Astara:
könül fərəhlənir gözəlliyindən
Dünyada ikiyə bölünüb, sərhədlərin o üz-bu üzündə qalan şəhərlər az deyil. Culfa, Biləsuvar, Astara da bu taleyi yaşayan şəhərlərdəndir. Araya ayrılıq düşsə də, "adaş-qardaşlar" elə hey bir-birinə sarı boylanıb təsəlli tapırlar. Kim bilir, bəlkə nə zamansa qol-boyun, bağrıbadaş da olarlar! Hələliksə müstəqil Azərbaycana aid olan "əkiz taylarının" növrağı, büsatı daha qibtəedicidir. Bu yazıda bizim "cənub diyarı" dediyimiz, cənublularınsa "quzey qapısı" adlandırdığı Astara şəhərindən bəhs edəcəyik.
Sərhəd-buraxılış məntəqəsindən bu üzə keçənlərin gözləri önündə o saat səliqə-sahmanlı, yaraşıqlı, eyni zamanda müasir üslubda tikilib-qurulan bir əyalət şəhəri canlanır. Astarada Azərbaycan torpağına adlayan əcnəbilərin ölkəmiz haqqında ilk təəssüratı məhz burada yaranır.
Astara subtropik zonamızın incisidir. Yaşıllıqlarla, sitrus bitkiləri ilə zəngindir. Bir tərəfdən qocaman Xəzərin, digər tərəfdən sərhəd boyunca Astara çayının əhatəsində yerləşir. Talış dağları şəhərə gözəl fon verir. Bir dəfə yazmışdım ki, ən zəif rəssam belə Astaranı çəksə, şöhrətlənə bilər. Son illərdə burada əhatəli tikinti-quruculuq işləri görülüb. Abadlıq göz-könül sevindirir. Bağlarda, xiyabanlarda çoxlu çiçək əkilib. Qızılgüllər hasarlardan aşıb-daşır.
Qurub-yaradan adamlar Astaranın təbii gözəlliklərini öz zəhmətləri ilə bir qədər də cilalayır və artırırlar. Ötən yazımda bütövlükdə rayonun, özü də ən müxtəlif sahələrin inkişafı ilə bağlı qeydlərimi təqdim etdiyim üçün, bu dəfə yalnız rayon mərkəzinin abadlaşdırılması istiqamətində görülən işləri oxucuların nəzərinə çatdırmaq istəyirəm. Çünki Astarada bu da ayrıca yazıya mövzu olacaq qədər geniş əhatəli bir fəaliyyət sahəsidir.
Rayonun yeni rəhbərliyi abadlıq-quruculuq işlərinin dolğun və keyfiyyətlə aparılmasını ciddi nəzarətdə saxlayır. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov fəaliyyətində bu sahəyə xüsusi prioritet verir. Əhalinin müxtəlif təbəqələri ilə görüşlərdə diqqəti abadlıq tədbirlərinin ardıcıl icrasına yönəldir, əlaqədar idarə və təşkilatların rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələr verir. Bütün bunlar, əlbəttə, təsirsiz qalmır. Yeni uğurlarla müşayiət olunur.
Şəhərin inkişafına töhfələr verən adamlardan yüz nəfəri Mənzil-Kommunal-Tikinti Təsərrüfatı İstehsalat Birliyi MMC-də çalışanlardır. Gözəllik yaratmaq sahəsində əsas yük də elə onların üzərinə düşür. Qabarlı əllərin sığalı ilə Astaranın hüsnünə yeni naxışlar vurulur, siması gündən-günə dəyişdirilir. Kollektivə Elşad Əliyev rəhbərlik edir. Direktorun dedikləri:
- Astaranın gözəlliyini qoruyub artırmaq, şəhəri hər zaman səliqəli saxlamaq, tikinti-təmir işləri aparmaq əsas vəzifəmiz, vətəndaş kimi şərəfli borcumuzdur. Zəhmət adamlarımız bunu dərindən anlayır və səylə çalışırlar. Heydər Əliyev prospektində, Nizami, "Azərbaycan" və Arif Heydərov küçələrində yüz minlərcə manatlıq tikinti-təmir, yenidənqurma işləri görmüşük. Kollektivimizin qüvvəsi ilə yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemləri yaradılıb. Səkilər tametlə düzəldilib. Küçə kənarlarındakı hasarlara zövq oxşayan rənglər çəkilib, su arxları təmizlənib. Şəhərin küçələri gündəlik süpürülür, tullantılar daşınır.
Biz də şahidi olduq ki, yol-abadlıq işləri, küçə və meydanların genişləndirilməsi, sosial obyektlərin təmir və tikintisi üzrə görülən tədbirlər daim diqqətdə saxlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yazda Astaraya səfəri bu işlərin vüsətini daha da artırıb. Dövlət başçısı həyata keçirilən tədbirləri bəyəndiyini bildirib və cəmi dörd gün sonra, aprelin19-da imzaladığı sərəncamla sosial-iqtisadi inkişafla əlaqədar əlavə tədbirlər üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayırıb. Xatırladaq ki, bundan düz bir il öncə Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması üçün rayona daha 3,5 milyon manat dövlət vəsaiti ayrılmışdı. Həmin yol qısa müddətdə yüksək keyfiyyətlə tikilmiş və Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmişdir. Beləliklə də ətraf kəndlərin on minlərlə əhalisi yolun əziyyətindən qurtarmışdır.
Ayrılmış yeni vəsait də regional inkişafda layiqli yer tutan Astaranın daha gözəl və abad bir şəhər olacağını təmin edəcək. Şəhərin əsas küçə və prospektlərini gəzənlər bu dəyişiklikləri artıq görə bilirlər. Təkcə baş prospektdə ümumi sahəsi 7000 kvadratmetr olan yola asfalt döşənib. Heydər Əliyev adına parkda YAP Astara rayon təşkilatı üçün müasir memarlıq üslubunda hazırlanmış layihə əsasında ikimərtəbəli bina tikilir. Yaxınlıqdakı ictimai yaşayış binasının fasadı müasir formada təmir edilir. Burada bütün mənzillərin pəncərələri dəyişdirilib, dam örtüyü yenidən qurulur.
Rayon icra hakimiyyəti başçısı aparatının tikinti və memarlıq şöbəsinin müdiri Rəhmətulla Rufullayevin dediyinə görə, "Qum" küçəsi abadlaşdırılır, gömrükxana ətrafındakı obyektlər estetik tələblərə uyğun şəkildə yenidən qurulur. Rayon mərkəzində əvvəllər tikilmiş 32 mənzillidən əlavə, 16 mənzilli daha bir yaşayış binası inşa olunaraq əlillərin və şəhid ailələrinin istifadəsinə verilib. Həzi Aslanov küçəsində nəhəng taxıl anbarının və soyuducu kameranın da tikintisi sona yetib. Hazırda regionda ən iri Olimpiya İdman Kompleksinin inşası davam etdirilir. Heydər Əliyev prospektində Vergilər nazirliyinin sifarişi ilə Astara terminalı üçün inzibati bina, həmçinin "Astara-1" kiçik su elektrik stansiyası da tikilir. Təhsil və səhiyyə ocaqlarının cari təmir işləri gedir. Perspektivdə ulu öndərin adını daşıyan çox gözəl parkın daha da genişləndirilməsi nəzərdə tutulub. Yaxın vaxtlarda olimpiya kompleksinin ucaldıldığı Kaverin küçəsinin abadlaşdırılmasına başlanacaq.
İndi Astarada daha bir vacib məsələ diqqət mərkəzindədir. Bu, içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasıdır. Artıq bununla əlaqədar Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə işlərə başlanıb, layihə-smeta sənədləri hazırlanmaqdadır. Beləcə, yaxın vaxtlarda şəhər infrastrukturunun çox mühüm bir qolu da yaradılacaq.
Bu gün Astara özünün möhtəşəm Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı Meydanı, yaraşıqlı Gənclər evi, müəllim kadrları hazırlayan kolleci, istirahət guşələri, gül-çiçəkli xiyabanları, müasir rabitəsi, get-gedə çoxalan qaz təchizatı, 24 saat işıqlandırması olan nümunəvi bir əyalət şəhəridir. Bu gözəllikləri yaradanlardan biri, Mənzil-Kommunal-Tikinti Təsərrüfatı İstehsalat Birliyi MMC-nin briqadiri Əli Abdinovun ürək sözləri:
- Astarada
geniş abadlıq yürüşü davam edir. Bu, həm
şəhərimizin gözəlləşməsi, həm həyat
şəraitimizin yaxşılaşması, həm də yeni
iş yerləri deməkdir. Qonaqlara göstərməyə o
qədər gözəl ünvanlarımız var ki... Dövlətin qayğısı, rayon rəhbərliyinin
bütün bu işlərə başlıca önəm verməsi
sevindirici haldır. Şəxsən mən
doğma şəhərimizin abadlıq-quruculuq işlərində
iştirakımdan hədsiz dərəcədə məmnunam.
Astaranın mənzərəsinə yeni, əsrarəngiz
çalarlar qatırıq.
Bu yaxınlarda rayonda böyük uğurla yarımillik
hesabat yığıncağı keçirilib. Görülən
işlər, qarşıda duran vəzifələr ətraflı
müzakirə olunub. İşgüzar ruh,
möhkəm inam, nikbin ovqat hər kəsin qəlbinə hakim
kəsilib. Quruculuq əzmi daha da yüksəlib.
Bu isə yeni qələbələrin yolunu
yaxınlaşdıran başlıca amildir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 31 iyul.- S. 5.