Modernləşmənin və davamlı inkişafın fəlsəfi konsepsiyası

 

Azərbaycan dövlətçiliyi modelinin baza əsaslarının, eləcə də milli inkişaf konsepsiyasının formalaşması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı ərəfəsində müstəqilliyini yenicə əldə etmiş Azərbaycan daxildən siyasi böhranın məngənəsində çırpınırdı və bu da ölkənin parçalanması ilə nəticələnə bilərdi. Son dərəcə əlverişli mövqeyə və nəhəng enerji resurslarına malik olan Azərbaycan dünya dövlətləri, o cümlədən regional dövlətlər arasında nüfuz dairəsinin bölünməsi uğrunda mübarizədə geosiyasi oyunlar meydanına çevrilmişdi.

 

Üstəlik, bütün bunlar Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü, Azərbaycan ərazisinin 20 faizinin xarici qüvvələrin dəstəyi ilə erməni silahlı birləşmələri tərəfindən işğalı, münaqişə zonasından bir milyon qaçqının və məcburi köçkünün qovulması, iqtisadiyyatın tamamilə çökməsi, işsizliyin və kütləvi yoxsulluğun görünməmiş vüsət alması fonunda baş verirdi. Respublikanın siyasi və iqtisadi kollaps vəziyyətinə düşməsi labüd görünürdü. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkənin sürətlə uçuruma yuvarlanmasının qarşısını aldı. Azərbaycan siyasətinin patriarxı çox ağır bir şəraitdə, millətin bütün resurslarını qətiyyətlə səfərbər etmək yolu ilə yeni dövlət hakimiyyəti sxemini qura, Azərbaycanda ictimai həmrəyliyə və siyasi sabitliyə nail ola bildi.

Gənc dövlətin yeni ideologiyasının elmi-nəzəri əsaslarını təmin etməyə, yaxın on ildə Azərbaycan cəmiyyətinin inkişafının qanunauyğunluqlarını üzə çıxarmağa və inkişaf perspektivlərini müəyyənləşdirməyə qadir olan qeyri-adi düşüncəli mütəxəssis alimlərə məhz bu dövrdə ehtiyac yarandı.

Bu kontekstdə akademik Ramiz Mehdiyevin ölkəmizin tarixində ilk dəfə formalaşan Azərbaycan siyasətşünaslıq məktəbinin fəlsəfi-nəzəri aspektlərinin hazırlanması prosesinə rəhbərlik etməsi son dərəcə böyük rol oynadı.

Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda nəşr olunmuş fundamental elmi-fəlsəfi və siyasi əsərlərin - dövlət quruculuğuna, demokratik inkişaf modellərinə, milli ideya və ideologiyaya dair onlarca elmi monoqrafiyanın və yüzlərlə məqalənin müəllifi olan akademik Ramiz Mehdiyev müstəqil elm sahəsi kimi müasir Azərbaycan siyasətşünaslığının nəzəri əsaslarının təməlini qoymuşdur. Akademik Ramiz Mehdiyev həm də ölkəmizdə ictimai və humanitar elmlər sahəsində fəlsəfə, sosiologiya və siyasətşünaslıq elmlərini özündə birləşdirən yeni bir elmi məktəbin yaradıcısıdır. Ən aktual problemləri öz tədqiqat obyektinə çevirən bu məktəb zamanın sınağından keçərək günbəgün inkişaf edir, elmimizi zənginləşdirir. Üstəlik, Ramiz Mehdiyevin elmi-tədqiqat fəaliyyəti dərin fəlsəfi məzmunu və geniş mövzu əhatəsi ilə fərqlənir. Ötən əsrin 90-cı illərinin birinci yarısında ölkədə yaranmış son dərəcə mürəkkəb siyasi və sosial-iqtisadi şəraitin ilkin çağlarında milli dövlət quruculuğu prosesində yaxından iştirakı onun elmi fəaliyyətinə çox kömək etdi.

Ramiz Mehdiyevin "Azərbaycanın inkişaf dialektikası", "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi", "XXI əsrdə milli dövlətçilik: demokratik inkişaf və müxalifət", "Azərbaycan: qloballaşma dövrünün tələbləri: keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri", "2005-ci il parlament seçkiləri: ilkin təhlil", "Vətəndaş cəmiyyətinə yol açan ideyalar", "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə", "Demokratiya yolunda: irs haqqında düşünərkən", "Modernləşmə xətti yenə də gündəlikdədir", "Yeni siyasət: inkişafa doğru", "Azərbaycan - 2003-2008: zaman haqqında düşünərkən", "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" və bir sıra digər elmi əsərlərində yeni əsrdə Azərbaycanda gedən müasir ictimai-siyasi və sosial-iqtisadi proseslərdən irəli gələn əsas nəzəri müddəalar və nəticələr öz əksini tapmışdır. Dərin elmi təhlil ilə səciyyələnən bu əsərlər nəzəri ümumiləşdirmələrin tarixi ənənələr və müasir praktika ilə vəhdətdə araşdırılması, eyni zamanda, gələcək üçün istiqamətverici proqnozların müəyyən edilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.

Akademik Ramiz Mehdiyevin əsərləri qaldırılan problemlərin çoxşaxəliliyi və müzakirəyə çıxarılan ideyaların zənginliyi baxımından da olduqca qiymətlidir. Görkəmli alim yaradıcılığında bir çox problemin ilk dəfə təhlilinin əsasını qoymuş və yeni yanaşma tərzini ənənəyə çevirə bilmişdir. Təsadüfi deyil ki, ümumbəşəri mənəvi sərvətlər xəzinəsinə qiymətli əsərlər bəxş etmiş görkəmli filosof alimin vaxtaşırı işıq üzü görən dərin məzmunlu əsərləri, mətbuatda dərc olunan parlaq elmi məqalələri, bir qayda olaraq, böyük maraqla qarşılanır, geniş əks-səda tapır. Alimlər, filosoflar, siyasətçilər, politoloqlar, sosioloqlar, qələm sahibləri bu əsərlərdən dünyada və ölkədə gedən siyasi proseslərə, baş verən hadisələrə, qlobal dəyişikliklərə münasibətdə böyük alim-filosofun fikirlərini, çıxardığı nəticələri, verdiyi proqnozları öyrənir, onları müzakirə edirlər.

Ramiz Mehdiyevin böyük aktuallıq kəsb edən "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşdirmə xətti" adlı konseptual əsəri ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli hadisə oldu. Bu əsər Azərbaycanda modernləşmə və dayanıqlı inkişafın fəlsəfi konsepsiyası kimi də dəyərləndirilə bilər. Əsər Azərbaycanın seçdiyi inkişaf yolunun təməl prinsiplərinin müasir dövrün tələbləri baxımından elmi-nəzəri cəhətdən araşdırılmasına həsr olunmuşdur. Əsərdə Azərbaycan şəraitində iqtisadiyyatdan demokratiyaya, sabitlikdən modernləşməyə doğru tranzitin xüsusiyyətlərindən bəhs edilir, güclü dövlət, modernləşmiş iqtisadiyyat və azad vətəndaş cəmiyyəti quruculuğu yolunda qarşıdakı dövr üçün fəaliyyətin gündəliyinin ümumi mənzərəsi verilir.

Azərbaycanda müasir siyasi sistemin bərqərar olması prosesini səciyyələndirən Ramiz Mehdiyev haqlı olaraq vurğulayır ki, Azərbaycanın "zəif və geriləyən iqtisadi sistemli, durğun siyasi institusional quruluşlu, ictimai şüuru marginallaşdırılmış sosiumdan iqtisadi strukturun bazar sistemi üçün səciyyəvi olan yeni davranış normalarına və stereotiplərə, sabit siyasi sistemə və mərhələ-mərhələ formalaşan demokratik təsisatlara malik məkana gələcək transformasiyasının əsası məhz ötən əsrin 90-cı illərində qoyulmuşdur".

2003-cü ildə Azərbaycanın rəhbərliyinə İlham Əliyevin gəlişi isə ölkənin modernləşdirmə yolu ilə inkişafına, daha mükəmməl strukturlu effektiv dövlətçiliyin bərqərar olmasına təkan verdi, Azərbaycanın regional proseslərdə rəqabətədavamlılığını və buna müvafiq olaraq Cənubi Qafqazda qeyd-şərtsiz iqtisadi liderliyini təmin etdi.

İnkişafın yeni mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə elmin və təhsilin, qeyri-neft sektorunun modernləşməsinə, milli strategiyada yeni hədəflərin müəyyən edilməsinə, cəmiyyətdə mövcud olan resurs və potensialın bütün istiqamətlərdə reallaşdırılmasına yönəlmiş fəaliyyəti, imzalanmış sərəncamlar və həyata keçirilən dövlət proqramlarının miqyası adıçəkilən sahəyə dövlətin həssas münasibətinin bariz nümunəsidir.

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "məhz 2003-cü il milli transformasiyanın yeni mərhələsinin başlanğıcı oldu, səlis qurulmuş sabit iqtisadi sistemi inkişafda olan iqtisadi strukturun intensiv formalaşması məkanına yönəltdi. İlham Əliyevin prezidentliyinin əsas konsepti güclü iqtisadi bazanın formalaşdırılmasından ibarət idi. Bu da kütləvi şüurun və cəmiyyətin sosial-mədəni bazasının postindustrial dəyərlər və demokratik ənənələr məcrasına mərhələ-mərhələ transformasiyasına imkan yaratmalıdır. Bununla yanaşı, geostrateji və geoiqtisadi məsələlər kompleksini həll etmək, milli artımın sabitliyini və davamlılığını təmin etmək, ölkəni beynəlxalq münasibətlərin obyektinə deyil, subyektinə çevirmək lazım idi, çünki yeni dünya nizamını formalaşdıran ümumdünya transformasiyaları dövründə Azərbaycanın qlobal proseslərdə iştirakının təmin edilməsi son dərəcə zəruridir".

Ramiz Mehdiyev öz əsərlərində Azərbaycan cəmiyyətinin və ölkənin demokratik modernləşməyə, liberallaşmaya, milli ideyaya - azərbaycançılığa, cəmiyyətin intellektuallaşdırılmasına, fəal və çoxşaxəli diplomatiyaya, ölkənin müdafiə qabiliyyətinin artırılmasına, regional liderliyin təmin olunmasına əsaslanan müasir inkişafının əsas istiqamətlərinin fundamental prinsiplərini elmi cəhətdən əsaslandırmış və səlis ifadə etmişdir. Ramiz Mehdiyevin belə bir qənaəti tamamilə ədalətlidir ki, Azərbaycanın "bir tərəfdən güclü dövlət hakimiyyətini və hüquq qaydalarını, digər tərəfdən azadlığı və iqtisadi fəaliyyəti dəstəkləyən mühafizəkar-liberal sistemi tarazlığı saxlaya bildi. Məhz bu sistemdə prodövlət və dövlət başlanğıclarının, milli və universalçı elementlərin simbiozu əldə edildi. Liberalizm dinamik bir ruh verdi, mühafizəkarlıq isə bu ruhu radikal qəsdlərdən qorudu".

Azərbaycan üçün münasib olan neomühafizəkarlığın əsas prinsipi Ramiz Mehdiyev tərəfindən ifadə olunmuşdur: "Məhz milli hisslər, milli ənənələrə dərin bağlılıq - milli identikliyin, özgürlüyün bərpası və saxlanılması cəhdi, cəmiyyətin Qərbin və Şərqin tarixi nailiyyətlərinin zənginləşdirilməsi yolu ilə modernləşdirilməsi, güclü və müstəqil Azərbaycan yaratmağa qadir milli çoxluğun formalaşdırılması son səkkiz il ərzində həyata keçirilən möhkəm və uğurlu dövlət quruculuğunun rəhnidir. Neomühafizəkarlıq da elə budur".

Keçid dövründən sonrakı mərhələdə inkişaf xəttinin düzgün seçilməsi hər bir ölkə üçün çox mühümdür. Burada standart reseptlər olmadığına görə, ölkənin real gerçəkliklərindən çıxış edən konkret fəlsəfi tədqiqatlara daha çox ehtiyac duyulur. Bu baxımdan akademik Ramiz Mehdiyevin "Modernləşmə xətti yenə də gündəlikdədir" kitabı xüsusi aktuallıq kəsb edir. Müəllif müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı çətinlikləri xatırladaraq yazır ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı, onun gərgin fəaliyyəti həm ictimai-siyasi sabitliyin bərqərar olunmasında, həm də iqtisadiyyatda ciddi uğurlar qazanmağa imkan verdi.

Heydər Əliyev müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış strategiyasını da müəyyən etdi. Son illərdə isə Azərbaycan artıq regional liderə və beynəlxalq münasibətlərin etibarlı subyektinə çevrilmişdir. Hazırda həyata keçirilən siyasi və iqtisadi islahatlar bir qədər başqa çalar alır və ölkənin inkişafında artıq yeni mərhələ olacaqdır. Eyni zamanda, Azərbaycan dövləti iqtisadi yüksəlişlə yanaşı, açıq və demokratik cəmiyyət qurulmasını da inkişafın prioriteti kimi müəyyən etmişdir. Akademik Ramiz Mehdiyev xüsusi vurğulayır ki, bu, bizim strateji seçimimizdir, dövlət siyasətinin ən mühüm vektorudur. Demokratiya hər bir xalqın öz inkişafının strategiyası və yolunu müəyyən etməkdən ibarət olan suveren hüququdur. Qlobal transformasiyaların indiki mürəkkəb şəraitində Azərbaycanın daxili və xarici siyasəti modernləşmiş iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal ənənələri olan ölkə qurmaq istəyini nəzərdə tutur. Bu isə postindustrial cəmiyyətə, informasiya cəmiyyətinə aparan yoldur.

Belə bir mərhələdə isə yeni nəslin formalaşdırılması, nəsillərin dialoqu problemi qarşıya çıxır. Bununla əlaqədar müəllif yazır ki, Azərbaycanda gənclərin fəaliyyəti üçün zəruri mühitin formalaşdırılması, gənclərin inkişafının təmin edilməsi, asudə vaxtının və zəruri yaradıcılıq şəraitinin təşkili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilir.

Azərbaycanın müstəqillik qazanmasından 20 ilə yaxın bir dövr keçir. Qapalı sovet cəmiyyətinin siyasi sistemindən yeni quruluşa keçid dövrünün ilk illərinin çətinliklərini və dərin sarsıntılarını görməyən bütöv bir nəsil yetişmişdir. Bu nəslin təşəbbüskar, intellektual, yaradıcı və həqiqi vətənpərvər insanlar kimi formalaşdırılması ən başlıca vəzifələrdən biridir. Çünki kitabda vurğulandığı kimi, gələcəkdə ən mühüm və məsul qərarları məhz "üçüncü dalğa" nəsli qəbul edəcək və dövlətimizin, cəmiyyətimizin taleyi bu qərarlardan asılı olacaqdır. Buna görə də ölkə rəhbərliyi XXI əsrin əvvəlində dövlət siyasətinin strategiyasını formalaşdırarkən sabah Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə çevriləcək nəsil haqqında düşünür. Çünki qarşıdakı işlərin və layihələrin uğuru bu nəslin sabit, təhlükəsiz və firavan inkişafından asılıdır.

Akademik Ramiz Mehdiyev XXI əsrdə, qlobal dəyişikliklər və transformasiyalar şəraitində gənc nəslin qarşısında duran, onun həll etməli olduğu çox məsul məsələlərdən danışarkən aşağıdakı məqamları xüsusi vurğulayır: Azərbaycan cəmiyyətinin demokratikləşməsi prosesində fəal iştirak etmək; intellektual səviyyənin yüksəldilməsi; milli mənliyin, Azərbaycan xalqının ənənələrinin, dilinin, tarixinin, sosiomədəni fonunun qorunub saxlanmasına xüsusi əhəmiyyət vermək; Azərbaycan xalqının son bir əsrdə keçdiyi yolun mənasını yenidən dərk etməyə çalışaraq, milli tarix barədə daha tez-tez danışarkən millətin inkişaf strategiyasını müəyyən etmiş və bundan sonra da müəyyən edəcək məsələlərə xüsusi diqqətlə yanaşmaq; yeni menecerlər, idarəçilər, texnokratlar, dövlətçiliyin qorunub saxlanmasına, inkişaf strategiyasının səmərəliliyinə, təməli bu gün qoyulan modernləşmə ideyalarının həyata keçirilməsinin uğuruna, ölkənin gələcəyinə görə cavabdeh insanlar yetişdirmək.

Müəllif yazır ki, bütün bu məsələləri həll etməkdən ötrü cəmiyyətdə Azərbaycan xalqının mənafelərinə cavab verən və milli demokratik modelin yaradılması üçün kifayət qədər potensialı olan siyasi mədəniyyətin formalaşdırılması zəruridir. Milli siyasi mədəniyyət isə, onun fikrincə, suverenliyin qorunub saxlanmasını, inkişafın səmərəliliyini və dövlətçilik ideologiyasını təmin edəcək üç amilə əsaslanmalıdır: sistemin açıqlığı və şəffaflığı; cəmiyyətdə demokratiya inkişaf etdikcə, mərhələlər üzrə formalaşan liberal ideyalar; nəhayət, Azərbaycan sosiumunun modernləşməsinin əsas elementi kimi milli ideya.

Heydər Əliyevin işləyib hazırladığı azərbaycançılıq ideologiyası hazırda milli ideya kimi başqa bir keyfiyyətdə çıxış edir və o, həmişə Azərbaycanın yeni nəslinin mənəvi-əxlaqi və sosiomədəni obrazının əsası olmalıdır.

Ramiz Mehdiyevin bütün əsərlərindən qırmızı xətt kimi keçən mühüm tezis ondan ibarətdir ki, Azərbaycanda vətəndaş cəmiyyəti Qərb nümunələrini olduğu kimi tətbiq etməklə qurula bilməz və beynəlxalq aləmin əsas oyunçuları liberal demokratiyanın bu və ya digər modelini heç kəsə zorla qəbul etdirməməlidirlər. Görkəmli filosof haqlı olaraq qeyd edir ki, demokratiya - təfəkkür və davranış tərzidir, cəmiyyətin daxilində onun üzvləri arasında qarşılıqlı fəaliyyətin formasıdır. Ramiz Mehdiyevin fikrincə, bu baxımdan biz hələ yolun başlanğıcındayıq, "dərk edirik ki, siyasi məkanın daim yeniləşməsinə ehtiyac var və biz etiraf edirik ki, demokratik inkişafımızın daha mükəmməl və davamlı olması üçün daha da irəli getməliyik".

Zəmanəmizin təkamül demokratiyasının, suveren demokratiyanın bazis problemlərini tədqiq edən böyük filosof belə qənaətdədir ki, hansı məkanda qurulmasından asılı olmayaraq, demokratiya təkamül yolu ilə həyata keçirilməli və suveren olmalıdır. Belə demokratiya vətəndaş cəmiyyətinin kompleks və sabit inkişafına, cəmiyyətin səmərəli siyasi strukturunun formalaşmasına, rəqabət qabiliyyətli iqtisadiyyatın yaranmasına və regional proseslərin müsbət yöndə qurulmasına imkan verir. Müəllif bu konseptual yanaşmanı XXI əsrdə Azərbaycanın milli inkişaf strategiyasının əsas istiqaməti hesab edir.

Akademik Ramiz Mehdiyevin "Demokratiya yolunda: irs haqqında düşünərkən" adlı fundamental əsəri artıq dünyanın bir sıra tanınmış politoloqları üçün mötəbər mənbə hesab olunur. Bu dəyərli əsərdə müəllif demokratiyanın mahiyyətini və bəşəriyyətin xalq hakimiyyəti qurmağa daim göstərdiyi cəhdləri təhlil edir, qlobal transformasiyalarla əlaqədar Azərbaycanın inkişafının ictimai-siyasi perspektivlərinin futuroloji xülasəsini verir.

Demokratikləşmənin kökləri, "demokratik dalğalar", "narıncı" tranzitlər, postsovet dövlətlərinin inkişaf perspektivləri, habelə müxtəlif klientalist-sifarişli ssenarilərin həyata keçirilməsi vasitəsilə təkamül yolu ilə inkişafın trayektoriyasını dəyişdirmək cəhdləri əsas diqqət yetirilən mövzulardır. Kitabda müasir dünya nizamı araşdırılır, monomərkəzçiliyin mənfi nəticələri üzə çıxarılır, habelə Yeni Dünya Qaydasında Azərbaycanın yeri və rolu təhlil edilir.

Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: zaman haqqında düşünərkən" adlı fundamental tədqiqatı elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Müəllifin dərin elmi-analitik düşüncə tərzinin məhsulu olan bu əsərdə deyilir ki, ətrafımızda baş verən hadisələr dünyada müxtəlif cür şərh olunur, çünki hər xalq üçün tarixən formalaşmış özünəməxsus sosiomədəni yaddaş, mentalitet xasdır. Bu, ümumən qəbul olunmuş fikirdir. Hər bir xalqın öz dəyərlər ölçüsü, iyerarxiyası var və şəxsiyyət cəmiyyətdə baş verən hadisələri bunları əsas götürərək təhlil edir. Qlobal məsələləri qarşıya qoymaq və həll etməyi isə az-az adamlar bacarır və konkret xalqı, ölkəni və ya bəşəriyyəti yalnız onlar öz arxasınca apara bilərlər.

Gözlərimiz qarşısında dəyişən reallıqlardan söhbət açan akademik Ramiz Mehdiyev yazır ki, bu dəyişən reallıqların adekvat dərk edilməsi üçün zəruri olan yeni metodik novasiya - yaşanılan və gələcək "zamanın simvolu" rakursundan təhlili gündəmə gəlmişdir. XXI əsr nəinki qütblərin, ideologiyaların, sivilizasiyaların qarşı durduğu, həm də arxaik, ənənəvi, modern və postmodern dünyagörüşü və simvollarının üz-üzə gəldiyi zaman kimi səciyyələnir. Bu baxımdan, son beş il ərzində istər dünyada, istərsə də Azərbaycanda baş verən prosesləri düzgün qiymətləndirmək üçün onları "sürət" simvolu formatında təhlil etmək lazımdır. Beş il əvvəl ölkədə və dünyada vəziyyət o qədər də sadə deyildi. Lakin Prezident İlham Əliyev keçid dövrünün bütün çətinliklərini aradan qaldıraraq, dünyaya öz inkişaf modelini təqdim edərək, ölkəni iqtisadi yüksəlişin səviyyəsinə görə dünyanın lider dövlətləri arasına çıxarmışdır.

Kitab E.Tofflerin sözləri ilə açılır. O, yeni sivilizasiyanın gündəlik həyatımıza daxil olmasını görərək özü-özündən soruşur: bəlkə, biz də köhnəlmişik? Sonra yaşanan illər təhlil olunur. Bu dövr ərzində bir-birini əvəz edən hadisələr sosiumu kökündən dəyişmiş, ya azadlıq mehi, ya da totalitar rejim şəraitində yarımkölə həyatı gətirmişdir. Bütün bu transformasiyalarda cəmiyyətin dəyişməz vəzifəsi siyasi elitanın yaradılması olmuşdur. Ramiz Mehdiyev yazır ki, indiki mərhələdə qarşımızda duran vəzifə Azərbaycan dövlətçiliyinin perspektivli və səmərəli inkişafını, ayrılıqda götürülmüş hər bir şəxsiyyətin intellektual inkişafını və mənəvi-əxlaqi təşəkkülünü təcəssüm etdirəcək yeni bir dəyər oriyentirlərini təkamül yolu ilə irəlilətməkdən ibarətdir.

Demokratik inkişaf iqtisadi təkamüllə sıx bağlıdır. Azad vətəndaş ilk növbədə maddi və maliyyə baxımından azaddır, bu da ona siyasi azadlıq verir. Akademik Ramiz Mehdiyev yazır: "Vəzifəsi inkişaf strategiyasını və dövlətin gələcəyini müəyyən etməkdən ibarət olan "seçilmişlər zümrəsi"nin formalaşmasında yalnız hər cəhətdən azad vətəndaş mühüm, həlledici amil ola bilər. İnnovasiya təfəkkürünə malik olan istedadlı insanlar yalnız azad və müstəqil cəmiyyətdə mütərəqqi ideyalar verməyə, inkişafın strategiyasını yaratmağa, cəmiyyətin mənafelərini dövlətin mənafeləri ilə əlaqələndirməyə qadirdirlər".

Deməli, elita cəmiyyətin o hissəsidir ki, dövlətin inkişaf yollarının və mexanizmlərinin aşkar edilməsində ona həlledici rol ayrılır. Müəllif vurğulayır ki, "elita" dedikdə, "ölkənin bütün hakim orqanlarını, dövlət qərarları qəbul edən və onlara görə xalqın qarşısında şəxsi vətəndaş məsuliyyəti daşıyan insanları, habelə dövlət qulluqçusu olmayan, lakin öz hərəkətləri ilə ölkədəki sosial-siyasi, iqtisadi, mədəni və başqa proseslərə bu və ya digər şəkildə təsir göstərən insanları nəzərdə tutur".

Azərbaycanın dövlətçiliyin inkişafının yeni fazasına daxil olduğunu nəzərə alaraq, Ramiz Mehdiyev heç bir riskə yol vermədən, elitaların ehtiyatlı transformasiyası barədə düşünməyi tövsiyə edir. Bu gün islahatlar bir-birini tamamlamalı və Azərbaycan sosiumunun ümumi transformasiyası üçün stimul olmalıdır. Müəllif yazır ki, hər hansı dəyişiklik üç amilə - sabitliyin qorunub saxlanmasına, dövlətçiliyin möhkəmlənməsinə və ümumi rifaha xidmət etməlidir. Mentalitetdən bəhs edən müəllif tarixi nümunələr əsasında inandırıcı şəkildə sübut edir ki, mentalitet zamanın məhsuludur və o, bu və ya digər cəmiyyətlərdə baş verən dəyişikliklər nəticəsində transformasiya edə bilməz, ictimai tərəqqi üçün tormoz ola bilməz.

Beləliklə, müəllif Azərbaycan cəmiyyətinin gələcək inkişaf perspektivlərini müəyyən edərək, belə bir nəticəyə gəlir ki, elita problemi müasir Azərbaycanın sosial-siyasi modernləşməsinin həlledici amilidir.

Müstəqil Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, mövcud sosial-iqtisadi uğurların davamlılığının təmin edilməsi prosesində əsaslandırılmış elmi qənaətlərə geniş istinad olunmalıdır. Elmin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin həlli, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə alimlərin qarşısında ciddi vəzifələr kimi dayanır. Ölkənin modernləşdirilməsi və əsaslı transformasiyası kursu qarşıda duran sosial və siyasi dəyişikliklərin müvafiq nəzəri əsaslandırılmasına tələbat doğurur.

Akademik Ramiz Mehdiyev özünün bir çox əsərlərini həmin problemlərin tədqiqinə və həlli yollarının araşdırılmasına həsr etmişdir. Görkəmli alim-filosofun "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı ictimai həyatımızda geniş maraq doğuran proqram xarakterli əsəri bu mənada xüsusilə diqqəti çəkir. Konseptual elmi araşdırmaların, dərin müşahidələrin nəticəsi kimi ərsəyə gəlmiş əsərdə humanitariyanın ideya əsasları, ictimai şüura təsir edən səmərəli humanitar texnologiyalar, milli mədəni-mənəvi oriyentasiya məsələləri, əski ideologiya və milli məfkurə kimi ciddi problemlər qaldırılmış, ilk növbədə, humanitar və ictimai elmlərin qarşısında duran prioritet vəzifələr müəyyənləşdirilmişdir. Eyni zamanda, bu sahədə müşahidə olunan əsas nöqsanlar göstərilmiş, müvafiq elmi-tədqiqat institutlarının yeni dövr üçün vəzifələri diqqətə çəkilmiş, bununla da ölkənin intellektual elitası açıq fikir mübadiləsinə, müzakirələrə dəvət edilmişdir.

Əsərdəki tənqidi ruh ümumən xoşməramlı olub problemlərə, nöqsanlara səmimi narahatlıq ifadə edir, eyni zamanda vəziyyətdən çıxış yollarını göstərir. Əsər bu sahədə vəziyyətin dəyişməsi və dönüş yaradılması, dövlət başçısının yeni siyasi kursu üçün səciyyəvi olan prioritetlər sırasında ən vacibinin - intellektual-elmi potensialın səfərbər edilməsi yönündə elmi ictimaiyyətə ünvanlanan çağırışdır. Bu, eyni zamanda, XXI əsrdə dövlətçiliyin inkişafı üçün həmin sahədə mövcud olan problemlərin əsas istiqamətlərinin aşkar göstərildiyi konseptual sənəddir.

Yeni əsrdə dövlətin rəqabətədavamlı mövqeyini təmin edən siyasi təməl və uğurların təhlili zərurəti haqqında akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində yazır: "Biz ictimai və humanitar elmi qurumların strukturlarını müasir tələblərə uyğun təkmilləşdirməliyik. Hər bir qurum öz vəzifəsini və fəaliyyət dairəsini dəqiq müəyyən etməlidir. Dünya elminə inteqrasiya mərhələsində olduğumuz indiki vaxtda ictimai və humanitar elmlər sahəsində islahatların başlıca spesifikası müəyyənləşdirilməlidir. Bu elmlər hazırkı fazanın əsas xüsusiyyətlərini araşdırmalı və yeni ideyalar irəli sürməlidir".

İndi cəmiyyətimiz qarşısında, ilk növbədə, elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Akademik Ramiz Mehdiyev yazır: "Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir".

Yuxarıda deyilənləri yekunlaşdıraraq deyə bilərik ki, müasir Azərbaycan dövlətinin və cəmiyyətinin konseptual triumvirata - siyasi sabitliyə, iqtisadi inkişafa, demokratik modernləşməyə əsaslanan inkişaf modelləri milli siyasətşünaslıq elmində ilk dəfə görkəmli filosof, akademik Ramiz Mehdiyev tərəfindən nəzəri cəhətdən hazırlanmış və dəqiq ifadə olunmuşdur.

 

 

Kamal ADIGÖZƏLOV,

Bakı Dövlət Universitetinin doktorantı

 

Xalq qəzeti.- 2011.- 3 iyun.- S. 3.