Vətən
sevgisi ilə qələbədən-qələbəyə
Bu gün Prezident
İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin
14-cü ildönümü tamam olur
Bu gün Azərbaycanın olimpiya hərəkatında, bütün idmanımızda xüsusi bir tarixidir. Düz 14 il əvvəl, 1997-ci il iyulun 31-də millət vəkili, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında yekdilliklə MOK-a prezident seçilmiş və elə həmin gündən ölkəmizin idman həyatında yeni bir mərhələyə qədəm qoyulmuşdur.
Bu mərhələnin hər bir ili Azərbaycan idmanı üçün mühüm hadisələrlə əlamətdar olmuşdur. MOK prezidentinin rəhbərliyi ilə elə ilk günlərdən vahid komanda şəklində birləşib birgə səylə fəaliyyət göstərən bütün idman təşkilatlarımızın gərgin və məqsədyönlü işi, həyata keçirdikləri təxirəsalınmaz tədbirlər sayəsində idmanın maddi-texniki bazası durmadan möhkəmləndirilmiş, məşq şəraiti daim yaxşılaşdırılmışdır. Dövlət tərəfindən göstərilən böyük qayğı tezliklə öz bəhrəsini vermiş, respublikamız beynəlxalq dairələrdə də yekdilliklə etiraf olunduğu kimi, əsl idman mərkəzinə çevrilmişdir.
Çıxışlarından birində "İdman təkcə uğurlar və nailiyyətlərdən ibarət deyil, həm də millətin gələcəyidir" deyən cənab İlham Əliyevin Azərbaycan idmanının inkişafı ilə bağlı öz siyasətini inamla davam etdirməsi nəticəsində bütün əvvəlki dövrdə olduğu kimi, son bir ildə də irəliyə doğru ardıcıl addımlar atılmış, yeni-yeni müasir olimpiya idman kompleksləri istifadəyə verilmişdir. Paytaxt Bakı ilə yanaşı Respublikamızın bir çox bölgələrində fəaliyyət göstərən bu komplekslər təkcə beynəlxalq meydanda böyük qələbələr uğrunda çətin mübarizəyə hazırlaşan təcrübəli ustalara deyil, həm də bədən tərbiyəsi və idmanla öz sağlamlıqlarını möhkəmləndirmək, gümrahlıqlarını artırmaq və nəcib keyfiyyətlərə yiyələnmək üçün məşğul olan gənclərə xidmət edir.
Azərbaycanın idman təşkilatları dövlətimizin lideri İlham Əliyevin rəhbərliyi ilə millət, Vətən, xalq qarşısında öz borclarını layiqincə yerinə yetirmək üçün bütün imkanlardan lazımınca istifadə etməyə çalışır, onlara tapşırılan işə yüksək məsuliyyət hissi ilə yanaşırlar. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan idmançılarının uğurlu çıxışlarını, respublikada müasir idman qurğularının sayının durmadan artmasını, ayrı-ayrı növlər üzrə dünya və Avropa çempionatlarının, olimpiya təsnifat turnirlərinin təşkilinin Bakıya etibar olunmasını, ölkəmizin beynəlxalq yarışların mərkəzinə çevrilməsini görülən səmərəli işlərin məntiqi nəticəsi hesab edir, əldə etdiyimiz nailiyyətlərə heyran qaldıqlarını bildirir, Azərbaycan Milli Olimpiya Komitəsini digər ölkələrin olimpiya komitələrinə nümunə göstərirlər.
Həqiqətən də, gündəlik qayğı və diqqət olan yerdə yüksək nəticələr özünü çox gözlətmir. Təkcə son bir ildə güləşçilər, boksçular, bədii gimnastlar, cüdo ustaları, qadın voleybolçular, avarçəkənlər və bir sıra başqa növlərin nümayəndələri ölkəmizin idman salnaməsinə neçə-neçə parlaq səhifə yazmışlar. Onların hamısını bu gün, bəlkə də, sadalamağa ehtiyac yoxdur. Təkcə onu xatırladaq ki, mötəbər beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında sərbəst, yunan-Roma və qadın güləşində çoxlarının həsəd apara biləcəyi layiqli qələbələr qazanılmışdır. "Rabitə" voleybol klubu Çempionlar Liqası turnirinin finalında oynamış, "Azərreyl" isə "Çelenc kuboku"nu Bakıya gətirmişdir. Boksçular Salman Əlizadə və Teymur Məmmədov Ankarada keçirilmiş Avropa çempionatında ölkəmizə iki qızıl medalın sevincini yaşatmış, Heybətulla Hacıəliyev isə bürünc medala sahib olmuşdur. Aliyə Qarayeva və onun rəfiqələrinin adları planetin ən yaxşı bədii gimnastika ustaları ilə yanaşı çəkilir. Azərbaycanda qadın cüdosunun lideri Kifayət Qasımova beynəlxalq tatami üzərində 57 kq çəki dərəcəsində ən güclü rəqiblərdən biri kimi tanınır...
Həmvətənlərimizin inamlı çıxışlarını, idman qurumları rəhbərlərinin yüksək təşkilatçılıq bacarığını nəzərə alan ayrı-ayrı beynəlxalq federasiyalar mötəbər yarışların Azərbaycanda keçirilməsinə böyük məmnuniyyətlə razılıq verirlər. Məsələn, bu yaxınlarda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-Pri" turnirinin final mərhələsinin görüşlərini izləmiş Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti bu yarışın FİLA-nın təqvim planında önəmli yer tutduğunu bildirmiş, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və Azərbaycan Güləş Federasiyasına təşəkkür etmişdir. Burada xatırlatmaq yerinə düşər ki, sərbəst, yunan-Roma və qadın güləşçilərimiz həmin turnirdə üst-üstə 26 medal, o cümlədən 9 qızıl mükafat qazanaraq bir növ rekord müəyyən etmişlər.
İki həftə əvvəl Bakıya səfəri zamanı İlham Əliyevin qəbulunda olmuş Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan da Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən ağırlıqqaldırmanın inkişafına yaradılan şəraiti yüksək qiymətləndirərək, göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirmiş, 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdiyi böyük qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmişdir.
İdman ictimaiyyətimizin yaxşı yadında olar, ulu öndər Heydər Əliyev çıxışlarından birində qətiyyətlə bildirmişdi: "Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz".
Hazırda isə idmançılar bu qayğını ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevdən görürlər. Respublikamızda idmanın inkişafına göstərilən daimi diqqət və hərtərəfli kömək mütəxəssisləri gündən-günə daha fəal işləməyə, idmançıları isə böyük qələbələrə ruhlandırır.
Prezident İlham Əliyevin Azərbaycan MOK-una rəhbərliyinin 14-cü ili olimpiyaqabağı ilə təsadüf edir. Gələn il iyulun 25-dən avqustun 12-dək Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına artıq bir ildən də az vaxt qalır. İndi planetin hər yerində dünya idmançılarının ən ali məclisinə hazırlıq həlledici mərhələyə qədəm qoymuşdur. Təbii ki, bütün ölkələr Olimpiadaya daha çox lisenziya qazanmaq, İngiltərə paytaxtında daha geniş heyətlə təmsil olunmaq əzmindədir.
Əlbəttə,
bu mənada Azərbaycan da istisna deyil. Olimpiadadan Olimpiadaya daha
mötəbər nümayəndə heyəti ilə gedən
və hər dəfə də daha çox medal qazanan
idmançılarımız London-2012-yə artıq dörd
"bileti" özlərinə təmin etmişlər.
İndi çəkic tullayan Dmitri Marşin, taekvondoçular
Fəridə Əzizova (67 kq), Ramin Əzizov (80 kq) və
boksçu Soltan Migitinov (75 kq) oyunlara qalan bir il ərzində
olimpiya sınaqlarına sakit şəraitdə
hazırlaşa bilərlər.
Tezliklə
onların sıraları qat-qat genişlənəcək, desək,
yəqin ki, yanılmarıq. Olimpiadaya lisenziya xarakterli
yarışlar hələ irəlidədir. Sentyabr
lisenziyalı turnirlərlə xüsusilə zəngin olacaq.
Payızın birinci ayında Bakıda boks, İstanbulda
güləş, Monpelyedə (Fransa) bədii gimnastika üzrə
dünya çempionatları keçiriləcəkdir. Rinq
ustalarımız və güləşin hər üç
növü üzrə nümayəndələrimiz Olimpiya
oyunlarına mümkün qədər çox, bəlkə də,
hər çəkidə bir vəsiqə qazanmağa
çalışacaqlar, bədii gimnastlar da növbəti dəfə
olimpiya startlarında ustalıqlarını nümayiş etdirmək
və onlara göstərilən etimadı doğrultmaq
üçün gündəlik gərgin məşqlərdə
qüvvə və bacarıqlarını əsirgəmirlər.
Sentyabrda Azərbaycanın idman ictimaiyyətinin nəzərləri
həm də qadınlardan ibarət milli voleybol komandasına
yönələcək. Bu kollektiv sentyabrın 23-dən
oktyabrın 2-dək İtaliya və Serbiyada keçiriləcək
Avropa çempionatının final mərhələsində
mübarizə aparacaq. Sonrakı aylarda, eləcə də gələn
ilin əvvəllərində də Olimpiadaya lisenziya xarakterli
yarışlar bir-birini əvəz edəcək.
Bir
sözlə, qarşıda bizi çox maraqlı hadisələr
gözləyir. Azərbaycan idmanının ən yaxşı
nümayəndələri sınaqlardan şərəflə
çıxıb, Londonda Olimpiya oyunlarının
iştirakçısı olmaq, dövlətimizin, şəxsən
Prezident İlham Əliyevin onlara göstərdiyi böyük
qayğıya layiqli qələbələrlə cavab vermək
əhval-ruhiyyəsi ilə məşq edirlər. Onların hər
bir uğuru, hər bir medal və lisenziyası ölkə
idmanını əsl Vətən sevgisi ilə qələbədən-qələbəyə
aparan dövlət başçısı İlham Əliyevin
Milli Olimpiya Komitəsinə rəhbərliyinin 14-cü ilinə
yaxşı töhfə olacaq.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2011.- 31 iyul.- S. 2.