Azərbaycanın
Moskvadakı Səfirliyində Rusiyanın regional diaspor təşkilatlarının
rəhbərləri ilə görüş
keçirilmişdir
Azərbaycanın Moskvadakı Səfirliyində Rusiyanın regional diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir. Tədbirin məqsədi Dünya Azərbaycanlılarının Üçüncü Qurultayının yekunlarını müzakirə etmək, yaxın dövr üçün fəaliyyət strategiyasını müəyyən etmək, Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı çıxışında səslənmiş "səfirliklər və diaspor təşkilatları arasında əməkdaşlıq daha güclü və məqsədyönlü olmalıdır" fikri ilə əlaqədar, diasporun məqsəd və vəzifələrinin reallaşdırılması yollarını axtarmaq idi.
Tədbirin rəsmi hissəsi başlanana qədər görüş iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə tər çiçəklər qoymuşlar.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Rusiyanın 40-dan çox regionundan Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişdir.
Görüş iştirakçıları Dünya Azərbaycanlılarının Üçüncü Qurultayında Prezident İlham Əliyevin çıxışının videoyazısına baxandan sonra səfir Polad Bülbüloğlu çıxış etmişdir. O, Azərbaycanın mühüm strateji tərəfdaşı olan Rusiyada diasporun mövqelərinin möhkəmlənməsinin vacibliyi, ən mühüm ümummilli məsələlər ilə əlaqədar olaraq diasporun işini dövlət orqanları ilə sıx əlaqələndirməyin zəruri olması barədə söhbət açmışdır. Səfir xüsusi vurğulamışdır ki, Azərbaycan diasporu yaşadığı ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməli, o cümlədən Rusiyada qarşıdan gələn parlament və prezident seçkilərində öz tutarlı sözünü deməlidir. Səfir demişdir: "Diaspor ciddi qüvvə, böyük elektorat deməkdir. Bu mənada onun fəaliyyətini əlaqələndirmək, yəni səfirliklə məsləhətləşmək, bu və ya digər siyasi addımları dövlətin ümumi siyasəti ilə uzlaşdırmaq zəruridir".
Tədbir iştirakçıları iyulun əvvəlində Bakıda keçirilmiş qurultayın yekunlarını yüksək qiymətləndirmiş, bildirmişlər ki, Prezident İlham Əliyevin çıxışında səslənmiş tezislər yaxın perspektivdə diaspor təşkilatlarının fəaliyyətinin məqsədyönlü şəkildə təkmilləşdirilməsi baxımından olduqca vacib və vaxtında səslənmiş fikirlərdir. Regionların nümayəndələri xüsusi vurğulamışlar ki, dövlətimizin başçısının qurultayda çıxışı xaricdə yaşayan azərbaycanlılar tərəfindən diaspor təşkilatlarının həmrəyliyi və birliyi təmin etmək vəzifələrinin yerinə yetirilməsi üçün vahid strateji xətt kimi qəbul edilmişdir. Eyni zamanda diaspor nümayəndələri Azərbaycanın rəsmi dövlət nümayəndəlikləri, yəni xaricdəki səfirliklər və konsulluqlar ilə sıx əlaqə yaradılmasının vacibliyini qeyd etmişlər.
Azərbaycan səfirinin çıxışı səmimi və açıq dialoq üçün şərait yaratmışdır. Azərbaycanın ictimai təşkilatlarının daha tam birləşməsinə əngəl törədən bütün problemli məsələlər müzakirə edilmişdir. Səfirliyin, xüsusən Ümumrusiya Azərbaycanlılar Konqresinin ünvanına tənqidi çıxışlar da səslənmişdir.
"Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Tofiq Məlikli bütün diaspor təşkilatlarını ümumi problemlərin həlli üçün birləşdirəcək, habelə ÜAK-ın növbəti qurultayına hazırlıq məsələləri ilə məşğul olacaq Əlaqələndirmə Şurasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Görüşdə çıxış edənlərin praktiki olaraq hamısı razılaşmışlar ki, belə bir əlaqələndirici mərkəz yaradılması zəruridir. Rusiyanın bütün regional təşkilatlarının rəhbərlərinin daxil olacağı bu mərkəz ümumi siyasət işləyib hazırlaya bilərdi. İrkutsk diaspor təşkilatlarının başçısı Əlirza Salayev, Altay diyarını təmsil edən Murad Zeynalov, Norilskdən olan deputat Əligülşad Kərimov, İvanovo vilayətinin deputatı Sərraf Məmmədov, Lipetsk vilayət diasporunun rəhbəri Zakir Şabanov və başqaları öz çıxışlarında diasporda mənəvi ab-havanın yaxşılaşdırılması, intellektual və maliyyə potensialını birləşdirməyin zəruriliyi, diasporun fəaliyyətinin səmərəsinin artırılması barədə konkret təkliflər irəli sürmüşlər. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyəti də yüksək qiymətləndirilmişdir.
Polad Bülbüloğlu görüşü yekunlaşdıraraq bildirmişdir ki, tədbirdə səslənmiş bütün təkliflər və tövsiyələr ümumiləşdirilərək Diasporla İş üzrə Dövlət Komitəsinə və Xarici İşlər Nazirliyinə təqdim ediləcəkdir. Onun sözlərinə görə üfüqi əlaqələrin möhkəmləndirilməsinin zəruriliyi haqqında yaxşı təklif irəli sürülmüşdür.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sonda demişdir: "Daha konkret tövsiyələr hazırlamaq üçün seksiyalar üzrə toplaşmaq olar. Bu tövsiyələr ümumi təklifin tərkib hissəsi olacaqdır. Bu, çətin yoldur, lakin irəli getmək, işləmək, məsləhətləşmək və vəziyyəti yaxşılaşdırmaq lazımdır".
Asya HACIZADƏ
Xalq qəzeti.- 2011.- 31 iyul.- S. 2.