Qısa və mənalı ömür yolu

 

Azərbaycanın professional rəssamlıq təhsili almış ilk sənətkarı, istedadlı fırça ustası, əsl ziyalı Bəhruz Şirəli bəy oğlu Kəngərli (1892-1922) çox qısa, lakin mənalı ömür yaşamış, həyatını sənətə, vətəninin tərənnümünə, millətinin gələcəyinə həsr etmiş bir şəxsdir. B.Kəngərlinin bir gülün ömrü qədər olan "ömür dastanı" ilə Azərbaycan incəsənət tarixinə əbədi iz sala bilməsi də bunun təsdiqidir. Rəssam cəmi 30 il yaşayıb. Bu qəribə taleyi, bu təzadlı ömür payını şair Mikayıl Müşfiqin, bəstəkar Asəf Zeynallının və dünyasını vaxtsız dəyişmiş digər yaradıcıların taleyi ilə müqayisə etmək olar.

B.Kəngərli təsviri sənətimizin inkişafına, yeni ənənələrlə zənginləşməsinə və tərəqqisinə misilsiz töhfələr verib. Belə ki, təsviri sənətimizin əvvəlki mərhələsinə nəzər yetirsək görərik ki, B.Kəngərlidən qabaqkı dövrdə Avropa təsviri sənətində geniş yayılmış ayrı-ayrı janrlar bizdə hələ formalaşmamışdı. Rəssamlar daha çox ənənəvi üslubda işləyir, dünyada yayılmış sənət meyllərini qəbul etmirdilər. B.Kəngərlinin Naxçıvanda doğulub boya - başa çatması, mollaxana təhsili alması və böyüdüyü mühit onun peşəkar rəssamlıq sənətini seçməsinə mane ola bilmədi. Rəssamın analığı Şirin xanım o günləri belə xatırlayırdı: "Əvvəllər nə mən, nə də atası Bəhruzun şəkil çəkməsinə əhəmiyyət verməzdik. Hətta biz heyifslənirdik ki, o, vaxtının çoxunu şəkil çəkməyə sərf edir. Amma sonralar atası onun istedadına inanmağa başladı, onun üçün Tiflisdən kağız, karandaş, rəng gətirdi".

Nə yaxşı ki, Bəhruzun atası oğlunun istəyinin qarşısını kəsməyib, təhsilini davam etdirməsi üçün onu Tiflis şəhərinə göndərib və maddi çətinliklərə rəğmən, rəssamlıq təhsili almasını reallaşdırıb. Gənc rəssam təhsil illərində rəssamlıq sənətinin bədii - texniki vərdişlərini, təcrübi xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də Avropada mövcud olan cərəyanlar və qabaqcıl sənətkarların yaradıcılıq dəsti-xətti ilə tanış olur. Təhsil illərində (1910 - 1915-ci illər) rəssam müəllimlərindən sənətin incəliklərini əxz etməyə nail olmuşdur. Onun həmin illərdə işlədiyi çoxsaylı əsərlərdə bunu müşahidə etmək olar.

Hələ 1914-cü ilin iyununda Naxçıvandakı ilk böyük fərdi sərgisi və orada göstərilən rəsmləri rəssamın həmyerlilərini heyran etmişdi. O vaxt "İqbal" qəzeti ölkəmizdə təşkil olunmuş ilk rəssamlıq sərgisi barədə yazırdı: "Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır".

Rəssam ömrünün axırınadək Naxçıvanda yaşamış və incəsənətimizin inkişafı naminə yorulmadan xidmət etmişdir. Onun öz evində sərgilər təşkil edərək insanları tamaşaya dəvət etməsi, əsərləri barədə tamaşaçılara məlumat verməsi, gənclərə sənət öyrətmək üçün xüsusi dərnəklər yaratması bir daha sübut edir ki, rəssam özünü bütünlüklə sənətə və onun təbliğinə, insanların maariflənməsinə həsr etmişdi. Onun tələbəsi olmuş tanınmış rəssam Adil Qazıyev sonralar öz müəllimi haqqında xatirələrində yazırdı: "Bəhruz mənim çəkdiyim şəkillərə diqqətlə baxdıqdan sonra dedi: "Sən şəkil böyütməkdən əl çək, naturadan baxıb çəkməsən, bir şey öyrənə bilməzsən...". Mən tez-tez Bəhruzun evinə gedirdim, onun işlərinə baxırdım, o mənə məşhur rəssamların həyatından, əsərlərindən maraqlı söhbətlər edər, rəssamlığın nəzəri cəhətlərindən və texniki vərdişlərindən məlumat verərdi... Mənim rəssam olmağıma, xüsusi rəssamlıq təhsili almağıma Bəhruz səbəb oldu..."

B.Kəngərlinin yaradıcılığı mövzusunun əhatəliliyi, humanistliyilirik-estetik bədii məziyyətləri ilə seçilir. Etiraf edək ki, təhsil almaq, hər hansı bir peşənin vərdiş və metodikasını mənimsəmək hələ sənətkar olmaq üçün kifayət deyil. Əsl sənətkar odur ki, mənimsədiklərini özünün daşıdığı milli mənsubiyyəti və kimliyi ilə çuğlaşdıra, özünün daxili bədii təxəyyülündən, yaşantılarından keçirə və bədiiləşdirə bilsin.

B.Kəngərli təsviri sənətimizdə ilk dəfə olaraq mənzərə, portret, tarixi, teatr - dekorasiyas. janrların professional bədii həllinin əsasını qoyub. Rəssam yaradıcılıq aləminə böyük yazıçımız Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi "Molla Nəsrəddin" jurnalında çıxışı ilə daxil olub. Yaradıcılıq aləminə təzəcə qədəm qoymuş rəssama bu jurnalla əməkdaşlıq etmək maraqlı idi. Lakin, etiraf etmək lazımdır ki, B.Kəngərlinin yaradıcılıq üslubu jurnalın profilinə uyğun deyildi.

B.Kəngərlinin yaradıcılığının böyük bir hissəsini mənzərə janrında yaradılmış əsərlər təşkil edir. Bunu əsas götürən əksər sənətşünaslar, nədənsə, səhv olaraq, onu mənzərə rəssamı kimi xarakterizə edirlər. Fikrimizcə, bu rəssamın əhatəli yaradıcılığının məhdudlaşdırılması deməkdir. Bu yerdə rəssamın mənzərə əsərlərinin bir çoxunun tariximizin ən parlaq dövrlərini özündə əks etdirilməsini də vurğulamağa ehtiyac duyuruq. Belə ki, rəssamın bu əsərlərini təkcə mənzərə janrında yaradılmış əsərlər kimi yox, real tariximizin canlı əksi kimi xarakterizə etmək lazımdır.

Həyatının çox hissəsini doğma diyarı Naxçıvanda yaşamış rəssam bu yurdun qədim abidələrini, adamlarını, xüsusi ilə Naxçıvanın təbiətini, dağlarını, çaylarını, yaylaqlarını fırçaya almaqdan yorulmamışdır. Naxçıvanın hər daşına, qayasına bələd olan, onu qarış - qarış gəzərək, ilin müxtəlif fəsillərində, günün müxtəlif vaxtlarında ilk dəfə olaraq təsviri sənətimizə təbiət işığının əksini gətirmişdir. Rəssamın mənzərə janrında yaradılmış əsərlərinə misal olaraq "Şəlalə", "Dağlıq mənzərə", "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Ağrı dağı", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol", "Payız", "Bahar", "Möminə xatun türbəsi", "Əshabi - kəhf dağı", "Nuhun qəbri" və s. göstərmək olar.

B.Kəngərli təbiətin eyni guşəsini bir neçə dəfə günün müxtəlif saatlarında təsvir etməyə üstünlük verirdi. Bununla da rəssam təbiətdə baş verən ani dəyişikliklərə diqqəti cəlb etmək istəyirdi. Bunu onun Naxçıvanın rəmzinə çevrilmiş İlan dağa həsr etdiyi lövhələrdə müşahidə etmək mümkündür. B.Kəngərli əzəmətli İlan dağı sübh çağı, günəşin qızılı şəfəqlərini dağın "çiyin"lərinə səpdiyi zaman, günəşin qürub etdiyi vaxtda əzəmətli dağın aldığı əsrarəngiz mənzərəni, sakit yay gecəsində dağ zirvəsinin ay işığının zərif gümüşü rənginə büründüyü zaman təsvir etməklə həssas rəssam qəlbi və nadir istedadı ilə yaddaqalan bədii tablolar yaratmışdır. Rəssamın doğma diyarının qədim tarixi abidələrinin rəsmlərini xüsusi vəchlə "Naxçıvan yadigarı" adlı albomlarda işləyərək insanlara hədiyyə etməsi ayrıca qeyd olunmalıdır.

Rəssamın portret janrında yaratdığı əsərlər bədii əhəmiyyətinə görə onun mənzərə janrında yaratdığı əsərlərdən heçgeri qalmır. Belə ki, daha təsirli bədii və estetik məziyyətə malik olan portret əsərlərində rəssam obrazların daxili aləmini açmağa, onlara məxsus fərdi xüsusiyyətləri yaddaqalan bədii biçimdə təsvir etməyə çalışıb. B.Kəngərlinin diqqəti cəlb edən əsərlərinin bir qismi (bu əsərləri silsilə kimi də qəbul etmək olar) onun əsl vətəndaşlıq mövqeyini, ürək yanğısını əks etdirir. Bunlar 1918 - 1920-ci illərdə mənfur düşmənlərimiz tərəfindən Qərbi Azərbaycandan - doğma yurd - yuvalarından didərgin salınmış həmvətənlərinin portretləridir. Rəssamın əsərlərinin əsas qayəsini romantizm təşkil etsə də, o, ətrafında baş verən real hadisələrə biganə qala bilməmiş və erməni vandallarının zaman-zaman soydaşlarımıza qarşı göstərdiyi amansız qəddarlığı dolğun bədii lövhələrlə əbədiləşdirərək bizə miras qoyub getmişdir. "Qaçqınlar", "Avşar kəndindən qaçqın düşmüş qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Ayaqyalın qaçqın oğlan", "Canfədalı qız", və s. əsərləri bunun təsdiqidir. Bu əsərlərin hər birində o zamankı tariximizin təsirli və sarsıdıcı reallıqları əks olunub. Bu əsərlərin hər biri bədii dəyəri qədər də tarixi əhəmiyyət daşıyır. Təəssüf ki, biz zaman - zaman bu əsərləri düzgün qiymətləndirə və bu zəngin irsdən düzgün nəticə çıxara bilməmişik.

B.Kəngərlinin portret yaradıcılığında körpə uşaqlar mövzusu xüsusi yer tutur. Müxtəlif məqamlarda balaca uşaqların təkrarsız yaşantılarını, xüsusən onlara məxsus məsumluğu, gözlərindəki həyat şövqünü məharətlə ifadə edə bilmişdir. Buna misal olaraq "Yatmış uşaq", "Uşaq portreti" və digər əsərləri göstərmək olar.

Rəssamın yaradıcılığının məhsulu olan digər bir əsər - "Əsgər portreti" də diqqətçəkəndir. Bu portreti səhv olaraq sovet dövrünün əsgəri kimi qələmə verirlər. Əslində bu, heç də belə deyil. Belə ki, burada rəssam Azərbaycan Demokratik Cümhuriyyətinə olan sayğısını nümayiş etdirərək milli ordumuzun əsgərini təsvir etmişdir. Bunu təsvir edilmiş əsgərin geyimindən və silahından da görmək olar. Təzə yaradılmış cümhuriyyətin çox çətinliklə təmin edə bildiyi ordunun əsgərinin ayaq geyimi - çarıq buna bariz nümunədir. Bu təsvir rəssamlığımızda milli ordumuzun əsgərinin yeganə bədii təsviridir.

Rəssamın yaratdığı avtoportret əsəri onun yaradıcılığında xüsusi yer tutur. Rəssam özünün fərdi psixoloji xarakteristikasını ustalıqla təsvir edə bilib.

B.Kəngərli həm də milli teatr rəssamlığımızın banilərindəndir. Rəssam Naxçıvan teatrında "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev) və s. tamaşalara bədii tərtibat vermişgeyim eskizləri işləmişdir.

Müstəqillik illərində B.Kəngərli irsinə maraq artmış, rəssamın yaradıcılığına ən yüksək səviyyədə qiymət verilmişdir. Ümummilli lider H.Əliyevin təşəbbüsü ilə Naxçıvanda B.Kəngərlinin ev muzeyi yaradılmış və rəssamın əllidən artıq əsəri Azərbaycan Dövlət İncəsənət Muzeyindən həmin muzeyə verilmişdir. Rəssamın zəngin bədii yaradıcılıq irsi əsasən Azərbaycan Dövlət İncəsənət Muzeyində mühafizə olunur və tamaşaçılara təqdim edilir. Naxçıvan MR Ali Məclisi sədrinin "Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında" sərəncamına (2001, 22 may) əsasən, Naxçıvan şəhərində muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldılmışdır.

Qısa, lakin mənalı ömür yaşamış Bəhruz Kəngərli gərgin yaradıcılıq axtarışları, ağır fiziki durumumaddi sıxıntılarına baxmayaraq, xalqımızın ölməzləri sırasına yüksəlmiş nadir şəxsiyyətlər zirvəsinə ucala bilmişdir. Vətən belə oğulları ilə fəxr edir, millət belə oğulları ilə hər zaman qürur duyur.

 

 

Əsəd QULİYEV,

sənətşünas

 

Xalq qəzeti.- 2011.- 31 iyul.- S. 6.