Azərbaycan xalqının, Azərbaycan dövlətinin və Azərbaycan mədəniyyətinin dili

 

1 Avqust Azərbaycan dili və Əlifbası Günüdür

 

Mən iyirmi beş ildən çoxdur ki, mənsub olduğum xalqın dili üzərində ən müxtəlif yönlərdən ardıcıl araşdırmalar aparıram. Hər dəfə ana dilimizin daxili imkanlarının, yaşamaq qabiliyyətinin, perspektivlərinin nə qədər güclü olduğunu görəndə, istər- istəməz milli qürur hissi keçirirəm. Və hər dəfə də əmin oluram ki, çox böyük bir dilin daşıyıcılarıyıq.

Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi, hər şeydən əvvəl, qədim tarixə malik, əlli milyonluq bir xalqın dilidir; ikincisi, özünün böyük dövlətçilik təcrübəsinə dayanaraq müstəqil Azərbaycan Respublikasını yaratmış bir millətin dilidir; nəhayət, üçüncüsü, zəngin mədəniyyətin dilidir... Və bu dilin tarixi, bir sıra mütəxəssislərin güman etdiklərinin əksinə olaraq, inteqrasiya deyil, daha çox diferensiasiya tarixidir. Azərbaycan dili qədim (ümumi) türk dilinin yüz illər boyu davam edən, sosial- siyasi, coğrafi diferensiasiyası nəticəsində təşəkkül tapdığına görə, bütün müasir türk dilləri ilə birlikdə, ümumtürkcənin bilavasitə varisidir... Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan dili, nə dərəcədə türk dillərindən biri, daha doğrusu, ümumtürkcənin üzvi tərkib hissəsidirsə, Azərbaycan xalqı da o dərəcədə türk xalqlarından biri, daha doğrusu, ümumtürk etnosunun üzvi tərkib hissəsidir. Xalqımızın düşməni olan bir sıra "tarixçi- ideoloqlar zaman- zaman azərbaycanlıların (Azərbaycan türklərinin) etnogenezi (etnik mənşəyi) ilə qlottogenezini (dil mənşəyini) bir- birindən ayırmağa, türkcənin Azərbaycana gətirilmə olduğunu "sübut" etməyə çalışsalar da, həmişə həqiqi elmi- ictimai fikrin müqaviməti ilə qarşılaşmışlar. Azərbaycan xalqının milli (müstəqil) dövlət quruculuğu imkanı qazandığı bütün dövrlərdə, mərhələlərdə ana dili - dövlət dili məsələsi həmişə bütün aydınlığı (və kəskinliyi!) ilə qoyulmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, Azərbaycan SSR- in qurulduğu ilk illərdə, nə qədər təbii, süni (siyasi- ideoloji!) çətinliklər, maneələr olsa da, milli elita ana dilinin dövlət dili səviyyəsinə yüksəlməsi üçün əlindən gələni etmişdir.

Sovet sosialist ideologiyasının (və cəmiyyətinin) "demokratikləşməyə" başladığı keçən əsrin 50- ci, 60- cı illərində; müttəfiq respublikalarda milli şüurun oyandığı (və sovet cəmiyyətinin faktik olaraq tənəzzül etməyə başladığı) 70- ci, 80- ci illərdə Azərbaycan dilinin yalnız mədəni mövqeyi deyil, siyasi nüfuzu da gücləndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra anadilli ədəbiyyatın dövlət səviyyəsində müdafiə olunması; respublikada Azərbaycan dilçiliyinin (və türkologiyanın) inkişaf etdirilməsi və ana dilinin, buya digər dərəcədə formal olsa da, dövlət dili statusunda qorunub saxlanılması uğrunda mübarizəni yeni mərhələyə qaldırdı.

Azərbaycan Respublikasının elan olunduğu (və dərk olunmamış, çox hallarda "məsuliyyətsiz" azadlığın meydan suladığı) illərdə - 90- cı illərin əvvəllərində start götürmüş konyuktur türkçülük hərəkatı Azərbaycan dili, yaxud Azərbaycan türkcəsini işdə dövlət dili səviyyəsinə qaldırmaq əvəzinə onu "türk dili" adlandırmaqla kifayətləndi ki, bu da özünəməxsus bir formada "antitürkçülük" emosiyalarının güclənməsinə səbəb oldu.

Ümummilli lider Heydər Əliyev dövlət (və millət!) quruculuğunun bütün sahələrində olduğu kimi, ana dilinin dövlət dili səviyyəsinə qaldırılması sahəsində də mükəmməl siyasət hazırlayıb tətbiq etməyə başladı. Azərbaycan Respublikası Konstitusiyası layihəsinin geniş müzakirəsi də göstərdi ki, ana dilinin adı ilə bağlı uzun- uzadı mübahisələr eləməkdənsə, ana dilini milli varlığın mədəni, siyasi- ideoloji göstəricisinə çevirmək, onun inkişafı üçün hərtərəfli şərait yaratmaq lazımdır.bütün bunları nəzərə alaraq müstəqil Azərbaycan dövlətinin banisi 2001- ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman verdi. Fərman Azərbaycan dilinin idarəçilikdə, təhsil sistemində, mətbuatda, yaradıcılıq sahələrində və s. işlənməsinin bütöv bir dövlət proqramı idi. Belə bir mükəmməl proqramın meydana çıxması ümummilli liderin uzun illər üzərində düşündüyü (və gələcəyə hesablanmış!) milli dövlət quruculuğu siyasətinin təntənəsi idi.

Biz son on beş ildə latın əlifbasına keçdik, Azərbaycan və dünya ədəbiyyatını bu əlifbada kütləvi nəşr etdik, orta (və ali!) məktəblər üçün dərsliklər yaratdıq, millətə qarşı repressiyanın son əlaməti olan "kiril"ə "yox" dedik, ümumtürk əlifbası (və dili!) iddiasına qədər gəlib çıxdıq. Və bizim təcrübəmiz bütöv türk dünyasında yalnız tarixi hadisə kimi qəbul edilmir, həm də öyrənilir, tətbiq olunur.

Bununla belə biz bu gün istər mətbuatın, istərsə də televiziya və radioların dilində külli miqdarda qüsurlar görürük, lakin bu qüsurlar ana dilində yazmağın və danışmağın miqyası ilə müqayisədə o qədər xətasızdır ki, yenicə dil açmış uşağın "nitq qüsurları"nı xatırladır.

Biz uşaqlarımızı elə təzəcə dil açandan redaktə etməyi öyrətmişik, halbuki onları danışdırmaq lazımdır. Bugünkü dünya danışan dünyadır, qoy istədiklərini desinlər. Qloballaşan dünya bizə yalnız öz leksikonunu deyil, həm də öz sintaksisini, nitq maneralarını diqtə edir, biz bu total "hücum"un qarşısına ancaq (və ancaq!) inkişaf edən nitq (və təfəkkür!) mədəniyyəti ilə çıxa bilərik ki, bu da təhsildən başlayır. İbtidai məktəb şagirdlərimizə ana dilimizin cəmisi üç- dörd minlik ümumişlək leksikasını (əsas lüğət fondunu) mənimsədə bilsək, sonrakı illərdə onların nə danışıq, nə də yazı dilinə "yad" sözlər bu qədər asanlıqla yol tapa bilməyəcək. Yalnız o sözlər gələcək ki, onlardan qaçmaq, sadəcə, mümkün deyil. Və burada hər bir xalqın gəncliyinin orta təhsili məhz öz ana dilində almasının dil tərbiyəsi baxımından nə qədər vacib olması barədəki fikri bir daha xatırlatmaq da, zənnimcə, faydasız olmazdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan dilinə - mənsub olduğu xalqın dilinə böyük imkanlar verdi. Elə bir siyasi- ideoloji şərait yaratdı ki, ana dili bütün dövlət strukturlarına məhz professionallığı zədələmədən yeridi. dil millətin indiyə qədər qazandığı mədəni, siyasi- ideoloji təcrübənin səviyyəsinə qalxdı. Bir sıra keçmiş rusdilli ittifaq nazirliklərinin (Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyis.) ana dilində "danışması" tarixdə görünməmiş nailiyyət idi.

Bununla belə ən böyük nailiyyət kütləvi informasiya vasitələrinin dilində oldu. Azərbaycan cəmiyyətinin əhvali- ruhiyyəsini ifadə edən KİV həmin əhvali- ruhiyyənin rəngarəng dil mənzərəsini verdi ki, burada nə qədər desən fonetik, leksik, qrammatiküslubi səhv tapmaq olardı, lakin bunların hamısı müəyyən dövr üçün bağışlanası səhvlər idi, çünki ümumən millətin təfəkkür, dil- ifadə mədəniyyətini nümayiş etdirirdi.

Bununla belə ana dilinin - dövlət dilinin qorunması zərurəti ciddi problemlərdən biri olaraq qalır. Biz bu gün deyə bilmərik ki, KİV-lərimizdə işlənən dil həmişə jurnalist- publisist peşəkarlığını nümayiş etdirir. Xüsusilə televiziyalarımızda yüngül düşüncənin, bayağı emosiyaların dili ümumi nitq mədəniyyətimizin keyfiyyətinə mənfi təsirini göstərir, intellektsizlik təbliğ edir, söz sürtülür, yeyilir. Və ana dili intellektsiz- təfəkkürsüz bir vətən övladının təqdimində öz tarixi nüfuzunu itirir. Milli müstəqillik dövründə fəaliyyətə başlayan televiziyalar, mətbuat orqanları özlərinə SPACE, ANS, "Palitra", "Ekspress", "Paritet" kimi əcnəbi adlar qoyurlar. Azərbaycan Milli Məclisi Mədəniyyət Daimi Komissiyasının sədri olarkən böyük ziyalımız Anar "Azərbaycan dilinin qorunması haqqında" Qanuna ehtiyac olduğu qənaətinə gəlmişdi. Və bu gün fəxrlə deyə bilərəm ki, qanunun layihəsini hazırlayan işçi qrupunun sədrliyini də mənə tapşırmışdı.

Əlimizdən gələni elədik, ancaq qanunun qəbulu o qədər gecikdi ki, mən özüm də millət vəkili seçildim. Anarın rəhbərlik etdiyi komissiyanın üzvü kimi qanun layihəsi üzərində yenidən işləməli oldum. Və hər dəfə mən Anara salam verəndə elə bilirdi ki, qanunun Milli Məclisdə nə vaxt müzakirəyə çıxarılacağını soruşuram.

Müzakirə olduqca gərgin keçdi. O qədər gərgin keçdi ki, "Azərbaycan Respublikasının dövlət dili haqqında" Qanunun (ad tədricən dəyişmişdi!) qəbul olunmamaq təhlükəsi vardı. Çıxış edənlərin yarıya qədəri qanunun əleyhinə idi. Elə bilirdilər ki, biz Azərbaycan dilinə xüsusi səlahiyyətlər vermək, başqa dilləri sıxışdırmaq istəyirik. Milli Məclisin sədri təklif etdi ki, qanun yenidən işlənsin. Anara baxdım, onun sifətində ağır bir gərginlik gördüm. Və təmkinimə müğayir olan bir "cəsarətlə" söz alıb, "xahiş edirəm, səsə qoyun, bu qanun bütünlüklə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmandan köçürülmüşdür, görək cənab Prezidentin fərmanına etiraz edən varmı?" dedim. Səsə qoyuldu. Və çıxışlarda etiraz doğuran qanun bir səslə qəbul edildi.

Əvvəl Anar məni təbrik elədi, sonra üz- üzə gəldiyim hər kəs.

Böyük məmnunluqla (və eyni dərəcədə böyük təəssüflə!) xatırlayıram ki, Türkiyədə keçirilən ümumtürk miqyaslı toplantıların birində qazax yazıçısı Muxtar Şaxanov maraqlı bir bəyanatla çıxış elədi. O dedi ki, biz sovet dövründə həmişə rus dilinin basqısına məruz qalmışıq, indiyə qədər bu təsirdən qurtara bilmirik və özünəməxsus bir emosionallıqla təklif etdi: günahkarları cəzalandırmaq lazımdır.

Yaranmış böhranlı vəziyyətdən çıxış yolunu yenə Anar tapdı: əgər kimisə cəzalandırmaq lazımdırsa, birinci günahkar Çingiz Aytmatov, ikincisi Oljas Süleymenovdur.

Və etnolinqvistikanın nə olduğunu oradakıların hamısından yaxşı bilən (üzür istəməyə ehtiyac varmı?) mən İ.Hüseynovun, Ə.Əylislinin, Anarın, Elçinin Azərbaycan dili üçün nələr etdiyini mənsub olduğum xalqa (ümumən türk xalqlarına!) bir daha anlatmaq, o zaman Azərbaycanda yaranmış siyasi- ideoloji şəraitin tarixi təcrübəsi üzərində daha dərindən düşünmək istədim. Anar heç kəsin anlaya bilməyəcəyi qədər haqlı idi. Əgər böyük istedad ana dilində yazmırsa, bütün məhrumiyyətlərə baxmayaraq, Allahın ona verdiyi milli təfəkkür enerjisini hansısa yad bir "ünsiyyət vasitəsi"ndə ifadə edirsə, millətin problemlərini (sirlərini!) yad dildə ( yadların da anlayacağı dildə!) pıçıldayırsa, deməli, milli miqyas yoxdur, deməli, bizim öz problemimiz (və sirrimiz!) yoxdur. Və deməli, biz oturub gözləyə bilərik ki, beynəlxalq "mütərəqqi qüvvələr" həmin problemləri həll etsinlər.

Bizim az- çox mükəmməl orfoqrafiya lüğətimiz var. Və bu gün hər hansı Azərbaycan sözünü səhv yazan mətbuat orqanına, yaxud orta məktəb şagirdinə kifayət qədər akademik mövqedən deyə (və əsaslandıra!) bilərik ki, elə yazma, belə yaz. Ancaq mükəmməllik iddiasında olan orfoepiya (düzgün tələffüz) lüğətimiz heç zaman olmayıb, danışıq dilinin yazı dilinə bilavasitə təsir göstərdiyi bizim günlərdə düzgün tələffüz prinsiplərinin (və texnologiyalarının!) mübahisəliliyi ümumən nitq mədəniyyəti üçün çox böyük qüsurdur.

Səkkiz-doqquz milyonluq bir cəmiyyətin nitq enerjisi ilə qırx- əlli milyonluq bir cəmiyyətin (xalqın!) nitq enerjisini müqayisə etmək mümkün olmadığı kimi, iki yüz- iki yüz əlli milyonluq bir etnolinqvistik potensialdan imtina etmək də millətin dil yaddaşının pozulması deməkdir. Odur ki, biz ana dilimizin (və onun daxil olduğu türk dil sisteminin) təbii- tarixi miqyasında danışmağa, yazmağa da çalışmalı, "ortaq türkcə" axtarışlarımızı sürətləndirməliyik ki, tarixin bizə bəxş etdiyi bütövlüyü zədələməyək.

 

 

Nizami CƏFƏROV,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri,

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri,

AMEA-nın müxbir üzvü, professor

 

Xalq qəzeti.- 2011.- 31 iyul.- S. 3.