Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi

 

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Zaman Azərbaycan gəncliyinə tariximizi dərindən öyrənmək və sabahımızı sırf milli mənafelər baxımından qurmaq üçün çox böyük şanslar vermişdir. Təxminən iyirmi il əvvələ qədər bu şansların heç biri mövcud deyildi. Öz milli tarixini öyrənmək istəyən gənc mütləq özgəsinin yazdığı tarixi oxumaq məcburiyyətində idi. Həmin mənbələr isə gah qərəzçilikdən, gah da təhrif olunmuş formada qələmə alınmışdı. Heydər Əliyev siyasi dühası nəticəsində qorunub əbədiləşdirilən dövlət müstəqilliyimizin bizə verdiyi ən böyük töhfələrdən biri də məhz öz tariximizi olduğu kimi öyrənmək imkanını əldə etməyimizdir. Son zamanlar ərsəyə gəlmiş yeddi cildlik "Azərbaycan tarixi" ilə yanaşı onlarla mükəmməl elmi və elmi-kütləvi kitablar gənclərin ixtiyarındadır. Bütün bunların hamısı dəyərli və son dərəcə gərəkli vasitələrdir. Ancaq milli tariximizi olduğu kimi öyrənmək üçün ən ümdə istiqamətlər məhz ulu öndər Heydər Əliyevin yeni əsrin astanasında dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyonluq azərbaycanlıya ünvanladığı tarixi müraciətdə göstərilmişdir.

 

Ulu öndərin yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti milli tariximizin xarakterizə edilməsi, mərhələlərə bölünməsi və xüsusən, öyrənilməsi baxımından xalqımızın mənəvi sərvətlər xəzinəsinə daxil olmuş nadir incilərdən biridir. "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adlı həmin müraciət təkcə dövrə verilən qiymət baxımından deyil, eləcə də indiki və gələcək nəsillərə xəbərdarlıq baxımından xüsusilə əhəmiyyətlidir. Həmin müraciətdə yurdumuz insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən, ən qədim insan məskənlərindən biri kimi qiymətləndirilir, Azərbaycanın Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkan kimi beynəlxalq əhəmiyyətindən söz açılır. Eyni zamanda qeyd edilir ki, XX əsr xalqımız üçün iki başlıca tarixi hadisə ilə əlamətdar olmuşdur. Ulu öndər əsrin əvvəlində yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin və əsrin sonunda əbədi bərqərar olmuş Müstəqil Azərbaycan Respublikasının bütün dünyada özünəməxsvs nüfuz, imic qazanmasını bir əsrin iki başlıca hadisəsi adlandırır.

XX əsrin Azərbaycan tarixini dörd əsas mərhələyə bölən ulu öndər qeyd edir ki, birinci mərhələ Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədərki dövrü əhatə edir. İkinci mərhələ isə cəmi iki ili - Azərbaycan Xalq Cümhuriyyəti dövrünü. Sonrakı iki dövr artıq məlumdur. 1920-ci ildən 1991-ci ilə qədərki dövr və müstəqilliyimizin bərpasından sonrakı illər. Tariximizin Heydər Əliyev dövrləşdirilməsini (mərhələlərə ayrılmasını) yada salmaqda məqsədimiz ikinci dövrün üstündə durmaqdır. Belə ki, heç iki ili də tamam almayan həmin dövrü - cəmi 23 aylıq cümhuriyyət dövrümüzü Heydər Əliyev kimi böyük tarixçi və siyasətçi olan bir şəxs xalq üçün, əsr üçün xüsusi dövr adlandırır. Bu, çox böyük qiymətləndirmədir və ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi önəmin göstəricisidir.

Ümummilli lider yazır: "Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir". AXC demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.

Bir məqamı xüsusilə qeyd edək ki, XX əsrin əvvəlində Azərbaycanın öz dövlət müstəqilliyinə qovuşması göydəndüşmə bir hadisə və ya bir-iki ilin ictimai-siyasi proseslərinin, azadlıq mübarizəsinin nəticəsi deyildi. Bu cümhuriyyətin ərsəyə gəlməsi xalqın yüz illərdən bəri formalaşmış arzu və istəklərinin nəticəsi idi. Bu cümhuriyyət tarixdə mövcud olmuş Azərbaycan dövlətlərinin varisi kimi əsrəyə gəlmişdi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi zamanın yaratdığı şansın nəticəsi idi. Belə ki, Birinci Dünya müharibəsinin gedişində "xalqlar həbsxanası" olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranmışdı. Üstəlik Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə malik olması ilə yanaşı müasir idarəçilik mədəniyyətinə də yiyələnmişdi. Xalqımızı müstəqil dövlət halında idarə edə biləcək görkəmli ziyalılar var idi. Məsələn, Rusiyanın Dövlət dumalarına seçilmiş azərbaycanlı deputatların hamısı milli azadlıq hərəkatının ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov və Yusif Cəfərov peşəkar hüquqşünaslar idilər. Məhəmməd ağa Şahtaxtinski isə Sarbonna Universitetinin dinləyicisi olmuş, Leypsiq Universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Məhz bu insanlar və adı çəkilməyən digər vətən, xalq fədailəri 1918-ci il mayın 28-də Tbilisidə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişdilər. Qəbul edilən bu sənəd bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda ən demokratik respublika idarə-üsulunun - parlamentli respublikanın yaradıldığını elan edirdi.

Beləliklə, bilavasitə Birinci Dünya müharibəsinin gedişində, eyni zamanda 300 illik Romanovlar sülaləsinin süqutu nəticəsində hədsiz dərəcədə mürəkkəb bir tarixi şəraitdə Azərbaycanda dövlətçilik ənənələri yenidən bərpa edildi. Bu fakt bir də onunla əlamətdar idi ki, bu dövlət sırf Avropa səviyyəsində siyasi kurs götürmüşdü. Bütün tarixçilərin yekdil rəyi belədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi strukturu böyük demokratiya ənənəsi olan Avropa dövlətlərinin heç birinin strukturundan geridə qalmırdı.

Ancaq o illərdə zaman tamamilə başqa idi və Azərbaycanın bədxahları həddən artıq güclü idilər. Ona görə də ilk müstəqil dövlətimiz tarixin ağır sınaqlarına və çoxqütblü siyasi təzyiqlərə tab gətirə bilmədi. Bununla belə Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsi və milli dövlətçiliyin bərpası ideyası xalqın ürəyindən heç zaman silinmədi. 1991-ci ilin oktyabrında əldə etdiyimiz ikinci dövlət müstəqilliyimiz də məhz həmin qətiyyətin və iradənin nəticəsi idi.

Tarixçilər qeyd edirlər ki, Azərbaycanın Sovet dövlətinin tərkibində yaşadığı 70 ildə xalqımızın azadlıq arzusunun, nə zamansa öz müstəqilliyinə qovuşacağı barədə inamın ən bariz nümunəsi ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində özünü göstərirdi. Yəni ulu öndər hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik edərkən üfüqdə gələcək dövlət müstəqilliyini görür, gənc müstəqil Azərbaycan dövləti üçün güclü iqtisadiyyat, elmi-texniki potensial, çoxsaylı ziyalılar ordusu, ən başlıcası isə minlərlə hərbçi mütəxəssislər hazırlayırdı.

Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən sonra yaranan mürəkkəb tarixi şəraitə də məhz Heydər Əliyev siyasi dühası aydınlıq gətirdi. Regiondakı ictimai-siyasi proseslər elə istiqamətdə gedirdi ki, Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirə bilərdi. Bu təhlükəni hiss edən ölkə ziyalıları ulu öndəri Naxçıvandan Bakıya dəvət etməklə xalqa nicat, milli dövlətçiliyimizə isə qurtuluş gətirmiş oldular. Ulu öndər gənc müstəqil Azərbaycan dövlətinə əbədilik qazandırdı, respublikamızın suverenliyinə dönməzlik xarakteri verdi.

Azərbaycan xalqı 2003-cü ilin payızında keçirilən prezident seçkilərində Heydər Əliyev siyasi kursunu dəstəkləməklə, əslində 1920-ci ildə üzləşdiyimiz böyük itkinin təkrarlanmaması üçün qətiyyət göstərmişdi. Xalq bilirdi ki, ölkəni idarə edə biləcək, müstəqilliyimizi əbədi edəcək yeganə siyasi yol Heydər Əliyev siyasi kursudur. Zaman sübut etdi ki, həmin seçkidə qətiyyət göstərən Azərbaycan xalqı nə qədər haqlı idi. Seçkidən əvvəl "Mən bütün Azərbaycanlıların Prezidenti olacağam! " - deyən Prezident İlham Əliyev, həqiqətən, hər bir soydaşımızın liderinə çevrildi. Ən başlıcası isə Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini yaşatdı, qüdrətli Azərbaycan dövləti yarandı və bütün dünyada nümunə kimi göstərilən demokratik, sivil vətəndaş cəmiyyəti formalaşdırıldı.

 

 

Vəfa ƏLİYEV,

filologiya elmləri namizədi,

ADMİU-nun dosenti

 

Xalq qəzeti.- 2011.- 2 iyun.- S. 4.