Ağdam təhsili: yekunlar, uğurlar, vəzifələr

 

Fərəhlidir ki, ötən illər müstəqil ölkəmiz üçün uğurlu olmuşdur. Bütün dünyada iqtisadi və maliyyə böhranı davam etdiyi halda Azərbaycan böyük qələbələrə imza atmış, iqtisadiyyatımız möhkəmlənmiş, sosial proqramlar həllini tapmış, bütün infrastruktur layihələri icra edilmiş, əhalinin güzəranı yüksəlmişdir. Ölkə başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində, Ağdam rayonunda da geniş tikinti-abadlıq işləri aparılmış, kəndlərimiz qazlaşdırılmış, daimi elektrik enerjisi ilə təmin edilmişdir.

Ölkəmizdə aparılan genişmiqyaslı işlər içərisində milli təhsilimizin inkişafı, təhsil işçilərinə diqqət və qayğı da ölkə Prezidenti İlham Əliyevin fəaliyyətində prioritet sahələrdən biri olmuşdur. Təhsil işçiçlərinə olan bu qayğının nəticəsidir ki, son 5 il ərzində müəllimlərin əməyi yüksək qiymətləndirilmişdir. Təkcə bizim 8 müəllimimizə "əməkdar müəllimi" fəxri adı verilmiş, 5 nəfər müəllimimizə "Tərəqqi" medalı, 6 nəfər isə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir. Ölkə Prezidenti təhsilimizin tamamilə müasirləşdirilməsini təmin edəcək 20-yə qədər dövlət proqramlarını təsdiq etmişdir ki, bu gün həmin proqramların əksəriyyəti uğurla həyata keçirilmişdir.

Rayonumuzun təhsil işçiləri yüksək qayğı və diqqətə cavab olaraq tədris ilinin ilk günlərindən başlayaraq fəaliyyətlərini günün tələbələrinə cavab verəcək səviyyədə qurmağa çalışmışlar. Əhalimizin köçkünlük şəraitində yaşamasına baxmayaraq, təhsil şöbəsinin işçiləri, ümumtəhsil müəssisələrinin rəhbərləri müxtəlif bölgələrdə məskunlaşmış məktəbyaşlı uşaqların təhsildən kənarda qalmaması, ümumi icbari təhsilin həyata keçirilməsi üçün səylərini əsirgəməmişlər. Ötən dərs ilində təhsil şöbəsi 145 ümumtəhsil, 5 məktəbdənkənar müəssisə və 32 məktəbəqədər müəssisə ilə fəaliyyətə başlamışdır. Ümumtəhsil məkətəblərinə 18660 şagird, məktəbəqədər müəssisələrə 1675 uşaq cəlb edilmişdir. Bunların da təlim-tərbiyəsi ilə 3973 nəfər müəllim və tərbiyəçi məşğul olur.

Əvvəlki illərdə olduğu kimi, 2010-2011-ci dərs ilində də Ağdam Rayon Təhsil Şöbəsi Təhsil Nazirliyirayon icra hakimiyyəti tərəfindən verilən əmr, sərəncam və tapşırıqları məsuliyyətlə yerinə yetirmiş, təhsilimizin inkişaf proqramlarını müvəffəqiyyətlə həyata keçirmişdir. Son 5 ilin statistik məlumatarının təhlili zamanı şagirdlərimizin bilik səviyyəsinin artması, məzunlarımızın ali məktəblərə qəbulu səviyyəsinin yüksəlməsi müəyyən edilmişdir.

Dövlətimizin təhsil siyasətində prioritet sahə hesab edilən maddi-texniki bazanın möhkəmləndirilməsi diqqət mərkəzində olmuşdur. Tədris ilinin əvvəlində daxili imkanları hesabına təhsil şöbəsi üçün inzibati bina tikilmişdir. Quzanlı-1 qəsəbə körpələr evi - uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Həsənxanlı və I Yüzbaşlı kənd tam orta məktəblərinin əsaslı təmir edilməsi ilə bağlı təşkilati işlər aparılır.

Tədris ili ərzində Dövlət Proqamına uyğun olaraq, AğdamYevlax rayonları ərazisində Fin evlərinin ləğvi ilə əlaqədar yeni qəsəbələrdə 18 və 23 saylı köçkün tam orta məktəbləri üçün müasir tipli məktəb binaları tikilib, zəruri avadanlıqlar və kompyuter sinifləri ilə təmin edilmişdir. Rayonun işğal olunmamış ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin mövcud vəziyyəti araşdırılmış, istismara yararsız vəziyyətdə olan məktəblərimiz dəqiqləşdirilərək onların yenidən tikilməsi və ya əsaslı təmir edilməsi üçün məsələ qaldırılmışdır. Səfərli kənd tam orta məktəbi üçün 180 yerlik yeni bina tikilməsi, Alıbəyli və Əhmədağalı kənd orta məktəblərinin 2012-ci ildə əsaslı təmir edilməsi plana salınmışdır.

"Məktəblilərin informasiya - kommunikasiya texnologiyaları ilə təminatına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar 376 dəst kompyuter avadanlıqları alınıb mövcud 145 ümumtəhsil məktəbinə paylanmışdır. Qalan məktəblərimizin də kompyuterlə təmin edilməsi üçün Təhsil Nazirliyi qarşısında məsələ qaldırımış, 2011-ci ildə əlavə 9 kompyuter dəsti alınıb məktəblərə verilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin istedadlı uşaqların aşkar edilməsi, onların hərtərəfli qayğı ilə əhatə olunması barədə tövsiyələri, həmçinin xüsusi istedadı olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının icrası ilə əlaqədər təhsil şöbəsində görülən işlərin keyfiyyəti yaxşılaşdırılmış, ayrı-ayrı bölgələrdə yaradılmış olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyəti gücləndirilmişdir. Ötən il rayonun 137 saylı köçkün tam orta məktəbinin X sinif şagirdi Səyyad İsmayılzadə dil-ədəbiyyat fənni üzrə fənn olimpiadasının respublika mərhələsində qalib olub, xüsusi diplomla təltif edilmişdir. Bu tədris ilində isə 3 fənn üzrə - dil-ədəbiyyat, Azərbaycan tarixifizika fənləri üzrə - şagirdlərimiz fənn olimpiadalarının respublika mərhələsində iştirak edib müvəffəq ballar toplamışlar.

Tədris ili ərzində rayon ümumtəhsil məktəblərinin şagirdləri respublika səviyyəsində keçirilən bir sıra müsabiqələrdə fəal iştirak etmişlər. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsində rayonun bütün ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir. Nəticə RTŞ-də yaradılmış işçi qrupu tərəfindən yekunlaşdırılmış, müsabiqənin qalibi olmuş 27 saylı köçkün tam orta məktəbinin IX sinif şagirdi Fəridə Süleymanova müsabiqənin respublika mərhələsində iştirak etmişdir. Onun yazısı ən yaxşı inşalar sırasına daxil edilmişdir.

Tədris ili ərzində məktəbdənkənar tərbiyə müəssisələrinin də fəaliyyətinə nəzarət artırılmış, məşğələ keçirilən dərnəklərdə şagirdlərin yaradıcılıq qabiliyyəti kitfayət qədər yaxşılaşdırılmışdır. Texniki Yaradıcıdlıq, Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzlərinin fəaliyyətində nəzərə çarpacaq irəliləyişlər olmuşdur.

13 iyun 2011-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticəsi qənaətbəxş olmuşdur. Rayon üzrə XI siniflərdə 1113 nəfər şagirddən 1045 nəfəri buraxılış imtahanlarında iştirak etmiş, onlardan isə 872 nəfəri imtahan keçirilən bütün fənlərdən müvəffəq qiymətlər almışdır. Bundan başqa, 5 nəfər şagirdimiz həkim - ekspert komissiyasının verdiyi arayış nəticəsində buraxılış imtahanlarından azad edilmişdir. Beləliklə, rayon üzrə buraxılış imtahanında iştirak edən 1045 şagirddən 877 nəfəri orta məktəbi bitirmək haqqında attestat almışdır ki, bu da 83,9% mənimsəmə deməkdir.

Buraxılış imtahanlarının nəticələri hər bir məktəbdə fənlər üzrə təhlil edilmiş, şagirdləri yüksək bilik nümayiş etdirən fənn müəllimləri dəqiqləşdirilərək, onların əməyinin qiymətləndirilməsi nəzərədə tutulmuşdur. Buraxılış imtahanlarının nəticəsinə əsasən rayonun Qaradağlı, Əhmədağalı, Mahrızlı, Təzəkənd, Eyvazlı, I Yüzbaşlı, I Albəyli qəsəbə, II Baharlı qəsəbə, II Dördyol qəsəbə tam orta 1,5, 9, 12, 15, 23, 24 saylı orta məktəblərində 100 faiz mənimsəmə əldə olunmuşdur. Buraxılış imtahanlarının nəticəsinin təhlili zamanı ayrı-ayrı fənlər üzrə də mənimsəmə faizi dəqiqləşdirilmiş, şagirdləri yüksək nəticə göstərən müəllimlərin təcrübəsinin öyrənilməsi üçün metodkabinetdə müvafiq aparılıması nəzərdə tutulmuşdur.

Hazırda məzunlarımızın ali məktəblərə qəbul olması faizi dəqiqləşdirilir, təhlillər aparılır. Təhsil şöbəsinin rəhbərliyi, onun işçiləri tam əmindir ki, ötən illərdə olduğu kimi, bu tədris ilində də məzunlarımız yüksək bal toplayaraq ali məktəblərə qəbul olacaq, Ağdam rayonunun həqiqətən yüksək ziyalı potensialına malik olmasını bir daha nümayiş etdirəcəklər.

Təhsil şöbəsi iyul, avqust aylarında rayonun Rzalar, Mahrızlı, Qaradağlı, Çəmənli kənd tam orta məktəblərində təmir işi aparmağı nəzərdə tutmuşdur. Yeni dərs ilinə hazırılıqla əlaqədar, dərslik fondunun vaxtında gətirilib, məktəblərə çatdırılması həmişə olduğu kimi, diqqət mərkəzində saxlanılmışdır. Bununla əlaqədar rayon üzrə şagirdlərin sayı vaxtında Təhsil Nazirliyinə göndərilmişdir.

Artıq 3-cü ildir ki, pedaqoji işçilərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən aparılır. Bünün üçün aprel ayından başlayaraq məktəblərimizin kadra olan ehtiyacı vaxtında dəqiqləşdirilib Təhsil Nazirliyinə çatdırılmışdır.

Son 5 ildə təhsilin səviyyəsinin, fəaliyyətinin əsas göstəricisi olan ali məktəblərə qəbulun dinamikasını əks etdirən göstəriciləri də təqdim etmək istəyirəm. Əgər 2006-cı ildə respublikamızın ali məktəblərinə 193 məzunumuz qəbul olunmuşdusa, həmin rəqəmlər müvafiq olaraq 2008-ci ildə 211 nəfər, 2009-cu ildə 227 nəfər, 2010-cu ildə isə 230 nəfər olmuşdur. Ümid edirik ki, dinamika builki qəbulda da davam edəcək.

Ümumiyyətlə, 1998-ci ildən sonra rayon üzrə 4947 yerlik 30 məktəb, 3816 yerlik 226 sinif otaqları tikilib istifadəyə verilmişdir. Prezident İlham Əliyev 2005-ci ildə Dövlət Neft Fondunun vəsaiti hesabına tikilən 2 saylı köçkün tam orta, Daxili İşlər Nazirliyinin vəsaiti hesabına tikilmiş Soltanbud kənd tam orta və 2011-ci ildə istifadəyə verilən 18 saylı köçkün tam orta məktəbinin açılışında iştirak etmişdir.

Biz əldə olunmuş belə böyük uğurlara görə, əlbəttə, ilk növbədə ümummilli lider Heydər Əliyevin ölməz və həmişəyaşar ideyalarına, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdəki ardıcıl və qətiyyətli fəaliyyətinə borcluyuq. Onu da əlavə edim ki, Təhsil Nazirliyin, Ağdam Rayon İcra Hakimiyyətinə nə vaxt müraciət etmişiksə, dərhal öz müsbət həllini tapıb. Bu isə heç şübhəsiz, işləri daha effektli, çevik və ardıcıl şəkildə qurmaqda bizə çox kömək edir.

Ancaq çox təəssüf ki, Ağdam royonunda son zamanlar həyatımızın bütün sahələrində əldə edilmiş inkişafı, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərini, o cümlədən təhsil sahəsində qazanılmış şəksiz uğurları gözü götürməyən, onlara qısqanclıqla yanaşan bədxah və yaramaz qüvvələr də var. Küçə və bazar qəzetlərini özlərinə səngər edənlər, nəhayət, anlamalıdırlar ki, Ağdam ziyalıları, ağsaqqalları, ictimaiyyət kimin kim olduğunu çox gözəl bilir. Yel qayadan heçapara bilməz. Hər kəs öz fəaliyyətinə və əxlaqına uyğun hərəkət edir.

Qətiyyətlə bildirirəm ki, Ağdam Rayon Təhsil Şöbəsi, bütün pedaqoji ictimaiyyət bundan sonra da milli təhsilimizin inkişafı üçün qarşıya qoyulmuş vəzifələrin uğurlu həllinə nail olacaq, yeni zirvələr fəth edəcək.

 

 

Elmira ŞÜKÜROVA,

Ağdam Rayon Təhsil Şöbəsinin

müdiri

 

Xalq qəzeti.- 2011.- 28 iyul.- S. 7.