Goranboy: insan amili və yüksəlişin
yeni dalğası
Son vaxtlar Goranboya gedəndə ürəyimiz
açılır. Özü də təkcə ona görə yox ki, daha
da abadlaşadırılmış, genişləndirilmiş
küçələr səni öz qoynuna alır, yüksək
zövq və müasiriliklə tikilmiş, təmir edilmiş
binalar göz oxşayır, əlvan güllər-çiçəklər
adama sakitlik, rahatlıq gətirir. Bir də ona görə ki,
yollar boyu uzanan hündür hasarlarda təsvir olunan rayonun
tarixindən, bu günündən xəbər verən məlumatlar,
füsunkar təbiət gözəlliklərini əks etdirən
mənzərələr bu bölgə haqqında ilk bələdçiyə
çevrilir, qəlbimizdə qürur və iftixar hissi
oyadır.
Goranboya bələd
olanlar birmənalı şəkildə təsdiq edirlər:
şəhər öz simasını əsaslı şəkildə
dəyişmiş, daha abad, müasir və
yaraşıqlı olmuşdur. Tikintisi başa
çatdırılan, yaxud davam etdirilən müxtəlif təyinatlı
binalar, salınan park və xiyabanlar, müasir
işıqlandırma sistemi, yaşıllıq zolaqları
bir-birini əvəz edir. O da sevindiricidir ki, aparılan
genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri
kampaniya xarakteri daşımır, ardıcıl və
sistemlidir. Digər tərəfdən, abadlıq və səliqə-səhman
işləri təkcə şəhərlə məhdudlaşmır.
İndi abadlıq işləri rayonun bütün
yaşayış məntəqələrində eyni sürət
və keyfiyyətlə davam etdirilir.
Yeri gəlmişkən,
son vaxtlar tikilib başa çatdırılmış,
hazırda tikintisi davam etdirilən müxtəlif təyinatlı
obyektlərin, sosial binaların bəzilərini sadalamaq istəyirik.
Bizcə, bununla aparılan işlərin miqyası və
sürəti haqqında daha aydın təsəvvür əldə
etmək mümkündür. Tatarlı, Rus Borisi, Dəyirmanlar,
Qurbanzadə kəndlərində yeni məktəb binaları
tikilib istifadəyə verilmişdir. Goranboy səhər 3
saylı, Səmədabad, Şadlı kənd məktəblərində,
YAP-ın yeni inzibati binasında, şahmat məktəbində,
avtovağzalda, ticarət mərkəzində artıq son
tamamlanma işləri aparılır. Bundan başqa, sahəsi
2 hektar olan yeni park salınmış, şəhərə 3
istiqamətdən girişdə müasir qapılar
tikilmiş, 34 min ağac əkilmişdir. 635 işıq dirəyi
dəyişdirilmiş, yüz kilomterlərlə yollar
asfaltlaşdırılmış, körpülər
salınmışdır. Onlarla müxtəlif təyinatlı
müəssisə işə salınmış, yüzlərlə
insan daimi iş yeri ilə təmin olunmuşdur.
Ümumiyyətlə,
2011-ci ilin birinci yarısında respublikamızda olduğu kimi,
rayonda da makroiqtisadi göstəricilərdə artım əldə
olunmuşdur. Belə ki, ümumi məhsul
buraxılışı 92 milyon 75 min manat olmuşdur. Bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
115,3 faiz çoxdur. O cümlədən sənaye məhsulunun
ümumi həcmi artaraq 100,9 faiz, kənd təsərrüfatının
ümumi məhsulu 115 faiz, nəqliyyat xidmətinin həcmi
107,1 faiz, pərakəndə əmtəə dövriyyəsi
111,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər
105 faiz təşkil etmişdir. Orta aylıq əmək
haqqı 14 faiz artaraq 201,2 manat olmuşdur.
Ölkə
Prezidenti İlham Əliyev demişdir: "Kənd təsərrüfatının
inkişafı ilə bağlı bütün müvafiq
göstərişlər verilmişdir. Bütövlükdə,
ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində
bizim konkret planımız və proqramımız vardır.
Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan
bütün ərzaq məhsulları Azərbaycanda istehsal
edilsin". Bu baxımdan son vaxtlar rayonda ciddi uğurlar əldə
edilmişdir. 18 min 349 hektar sahədən 51 min 377 ton taxıl
(əvvəlki illə müqayisdədə 1559 ton çox)
biçilmiş, hər hektardan 28 sentner məhsul əldə
edilmişdir. 2010-cu ilin 6 ayı ilə müqayisədə 37
ton çox kartof, 23 ton çox tərəvəz, 62 ton
çox meyvə toplanmışdır. Hazırda məhsul
yığımı davam edir.
Heyvandarlıq
məhsulları istehsalında da xeyli artım əldə
edilmişdir. 2011-ci ilin 6 ayında ötən ilin müvafiq
dövrü ilə müqayisədə 139 ton çox ət,
1180 ton çox süd, 1 milyon 334 min ədəd çox
yumurta, 2 ton çox yun istehsal olunmuşdur. İri malın
baş sayı 41 min 262-yə, xırdabuynuzların baş
sayı 233 min 619-a çatmışdır ki, bu da müqayisə
olunan dövrə nisbətən xeyli çoxdur.
İstehsal
və emal müəssisələrinin yaradılması istiqamətlərində
səylər davam etdirilir. Nəhəng yağ emalı
zavodunun tikinitisi üçün təşkilatı işlər
başa çatmaq üzrədir. Sahəsi 1 hektardan çox
olan bu zavodun tikintisi işsizlik probleminin həllinə kömək
edəcək, istehsal edilən qarğıdalı və
günəbaxan məhsulu öldkəmiz üçün
etibarlı bazar yaradacaqdır. Ümumiyyətlə, burada
sahibkarlığın inkişafı üçün hərtərəfli
şərait yaradılmışdır. Müraciət edən
hər bir iş adamına dəstək verilməsinin nəticəsidir
ki, təkcə 2011-ci ilin 6 ayında 187 sahibkarlıq obyekti
tikilmiş, 10 müəssisə
açılmışdır. Bütövlükdə isə
ötən dövr ərzində 481 iş yeri
açılmışdır. Bunun 218-i daimidir.
Rayonda
tikinti, abadlıq və quruculuq işlərinin həcmi daha da
genişləndirilmişdir, ardıcıl və sistemli xarakter
almışdır. İlin əvvəlindən Goranboy şəhərinin
Ə.Gorani, E.Namazoğlu, S.Civəzadə, B.Bağırova
küçələrinə 21 min 750 kvadratmetr asfalt
örtük salınmışdır. Bütövlükdə
şəhər üzrə 45 kilometr uzunluğunda
küçələrin 25 kilometri
asfaltlaşdırılmışdır. Yaxın vaxtlarda qalan
küçələrə də asfalt örtük
salınacaqdır. Ə.Gorani, S.Vurğun, Vidadi, M.Məhərrəmov
küçələrində, Goranboy-Səfikürd avtomobil
yolunun kənarında 58 ədəd müasir
işıqlandırma dirəyi
quraşdırılmışdır. S.Vurğun küçəsində
15 və 23 saylı ikimərtəbəli yaşayış
binalarının dam örtükləri və fasad hissələri
təmir edilmişdir.
Şəhərin
V.Bayramov küçəsində sahəsi 2 hektar olan yeni
istirahət parkı salınmışdır. Hazırda
Goranboy şəhərinin Gəncə istiqamətindən
girişində ikitərəfli yolun tikinitisi aparılır.
Yol genişləndirilir, yeni səki tikilir. Yolun mərkəzinə
işıqlandırma dayaqları qoyulmuşdur. Səfikürd
kəndi istiqamətindəki çıxışda yeni mini
parkın tikintisinə başlanmışdır.
Abadlıq-quruculuq
işləri rayon mərkəzi ilə yanaşı,
bütün yaşayış məntəqələrində
də davam etdirilir.Veyisli kəndində süd qəbulu məntəqəsi
istifadəyə verilmiş, Borsunlu kəndində içməli
su xəttinin çəkilişi davam etdirilir. Xınalı kənd
icra nümayəndəliyi üçün yeni inzibati bina,
habelə kənd uşaq bağçası üçün
bina tikilir.
Dəliməmmədli
şəhərinin C.Cabbarlı, B.Bağırova və
S.Vurğun küçələrinə 12 min 600 kvadratmetr
asfalt örtük salınmışdır. Yaşar Rəhimov
və Tofiq Əkbəri küçələrində
işıqlandırma sistemi təmir edilmişdir. Hazırda ərazidə
abadlıq işləri aparılır. Dəmiryol xətti boyu
280 metr hasarın tikintisinə başlanmışdır. Burada
yeni park salınacaqdır. Şəhərdə yol dairəsi
yenidən qurulmuş, 450 metr səki salınmış, əhalinin
su təminatının yaxşılaşdırılması
üçün 12 tonluq çən qoyulmuşdur.
Bütövlükdə, yarım ildə rayonda 977 min
manatlıq tikinti-quruculuq işləri
aparılmışdır.
Düşmənlə
təmas xəttində yerləşən yaşayış məntəqələrinin
problemləri daha dərindən araşdırılmış
və onların həllinə başlanılmışdır.
Tap Qaraqoyunlu kəndində sosial obyektlərin əsaslı
şəkildə yenidən qurulması, 400-dək fərdi
yaşayış evinin təmiri, 5 ədəd subartezian
quyusunun qazılmasının layihə sənədləri
hazırlanmışdır. Bundan başqa, Goranboy - Murovdağ
su kəmərindən kəndə içməli su xətti
çəkiləcək, 2,5 kilometr uzunluğunda, 4 metr
hündürlüyündə mühafizə hasarı tikiləcəkdir.
Ötən
müddət ərzində təhsil müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması istiqamətində də
mühüm işlər görülmüşdür.
Hazırəhmədli, Nizami, Həmənli kənd və Goran
qəsəbə məktəblərində təmir işləri
aparılır. Qızılhacılı qəsəbə 2
saylı və Nərimanlı kənd tam orta məktəbin
tikintisinə başlanılmışdır.
Səhiyyə
və mədəniyyət müəssisələrinin də fəaliyyəti
gücləndirilmiş, maddi-texniki baza möhkəmləndirilmiş,
intizam və məsuliyyət yüksəldilmişdir. Prezident
İlhşam Əliyevin tapşırığına əsasən,
əhalinin enerji daşıyıcıları ilə təminatının
daha da yaxşılaşdırılması istiqamətində
tədbirlər davam etdirilmişdir. Xocalı rayonundan olan məcburi
köçkünlər üçün Goranboy şəhərində
inşa edilmiş 3 yaşayış binasında 162 abonentə
təbii qaz verilmişdir.
Əlirzalı,
Veysli, Meşəli kəndləri, Meşəli kəndi
yaxınlığındakı qəsəbə
qazlaşdırılmış, bu yaşayış məntəqələrində
857 abonent təbii qazla təmin olunmuşdur. Goranboy şəhərində
Qızılhacılı, Ağamalıoğlu, Fəxralı,
Xoylu, Qurbanzadə kəndlərində yararsız qaz xətti
dəyişdirilmişdir. Yaxın günlərdə Zeyvə
və Şəfəq kəndlərinə təbii qaz veriləcəkdir.
Daha sonra Qaraqucaq, Şəfibəyli, Hacallı, Fəxralı,
Dəyirmanlar və Baxçakürd kəndləri
qazlaşdırılacaq. Qaradağlı və Xoyluda genişləndirmə
işləri aparılacaqdır.
Ümumiyyətlə,
hazırda rayon üzrə təbii qazdan istifadə edən
abonentlərin sayı 80 faizə çatmışdır. Təbii
qaza görə ödəniş isə 100 faizdir. Əhalinin
elektrtik enerjisi ilə davamlı təminatı
üçün də müəyyən işlər
görülmüşdür. Ayrı-ayrı
yaşayış məntəqələrində transformatorlar
və yüksək gərginlikli elektrik xətləri əsaslı
və cari təmir edilmiş, 1310 ədəd yeni sayğac
quraşdırılmışdır.
Hazırda
Murovdağdan Goranboy şəhərinə yeni su xətti
çəkilir. Bütövlükdə, 73 kilometr su, 27,5
kilometr kanalizasiya xətti çəkiləcəkdir. Bununla da
şəhərdə hər iki problem öz həllini
tapacaqdır. Su kəməri boyunca yerləşən Cinli,
Borsunlu, Qızılhacılı, Balakürd, Nərimanlı və
digər yaşayış məntəqələri də
içməli su ilə təmin ediləcəkdir. Növbəti
illərdə Dəliməmmədli ərazisində yerləşən
23 yaşayış məntəqəsinin içməli su
problemi də öz həllini tapacaqdır.
Əldə
edilmiş nəticələrin, görülmüş işlərin
təhlili, fakt və rəqəmlərin müqayisəsi belə
deməyə əsas verir ki, həqiqətən, son vaxtlar
Goranboyda həyatın bütün sahələrində əsaslı
inkişaf və irəliləyiş əldə edilmiş,
ciddi uğurlar qazanılmışdır. Başlıca cəhət
odur ki, intizam və məsuliyyət hissi gücləndirilmiş,
müşahidə olunan nöqsan və
çatışmazlıqlara qarşı barışmaz
mübarizə tədbirləri görülmüş,
ardıcıl, sistemli və çevik iş qurulmuşdur.
Goranboy Rayon İcra Hakimiyyətində, onun yerli
strukturlarında iş üslubu və metodları, təşkitlat-idarəetmə
məsələləri daha da təkmilləşdirilmiş,
möhkəm icra intizamı yaradılmış, insan amili
ön plana çəkilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev ciddi həyat yolu keçmiş, zəngin təcrübəyə, geniş dünyagörüşünə malik insandır. Adamlarla işləməyi, onları inandırmağı və öz ardınca aparmağı bacarır. İcra başçısı ilə qısa söhbətdən məlum oldu ki, son vaxtlar Goranboyda həyata keçirilən tədbirlər, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri hələ başlanğıcdır. Deməli, Goranboy sabah daha abad, gözəl və müasir olacaqdır.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2011.- 31 iyul.- S. 5.