Horadiz şəhəri
düşmənlə üz-üzə möhkəm
dayanıb
Beyləqandan çıxıb üzü
Horadizə tərəf uzanan asfalt yol geniş, bərəkətli
Qarabağ torpaqlarını iki yerə bölür. Əvvəllər
bu yolla Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana,
Laçına... gedərdik... İndi isə yolumuz Horadizədir.
O yerlər isə hələ də düşmən
tapdağı altındadır.
... Adama elə gəlir ki, şəhər bu yerlərə gələnləri qarşılamağa tələsir, onlara "xoş gəldin" deyir. Bəli, Horadiz az qala, günbəgün, saatbasaat genişlənir, tikilir, necə deyərlər, hər tərəfə addımlayır. Ən böyük yenilik isə şəhərin mərkəzi hissəsindədir. Girişdən başlanan bu prospektə xalqımızın böyük oğlu Heydər Əliyevin adı verilmişdir. Burada tağlı qapı tikilir, yeni səkilər salınır, ətraf abadlaşdırılır və yaşıllaşdırılır. Son aylar Horadiz şəhərində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Digər tərəfdən, yenidənqurma və abadlıq tədbirləri əvvəllər olduğu kimi, kampaniya xarakteri daşımır. İndi rayon əhalisi və qonaqlar tərəfindən böyük razılıq və dərin minnətdarlıqla qarşılanan həmin işlər ardıcıl və sistemli şəkildə aparılır.
Ulu öndərin adı verilmiş geniş prospektdə addımlayırıq. Hər iki tərəfdə yenilik, abadlıq, səliqə-sahman gözə çarpır. Müxtəlif təyinatlı ictimai və sosial binalar tikilir, yaşıllıq zolaqları salınır, işıqlandırma sistemi təzələnir, yollar abadlaşdırılır. Sözün düzü, qısa müddət ərzində başlanan və geniş vüsət alan tikinti-abadlıq və quruculuq tədbirləri qəlbimizdə xoş, unudulmaz duyğular oyatdı. Düşmənin cəmi ikiaddımlığında yerləşən bu şəhərin yeni növrağı qürur hissi yaratdı.
Yeri gəlmişkən, burada son aylar tikintisinə başlanılmış həmin obyektlərin bəzilərini bir daha yada salmaq istəyirəm: ulu öndər Heydər Əliyevin adını daşıyan prospekt və yeni park, Aqroservisin rayon filialı, soyuducu anbar kompleksi, avtovağzal kompleksi, təzə bazar və s.
Onu da əlavə edək ki, respublika Prezidenti İlham Əliyevin tapşırığı, Azərbaycan hökumətinin diqqəti nəticəsində yaxın vaxtlarda rayonda böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin layihələr həyata keçiriləndən sonra bir sıra vacib problemlər öz həllini tapacaqdır. Bu isə o deməkdir ki, şəhərin kanalizasiya, içməli su, istilik sistemi, elektrik təsərrüfatı, küçələrin, daxili yolların bərpası tam həyata keçiriləcəkdir.
İşğal dövrü yandırılmış 2 uşaq bağçasının, Arxüstü hissədə 8 illik məktəbin, kompyuterləşdirilmiş mərkəzi kitabxana və kollec üçün yeni binaların tikilməsi, poliklinikanın, 2№-li orta məktəbin əsaslı bərpası nəzərdə tutulmuşdur. Bura 100 çarpayılıq xəstəxana binasını, dünya standartlarına cavab verən rabitə sisteminin yenidən qurulmasını da əlavə edə bilərik.
Məcburi köçkünlərin Sosial İnkişaf Fondu rayonun Bala Bəhmənli, Araz Dilağarda, Araz Zərgar, Birinci Mahmudlu kəndlərinin daxili və kəndarası yollarının bərpası, ərazidə iri broyler fabrikinin tikilməsi, içməli su məqsədilə 6 yerdə artezian quyusunun vurması, Əhmədbəyli və Araz Dilağarda kəndlərində uşaq bağçaları tikilməsi ilə bağlı hazırlıq işləri aparır. Fond Araz Zərgar kənd məktəbinin binasında bərpa işləri görmək, yaşayış məntəqələrində köhnəlib sıradan çıxmış elektrik dirəklərinin və elektrik xətlərinin dəyişdirilməsi kimi mühüm əhəmiyyətli işlərin həyata keçirilməsində də yaxından kömək göstərəcəkdir. Bu yaxınlarda Babı kəndindəki XIII əsr Şeyx Babı türbəsinin bərpasına başlanılacaqdır. Əhmədalılar kəndindəki XIII əsr Arqalı türbəsinin də bərpa olunması planlaşdırılmışdır.
Son vaxtlar yerli iş adamlarından və sahibkarlardan yeni iş yerləri açmaq, abadlıq və gözəllik yaratmaq barədə təkliflər gəlir. Məsələn, Nəriman Əliyev Kərimbəyli kəndi yaxınlığında hər cür şəraiti olan "Ailəvi istirahət mərkəzi", Məcnun Mehdiyev Horadiz şəhərində uşaq istirahət guşəsi tikmək, Xaləddin Hüseynov isə geniş yaşıllıq zolaqları salmaq niyyətindədir. Gələcəkdə belə xeyirxah təşəbbüsləri daha da genişləndirmək və hər vasitə ilə müdafiə etmək nəzərdə tutulmuşdur.
May-iyun aylarında Horadizdə keçmiş taxıl məhsulları kombinatı yerləşən ərazidə dördulduzlu otelin, istirahət mərkəzinin, Dövlət Dram Teatrının tikintisinə başlanacaq.
Ölkə başçısı bu gün dövlət məmurları qarşısında korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməyi mühüm vəzifə kimi qoymuşdur. Füzuli Rayon İcra Hakimiyyəti bu məsələdə ciddi mövqe tutmuşdur. Belə ki, müvafiq sərəncamla rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin təmsil olunduqları komissiya yaradılmışdır. Baş verə biləcək hər cür neqativ halların, qaldırılan məsələlərin tezliklə araşdırılıb aradan qaldırılmasını təmin etmək məqsədilə qaynar xətlər yaradılmışdır. Rayon İcra Hakimiyyətinin 5-51-74 nömrəli qaynar xəttinə elə gün olmur ki, müraciətlər olunmasın. Hüquq-mühafizə orqanlarında, xidmət təşkilatlarında, idarə-müəssisələrdə də qaynar xətlər fəaliyyət göstərir.
Son vaxtlar Füzuli Rayon İcra Hakimiyyətinin, onun yerli strukturlarının fəaliyyətində operativlik, iş üslub və metodlarında, təşkilat-idarəetmə məsələlərində sistemli və ardıcıl münasibət, daha çox elmi yanaşma özünü aydın şəkildə göstərir. Bu isə uzun müddət adamları narazı salan, yersiz yazışmalara və dedi-qoduya səbəb olan məsələlərin operativ həllini təmin edir. Qəbul edilmiş qərarın, deyilmiş sözün müəyyən olunmuş vaxtda dəqiq icrası ilə müvafiq idarə, müəssisə və təşkilat rəşbərlərinin məsuliyyət hissini daha da artırmış, işə olan münasibəti əsaslı şəkildə dəyişmişdir.
Elə buradaca qeyd etmək yerinə düşər ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev təkcə son 2 ayda müxtəlif yaşayış məntəqələrində 15 səyyar qəbul keçirmişdir. Həmin qəbullarda 3770 rayon sakini iştirak etmişdir. Onu da deyək ki, qəbula gələnlərin heç də hamısı, necə deyərlər, narazı insanlar deyil. Belə ki, 460 təklif vermişlər ki, bunun da əksəriyyəti müsbət həll olunmuşdur.
Bəli, bu gün Füzulidə həyatın axarı gurdur. Ərazisinin 70 faizi hələ də düşmən tapdağı altında olmasına, düşmənlə üz-üzə dayanmasına, erməni tərəfinin demək olar ki, hər gün atəşkəs rejimini pozmasına, hücum və təxribat törətməsinə baxmayaraq füzulililər ayaqlarını doğulub böyüdükləri doğma torpaqlara daha möhkəm dirəyir, əkir-becərir, quruculuq və abadlıq işləri ilə məşğul olurlar. Rayonda sağlam mənəvi-psixoloji mühit formalaşmış, işgüzar və səfərbəredici şərait yaranmışdır. Ən başlıcası isə odur ki, sərhəd kəndlərində ağır vəziyyətdə yaşayan insanların vacib sosial problemləri daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il noyabr ayının 11-də Füzuliyə tarixi səfər etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, Olimpiya İdman Kompleksinin, Muğam və tibb mərkəzlərinin açılış mərasimlərində iştirak etmişdir. Ölkə rəhbərinin səfəri, verdiyi konkret tapşırıq və tövsiyələr işlərin gedişinə əsaslı təsir göstərmiş, adamlarda böyük ruh yüksəkliyi və qürur hissi doğurmuşdur. Bu görüşlər onları daha yaxşı işləməyə ruhlandırmış, hələ də işğal altında olan doğma torpaqlarımızın azad olunmasına inam və ümidi daha da artırmışdır.
Füzuliyə son səfərimiz zamanı gördüklərimizə, müşahidə etdiklərimizə əsasən qətiyyətlə deyə bilərik: indi Füzulidə quruculuq işləri daha sürətli və miqyaslıdır. Horadiz şəhəri gündən-günə böyüyür, abadlaşır, gözəlləşir. Adamlar gündəlik diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirir, onun qətiyyətli daxili və xarici siyasət xəttini ürəkdən bəyəndiklərini və müdafiə etdiklərini bəyan edirlər. Rayon sakinləri bu siyasətin Qarabağ torpaqlarının azad olunacağı ilə nəticələnəcəyinə möhkəm inanır, sabaha dərin inam və ümidlə baxırlar.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2011.- 4 iyun.- S. 6.