Sürətli
dinamik inkişaf Azərbaycanı regionda lider dövlətə
çevirir
Azərbaycanın son illər
qazandığı uğurlara diqqət yetirdikdə ölkəmizin
dünya miqyasında iqtisadi inkişaf baxımından ən
sürətlə inkişaf etməsi bir daha özünü
büruzə verir. Son yeddi ildə ölkə
iqtisadiyyatının üç dəfə artması, nəzərdə
tutulan bütün sosial proqramların uğurla icra edilməsi,
insanların yaşayış səviyyəsinin getdikcə
yüksəlməsi Azərbaycanın beynəlxalq aləmdəki
əlaqələrini daha da genişləndirib. Artıq ölkəmiz
dünya miqyasında özünə layiqli yer tutmuş, siyasi
cəhətdən müasir inkişaf yolunu seçmiş,
güclü milli ənənələr üzərində
müasir dünyəvi dövlət quruculuğu yolunda inamla
irəliləyir. Bölgələrdə dünya
standartlarına uyğun yeni müəssisələr
yaradılmış, minlərlə iş yeri
açılmışdır. Bütün bunlar xalqın gələcəyə
olan ümidini daha da artırmış, Prezidentin ətrafında
sıx birləşməyə stimul yaratmışdır.
"Rəy" Monitorinq Mərkəzinin bu yaxınlarda apardığı ictimai rəy sorğusunun nəticəsi xalqla Prezident arasında sıx vəhdət olduğundan xəbər verir. Rəyi soruşulanların 83 faizi Prezident İlham Əliyevi dəstəklədiyini və öz səsini ona verməyə hazır olduğunu bildirmişdir. Bu gün Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoymasında, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində dövlət başçısı ilə xalq arasında sıx vəhdətin olması da böyük rol oynayır. Birlik olan yerdə hər cür uğurlardan, müvəffəqiyyətlərdən, inkişafdan, davamlı sabitlikdən söhbət açmaq olar. Belə ölkələrə investisiya qoyuluşunda, iri şirkətlərin əməkdaşlığında problem yaranmır. Məlum olduğu kimi, investorların daha çox sərmayə qoyduqları ölkələr iqtisadi cəhətdən qüdrətli olur. Azərbaycan məhz belə ölkələrdəndir. Bunu faktlarla əsaslandırmaq istərdim. Son yeddi ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 3 dəfə, əmək haqları və pensiyalar 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 4,5 dəfə azalmış, ölkəmizə 82 milyard dollar həcmində sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır. Azərbaycanın şirkətləri indi xarici bazarlara çıxır, xarici ölkələrə sərmayə qoymağa başlayırlar. Dövlət başçımızın uğurlu daxili və xarici siyasəti sayəsində həyata keçirilən konkret layihələr Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı bölgəyə sülh və təhlükəsizlik gətirir, burada gedən bütün proseslərə müsbət təsir göstərir. O, ölkəyə sərmayə qoyulur ki, həmin ölkədə ilk növbədə davamlı ictimai-siyasi sabitlik yaradılır və dövlət başçısı ilə xalq arasında qarşılıqlı inam, qırılmaz vəhdət olur. Son yeddi ildə Azərbaycana 82 milyard dollar həcmində sərmayə qoyulması da bunun nəticəsidir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçımızın nitqində ölkəmizin bütün sahələr üzrə yüksəlişi konkret faktlarla diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, son yeddi ildə Azərbaycan sürətli iqtisadi inkişaf yolunda inamla irəliləmişdir. Bu müddət ərzində nəzərdə tutulmuş işlər müvəffəqiyyətlə həyata keçirilmişdir. Hətta 2009 və 2010-cu illərdə dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüsə də, inkişaf etmiş dövlətlərin iqtisadiyyatına güclü zərbə vurulsa da, iri şirkətlər iflasa uğrasa da, Azərbaycanda iqtisadiyyatın artımı 14 faiz olmuşdur.
Azərbaycanın inkişaf tempini qoruyub saxlaması iqtisadi strategiyanın düzgün müəyyənləşdirilməsinin nəticəsidir. Dünyada baş verən siyasi cərəyanlar, xüsusilə də neftin dünya bazarında kəskin şəkildə bahalaşması istər-istəməz inflyasiya risklərini də artırır. Lakin ölkəmizin bir neçə il əvvəl də aşkar hadisə ilə qarşılaşması qabaqlayıcı işlərin görülməsinə zəmin yaratmışdır. Antiinflyasiya tədbirlərinin gücləndirilməsində məqsədyönlü siyasətin həyata keçirilməsi bu sahədə özünü biruzə vermişdir. Biz 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına diqqət yetirdikdə də bunu açıq-aydın hiss edirik. Gəlin faktlara diqqət yetirək: cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 2 milyard 769 milyon manat və ya 118 faiz yerinə yetirilmişdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çox olmuşdur. Göründüyü kimi, 2011-ci ilin ilk rübü uğurlarla başa çatmışdır. Özü də ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çox. Demək, ölkəmiz iqtisadiyyatın inkişaf tempini qoruyub saxlamaqla yanaşı, həm də bir qədər də artırmışdır. Bu artım digər sahələrdə də özünü büruzə vermişdir. Məsələn, qeyri-neft sektorunda canlanma, irəliləyiş qeydə alınmışdır.
Təbii ki, bütün bunlar ölkəmizin valyuta ehtiyatının artmasına da öz təsirini göstərir. Hazırda valyuta ehtiyatımız 34,2 milyard dollara bərabərdir. Bu, Azərbaycanın iqtisadi və maliyyə gücünün göstəricisidir. İqtisadi strategiyanın düzgün müyyənləşdirilməsi, iri infrastruktur layihələrin reallaşdırılması valyuta ehtiyatımızın ilin sonuna qədər daha da artacağından xəbər verir. Bu, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılmasına öz müsbət təsirini göstərəcək. Birinci rübün yekunlarına görə ölkəmizdə orta aylıq əməkhaqqı 340 manat səviyyəsindədir.
2011-ci ilin dövlətlə icmal büdcələrinin gəlirlərinin hesablamalarında bir barrel xam neftin ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülmüşdür. Dünya neft bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan qiyməti xeyli müddətdir 80 faizdən artıq üstələyir. Bu, sözsüz ki, 2011-ci il büdcəsinə proqnozlaşdırıldığından daha çox gəlirin daxil olacağını şərtləndirir. Demək, 2011-ci ildə insanların həyat səvaiyyəsi daha da yüksələcək, yaşayış tərzi yaxşılaşacaq.
Azərbaycanda əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluq səviyyəsinin azaldılması dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir. Təbii ki, dövlət büdcəsinin əlavə gəlirləri hesabına ilk növbədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, əməəkhaqlarının artımı həyata keçiriləcək. Dövlət başçımız Bakıətrafı qəsəbələrdə, habelə rayonlarda əhali ilə görüşərkən bir daha vurğulamışdır ki, bu il pensiyalar, əmək haqları, sosial müavinətlər artırılacaq
Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bu məsələ xüsusi olaraq vurğulanmışdır. Bildirilmişdir ki, dövlət büdcəsinini artırılması büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqlarının artımına imkan verəcəkdir. Elm və təhsilin inkişafı, yetişən gənc nəslin beynəlxalq standartlara uyğun səviyyədə təhsil alması da dövlətimizin həyata keçirdiyi prioritet sahələrdəndir.
2011-ci ilin dövlət büdcəsinin artımı zamanı gənc nəslin aparıcı qüvvələrindən olan ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin də artırılması nəzərdə tutulur. Qeyd olundu ki, bütövlükdə sosial müdafiə tədbirləri təxminən 3 milyon nəfərdən çox şəxsə şamil ediləcəkdir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sözsüz ki, ölkəmizin iqtisadi qüdrətinin artmasından asılıdır. Biz artıq bunun şahidiyik. Bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə əhalinin 2011-ci il 1 fevral tarixinə qədər yığılıb qalmış 294,2 milyon manat məbləğində borcu silinmişdir.
Belə faktlar istənilən qədərdir. Ümumiyyətlə, son yeddi ildə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri cərgəsinə qoşmuşdur.
Respublikamızın şəhər və rayonlarında aparılan abadlıq, yenidənqurma işləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması əhalinin qarşılaşdığı problemlərin aradan qaldırılmasında böyük rol oynayır. Müasir tələblərə cavab verən yeni iş yerlərinin yaradılması xalq tərəfindən böyük razılıqla qarşılanır. Çünki əvvəllər iş axtarmaq üçün müxtəlif ölkələrə üz tutan gənclər indi elə yaşadıqları ərazilərdə yaradılmış müəssisələrdə çalışırlar. Son yeddi ildə 930 min nəfər işlə təmin olunmuşdur.
Mən deputat seçildiyim Cəlilabad rayonu demək olar ki, tanınmaz şəkildə dəyişib. Seçicilərimlə mütəmadi olaraq görüşür, onların problemləri ilə maraqlanıram. Artıq işsizlik problemindən şikayətlər eşidilmir. Buna görə dövlətimizin başçısına minnətdarlıq edən cəlilabadlılar onun ətrafında sıx birləşdiklərini bildirirlər. Seçicilərə bəllidir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının növbəti illər (2009-2013-cü illər) üçün qarşıya qoyduğu vəzifələr Cəlilabad rayonunda daha bir sıra tədbirlərin həyata keçirilməsinə stimul yaradacaq. Artıq bu proqramın icrasına başlanılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev bu proqramın icrası ilə regionlarda mövcud olan bütün problemlərin aradan qaldırılacağını bildirib. Ölkə başçısı deyib: "Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük və çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlər öz həllini tapmalıdır".
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qarşıya qoyduğu vəzifələrin icrası Cəlilabad rayonunun daha geniş şəkildə inkişafına böyük təsir göstərəcək. Çünki Dövlət Proqramında rayonun sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, ekologiya və təbii sərvətlərdən istifadə, yol təsərrüfatı və nəqliyyat, elektrik enerjisi, istilik və qaz təchizatı, su təchizatı və kanalizasiya xidmətləri, meliorasiya irriqasiya və digər sahələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Həmçinin rayonda səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması üçün konkret vəzifələr müəyyənləşdirilib. Bütün bunlar 2013-cü ilə kimi başa çatdırılacaq.
Azərbaycanın iqtisadi qüdrəti, gücü artdıqca regionlardakı problemlər aradan qaldırılır, əhalinin həyat səviyyəsi daha da yüksəlir. Mən seçicilərimlə görüşərkən onlar dövlət başçımızın gördüyü işləri yüksək qiymətləndirir, mövcud olan problemlərin aradan qaldırılacağına, yeni iş yerlərinin açılacağına, xidmət sahələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyacağına böyük ümid bəsləyirlər..
Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasındakı yekun nitqində qarşıda duran işlər, həyata keçiriləcək layihələr, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə əlaqədar nəzərdə tutulmuş proqramlar barədə məlumat verərkən cari ildə əhalinin həyat tərzinin getdikcə yaxşılaşacağı bəlli oldu. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə ölkə Prezidentinin tapşırıqları bu sahədə vəziyyətin getdikcə normal hala düşəcəyindən xəbər verir. Möhtərəm Prezidentimiz dedi: "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir. Bu siyasət davam etdiriləcəkdir. Bu, tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir. Bu mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır. Əlbəttə ki, inzibati tədbirlər gücləndirilməlidir, cəza tədbirləri bundan sonra da tətbiq olunacaqdır, ictimai nəzarət daha da güclü olmalıdır.
Mən həmişə insanlarla təmasda olan zaman müraciət edirəm ki, xoşagəlməz hallar haqqında məlumatlar versinlər. Azərbaycanda, ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır. İslahatların dərinləşməsi prosesi getməlidir. Bu da antikorrupsiya tədbirlərinin arasında mühüm əhəmiyyətə malik olan sahədir. Sağlam rəqabət təmin edilməlidir, Qeyri-sağlam rəqabət aradan qaldırılmalıdır. Bütün sahələrdə şəffaflıq təmin edilməlidir".
Qarşıda duran prioritet məsələlərdən biri yeni iş yerləri yaradılmasının, daxili əmək resurslarımızın müdafiəsidir. Baxmayaraq ki, son illərdə 950 mindən çox yeni iş yerləri yaradılıb, bu prosesin yenə də davam etdirilməsi qərara alınıb. Çünki Azərbaycan vətəndaşlarının işlə təmin olunması ən vacib məsələlərdəndir.
Sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılması, bu sahədə qarşıya çıxan süni əngəllərin aradan qaldırılması, sahibkarlara kreditlərin verilməsi dövlət başçımızın daim diqqət mərkəzində saxladığı sahələrdəndir. Çünki iqtisadiyyatımızın artımının, yeni iş yerlərinin yaradılmasının 80 faizi məhz sahibkarlıq fəaliyyətinin payına düşür. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilmiş kreditlər hesabına bölgələrdə dünya standartlarına uyğun yeni müəssisələr yaradılmışdır. Sahibkarlara kreditlərin verilməsi prosesi bu il də davam edəcək və bu hesaba yeni yaradılacaq iş yerlərinin sayı daha da çoxalacaq.
Nazirlər Kabinetinin yığıncağında diqqət çəkən məqamlardan biri də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdir. Belə məsələlərdən biri də 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyalarının artırılmasıdır. Dövlət başçısı qeyd etdi ki, bu sahədə müəyyən ədalətsizlik var. Çünki 2006-cı ildən sonra pensiyaların hesablanmasında yeni qaydalar tətbiq olunub. Bunun da nəticəsində 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük məbləğdə pensiya alırlar. Ona görə də bu ədalətsizlik aradan qaldırılmalıdır.
Ümumiyyətlə, bir çox mühüm əhəmiyyətli proqramların həyata keçirilməsi prioritet məsələ kimi qarşıya qoyulub. Ölkəmizin getdikcə artan iqtisadi qüdrəti bu vəzifələrin də layiqincə yerinə yetiriləcəyinə əminlik yaradır. Azərbaycan Prezidentinin məntiqli daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirib. Birinci rübün yekunları göstərdi ki, Azərbaycan iqtisadiyyatın inkişaf tempini qoruyub saxlayıb. Üstəlik, bütün sahələrdə artım qeydə alınıb. Bütün bunlar deməyə əsas verir ki, bu il nəzərdə tutulmuş proqramlar uğurla icra olunacaq, əhalinin həyat sıəviyyəsi daha da yaxşılaşacaq. Xalq bu uğurları, nailiyyətləri gördükcə dövlət başçısına olan inamı daha da artır. Bu inamı, bu birliyi və həmrəyliyi heç bir qüvvə poza bilməz.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2011.- 2 iyun.- S. 4.