya Azərbaycanlılarının
III Qurultayı xaricdəki diaspor təşkilatlarımızın
lobbiçiliyə doğru inamla addımlamasına stimul verəcəkdir.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 28 iyul.- S. 5.