Şəki: bütün problemlər kollegial
şəkildə həll olunur
Sosioloqlar
və cəmiyyət tarixini öyrənənlər belə qənaətdədirlər
ki, istənilən təklif yeniliyə yol
açdığı kimi istənilən inkar da inkişafa
stimul verir. Böyük tarixi təcrübələrə
istinadən söylənilən bu fikirlərin təsdiqini
müasir Azərbaycan dövlətinin timsalında
görürük. Respublikamız az qala bütün məsələlər,
göstəricilər üzrə regionda lider dövlətə
çevrilir, nailiyyətlərimiz nümunə kimi göstərilir,
uğurlarımızın təməlində dayanan prinsiplər
öyrənilir və sairə. Ancaq cənab dövlət
başçımız İlham Əliyev bütün
bunların heç biri ilə kifayətlənmir. O, daha
böyük məqsədləri hədəf seçir, Azərbaycanın
dünya miqyasında ən böyük yerlərdən birini
tutması üçün yeni yollar arayır. Sevindirici
haldır ki, bu yollar tapılır və yeni-yeni
uğurların rəhninə çevrilir.
Yazının əvvəlində bu həqiqətləri yada salmağımız təsadüfi deyil. Çünki indi Prezident İlham Əliyevin bölgələrə göndərdiyi yeni şəhər və rayon rəhbərləri də eyni təcrübəni, özü də uğurla davam etdirirlər. Yəni əldə olunmuş nailiyyətlər, qazanılmış uğurlar yaradıcı rəhbər işçiləri qane etmir, onlar daim axtarışda olur, ölkənin ümumi inkişafına töhfə olacaq addımlar atırlar. Şəkidə də belədir. Bu il may ayının 23-də Prezidentin sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Elxan Usubov bu qədim diyarın müstəqillik illərində əldə etdiyi çoxsaylı uğurları təqdir etməklə, qazanılmış nailiyyətlərə ehtiram göstərməklə yanaşı Şəkinin yeni inkişaf mərhələsinə qədəm qoymasını əsas məqsəd seçmişdir. İnanırıq ki, onun qarşıya qoyduğu məqsədə çatması çətin olmayacaq. Çünki ixtisasca mühəndis-texnik və iqtisadçı olan Elxan Usubov indiyədək onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Elə cəmiyyəti də məhz belə təkliflər istiqamətləndirir və inkişaf etdirir. Üstəlik onun gənclik illərində əmək fəaliyyətinə bilavasitə Şəkidə başlaması da bu dağlar diyarına rəhbərlik etməsini asanlaşdıracaq. Yəni qarşıdakı aylarda və illərdə Şəkinin real inkişafını əks etdirən çoxsaylı faktların şahidi olacağıq.
Hələlik isə Elxan müəllimin iş üslubuna uyğun şəkildə yaradılmış bir qurumun - icra başçısı yanındakı işçi qrupun iclaslarından birində iştirak etdik. Dövri olaraq keçirilən belə iclasların hərəsi bir məsələyə həsr olunur. Bizim iştirak etdiyimiz iclasda Salman Mümtaz küçəsinin abadlaşdırılması məsələsi müzakirə olunurdu. Doğrusu, mən burada yeni nə isə eşidəcəyimi gözləmirdim. On illərlə mövcud olan küçədir, on illərlə küçə təmir edən təşkilatlardır və gedib abadlaşdıracaqlar, vəssalam. Ancaq sən demə, belə deyilmiş. Küçənin abadlaşdırılması üçün memar bir təklif irəli sürdü, bələdiyyə sədri öz fikrini başqa şəkildə izah etdi, sakinlərin təmsilçisi başqa istəkdə idi, küçəni işıqlandırmalı olan təşkilatın öz mövqeyi var idi, kanalizasiya idarəsi abadlaşdırmanın məhz onların planlarına uyğun təşkil edilməsini istəyirdi, asfaltlaşdırmaya məsul olanların öz layihəsi var idi və sairə. Düzü, mən düşündüm ki, bu qədər mövqelər arasında ortaq məxrəci necə tapacaqlar? Sən demə, ortaq məxrəc tapılırmış. Geniş müzakirələrdən sonra böyük alimin adını daşıyan küçənin məhz həmin ada layiq abadlaşdırılması üçün lazım olan qərar qəbul edildi. Özü də kollegial şəkildə. İndi Şəkidə bütün məsələlər məhz belə həll olunur və əminik ki, yaxın gələcəkdə həmin iş üslubunun uğurlarından söz açacağıq.
Hələlik isə Şəkinin 2011-ci ilin birinci yarısında əldə etdiyi göstəricilərdən söz açaq. Bu məzmunlu yazını qələmə almaq üçün şəhər icra hakimiyyətindən öyrəndiyimiz məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan vəzifələr iyulun 20-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən fəallar yığıncağında da geniş müzakirə olunmuşdur.Yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun 2011-ci ilin birinci yarısında rayonda görülən işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilmiş və geniş müzakirə olunmuşdur.
Məruzəçi bildirmişdir ki, 2011-ci ilin birinci yarısında rayonda faktiki qiymətlərlə 143 milyon 205 min manatlıq məhsul buraxılmışdır. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz çoxdur. Adambaşına faktiki qiymətlərlə 820 manatlıq, yəni keçən ilin müvafiq dövrü ilə müqayisədə 32,7 faiz çox məhsul istehsal olunmuşdur. Müddət ərzində Şəkinin sənaye müəssisələrində 9 milyon 38 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, 2010-cu ilin müvafiq dövrünə nisbətən 2 milyon 404 min manat çoxdur. İlin birinci yarısında rayonda 630 yeni, daimi iş yerləri açılmışdır.
Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarısında da rayonda kənd təsərrüfatının mövcud sahələrinin inkişaf etdirilməsi, məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılmış, taxılçılığın, heyvandarlığın inkişafı üçün konkret tədbirlər həyata keçirilmişdir. Ölkənin ümumi taxıl istehsalında 10-15 faizlik payı olan Şəkidə 2010-cu ilin payızında cari ilin məhsulu üçün 70 min 446 hektar sahədə taxıl əkilmişdir. İndiyədək 64 min 243 hektar sahənin taxılı biçilmiş, 219 min 87 ton məhsul istehsal edilmişdir. Hazırda hər hektardan orta məhsuldarlıq 34,5 sentner təşkil edir. Bu, əvvəlki illərlə müqayisədə xeyli çoxdur. "2008-2015-ci illərdə Azərbaycan Respublikası əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq SKMF-nun dəstəyi ilə "Karat Holdinq" şirkəti tərəfindən Çələbi xan qəsəbəsi ərazisində inşa edilən, ümumi tutumu 16 min ton olan taxıl anbarı kompleksinin tikintisi şübhəsiz ki, gələcəkdə rayonda taxılçılığa marağı daha da artıracaqdır.
Müddət ərzində rayonda 9950 hektar sahədə yazlıq bitkilər əkilmişdir. İlin birinci yarısında əhalinin fasiləsiz təbii qazla təchizatı üçün müvafiq işlər görülmüş, Aşağı Küngüt və Oxud kəndlərinə təbii qazın verilməsi təmin edilmişdir. Təməli 2010-cu ilin dekabrında qoyulmuş Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər artıq yekunlaşmaq üzrədir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)" çərçivəsində Baş Kəldək kəndində inşa olunan 180 şagird yerlik yeni məktəb binasında hazırda son tamamlanma işləri aparılır. Bu günlərdə qəzalı vəziyyətdə olan Çələbi xan qəsəbə tam orta məktəb binasının yerində 180 yerlik yeni məktəb binasının tikintisinə, habelə 22 saylı uşaq bağçasının dövlət vəsaiti hesabına əsaslı təmirinə başlanmışdır. Bundan əlavə, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəltmək üçün səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmiş, uzun müddət təmir olunmayan doğum evi kompleksində dövlət vəsaiti hesabına əsaslı təmir işlərinə başlanmışdır.
Rayonda görülən tikinti-quruculuq, abadlıq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə toxunan icra başçısı Şəkidə aparılacaq yenidənqurma, tikinti, təmir və abadlıq işlərinin layihələndirilməsi üzrə işlərin vəziyyətini diqqətə çatdırmışdır. Bildirmişdir ki, yaxın günlərdə Şəki şəhərində Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının tikintisi nəzərdə tutulur. Bundan əlavə, M.F.Axundov adına mədəniyyət və istirahət parkında, Dövlət Dram Teatrının qarşısındakı meydanda, Axundov büstünün ətrafında geniş abadlıq işləri aparılacaq, şəhərin küçələrində yeni işıqlandırma sistemi quraşdırılacaqdır. Görüləcək bütün işlər zamanı Şəkinin milli-memarlıq üslubunun qorunub saxlanması diqqət mərkəzində saxlanılacaqdır.
Məruzədə həmçinin, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlərə toxunulmuşdur.
Qeyd edək ki, bu gün Şəki təkcə sosial-iqtisadi məsələlərlə deyil, eləcə də Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə təsir edəcək addımlarla da diqqət mərkəzindədir.
Məsələn, Avropa - Azərbaycan Cəmiyyəti Böyük Britaniya Parlamentində təmsil olunan Mühafizəkarlar Partiyası Britaniya-Azərbaycan dostluq qrupunun üzvlərinin respublikamıza səfərini təşkil etmişdir. Nümayəndə heyətinin yerli icra orqanlarının təmsilçiləri ilə görüşləri keçirilmiş, Böyük Britaniya - Azərbaycan əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Britaniya ictimaiyyəti və siyasi dairələrinə çatdırılması mövzularında müzakirələr aparılmışdır.
Səfər çərçivəsində qonaqlar iyulun 24-də Şəkidə olmuşlar. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonaqları Şəki şəhər rəhbərliyi və ictimaiyyəti adından səmimi salamlayaraq bölgənin qədim tarixi, gözəl adət-ənənələri və süfrə mədəniyyəti barədə məlumat vermiş, xatirə hədiyyələri təqdim etmişdir. Nümayəndə heyəti həmçinin Şəkinin görməli yerləri ilə tanış olmuş, rayonda məskunlaşan məcburi köçkünlərlə görüşmüş və öz təəssüratlarını Brityaniya parlamentinə çatdıracaqlarını qeyd etmişlər. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev iştirak etmişdir. Bu tədbirin əhəmiyyəti göz qabağındadır.
Ancaq təkcə bu deyil. Son aylar elə bir həftə olmur ki, Şəkidə hansısa tədbir keçirilməsin. Tədbirlərin hamısı maraqlı və bir-birindən əhatəli olsa da, etiraf edək ki, bizim üçün ən yaddaqalanı milli mətbuatımızın yaranmasının növbəti ildönümü münasibətilə təşkil olunmuş toplantı idi. Ünvanımıza söylənilən xoş sözlər bizi məmnun etmişdi. Ancaq əminik ki, ən böyük məmnunluğumuz Şəkinin yeni rəhbərliyinin qarşıya qoyduğu məqsədə çatmasından yaranan məmnunluq olacaq.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 30 iyul.- S. 4.