Azərbaycan - Polşa əlaqələri və dostluq münasibətləri daha
da möhkəmlənir
...Bu
gün Polşa-Azərbaycan əlaqələri nəinki iki
ölkə arasındakı əlaqələr kimi vacibdir, eyni
zamanda, regionun inkişafı üçün vacibdir. Geniş
mənada Baltik dənizi - Xəzər dənizi regionlarının
əməkdaşlığı üçün vacibdir. Mən
əminəm ki, Sizin səfəriniz və onun gedişində
əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər
bizim əlaqələrimizi irəliyə aparacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Biz
Sizin ölkənizi yerləşdiyiniz regionda olduqca
mühüm, əhəmiyyətli rol oynayan ölkə kimi qəbul
edirik. Təbii ki, bizim münasibətlərimiz bu səfərdən
sonra daha da inkişaf edəcəkdir... Azərbaycanın
iqtisadi sahədəki nailiyyətləri Sizin ölkənizə
böyük hörmət qazandırır. Bu baxımdan işgüzar
dairələrdə ölkənizə maraq get-gedə
artır. Biz Sizin əldə etdiyiniz bütün bu nailiyyətləri
çox yüksək qiymətləndiririk.
Bronislav KOMOROVSKİ,
Polşa Prezidenti
Azərbaycanın
Mərkəzi və Şərqi Avropa dövlətləri ilə
ikitərəfli və çoxtərəfli əməkdaşlığının
əsası 1993-cü ilin yayından sonra qoyulmuşdur. Ulu
öndər Heydər Əliyev Mərkəzi və Şərqi
Avropa dövlətlərinin mühüm geostrateji, iqtisadi,
siyasi mövqelərini, beynəlxalq və regional siyasətdə
həyata keçirdikləri strateji kursu yüksək qiymətləndirərək
bu ölkələrlə qarşılıqlı münasibətlərin
yaradılmasını xarici siyasətin prioriteti kimi dəyərləndirmişdir.
Sonrakı dövrlərdə Bolqarıstan, Rumıniya və
Polşa ilə münasibətlər regionun digər dövlətləri
ilə müqayisədə daha dinamik surətdə inkişaf
etmişdir. Belə ki, 1996-1997-ci illərdə Rumıniya və
Bolqarıstan prezidentlərinin Azərbaycana, Azərbaycan
Prezidenti Heydər Əliyevin isə Polşaya rəsmi səfərləri
ikitərəfli münasibətləri tənzimləyən
hüquqi-normativ bazanı genişləndirməklə,
qarşılıqlı əməkdaşlığı daha
da möhkəmləndirmişdir.
1999-cu
ilin oktyabrında Polşa Prezidenti A.Kvasnevskinin Azərbaycana rəsmi
səfər etməsi, 2000-ci ildə Milli Məclisdə Azərbaycan
- Polşa parlamentlərarası işçi qrupunun
yaradılması iki ölkə arasında münasibətlərin
yüksələn xətt üzrə inkişafından xəbər
verirdi. İki ölkə arasında yüksək səviyyəli
görüşlərin keçirilməsi, əlaqələrin
ikitərəfli inkişafı dostluq münasibətlərini
yüksək həddə çatdırmışdır.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2005-ci ilin martında Polşaya səfəri,
bu səfər zamanı imzalanan sənədlər iki ölkə
arasında əlaqələrin möhkəmləndirilməsinə
böyük zəmin yaratdı. Polşa ilə Azərbaycan
arasında müdafiə, gömrük və iqtisadi sahədə
əməkdaşlıq barədə sazişlərin
imzalanması Azərbaycanın Avropaya inteqrasiyasının
daha da sürətləndirilməsində böyük rol
oynamışdır.
Göründüyü
kimi, Azərbaycan - Polşa əlaqələrinin uzun bir tarixi
var. Hər iki dövlətin xalqları əsrlər boyu
bir-biri ilə dostluq əlaqəsində olmuşlar. Azərbaycan
Prezidenti İlham Əliyev də Polşa Prezidenti Bronislav
Komorovski ilə keçirdiyi görüşlərin birində
iki ölkə arasında dostluq münasibətlərinin qədim
tarixə malik olduğunu xatırlayaraq demişdi: "Bizim
xalqlarımız əsrlər boyu bir-biri ilə əlaqədə
olmuşlar və bu əlaqələr indi çox gözəl
mədəni və tarixi zəmin yaradır. Deyə bilərəm
ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində
də polyaklar fəal iştirak etmişlər. İlk dəfə
olaraq 1918-ci ildə müsəlman şərqində Azərbaycan
Xalq Cümhuriyyəti yaranmışdır və onun rəhbərliyində
polyaklar iştirak etmişlər. Ondan əvvəl Polşadan
gəlmiş mühəndislər, memarlar Azərbaycanın,
Bakının inkişafına çox dəyərli töhfələr
vermişlər. 1892-ci ildə məşhur polşalı memar
İosif Toslavski Bakı şəhərinin baş memarı vəzifəsinə
təyin edilmişdi. Onun rəhbərliyi və bilavasitə
iştirakı ilə Bakıda bir neçə gözəl
bina tikilmişdir. Memar Toslavski və digər Polşa
memarı Ploşka şəhərimizin gözəlləşməsinə
çox dəyərli töhfələr vermişlər.
Onların irsi bu gün Azərbaycanda, Bakıda
görünür və qorunur. Bakıda gedən böyük
bərpa işləri onların yaratdıqları binalara yeni həyat
bəxş etmişdir".
Azərbaycanın
sürətli iqtisadi artımı dünyanın inkişaf
etmiş dövlətlərinin diqqətindən
yayınmır. Bu baxımdan ölkəmizlə əməkdaşlığa
meyl göstərən dövlətlərin sayı getdikcə
artır. Hazırda Azərbaycanın yüksək iqtisadi
artıma nail olması, ölkə iqtisadiyyatının
sürət tempinə görə dünyada lider dövlətlərdən
birinə çevrilməsi müsbət hal kimi dəyərləndirilir.
Polşa Prezidenti də Azərbaycana səfəri zamanı bu
məsələni xüsusilə vurğulayaraq dedi:
"Ötən il Azərbaycanın iqtisadi artımı
çox yüksək səviyyədə olmuşdur. Əslində
bu, Sizin ölkənizə böyük hörmət
qazandırır və biz bundan çox şadıq. Əminik
ki, bu əməkdaşlığın, bu əlaqələrin
təbii xarakteri vardır və biz indi əməkdaşlığımızın
yeni sahələrini araşdırmalıyıq. İqtisadi sahədə
Polşa ilə Azərbaycan arasında əlaqələr
inkişaf etməlidir".
Azərbaycanın
müstəqillik dövründə əldə etdiyi nailiyyətləri
çox yüksək dəyərləndirən Polşa
Prezidenti deyib ki, Azərbaycanın belə sürətlə
inkişaf etməsi düşünülmüş iqtisadi
siyasətin məntiqi nəticəsidir. Prezident
vurğulayıb ki, Polşa təkcə energetika sahəsində
deyil, qeyri-neft sektorunda da Azərbaycanla əməkdaşlığın
genişləndirilməsində maraqlıdır.
Azərbaycan
- Polşa biznes forumunda bu barədə daha ətraflı
söhbət açıldı. Polşa Prezidenti Azərbaycan
iqtisadiyyatının inkişafını yüksək qiymətləndirdi
və xüsusi olaraq vurğuladı ki, ölkə
iqtisadiyyatı irəliyə doğru böyük bir addım
atmışdır: "Bu, nəinki enerji sektoruna aiddir, həm
də biz bilirik ki, Azərbaycanda yeni sahələrdə yeni
imkanlar yaradılır. Hesab edirik ki, bu, əslində, Azərbaycan
ilə Polşa arasında gözəl münasibətlərin
daha da güclənməsinə xidmət edir".
Polşalı
biznesmenlərə çox yaxşı məlumdur ki, Azərbaycanda
biznes mühitinin yaxşılaşdırılması istiqamətində
həm böyük, həm kiçik, həm də ortahəcmli
şirkətlər öz fəaliyyətlərini gücləndirirlər.
Özəl sektorun Azərbaycanın ümumi daxili məhsulundakı
payının 80 faizə çatması da bu faktı təsdiqləyir.
Azərbaycan birbaşa xarici sərmayələrin qoyuluşuna
böyük önəm verir. Bu gün xarici sərmayələrin
cəlb edilməsinin həcminə görə Azərbaycan MDB
məkanında ənənəvi olaraq birinci sıradadır.
Təkcə keçən il ölkə iqtisadiyyatına 16
milyard dollardan çox vəsait qoyulmuşdur. O ölkəyə
daha çox sərmayə qoyulur ki, həmin ölkədə
davamlı ictimai-siyasi sabitlik yaradılsın, dövlət
başçısı ilə xalq arasında vəhdət
olsun, xalqın ölkə rəhbərinə böyük
inamı olsun. Bütün bunlar Azərbaycanda mövcuddur və
bu da iri şirkətlərin diqqətindən yayınmır.
Ona görə də Azərbaycan birbaşa xarici sərmayələrin
həcminə görə MDB məkanında ön
sıralardadır. Polşalı biznesmenlərə Azərbaycana
sərmayə qoymaq üçün bu inam geniş imkanlar
açır. Artıq bəzi Polşa şirkətləri Azərbaycanda
fəaliyyətə başlayıblar. İki ölkə
arasında iqtisadi və siyasi əlaqələrin daha da
gücləndirilməsi işgüzar dairələrin
işini daha da asanlaşdıracaq.
Hazırda
Polşa Avropa İttifaqına sədrlik edir. Polşa ilə
sıx əməkdaşlıq Azərbaycanın Avropa
İttifaqı, eləcə də digər Avropa strukturları
ilə münasibətlərində bu amilin də müsbət
rolu mümkündür. Çünki Polşa Avropa
İttifaqının gündəliyini, həmçinin Avropa
İttifaqına üzv olmayan dövlətlərlə
münasibətlərin istiqamətlərini müəyyən
edir. Polşa eyni zamanda Azərbaycanla Avropa İttifaqı
arasında assosiativ üzvlük sazişi haqqında
danışıqların uğurla keçməsi
üçün öz köməyini əsirgəmir. Son illər
Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr
sürətlə inkişaf edir.
Bu
münasibətlər Ermənistan - Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli şəkildə
həllinə öz müsbət təsirini göstərəcəkdir.
İki
ölkə prezidentləri arasında keçirilən
görüşlərdə qeyd olundu ki, Polşa Avropa
İttifaqına sədrliyi dövründə öz tərəfindən
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin
inkişafına öz dəyərli töhfələrini verəcək.
Bu ilin yanvar ayında Avropa Komissiyasının sədri
Barrozunun Azərbaycana səfəri zamanı imzalanmış bəyannamə
bu sahədə əməkdaşlığa güclü təkan
verəcək.
Ümumiyyətlə,
Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana səfərinin
proqramı zəngin olmuşdur. Səfər çərçivəsində
Heydər Əliyev Fondu ilə tanışlıq zamanı
Polşa Prezidenti dünya şöhrətli şəxsiyyət
Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını
əks etdirən və Azərbaycan tarixinin bütöv bir
dövrü barədə geniş təsəvvür yaradan
çoxlu sənədlə, dünyanın tanınmış
siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə,
nüfuzlu elm, mədəniyyət və incəsənət
xadimlərinin müstəqil Azərbaycan dövlətinin
qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici
ölkələrin liderləri ilə görüşlərdə
çəkilmiş şəkillərə maraqla baxdı.
Prezident
İlham Əliyev və Prezident Bronislav Komorovskinin
iştirakı ilə Azərbaycanla Polşa arasında iqtisadi
və siyasi sahədə əməkdaşlığı daha
da möhkəmləndirən bir sıra sənədlər
imzalanmışdır.
Bütün
bunlar bir daha təsdiqləyir ki, Azərbaycan-Polşa
münasibətləri iqtisadi, siyasi və mədəni sahələrdə
yüksələn xətt üzrə inkişaf edir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 30 iyul.- S. 2.