" Eurovision" yarışması: 56 illik musiqi bayramı

 

Avropada populyar musiqi yarışması olan "Eurovision" daim həyəcan, coşğu və sevinclə qarşılanır. Nəzərə alanda ki, finalda bir ölkə təmsilçisinin qalib olması ilə növbəti dəfə həmin ölkə yarışmaya ev sahibliyi edəcək, həyəcan ikiqat artır. Bu il Almaniyanın Düsseldorf şəhərində "Esprit Arena"da keçirilən "Eurovision" yarışması bizim üçün böyük sevinc və zəngin təəssüratlarla yadda qaldı. Azərbaycanın "Eurovision-2011" müsabiqəsi qalibi olub 2012-ci ildə yarışmaya ev sahibliyi etmək hüququ qazanması bütün Avropanı heyrətə gətirdi. Sözsüz ki, bu qalibiyyət Azərbaycan mədəniyyət tarixində çox mühüm hadisədir.

 

Bəs görəsən, təkcə Avropanın deyil, bütün dünyanın maraqla izlədiyi, bir çox istedadlı sənətçinin daha da tanınmasında mühüm rol oynayan "Eurovision" necə oldu, meydana gəldi? Əlli altıncı dəfə keçirilən, Azərbaycanın qalib gəldiyi yarışma indiyə kimi hansı maraqlı hadisələrlə yadda qalıb?

"Eurovision" yarışması Avropa Yayımları Birliyinin üzvü olan ölkələr arasında hər il keçirilən populyar musiqi yarışmasıdır. "Eurovision" yarışı italyan mahnı festivalı olan San Remonun sayəsində meydana gəlib. Bu layihəni çox sevən Marsel Beson Avropanı əldən salmış müharibədən sonrakı dövrdə bu yarışmanı xalqları birləşdirmək imkanına malik maraqlı layihə olaraq görürdü. Həqiqətən də, bu gün televiziya ilə birbaşa yayımlanan yarışmanı yüz milyonlarla tamaşaçı izləyir.

İlk dəfə olaraq müsabiqə 1956-cı ildə İsveçrədə keçirilib. Həmin il mayın 24-də Luqano şəhərində Kursaal teatrında keçirilən yarışmada İsveçrə ilə yanaşı, Böyük Britaniya, Almaniya, Hollandiya, Fransa, Lüksemburq və İtaliya iştirak edib. Yarışmaya ev sahibliyi etmiş İsveçrə isə Lys Assianın "Refrain" mahnısı ilə qalib olub. İlk müsabiqə kameraların studiyada olmasına baxmayaraq, daha çox radio proqramını xatırladırdı. Çünki Avropada hələ az insanda televizor vardı. Odur ki, dövrümüzə qədər ilk yarışmanın ancaq səs yazısı qorunub saxlanılıb.

1957-ci ildə İtaliya təmsilçisinin mahnısının 5 dəqiqədən artıq davam etməsi münsiflər heyətini mahnıların müddəti ilə bağlı qərar çıxarmağa məcbur edib. O dövrdən etibarən qaydaya görə təqdim olunan mahnıların müddəti 3 dəqiqədən artıq olmamalıdır. 1960-cı ildə ilk dəfə olaraq yarışmanın final mərhələsinin birbaşa efirdə tamaşaçılara təqdim edilməsi yarışın daha da kütləvi tamaşaçı auditoriyası qazanmasında mühüm rol oynadı.

1963-cü ildə Fransa yarışmanın təşkilindən imtina etdiyinə görə müsabiqə Londonda gerçəkləşdi. Həmin ilin ən yaddaqalan hadisəsi Danimarkanın qalib gəlməsi, Norveçin isə sıfır bal alması oldu. 1966-cı ildə müsabiqə qaydalarına edilən dəyişikliyə görə hər bir iştirakçı mahnını təmsil etdiyi ölkənin dövlət dilində ifa etməli idi.

1968-ci ildə birinci olmuş ispan müğənnisi Massielin "La La La" mahnısındakı təkrar ifadələr, bəlkə də, rekord göstərici sayıla bilər. Belə ki, mahnıda 138 dəfə "La" ifadəsi işlənib.

"Eurovision" tarixində ilk dəfə olaraq birdən-birə dörd ölkə təmsilçisi birincilik qazanıb. 1969-cu ildə İspaniyada keçirilmiş yarışda danimarkalı Lenni Kyur, Böyük Britaniyadan Lulu, Fransadan Fridoy Bokkar, İspaniyadan Salome qalibiyyəti bölüşdürmüşlər. 1970-ci ildə isə eyni vaxtda bir neçə təmsilçinin birincilik qazanmasına qadağa qoyulub. Əgər iki və ya daha çox ifaçı eyni miqdarda bal toplayardısa, qalibi müəyyənləşdirmək üçün mahnılarını yenidən ifa etməli idilər. 1973-cü ildə yarışma tarixində daha bir yenilik İsrailin müsabiqəyə qatılması oldu. Bu yarış həm də ifaçının mahnını istədiyi dildə ifa etmək seçimi ilə yadda qaldı. İsrail 1978-ci ildə "A-Ba-Ni-Bi" mahnısı ilə birincilik əldə etdi.

1974-cü ildə yarışmaya Yunanıstan, bir il sonra isə Türkiyə qoşuldu. 1985-ci ildə keçirilmiş yarışmada ilk dəfə olaraq müsabiqənin translyasiyası peyk vasitəsilə gerçəkləşdi. 1988-ci ildə Selin Dion "Ne partez pas sans moi" mahnısı ilə İsveçrəyə qələbə qazandırdı.

34-cü "Eurovision" həm də bəzi iştirakçıların azyaşlı olması ilə tarixdə qalıb. Belə ki, 1989-cu ildə 11 yaşlı Natali Pakın Fransanı, 12 yaşlı Qili Natanelin isə İsraili təmsil etməsi yeni qayda qəbul etmək zərurəti yaratdı. Bundan sonra yaşı 16-dan az olan yeniyetmələrin müsabiqədə iştirak etməməsi qərara alındı. Yarışmanın tarixində ən çox qalib gəlib gələrək ( yeddi dəfə) müsabiqəyə ev sahibliyi etmiş ölkə İrlandiyadır. Üstəlik, bu ölkə ardıcıl üç il-1992, 1993, 1994-cü illərdə belə sevinc yaşayıb.Yarışmanın ilk illərindən fəallıq göstərən Böyük Britaniya 52 yarışda 22 dəfə ilk üçlüyə düşüb, 5 dəfə birincilik qazanıb, 15 dəfə ikinci, 2 dəfə isə üçüncü pillədə qərarlaşıb.

"Eurovision" tarixinə nəzər yetirsək, görərik ki, Avropanın favorit ölkələri sırasında Böyük Britaniya, Fransa, Lüksemburq hərəyə 5 dəfə, İsveçrə və Hollandiya isə 4 dəfə qalib olub. Ancaq elə ölkələr də var ki, heç bir uğur qazanmayıb. Məsələn, Portuqaliya indiyə kimi bu yarışmada təmsil olunsa da, ən uğurlu çıxışı 1996-cı ildə 6-cı pilləyə yüksəlməsi olub.

Qaydalara görə, qaliblər səsverməyə əsasən müəyyən edilir. Əvvəlki illərdən fərqli olaraq, səsvermə həm hər ölkənin münsiflər heyəti və həm də tamaşaçıların rəyi əsasında reallaşır. Yarışma tarixində indiyə kimi ən çox tamaşaçı səsi (387 bal) toplayaraq qalib gəlmiş təmsilçi Aleksandr Rıbak olub. Ona qədər Finlandiya təmsilçisi "Lordi" ağır metal rok qrupu fərqləimişdi (221bal).

"Eurovision" yarışması həm də yeni istedadların üzə çıxması, populyarlıq qazanması, daha böyük səhnəyə addımlamaları deməkdir. Təsadüfi deyil ki, "ABBA" qrupu, Selin Dion, Toto Kotunyo, Al Bano və Romina Pauer, Rafael, Xulio İqlesias kimi dünyaca məşhur müğənnilər də bir vaxtlar "Eurovision"un səhnəsində oxuyub, tamaşaçı sevgisi qazanıb. Məşhur "Titanik" filminin soundtrakının ifaçısı, kanadalı müğənni Selin Dion 1988-ci ildə İsveçrəni təmsil edərək birincilik qazandıqdan sonra daha da məşhurlaşıb.

İndiki qaydalara görə, yaşı 16-dan az olmayan istedadlı şəxslər yarışmada iştirak edə bilərlər. Ancaq 1986-cı ildə keçirilmiş müsabiqənin qalibi Sandra Kimin "J'Aime La Vie" mahnısı ilə bu qələbəni Belçikaya gətirəndə cəmi 13 yaşı vardı. O, birinci olmaqla həm də yarışma tarixinə ən gənc qalib kimi düşüb. Bu vaxta qədər keçirilən yarışmalar həm də öz səhnə tərtibatına, məkanına görə bir-birindən fərqlənib. İndiyə kimi müsabiqənin keçirildiyi ən böyük futbol stadionu Danimarkanın Kopenhagen şəhərindədir. 2001-ci ildə stadionda yarışmanı 38 min tamaşaçı izləyib.

İrlandiya təmsilçisi Conni Loqan öz ölkəsini iki dəfə yarışmada qalib edib. 1980-ci ildə ilk dəfə "Eurovision" səhnəsində zirvələrə yüksələn müğənni ikinci dəfə 7 il sonra birincilik əldə edib. Ancaq yarışma tarixində ən passiv ölkələr də var. Belə ki, indiyə kimi Mərakeş cəmi bir dəfə-1980-ci ildə yarışmada iştirak edib.

Müsabiqədən öncə iştirakçı ölkələrin siyahısının müəyyən edilməsi üçün seçim proseduru gerçəkləşdirilir. Avropa Yayımları Birliyinin üzvləri - "Böyük dördlük" adlanan ölkələr - Almaniya, Böyük Britaniya, İspaniya və Fransa müsabiqə siyahısına avtomatik daxil edilir.

"Eurovision" artıq Avropa hüdudlarını çoxdan aşıb və ABŞ, Avstraliya, Cənubi Koreya, Hindistan, Yeni Zenlandiyada da yayımlanır. 2000-ci ildən etibarən isə yarışmanı telekanallardan yox, həm də internetdən izləmək mümkündür. 1993-cü ildən Şərqi Avropa ölkələri də yarışda iştirak edirlər. 1999-cu ildə qəbul edilən qaydaya görə, hər bir ölkə təmsilçisinə istənilən dildə mahnı oxumağa icazə verilib. Bu isə sözsüz ki, fərqli mədəni irsə malik xalqların öz musiqi və dil zənginliyini dünyaya təqdim etmək üçün yeni imkanlar yaradır.

Əlli yeddinci "Eurovision" musiqi yarışması gələn ilin may ayında Azərbaycanın paytaxtı Bakı şəhərində gerçəkləşəcək. Çox güman ki, bu müsabiqədə tarixdə maraqlı və unudulmaz məqamları ilə yadda qalacaq.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.-2 iyun.- S. 6.