"Tütünə yox de!" adlı tibbi maarifləndirmə konfransı keçirilmişdir

 

Astara şəhərində yeni istifadəyə verilmiş "Gənclər evi"ndə Dünya Tütünlə Mübarizə Günü münasibətilə keçirilən tibbi maarifləndirmə konfransı rayon icra hakimiyyəti, Azərbaycan Tibb Assosiasiyası, "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyası və "Ailə həkimi" jurnalının informasiya dəstəyi ilə "Gənclərin sağlamlığı layihəsi" çərçivəsində təşkil edilmişdi. Tədbirdə rayonda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri, Astara Pedaqoji Kollecinin tələbələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etmişlər. Tədbirin əvvəlində iştirakçılar yeniyetmələrin siqaretin insan orqanizminə ziyanı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.

 

Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirin yüksək əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən 1988-ci ildən başlayaraq hər il mayın 31-i Dünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir.

Əsrimizdə tütün epidemiyası törətdiyi təhlükələrə görə qlobal miqyas almışdır. Tütün yeganə leqal istehlak malıdır ki, təyinatı üzrə ondan istifadə edənlərin təxminən yarısının həyatını məhv edir.

Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli qeyd etdi ki, layihə çərçivəsində ilk tibbi maarifləndirmə tədbiri Bakı şəhərində keçirilib və yerlərdə davam etdirilir. Hazırda dünyada təqribən 1 milyard kişinin, 250 milyon qadının siqaret çəkdiyini bildirən N.Səfərli 20-ci əsrdə tütün məhsullarının 100 milyon insanın ölümünə səbəb olduğunu, həmin vəziyyət davam edərsə, 21-ci əsrdə bu rəqəmin 1 milyarda çatacağını, siqaretçəkmənin insan ömrünü orta hesabla 15 il qısaltdığını, siqaretçəkənlərin yarıdan çoxunun tütünün törətdiyi xəstəliklər ucbatından həyatla vidalaşdığını diqqətə çatdırmışdır.

Layihənin əlaqələndiricisi Günay Səfərli, "İRƏLİ" Gənclər Birliyinin regionlar üzrə katibi Azər Abdullayev tədbirin önəmindən söhbət açaraq qeyd etdilər ki, əsas məqsəd gənclərə tütünün insan orqanizminə zərəri və siqaret çəkən şəxsin özü ilə bərabər digər insanların da sağlamlığına ziyan vurması haqqında vacib informasiya verməkdir.

Konfransda Azərbaycan Tibb Universitetinin müəllimi, tibb elmləri namizədi Nadir Zeynalov "Tütünün ürək-damar və cərrahi xəstəliklərin yaranmasında rolu", ATU-nun müəllimi, tibb elmləri namizədi Ceyhun İsmayılzadə "Tütünün ağciyər və onkoloji xəstəliklərin yaranmasında rolu", həkim-nefroloq Rüfət Əhədov "Passiv siqaretçəkməyin orqanizmə zərərli təsiri" mövzularında məruzə etdilər.

Tədbirdə siqaretin insan orqanizmində törətdiyi fəsadları əks etdirən video-çarx nümayiş etdirildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Konfransın sonunda "Tütünə yox de" devizi ilə keçirilmiş rəsm sərgisinin qaliblərinə Astara Rayon Gənclər və İdman idarəsinin diplomları və hədiyyələr təqdim edildi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 4 iyun.- S. 7.