"Hər
gününüz bayram olsun, uşaqlar"
Dünən Bakının Xətai
rayonundakı Heydər Parkı yenə bayram libası
geymişdi. Dünyaya, insanlara sevinc bəxş edən
Uşaqların Beynəlxalq Müdafiəsi Gününün
qeyd olunacağı bu məkana Xətai rayonundakı uşaq
evlərinin və uşaq bağçalarının 500-dən
artıq sakini toplaşmışdı. Onların sevincinə
sevinc qatmaq üçün rayon icra hakimiyyətinin nümayəndələri
əllərindən gələni əsirgəməmiş,
müxtəlif şirniyyat, meyvə və şirələrlə
bəzədilmiş bayram süfrəsi belə
açmışdılar.
Parkdakı
səsgücləndiricilərdənsə ümummilli lider Heydər
Əliyevin uşaqlar, onların milli varlığımız və
müstəqil dövlətimizin həyatındakı yeri və
gələcək rolu haqqında müdrik və fəlsəfi
fikirlərinin lent yazıları səsləndirilirdi.
Uşaqlara
həsr olunmuş bayram təntənəsi də
uşaqları sonsuz məhəbbət hissi ilə sevən ulu
öndər Heydər Əliyevin abidəsi önünə tər
çiçək dəstələrinin qoyulması ilə
başladı. Uşaqların sevinc dolu gülüş sədaları
ilə əlamətdar olan bayram izdihamını rəsmi hissənin
başlanıldığını bildirən Azərbaycan
himninin əzəmətli melodiyası bir andaca kəsdi.
Təbrik
üçün ilk söz Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi sədrinin
müavini Sədaqət Qəhrəmanovaya verildi. Azərbaycan
dövlətinin uşaqların müdafiəsi, onların
rifah içində böyüməsi üçün
gördüyü işlərdən ətraflı məlumat
verən S.Qəhrəmanova bu siyasətin təməlində
ümummilli lder Heydər Əliyev siyasətinin durduğunu
bildirdi:
-
Müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər
Əliyev uşaqlara son dərəcə böyük sevgi və
qayğı ilə yanaşır və bütün dövlət
məmurlarından da bunu tələb edirdi. Çünki o,
milli varlığımızın məhz bu fidan balalardan,
onların sağlam böyüməsindən, yaxşı tərbiyə
və təhsil almalarından asılı olduğunu çox
gözəl bilirdi.
Çıxışının
sonunda natiq bir daha uşaqları təbrik edərək bildirdi
ki, biz anaların ən böyük arzusu sizin hər
gününüzün beləcə bayram olmasıdır.
Uşaqların bu möhtəşəm bayramında Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da ürək sözlərini söylədi:
- Biz böyüklər o zaman rahat nəfəs alırıq ki, sizin həyatınıza sevinc qatır və bizi duyğulandıran gülüşünüzü görürük. Ulu öndərimiz Heydər Əliyevin sizlərə sonsuz diqqət və qayğısı bu gün onun varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əməli işlərlə davam etdirilir.
Rayonumuzda 38 uşaq bağçası və 2 uşaq evi var. Dövlətimizin başçısının qəbul etdiyi müvafiq qərar və sərəncamlar bu müəssisələrdə uşaqlara daha rahat şərait yaratmağa yönəlib. Lakin valideynlər də unutmamalıdırlar ki, müstəqil Azərbaycan üçün layiqli övlad yetişdirmək ilk növbədə onların vəzifəsi və borcudur.
R.Məmmədov rayonda uşaqların istirahəti, asudə vaxtlarının səmərəli təşkili və sağlam böyümələri üçün görülən işlərdən də ətraflı danışdı və qeyd etdi ki, bu işlər bundan sonra da davam etdiriləcək.
Milli Məclisin deputatı Gülər Əhmədova isə çıxışında Azərbaycanda uşaqlara qayğı və diqqətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək dedi:
- Bu gün ulu öndərin adını daşıyan bu gözəl parkda Xətai Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu möhtəşəm uşaq bayramının özü də bu siyasətin necə həyata keçirildiyini göstərən bir tədbirdir.
Sonra natiq İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyeva başda olmaqla Heydər Əliyev Fondunun uşaqlarla bağlı həyata keçirdiyi proqramlardan və layihələr barədə ətraflı məlumat verdi və qeyd etdi ki, dövlət başçısının, bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də həyata keçirdiyi siyasət müstəqil dövlətçiliyimizin inkişafına və gələcəyinə xidmət edir.
Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının, gənc istedadların hazırladıqları bayram konserti ilə üç saata yaxın davam etdi.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2011.- 2 iyun.- S. 7.