Türkiyə - Azərbaycan dostluğu, qardaşlığı əbədi və sarsılmazdır

 

Bu fikir qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı dəfələrlə səsləndirildi

 

Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə - Azərbaycan əlaqələri sürətlə inkişaf edir və hörmətli cənab Baş nazirin səfəri zamanı apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha onu göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bizim qardaşlığımız, bağlılığımız tarix, mədəniyyətdən gəlir. Güclü bir bağlılığımız var və bunu heç kimsəyə zədələtməməliyik. Buna heç kimin haqqı yoxdur. Bunu gücləndirərək sabahlara daşıyacağıq və biz bunu bacarırıq. Hərbi, siyasi, iqtisadi, ticari, mədəni sahələrdə atdığımız və inşallah, atacağımız addımlarla bunu bacarırıq. Qoyduğumuz hədəflərə nail oluruq.

 

Rəcəb Tayyib,

ƏRDOĞAN Türkiyə Cümhuriyyətinin Baş naziri

 

 

Hər bir dövlət xarici siyasətini özünün milli maraqları çərçivəsində qurur və həyata keçirir. Müstəqil Azərbaycan Respublikası da dünya dövlətləri ilə əlaqələrində siyasi, iqtisadi, hərbi mənafeyini ön planda tutur, regional və qlobal məsələlərdə öz mövqeyini ortaya qoyur, haqq işimizin müdafiəsi istiqamətində lazımi addımları atır. Bu yolda bizə dəstək verən bütün ölkələrlə münasibətlərimiz təbii olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir, durmadan inkişaf edir. Bu mənada Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri uzun illərdir ki, inkişaf edir, güclənir. Sarsılmaz dostluğa, əbədi qardaşlığa söykənən Azərbaycan - Türkiyə strateji tərəfdaşlığı regionda sülhün, sabitliyin bərqərar olmasına, iqtisadi inkişafın daha da sürətlənməsinə istiqamətlənib. Türk dünyasının böyük oğlu Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı ilə ifadə etdiyi iki qardaş ölkə arasındakı mövcud əməkdaşlıq hazırda özünün ən yüksək səviyyəsinə çatmışdır.

Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini əldə etdikdən bu günədək Türkiyədə hakimiyyətə gələn hər bir siyasi partiyanın lideri ilk səfərini məhz "Odlar yurdu"na edir. Bu dəfə də belə oldu. Bu il iyunun 12-də Türkiyədə keçirilən parlament seçkilərində seçicilərin 49, 9 faiz səsini toplayaraq üçüncü dəfə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyasının lideri, ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilk rəsmi səfərini Ankaranın əvəzsiz və ən etibarlı müttəfiqi olan Azərbaycana etdi. Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğanın seçkilərdən qısa müddət sonra ölkəmizə səfərə gəlməsini iki ölkə arasındakı əlaqələrin müttəfiqlik səviyyəsində olduğunun göstəricisi, münasibətlərimizin dostluq, qardaşlıq prinsipləri əsasında formalaşmasının bariz nümunəsi hesab etdiyini bildirdi.

Azərbaycan Prezidenti ilə Türkiyənin Baş naziri arasında bir saatdan artıq davam edən təkbətək görüş zamanı iki ölkəni maraqlandıran məsələlər, regionda və dünyada gedən proseslər yüksək səviyyədə müzakirə olundu. Müzakirələrdə bir daha aydın oldu ki, hər iki ölkə bütün məsələlərdə eyni mövqedən çıxış edir. Bu, belə də olmalıdır. Çünki bizi, həm dövlətlərimizin milli maraqları, həm də tarixi, mədəni köklərimiz sıx birləşdirir. Bütün bunlar Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm rol oynayır. Hazırda bu əlaqələr bütün sahələri əhatə edir və nəinki ikitərəfli müstəvidə, eyni zamanda, regional məsələlərdə də Türkiyə-Azərbaycan dostluğu və birliyi çox vacib amilə çevrilmişdir.

Qardaş Türkiyə ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanında yer almışdır. Keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan dövləti və Azərbaycan xalqı rəsmi Ankaranın bu məsələdə nümayiş etdirdiyi qətiyyətli mövqeyi yüksək qiymətləndirir. Bunun müqabilində Baş nazir Ərdoğan demişdir ki, rəsmi Ankara hər zaman münaqişəni öz problemi hesab edir: "Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz - hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik".

Türkiyə tərəfi münaqişənin həllində Azərbaycanın sülh təşəbbüslərinin həmişə Ermənistanın qeyri-konstruktiv mövqeyi və həddini aşan iddiaları ucbatından nəticə vermədiyi qənaətindədir. Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın yenə də həddini aşaraq növbəti axmaq bəyanatı səsləndirməsi isə hər iki ölkədə ciddi etirazla qarşılanmışdır. Sarkisyan bildirmişdir ki, guya, ölkənin indiki iqtidarı Dağlıq Qarabağı alıb, gələcək nəsillər isə Türkiyənin ərazisində yerləşən Ağrı dağını ələ keçirməlidir. Azərbaycan Prezidenti İlham Əliyev bu sərsəm açıqlamalara cavab olaraq qətiyyətlə bəyan etmişdir ki, vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir: "Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə, heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz".

Azərbaycan hər zaman Türkiyənin dərdini öz dərdi, sevincini öz sevinci hesab edib. Bu mənada, dünyada törədilən bütün terror aktları kimi, PKK terror təşkilatının qardaş ölkədə törətdiyi terror aktları da Azərbaycanda ürək ağrısı ilə qarşılanır. Məsələyə münasibətini açıqlayan dövlət başçımız İlham Əliyev demişdir ki, biz PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyirik, bu məsələ ilə əlaqədar dəfələrlə öz mövqeyimizi bildirmişik. Bir daha demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə həmişə olduğu kimi, Türkiyə dövlətinin və xalqının yanındadır. Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz səylərini birləşdirsinlər. Bizim isə Türkiyə ilə bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də əməkdaşlığımız çox yüksək səviyyədədir.

Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində türk dünyasının böyük oğlu Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev rəsmi Ankara ilə siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirdi. Həmin illərdə müstəqil Azərbaycan dövləti öz qapılarını xarici investorların üzünə açanda buraya böyük həvəslə gəlib öz sərmayələrini cəsarətlə qoyan ilk əcnəbi iş adamlarının çoxu Türkiyə vətəndaşları olmuşdur. Bu gün Azərbaycanda təqribən 5 minədək türk iş adamı çalışır və böyük layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Ümumiyyətlə, Türkiyə Azərbaycandakı qeyri-neft sektoruna ən çox sərmayə qoyan ölkədir. Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi yönümdə əsaslı islahatların aparılması xarici iş adamlarının diqqətindən yayınmır. Zəngin təbii sərvətlərə sahib olan Azərbaycanda əhalinin rifah səviyyəsi gündən-günə yüksəlməkdədir. Buna görə də türk iş adamları burada daha rahat şəraitdə fəaliyyət göstərir və yeni-yeni nailiyyətlər əldə edirlər.

Son illərdə dünyanın bir çox ölkəsinə sərmayə yatıran Azərbaycan şirkətləri Türkiyəyə də sərmayə qoyurlar. İndiyə qədər Türkiyə iqtisadiyyatına Azərbaycan şirkətləri tərəfindən qoyulan sərmayənin miqdarı, artıq 4 milyard dolları keçmişdir. Növbəti illərdə Türkiyənin təkcə neft kimyası sənayesinə 6 milyard dollar həcmində əlavə sərmayə qoyulması nəzərdə tutulur.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdəki yaxın münasibətlərdən bəhrələnən iqtisadi və ticarət əlaqələrimiz gündən-günə daha da genişlənir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq qarşılıqlı mənfəətə əsaslanan konkret əlaqələrlə, müştərək layihələrlə səciyyələnir. Türkiyə ilə Azərbaycan arasında ticarətin həcmi xeyli artmışdır: bu göstərici 1993-cü ildə 102 milyon ABŞ dolları idisə, 2002-ci ildə 300 milyon dolları keçmiş, 2010-cu ildə isə 2,5 milyard dollar olmuşdur. Bu ilin ilk beş ayında bu göstərici 1,4 milyard dollara çatmışdır. Bu gedişlə ilin sonunda həmin rəqəm 3 milyard dollaradək arta bilər. Bunun üçün real imkanlar var.

Şübhəsiz ki, həm BTC-nin, həm də BTƏ-nin əfsanədən reallığa çevrilməsi Türkiyə-Azərbaycan qardaşlığının təntənəsi, ən böyük uğurlu nəticəsi idi. Hər iki ölkənin ictimaiyyəti bu gün də Şərq - Qərb enerji dəhlizinin təməl sütunlarını təşkil edən həmin qlobal layihələrə siyasət ustası Heydər Əliyevin dəmir siyasi iradəsinin, qətiyyətinin və əzmkarlığının həyat verdiyi barədə həqiqəti unutmayıb. Bəli, böyük öndər Heydər Əliyev enerji layihələrinə qarşı çıxan xarici və daxili düşmənlərin ciddi təzyiqlərinə məhəl qoymadı, Azərbaycan və Türkiyənin milli mənafeyini onların iyrənc məqsədlərinə qurban vermədi.

Heydər Əliyev sübut etdi ki, iki qardaş xalqın iradəsini gerçəkləşdirmək əzmində olan Azərbaycan rəhbərliyi bu yolda maneə yaratmaq üçün dövlət çevrilişini həyata keçirməyə çalışan qruplaşmalardan və onların arxasında dayanan maraqlı xarici qüvvələrdən qat-qat uzaqgörəndir, qüdrətlidir.

Cənab İlham Əliyevin 2003-cü ildə - Baş nazir təyin olunduqdan sonra səfər etdiyi ilk xarici ölkənin Türkiyə olması da təsadüfi deyil. Bu, münasibətlərin səviyyəsinin göstəricisi hesab oluna bilər. 2004-cü il aprelin 13-15-də Prezident İlham Əliyevin Türkiyəyə dövlət başçısı kimi ilk səfəri də əlaqələrin inkişafı baxımından çox uğurlu olmuşdur. Həmin səfər zamanı iqtisadi-siyasi və mədəni əlaqələrin inkişafını nəzərdə tutan 5 mühüm sənəd imzalanmışdır. Azərbaycanın dövlət başçısının 2008-ci il iyulun 24-də Türkiyəyə növbəti səfəri zamanı isə cənab İlham Əliyev Qars şəhərində Bakı - Tbilisi - Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində çox mühüm məqamlara toxunmuş, bu dəmir yolunun Azərbaycanı, Gürcüstanı və Türkiyəni nəqliyyat dəhlizinə çevirəcəyini və ümumən, regionda əməkdaşlığın genişlənməsi üçün önəmli layihə olduğunu bildirmişdir.

Qardaş ölkə ilə hər sahədə olduğu kimi, enerji sahəsindəki əməkdaşlıq da durmadan inkişaf edir. Bu baxımdan ötən il çox mühüm hadisələrlə yadda qaldı. Azərbaycan Prezidentinin 2010-cu il iyunun 7-8-də Türkiyəyə işgüzar səfəri zamanı aparılan müzakirələrin parlaq nəticəsi olaraq dövlət başçısı İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair bəyannamə, Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair anlaşma memorandumunun imzalanması ölkələrimizin enerji sahəsindəki əməkdaşlığının yeni mərhələdə inkişafına bariz nümunədir. Bu sənədlər iki qardaş ölkənin qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılması istiqamətində göstərdiyi birgə səylərin və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinə rəvac verir.

Türkiyə Prezidenti Abdullah Gülün ötən il avqustun 16-da Bakıya səfəri zamanı mühüm əhəmiyyətə malik sənəd - "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" imzalandı. Xatırladaq ki, bundan əvvəl, 2007-ci il noyabrın 6-8-də Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri çərçivəsində də iki dövlət arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və ümumilikdə 5 mühüm sənəd imzalanmışdı. Ancaq "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin konkret əsaslarla davamı hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev həmin müqavilə barədə danışarkən demişdir ki, tarixi əhəmiyyətə malik olan sənəd gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir. Dövlət başçısının bu bəyanatı həmişə olduğu kimi, bu dəfə də Azərbaycan tərəfinin imzaladığı sənədə və ya verdiyi vədə daim sadiq olacağını ifadə edirdi. Bu, rəsmi Bakının məsələyə baxışı və dəyişməz mövqeyidir. Məhz bunun nəticəsidir ki, yaxın zamanlarda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı keçiriləcəkdir.

Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Avropa qurumlarına inteqrasiya yolunda Azərbaycan ilə Türkiyə bir-birinə tam dəstək verir. Avropa Şurası Parlament Assambleyasında isə bu, özünü daha çox göstərir. Burada digər ölkələrin təmsilçiləri Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin həmrəyliyinə heyran qaldıqlarını gizlətmirlər. Hətta bir avropalı deputat təəccübünü gizlədə bilməyərək deyib ki, hələ də mən bu iki dövlətin millət vəkillərini başa düşə bilmirəm. Türkiyə barədə müzakirələr başlayanda Azərbaycan tərəfi, Azərbaycan haqda danışılarkən Türkiyənin təmsilçiləri səslərini yüksəldirlər. Onlar ayrı-ayrı dövlətlərin təmsilçiləridir, ancaq biri-birini müdafiə edərkən sanki öz vətənlərini müdafiə edirlər. Bu ifadələr bizim həmrəyliyimizi sübuta yetirən ən gözəl dəyərləndirmədir.

Təbii ki, müstəqil Azərbaycan Respublikası bütün beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələrini özünün xarici siyasətinə uyğun qurur və inkişaf etdirir. Ancaq bəzi məqamlarda münasibətlərin inkişafında yardımçı vasitələr və ya ölkələr də əhəmiyyətli rol oynayırlar. Bu mənada ölkəmiz ilə Şimali Atlantika Alyansı arasında tərəfdaşlığın inkişafında rəsmi Ankara ilə münasibətlər müsbət rol oynayır. Çünki qardaş ölkə uzun illərdir NATO-nun üzvüdür və NATO ölkələri arasında Türkiyə ordusunun çox görkəmli yeri var. Əlbəttə, Türkiyənin bu istiqamətdə bütün sahələrdə edəcəyi məsləhətlər, yardımlar bizim üçün önəmlidir.

Əlaqələrimizin çiçəklənməsi təbii ki, Türkiyəyə və Azərbaycana düşmən kəsilən qüvvələri ciddi narahat edir. Buna görə də türk düşmənləri iki ölkə arasında münasibətlərə mənfi təsir göstərmək üçün daim yeni vasitələrə əl atırlar. Məsələn, bu gün bəzi dövlətlər Ermənistan ilə sərhəd qapılarını açması üçün Türkiyəyə yenə təzyiq göstərirlər. Həmin dövlətlər Ermənistanın qardaş ölkəyə qarşı ərazi iddiası ilə çıxış etdiyini bilirlər. Onu da bilirlər ki, Ermənistanın konstitusiyasında birbaşa Türkiyəni ittiham edən uydurma "soyqırımı" barədə xüsusi bir maddə də var. Ankaraya təzyiq göstərənlər yaxşı başa düşürlər ki, əgər təzyiqləri nəticə versə və Türkiyə Ermənistanla sərhədini açsa, onda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli daha da çətinləşəcək. Erməni lobbisinin və iki qardaş ölkəyə düşmən kəsilən digər qüvvələrin məqsədi də bu yolla münasibətləri soyutmaq və yaranacaq şəraitdə özlərinin çirkin siyasətini həyata keçirməkdir. 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında "Diplomatik münasibətlərin təsis olunması"na və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsi"nə dair protokolların imzalanmasına nail olan bəzi tərəflər də elə düşünürdülər ki, bu yolla əzəmətli Türkiyəni cılız Ermənistan qarşısında diz çökdürəcəklər. Ancaq alınmadı. Qardaş ölkənin bütün ictimaiyyəti və istər iqtidar, istərsə də müxalifət partiyalarından olan nümayəndələr məkrli planlara qarşı çıxdılar. Türkiyə rəhbərliyi birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənədək Ermənistanla əlaqalərin qurulmasından söhbət gedə bilməz. 2009-cu il mayın 13-də Bakıya gələn qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir daha bəyan etdi ki, Türkiyə və Azərbaycan ictimaiyyətinin narahatlığına heç bir əsas yoxdur. O demişdir: "İsrarla bəyan edirəm: Bizim sərhədlərimiz Dağlıq Qarabağın və ətraf rayonların işğalından sonra bağlanmışdır. İşğala son verilməyənədək biz sərhədləri açmayacağıq". Bunun ardınca R.T. Ərdoğan bəyanatı daha da gücləndirən sözlər dedi: "Sərhədlərin açılmayacağına dair vədi kim verir? Bunu Türkiyə Cümhuriyyətinin Baş naziri deyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi? ".

Baş nazir Ərdoğanın bəyanatının səmimiliyi də artıq öz təsdiqini tapıb. Belə ki, ötən il sentyabrın 11-17-də NATO çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə bağlı Türkiyə - Ermənistan sərhədinin açılacağına dair məlumatlar yayılmışdı. Lakin bu da baş vermədi. Rəsmi Ankara türk düşmənlərini bir daha məyus etdi. Biz əminik ki, indiyədək Türkiyə - Azərbaycan qardaşlığının əzəməti qarşısında aciz qalan həmin qüvvələr bundan sonra da heç bir nəticə əldə edə bilməyəcəklər. Çünki qeyd etdiyimiz kimi, vaxtilə Azərbaycanın Türkiyənin milli mənafeyinə cavab verən siyasətinin dəyişməsi üçün müxtəlif dövlətlər, qüvvələr ona təzyiq göstərmişdi. Ancaq ölkəmizin rəhbərliyi buna əhəmiyyət verməmiş, öz siyasi kursunu davam etdirmişdir.

Azərbaycan - Türkiyə qardaşlığı tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə malik olan iki xalqın arasındakı ən təbii hisslərdən bəhrələnir, ondan güc alır. Buna görə də Azərbaycan - Türkiyə əlaqələri daim möhkəmlənir, güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda sabitliyin, əmin-amanlığın qarantına çevrilir. Ölkələrimiz bundan sonra da bir-birinə dayaq, arxa olacaqdır. Türk dünyasının böyük oğlu Heydər Əliyevin siyasəti məhz bu istiqamətdə olmuşdur. O, həmişə çalışırdı ki, Türkiyə - Azərbaycan münasibətləri inkişaf etsin, güclənsin. Bu gün hər sahədə olduğu kimi Türkiyə ilə əlaqələrin inkişafında da hər iki xalqın böyük oğlu Heydər Əliyevin siyasi tezisləri, göstərdiyi istiqamətlər əsas götürülür. Ona görə də Türkiyə ilə Azərbaycan arasındakı ənənəvi dostluq, qardaşlıq münasibətləri heç bir maneə tanımadan inkişaf edir və bundan belə də inkişaf edəcəkdir. Bu münasibətlərin inkişafının qarantı isə Azərbaycan Respublikasının Prezidentidir. Cənab Prezident İlham Əliyev qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri çərçivəsində keçirilən tədbirlərin birində həmin həqiqəti bu şəkildə dilə gətirdi: "Bəlkə də dünyada ikinci belə ölkələr tapılmaz ki, onların arasında bu qədər oxşarlıq, bu qədər yaxınlıq, bu qədər qarşılıqlı rəğbət və əməkdaşlıq olsun. Bu, bizim böyük sərvətimizdir, böyük qürur mənbəyimizdir. Bu yolu bizə öndərlərimiz göstərmişlər. Onların - türk və Azərbaycan xalqlarının böyük liderləri Mustafa Kamal Atatürkün, Heydər Əliyevin verdiyi bəyanatlar və vəsiyyət etdikləri məsələlər bu gün bizim üçün bir istiqamətdir. Biz sevincli günlərdə də, kədərli günlərdə də bir yerdəyik. Biz bir millətik, iki dövlətik. Bax, bu yol işıqlı, nurlu bir yoldur. Bu yolla biz uğurla addımlayırıq və bu yolda Türkiyə ilə Azərbaycana yeni uğurlar arzulayırıq".

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 29 iyul.- S. 1; 2.