Neftçilərin
dövlət qayğısı ilə əhatə olunması iqtisadi yüksəlişə zəmin
yaradır
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə
işlənib hazırlanmış yeni neft
strategiyasının uğurla reallaşması ölkəmizin
iqtisadi qüdrətini ilbəil artırır. Son illər Azərbaycanda
neft və qaz hasilatının rekord səviyyəyə
çatması ölkəmizin ixrac potensialının xeyli
artmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, indi
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında
mühüm rol oynayır. Azərbaycan dövlətinin neft strategiyasının
əsas məqsədi isə, heç şübhəsiz,
ölkənin neft və qaz sərvətlərindən
xalqımızın rifahı naminə daha da səmərəli
istifadə etməkdən ibarətdir.
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti modern bir quruma çevrilmiş, neft sənayesinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütərəqqi texnologiyaların tətbiqinə diqqət artırılmışdır. Neft sənayesinə dövlət qayğısının ilbəil artırılması, neftçilərin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu şərəfli peşə sahiblərini yeni-yeni nailiyyətlərə ruhlandırır. Bütün bunların nəticəsidir ki, son illər Dövlət Neft Şirkəti üzrə neft və qaz hasilatına dair proqnoz tapşırıqları vaxtlı-vaxtında və artıqlaması ilə yerinə yetirilir. 2010-cu ili uğurla başa vurmuş ölkə neftçiləri cari ilin əvvəlindən etibarən neft və qaz hasilatı ilə bağlı qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanları səfərbər etmişlər. Bunun uğurlu nəticələri isə göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2011-ci ilin ilk yarısında Dövlət Neft Şirkəti üzrə 4 milyon 202,8 min ton neft və 3 milyard 537,5 milyon kubmetr qaz hasil edilmişdir.
Bütün bu uğurların əldə olunmasında "Azneft" İstehsalat Birliyinin kollektivi də yaxından iştirak etmişdir. İlin ilk günlərindən başlayaraq birlik üzrə yataqların səmərəli işlənməsi, neft və qaz kondensat hasilatına dair dövlət tapşırıqlarının yerinə yetirilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilmişdir. Məlum olduğu kimi, yataqların işlənməsinin səmərəliliyinin artırılması, neft və qaz-kondensat hasilatı üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsində istismar quyularının qazılması, eləcə də geoloji-texniki tədbirlərin, cari və əsaslı təmir işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də 2011-ci ilin birinci yarımilliyində "Azneft" İstehsalat Birliyi üzrə sadaladığım bütün bu işlərin həm keyfiyyət, həm də kəmiyyətcə yüksəldilməsinə nail olunmuş, quyuların istismara daxil edilməsi və bunun da hesabına neft və qaz hasilatı, istismar quyularının yüksək məhsuldarlığı və optimal rejimdə işləmələri, eləcə də geoloji-texniki tədbirlərin və təmir işlərinin aparılması sahəsində yüksək uğurlar əldə edilmişdir. Elə birliyimizin 2011-ci ilin birinci yarımilliyinin texniki-iqtisadi göstəriciləri də bunu deməyə əsas verir. Belə ki, cari ilin altı ayında istehsalat birliyi üzrə 3 milyon 504 min ton əvəzinə 3 milyon 574 min 85 ton neft hasil olunaraq plan tapşırığına 100,3 faiz əməl edilmişdir. Hesabat dövründə neftin satışı planı üzrə də uğurlu nəticə əldə olunmuşdur. Məlumat üçün bildirək ki, yanvar-iyun aylarında birlik üzrə neftin satışı planı 100,5 faiz yerinə yetirilmiş, 3 milyon 546 min 645 ton əvəzinə 3 milyon 564 min 824 ton neft təhvil verilmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2406 ton çoxdur.
Son illər Dövlət Neft Şirkəti tərəfindən qaz hasilatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, beş il əvvəl möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi göstərişi ilə ölkədə qaz hasilatının artırılması məqsədilə yeni proqram işlənib hazırlanmışdır. Həmin proqramda "Azneft" İstehsalat Birliyi üzrə illik qaz hasilatının iki dəfə artırılması ilə bağlı mühüm tədbirlər nəzərdə tutulmuşdur. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin xüsusi diqqət və qayğısı nəticəsində proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi qarşıya qoyulmuş bu mühüm vəzifənin öhdəsindən gəlməyə imkan yaratmışdır. Belə ki, ötən müddətdə dənizdə yeni özüllərin inşa edilməsi, mövcud özüllərdə lazımi genişləndirmə işlərinin aparılması, həmçinin yığım-nəql sisteminin təkmilləşdirilməsi sahəsində mühüm işlər həyata keçirilmiş, bunun da nəticəsində qaz hasilatı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Bu tendensiya 2011-ci ilin ilk yarısında da davam etmiş, qaz hasilatı üzrə uğurlu nəticələr əldə olunmuşdur. Cari ilin yanvar-iyun aylarında "Azneft" İstehsalat Birliyi üzrə 3 milyard 394 milyon 566 min kubmetr qaz hasil olunmuşdur ki, bu da nəzərdə tutulduğundan 36 milyon 366 min kubmetr çox və ya plan tapşırığının 101,1 faiz yerinə yetirilməsi deməkdir.
Ölkənin qaz təminatını yaxşılaşdırmaq sahəsində əldə olunmuş mühüm uğurlardan biri də Qaz Anbarları İstismarı İdarəsinin "Azneft" İstehsalat Birliyinin tərkibinə verilməsidir. Adıçəkilən idarənin əsas fəaliyyət istiqaməti isə yaz-yay aylarında yeraltı anbarlara qaz vurmaq və payız-qış mövsümündə "mavi yanacağı" anbarlardan götürərək əhaliyə və sənaye obyektlərinə çatdırmaqdan ibarətdir. Hazırda yeraltı anbarlara qaz vurulmasının qızğın dövrüdür. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, cari ilin altı ayında anbarlara 1 milyard 962 milyon 604 min kubmetr qaz vurulmuşdur. Növbəti payız-qış mövsümündə istehlakçıların "mavi yanacaq"la etibarlı şəkildə təmin edilməsi üçün yeraltı anbarlara qaz vurulması davam etdirilir.
Neft və qaz hasilatının artırılması üçün prioritet sahələrdən biri yeni quyuların qazılaraq istismara daxil edilməsindən ibarətdir. İlin altı ayı ərzində bu istiqamətdə mühüm işlər görülmüş, qazmadan əvvəlcədən nəzərdə tutulmuş 40 əvəzinə 42 quyu istismara daxil edilmişdir. Yeni quyulardan isə 44 min 26 ton neft hasil olunmuşdur. Yeri gəlmişkən, qazmadan alınan quyulardan neft hasilatının səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər artıq olmuşdur. Bundan əlavə, ilin ötən dövrü ərzində fəaliyyətsiz quyu fondu üzrə də mühüm tədbirlər həyata keçirilmişdir. Əvvəlki illərdə müəyyən səbəblər üzündən fəaliyyəti müvəqqəti dayandırılmış quyuların təmir olunaraq yenidən istismara qaytarılması da diqqət mərkəzində saxlanılmışdır.
Yanvar-iyun aylarında fəaliyyətsiz fonddan 51 əvəzinə 131 quyu təmir edilərək istismara qaytarılmışdır ki, bu da yüksək iqtisadi səmərə vermişdir. Belə ki, fəaliyyətsiz fonddan istismara qaytarılan quyulardan 5094 ton neft hasilatı nəzərdə tutulduğu halda, bu göstərici 19040 ton təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə fəaliyyətsiz fonddan istismara 57 quyu çox daxil edilmiş, bunun da hesabına 2586 ton artıq neft hasil olunmuşdur. Göründüyü kimi, Dövlət Neft Şirkəti rəhbərliyinin xüsusi nəzarəti və köməyi sayəsində fəaliyyətsiz fond üzərində məqsədyönlü işlərin həyata keçirilməsinə diqqət getdikcə artırılır. İstehsalat birliyi üzrə fəaliyyətsiz quyular cari ilin əvvəlində 1379 olduğu halda, iyul ayının 1-nə onların sayı 1218 ədəd təşkil etmişdir.
Bütövlükdə isə iyul ayının 1-nə birlik üzrə ümumi istismar fondundakı quyuların sayı 5659 ədəd olmuşdur. Həmin quyulardan 5548-i neft, 111-i isə qaz quyularıdır. Ümumi istismar fondundakı quyuların 4417-si fəaliyyətdə olan quyulardır ki, onlardan da 4319-dan neft, 98-dən isə qaz hasil edilir. Fəaliyyətsiz fonda daxil olan 1218 quyunun 1207-si neft, 11-i isə qaz quyularıdır. Onu da qeyd etmək istəyirəm ki, hazırda mənimsənilməkdə olan 22 neft və 2 qaz quyusunun da istismara daxil edilməsi üçün son işlər görülür.
"Azneft" İstehsalat Birliyi üzrə əldə olunmuş uğurların əsas səbəblərindən biri də ilin əvvəlindən fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli geoloji-texniki tədbirlərin aparılması olmuşdur. Cari ilin altı ayı ərzində "Azneft" İstehsalat Birliyi üzrə 2105 texniki tədbir həyata keçirilmişdir ki, bu da nəzərdə tutulduğundan 474 tədbir çoxdur. Həmin tədbirlər çox yüksək iqtisadi səmərə vermişdir. Belə ki, texniki tədbirlər hesabına 6222 ton əlavə neft hasilatı nəzərdə tutulduğu halda bu göstərici 34037 ton təşkil etmişdir. Bu ilin altı ayı ərzində həyata keçirilmiş texniki tədbirlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 223 tədbir çox olmuşdur. Texniki tədbirlər hesabına hasil olunmuş neft də ötən ilin eyni dövrünün göstəricisindən 1567 ton artıq olmuşdur.
Son zamanlar birlik üzrə geoloji tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasına da diqqət xeyli artırılmışdır. Təsadüfi deyil ki, 2011-ci ilin ilk yarısında quyularda 508 əvəzinə 648 geoloji tədbir həyata keçirilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 140 artıq geoloji tədbirin həyata keçirilməsi isə öz növbəsində neft hasilatına da müsbət təsir göstərmişdir. Belə ki, bu ilin yanvar-iyun aylarında geoloji tədbirlər həyatına 75344 ton əlavə neft çıxarılmışdır ki, bu da nəzərdə tutulduğundan 74281 ton çoxdur. Bununla yanaşı, quyuların sabit rejimdə işləməsini təmin etmək məqsədilə cari və əsaslı təmir işləri də vaxtında və keyfiyyətlə yerinə yetirilir. 2011-ci ilin birinci yarımilliyində təmir briqadaları tərəfindən 15294 əvəzinə 15416 cari təmir işləri həyata keçirilmişdir. Hesabat dövrü ərzində birlik üzrə həyata keçirilmiş əsaslı təmir işləri də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, altı ayda quyularda nəzərdə tutulmuş 624 əvəzinə 672 əsaslı təmir işləri görülmüşdür ki, bunun da hesabına 95479 ton əlavə neft hasil olunmuşdur.
Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ilk yarısında da "Azneft" İstehsalat Birliyi üzrə yeni texnika və texnologiyaların istehsalatda tətbiqinə xüsusi diqqət yetirilmişdir. Tərtib edilmiş kompleks tədbirlər proqramının əsas tərkib hissələrindən biri də elmi-tədqiqat institutları üzrə alınan işləmələrin, həmçinin əldə edilmiş müasir xarici və yerli alət və avadanlıqların istehsalatın müxtəlif sahələrində tətbiqindən (dərinlik nasosu ilə işləyən quyularda yeraltı və yerüstü avadanlıqların digərləri ilə əvəz edilməsi - vintli nasosla istismar üsulunun tətbiqi, mancanaq dəzgahının başqa avadanlıqla əvəzlənməsi və s.) ibarətdir.
"Azneft" İstehsalat Birliyində mövcud problemlər, o cümlədən lift borularında parafin və duz çökməyə qarşı, laydan quyu dibinə qumun və lay suyunun gəlməsinin qarşısını alan, keçiriciliyi zəif olan laylara vibrotəsir, işlənmənin son mərhələsində olan yataqlarda layların neftveriminin artırılması üçün mikrobioloji təsir üsullarının tətbiqi, neft-mədən avadanlıqlarının və qurğularının korroziyadan mühafizəsi, hidrostatik səviyyə və quyudibi təzyiqə görə qazlift quyularının optimal iş rejiminin seçilməsi, texnoloji proseslərin layihələrində müasir kompyuter texnikası bazasında qurulmuş avtomatlaşdırma vasitələrindən istifadə olunması və s. bu kimi yeni texnika və texnologiyaların yaradılması və tətbiqi sahəsində işlərin istehsalatda tətbiqinə diqqət artırılır. Birliyimiz tərəfindən işlənmiş "Kompleks tədbirlər planı" üzrə hər il son 4-5 ilin yüksək səmərəli işləri müvafiq əmrlər üzrə neft-qazçıxarma idarələrində tətbiq olunur. Mövcud problemlərin elmi-texniki həlli istiqamətində "Azneft" İstehsalat Birliyi ARDNŞ-in sahə institutları və respublikamızın digər elmi-tədqiqat institutları və mərkəzləri ilə sıx əməkdaşlıq edirlər.
Hazırda "Azneft" İstehsalat Birliyinin qarşısında qoyulan əsas məsələlərdən biri də ekoloji tarazlığın qorunması və bərpası ilə bağlıdır. Azərbaycan Respublikasının bəzi ərazilərində, xüsusən də Abşeron yarımadasında, neft və neft məhsulları ilə çirklənmiş torpaqlar ekoloji problemlərin əsasını təşkil edir. Xatırlatmaq istəyirəm ki, çirklənmiş torpaq sahələrinin bərpası və rekultivasiyası öz əksini ölkə Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı"nda tapıb. Həmin plana uyğun olaraq ARDNŞ-ə aid tapşırıqların yerinə yetirilməsi üzrə hazırlanmış cədvəl şirkətin prezidenti Rövnəq Abdullayev tərəfindən təsdiq edilmişdir. Rekultivasiya işləri əvvəlcə ARDNŞ-in tərkibində yaradılmış Ekologiya İdarəsinə, 2008-ci ilin may ayından isə "EKOL" Mühəndislik Xidmətləri QSC-yə həvalə edilmişdir. Hazırda çirklənmiş torpaq sahələrinin bərpası və rekultivasiya işləri müvafiq NQÇİ-lərdə qrafik üzrə həyata keçirilir. Kompleks tədbirlər planına uyğun olaraq "Azneft " İstehsalat Birliyi üzrə 2011-ci ilin altı ayı ərzində lay və məişət-çirkab sularının utilizasiyası, neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası, atmosferə atılan alçaq təzyiqli səmt qazlarının yığılması, sahələrin abadlaşdırılması və s. ekoloji yönümlü işlər görülmüşdür.
Belə ki, ilin ötən dövrü ərzində Neft Daşlarında 28 May NQÇİ-nin lay sularının yığılması, təmizlənməsi və laylara vurulması məqsədilə utilizasiya qurğusunun suların neft və qumdan təmizləmə avadanlığının tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Hazırda avadanlıqda sazlama işləri aparılır. Bundan əlavə, "Neft Daşları" NQÇİ-nin lay sularının yığılması, təmizlənməsi və laylara vurulması məqsədilə quyuların utilizasiya sisteminin yaradılması üzrə layihə-smeta sənədləri işlənib hazırlanaraq adı çəkilən idarəyə təhvil verilmişdir. İlin birinci yarımilliyi ərxində "Ekol Mühəndislik Xidmətləri" QSC tərəfindən "Balaxanıneft", "Bibiheybətneft", Ə.Əmirov və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin mədən ərazilərində neftlə çirklənmiş xeyli sahə təmizlənmişdir. "28 May", "Neft Daşları" və N.Nərimanov adına NQÇİ-lərin özül və estakadayanı meydançalarında məişət çirkab sularının utilizasiyası məqsədilə kiçik həcmli bioloji təmizləmə qurğuları quraşdırılmışdır.
"Neft Daşları" NQÇİ-nin istismar etdiyi "Palçıq pilpiləsi" yatağında alçaq təzyiqli səmt qazının yığılması məqsədilə 1201 saylı meydançada hazırda 10 ədəd kompressor quraşdırılır, xətlərin birləşdirilməsi işləri aparılır. Bundan əlavə, Çilov adasında və Neft Daşlarında məişət tullantılarının idarə olunması sisteminin yaradılması məqsədilə müvafiq işlər görülür.
Neft tullantılarından təmizlənmiş ərazilərdə yaşıllaşdırma işlərinin aparılması da xüsusi diqqət mərkəzində saxlanılmış, ayrı-ayrı neft və qazçıxarma idarələrinin kollektivləri tərəfindən ilin əvvəlindən həmin sahələrdə 14700 ağac əkilmişdir. Bundan əlavə, "Azneft" İB ilə "Ekol Mühəndis Xidmətləri" QSC arasında imzalanmış müqavilələrə əsasən "Abşeronneft", "Bibiheybətneft" və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin ərazilərində əkilmiş ağaclara qulluq göstərilir.
Azərbaycanın neft-qaz sənayesinin bu yeni tarixi mərhələsində "Azneft" İstehsalat Birliyi üzrə sosial sferada həyata keçirilən işlər də mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə son illər neftçilərimizin maddi rifah halının yaxşılaşdırılması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilir. 2011-ci ilin birinci yarımilliyində "Azneft" İstehsalat Birliyinin idarə və müəssisələrində çalışan işçilərin sosial məsələlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Cari ilin iş planına uyğun olaraq birliyin tabeliyindəki idarə və müəssisələrdə sosial məsələlərin həlli vaxtaşırı yoxlanılmış, mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilmişdir.
Bu ilin birinci yarısında "Neft Daşları" NQÇİ-nin doqquz mərtəbəli 216 çarpayılıq korpusunda yenidənqurma və əsaslı təmir işləri başa çatdırılmış, yataqxananın açılış mərasimində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev iştirak etmişdir. Qeyd etmək istəyirəm ki, ən müasir səviyyədə təmir olunmuş yataqxana binası hər cür məişət avadanlığı və mebellə təchiz olunmuşdur. Bundan əlavə, ərazidə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.
İlin ötən dövrü ərzində "28 May", "Abşeronneft", "Bibiheybətneft", N.Nərimanov, Ə.Əmirov adına neft və qazçıxarma idarələrində, eləcə də Qaraçuxur və Muradxanlı iriləşdirilmiş neft mədənlərində də işçilərin əmək və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilmiş, stasionar dəniz özüllərində və mədənlərdə təmir-bərpa, yenidənqurma və abadlıq işləri görülmüşdür.
Növbəti yay mövsümündə işçilərin istirahət və asudə vaxtlarının səmərəli keçirilməsi də xüsusi diqqət mərkəzində saxlanılmış, bu məqsədlə ölkənin ayrı-ayrı sanatoriya və istirahət guşələrinə göndərişlər verilmişdir. Bütövlükdə isə bu ilin birinci yarısında birlik üzrə sosial sferada həyata keçirilən işlərin həcmi xeyli çoxalmışdır. Bununla belə, qeyd etmək istəyirəm ki, Dövlət Neft Şirkəti rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində işçilərin sosial məsələləri vaxtlı-vaxtında həll olunur, ərizə və şikayətlərə dərhal baxılır, onlara yekun rəy verilir. Sosial məsələlərin həlli, xüsusən də neftçilərə dövlət qayğısının ilbəil artırılması isə, heç şübhəsiz, iqtisadi yüksəlişə, hasilat tapşırıqlarının vaxtlı-vaxtında yerinə yetirilməsinə zəmin yaradır.
Daşqın
İSKƏNDƏROV,
"Azneft" İstehsalat Birliyinin
baş direktoru
Xalq qəzeti.- 2011.- 29 iyul.- S. 4.