Şuşa Humanitar Kollecinin hesabat konserti
Şuşa təhsil sistemi Azərbaycanın maarif və mədəniyyət tarixində böyük ənənələri
ilə həmişə seçilmişdir.
Bu məktəb milli təhsil və milli musiqi sisteminin
inkişafında böyük rol oynamış, ədəbi mühitə və
mədəniyyət tariximizə dəyərli töhfələr
vermiş, mütərəqqi
ziyalılar, istedadlı musiqiçilər nəslinin və milli kadrların yetişməsində,
mədəni-maarifçilik hərəkatının geniş vüsət qazanmasında təqdirəlayiq xidmətlər
göstərmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın
apardığı etnik təmizləmə siyasəti nəticəsində
qarabağlılar doğma yurd-yuvalarından didərgin
salınmış, silahlı erməni quldur dəstələri
tərəfindən işğal altına alınan
torpaqlarımızda, o cümlədən xalqımızın
iftixar mənbəyi qədim Şuşada iqtisadi və sosial
infrastruktur büsbütün
dağıdılmışdır. 1992-ci ildən təhsil
müəssisələrimiz müxtəlif ərazilərdə
məskunlaşmaq məcburiyyətində qalmışlar.
Bu təhsil
müəssisələrindən biri - çox böyük
tarixə malik, Qarabağ ətrafındakı rayonlar
üçün saysız kadrlar hazırlayan, görkəmli ədib,
musiqiçi, elm adamları ilə fəxr etməyə layiq
olan Şuşa Humanitar Kollecidir. Uzun və şərəfli
tarixi yol keçən kollec bu günlərdə Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü münasibəti ilə Filarmoniyada
möhtəşəm konsert təşkil etmişdir. Bu konsert
musiqisevərlər, rayon ictimaiyyəti, təhsil müəssisələri
üçün böyük bayrama çevrildi.
Həmin
gün Şuşa Humanitar Kolleci hesabat konserti ilə bir daha Təhsil
Nazirliyi, rayon rəhbərliyi, valideyn, pedaqoji kollektiv
qarşısında öz sözünü dedi. Konsertin olduqca
mütəşəkkil təşkil olunması
Şuşanın təhsil mühitinin intellektual səviyyəsini
göstərdi. Bu səviyyəni yaratmaq üçün
kollec rəhbərliyinin, musiqi şöbəsində
çalışan müəllimlərin zəhməti və
işgüzarlığı konsertin bütün tərtibatında
əks olundu. Azərbaycan Dövlət Xalq Çalğı
Alətləri Orkestrinin müşayiəti ilə peşəkar
ifaçılardan fərqlənməyən
hazırlıqları ilə dinləyicini valeh edən tələbələr
Hilalə Əliyeva, Nicat Həsənzadə öz texniki
imkanlarını ustalıqla nümayiş etdirə bildilər.
Orkestrin bədii rəhbəri respublikanın xalq artisti,
professor Ağaverdi Paşayev və dirijor İlahə xanım
Hüseynovanın böyük qayğı və diqqəti
konsertin mütəşəkkil təşkilində
böyük rol oynadı.
Şuşa
Humanitar Kollecinin tələbələrindən ibarət birləşmiş
xoru, ifa olunan mahnılar, konsertmeystr Solmaz Həyatovanın
qayğısı, xüsusilə "Koroğlu"
operasından "Çənlibel" xoru xatirələrdə
silinməz izlər yaratdı. M.Maqomayev və N.Xəzrinin
"Azərbaycan" mahnısının
ifaçıları H.Həmzəyev, R.Ağazadə, V.Hüseynov
qızlardan ibarət xorun müşayiəti, Mehparə
xanım Vəkilovanın dirijorluğu ilə öz
istedadlarını göstərə bildilər.
Bakı
şəhərində yerləşən orta-ixtisas təhsil
müəssisələrinin tələbələri musiqi gecəsinin
bayram konsertində ustalıqla çıxış etdilər.
Kollecin müdiri, istedadlı tarzən Rəsul
İsmayılovun bəstələdiyi "Nigaran
Şuşa" mahnısı Murad Əbdüləzimovun
ifasında hamını xəyalən Şuşaya,
Cıdır düzünə, İsa bulağına apardı.
Nigaran gözlü torpağın həsrəti musiqinin dili ilə
ürəkləri titrətdi.
Məktəbin
müəllimləri və tələbələri -
respublikanın əməkdar artisti Səbuhi İbayev, Elnur
Zeynalov, Ülviyyə Hüseynqızı, Murad Əbdüləzimov,
Fərahim Əsədov "Segah" muğamının
ifası ilə məşhur muğam usdadlarımızın vətəni
doğma Şuşanın musiqi dünyasına hər kəsi
dəvət etdilər.
Bu
konsert Şuşa Humanitar Kollecinin tələbə və
müəllimlərinin yalnız hesabatı deyildi. Dinləyicilər
bu tədbiri kollektivin bayram konserti kimi qəbul etdilər. Təşkilatçılıq,
yüksək səviyyədə ifaçılıq bir daha
göstərdi ki, görülmüş işlərə
kollecin direktoru Rəsul İsmayılovun böyük diqqəti
olmuşdur. Rəsul müəllimin və onun kollektivinin bir
arzusu var: "Ziyalılar və musiqiçilər şəhəri
kimi tanınmış Şuşanın pedaqoji kollektivi bu
torpağın mədəni mühitini qoruyub saxlamalı, gənc
nəsli vətənpərvər, bilikli, dünyagörüşlü
yetişdirməyin məsuliyyətini bilməli,
qayıdış gününə, ənənələrinə
uyğun təhsil və mədəniyyətimizi qoruyub
hazır saxlamalıdır".
Bütün
şuşalılar inanır ki, möhtərəm Prezident
İlham Əliyevin uzaqgörən siyasəti ilə doğma
torpaqlarımız işğaldan azad olunacaq. Şuşa
bütövlükdə bərpa ediləcək, məktəblərimizdə
təhsilimiz öz ənənlərimizə uyğun doğma
torpaqda davam etdiriləcək.
Vüsalə FƏTƏLİYEVA,
başçısının təhsil, səhiyyə
və
mədəniyyət məsələləri üzrə müavini
Xalq qəzeti.- 2011.- 3 iyun.- S. 7.