Abşeron təhsili: qayğılar çoxalsa da uğurlar artır, nəticələr sevindirir

 

Ötən ilə bir nəzər, yaxud yekunlar nə deyir

 

2009-2010-cu dərs ilində Abşeron rayonunda doqquzuncu siniflər üzrə buraxılış imtahanları müvafiq qaydalara və Təhsil Nazirliyinin əmrlərinə əsasən keçirilmişdir. Şagirdlərin ümumi sayı 2670 nəfər olmuş, onlardan 2232 nəfəri doqquzuncu sinfi bitirmək haqqında şəhadətnamə almış, 268 nəfəri isə payız imtahanlarına saxlanılmış, 21 nəfəri yay tapşırığı almış, 149 nəfəri təkrar sinifdə saxlanmışdır.

Keçən dərs ilinin sonunda on birinci sinifləri 1496 nəfər bitirmişdir. Onlardan 1441 nəfəri müsbət qiymətlər aldıqları üçün imtahanlara buraxılmış, 4 nəfər Təhsil Nazirliyinin əmri ilə buraxılış imtahanlarından azad edilmiş, 220 nəfər məktəblərin pedaqoji şuralarının qərarı ilə imtahanlara buraxılmamışdır. 1276 nəfər orta təhsil haqqında şəhadətnamə almışdır. Kafi qiymətlər almış 2 nəfər appelyasiya komissiyasına müraciət etmiş, iddialarını sübut edərək müsbət qiymətlər almışdır.

Rayon məktəblərinin böyük əksəriyyəti Təhsil Nazirliyi tərəfindən aparılmış imtahanlarda müsbət nəticələr göstərmişdir. Xırdalandakı 8 saylı, Masazırdakı 2 saylı orta məktəblərin 100 faizlik nailiyyətlərini xüsusi qeyd edən N.Ağayev 90 faizdən yuxarı nəticələr göstərmiş məktəblərin əksəriyyət təşkil etdiyini bildirdi. Orta təhsil kursu üzrə buraxılış imtahanlarında rayonun orta müvəffəqiyyət göstəricisi 89 faiz olmuşdur ki, bu da respublika göstəricisindən yuxarıdır. İmtahan nəticələrinin yaxşı olmasının əsas səbəbləri pedaqoji kollektivlərin şagirdlərə yüksək səviyyədə qayğı göstərməsi, rayon təhsil şöbəsinin imtahanlara hazırlığı yaxşı təşkil etməsidir. Elə bunun nəticəsidir ki, 2009-2010-cu dərs ilində məzunların ali məktəblərə qəbulu keçən dərs ilinə nisbətən yüksək olmuşdur. Ümumiyyətlə, 2006-cı ildə rayon məzunlarının 24 faizi, 2007-ci ildə 30 faizi, 2008-ci ildə 34 faizi, 2009-cu ildə 36 faizi ali məktəblərə daxil olub.

Keçən il ali məktəblərə qəbul üçün sənəd vermiş məzunların 38 faizi tələbə adını qazana bilmişdir. Bu göstərici bəzi məktəblərdə rayonun ümumi göstəricisindən yüksək olmuşdur. Belə məktəblərdən Xırdalan 6 saylı (53,3 faiz), Xırdalan 8 saylı (50 faiz), Xırdalan 2 saylı (44 faiz), Saray 2 saylı (46,1 faiz), Ceyranbatan 1 saylı (53 faiz), Pirəkəşkül (50 faiz), Güzdək (50 faiz) və digər məktəblərin adını çəkmək olar.

Qobu 2 saylı, Çaylı, Xırdalan 9 saylı, Fatmayı, Masazır 3 saylı, Məhəmmədi, Saray 1 saylı, Novxanı 2 saylı,Mehdiabad 3 saylı və digər məktəblər isə rayonun ümumi göstəricisindən aşağı nəticə göstərmişlər. Çaylı orta məktəbində təlim-tərbiyə məsələləri zəif təşkil olunduğundan məzunlardan bir nəfəri belə ali məktəblərə daxil ola bilməmişdir.

Keçən ilki qəbulda abituriyentlərdən 23 nəfəri 600-dən çox, 97 nəfəri isə 500-dən çox bal toplamışdır. Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Azər Həsənzadənin 675 bal , Xırdalan 5 saylı orta məktəbin məzunu Vüsal Hüseynovun 655 bal, Saray 2 saylı orta məktəbin məzunu Fatma Ələkbərovanın 651 bal topladığını xüsusi vurğulayan Təhsil Şöbəsinin müdiri Nadir Ağayev ümumilli lider Heydər Əliyevin bir fikrini misal çəkdi: "Təhsil sahəsi hamımızın ən gərəkli, ən mühüm sahəsidir. Bu gərəkli sahə zaman keçdikcə dövrün tələblərinə uyğun yeniləşməlidir".

- Rayon Təhsil Şöbəsi bu vacib fikirləri əldə rəhbər tutaraq bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Müəllimlər elmi-metodiki səviyyələrini yüksəltmək üçün müntəzəm olaraq ixtisasartırma kursuna göndərilmiş, məktəblərdə tədris fənləri üzrə dayaq məntəqələri yaradılmış, qabaqcıl müəllimlərdən "Öyrədənlərin öyrədənləri" proqramı üzrə hazırlıq kursları təşkil edilmişdir.

Təqdirəlayiq haldır ki, yeni proqramlarla dərsliklərin və metodiki vəsaitlərin hazırlanmasında rayonumuzun qabaqcıl müəllimləri də fəal iştirak etmiş, rəy və təkliflərini irəli sürmüşlər. Öz işlərini həmişə düzgün quran, müasir tələblər səviyyəsində dərs keçən müəllimlərdən Xırdalan şəhərindəki 1 saylı məktəbin biologiya müəllimi Sevil Kərimli, 5 saylı məktəbin tarix müəllimi Xuraman Nağıyeva, 6 saylı məktəbin kimya müəllimi Reyhan Cəbrayılova, 7 saylı məktəbin psixoloqu Xanım İsmayılova, Mehdiabaddakı 1 saylı məktəbin müəllimi Məlahət Behbudova, Saray qəsəbəsindəki 3 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xuraman Kərimova və başqalarını nümunə göstərmək olar. Xırdalandakı 2 saylı orta məktəbin ibtidai sinif müəllimi Nərgiz İsmayılovanın qabaqcıl iş təcrübəsi isə öyrənilmiş və ümumtəhsil məktəblərində yayılmışdır, - deyə Nadir müəllim bildirdi.

 

İstedad qayğı tələb edir

 

Rayonda istedadlı uşaqlarla iş məsələsi diqqət mərkəzində olan məsələlərdən biridir. Bu məqsədlə rayonda "Olimpiadaya hazırlıq mərkəzi" yaradılmışdır. Mərkəzə səriştəli və peşəkar müəllimlər cəlb edilmişdir. Görülmüş tədbirlər nəticəsində olimpiada iştirakçılarının sayı ilbəil artmış, 2009-2010-cu dərs ilində 460 nəfərə çatmışdır. Rayon turunun ikinci mərhələsində iştirak etmək üçün vəsiqə almış 62 iştirakçıdan 10 nəfəri respublika turunda iştirak etmək hüququ qazanmışdır. Olimpiadanın respublika turunda Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Xırdalan 9 saylı orta məktəbinin on birinci sinif şagirdi Nigar Məmmədli və Novxanı kənd 1 saylı orta məktəbin doqquzuncu sinif şagirdi Firuzə Mirzəyeva dördüncü yerə, Azərbaycan tarixi fənni üzrə Mehdiabad 1 saylı orta məktəbin doqquzuncu sinif şagirdi Tural Xələfli ikinci yerə, biologiya fənni üzrə Xırdalan 9 saylı orta məktəbinin on birinci sinif şagirdi Xədicə Balami qızı Dadaşova və 7 saylı məktəbin doqquzuncu "A" sinif şagirdi Fəranə Əmirova dördüncü yerə layiq görülüblər.

 

Yubiley tədbirləri ənənə halını alıb

 

Məktəblərdə keçirilən dahi insanların yubiley tədbirləri məktəblilərin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Bu, nəzərə alınaraq mütəmadi olaraq belə tədbirlər keçirilir. 2010-cu ilin aprel-may aylarında ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar rayonda məktəblərarası inşa, rəsm, şeir müsabiqələri, idman yarışları keçirilmişdir. Ümumilli liderin ad günləri rayonda və orta məktəblərdə bir qayda olaraq böyük təntənə ilə keçirilir. Bu il də belə rəngarəng tədbirlərlə yadda qaldı.

9 may 2010-cu ildə Xırdalan şəhərindəki Heydər Əliyev parkında keçirilmiş gül bayramı da məktəblilərin iştirakı ilə yüksək səviyyədə keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi bu bayram sərgisində təhsil müəssisələri şagirdlərinin əl işlərindən ibarət işlərə də baxış olmuşdur. Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov başqa tədbirlərdə olduğu kimi, bu tədbirdə də uşaqların əl işlərinə yüksək qiymət vermişdir. RİH başçısı iyunun 1-də Beynəlxalq Uşaq günü münasibətilə rayonun mədəniyyət sarayında keçirilən tədbirə də qatılmış, 450 uşağa müxtəlif hədiyyələr verilmişdir. Bu qəbildən olan tədbirlər şagirdlərdə Vətənə məhəbbət, milli və hərbi vətənpərvərlik tərbiyəsinin aşılanmasına öz müsbət təsirini göstərmişdir.

 

İdman sahəsində də uğurlar artır

 

Şagirdlərin asudə vaxtının səmərəli təşkili, fiziki hazırlığı da istər rayon rəhbərliyinin, istərsə də Təhsil Şöbəsinin diqqət mərkəzində dayanan məsələlərdəndir. Nadir müəllim qeyd etdi ki, rayon gənclərinin müxtəlif idman yarışlarında, ölkə və dünya çempionatlarında iştirakı məsələsinə həmişə qayğı ilə yanaşılır. Bunun nəticəsidir ki, 2009-2010-cu dərs ilinin yekunlarına görə, sərbəst güləş üzrə yeniyetmələrin ölkə birinciliyində rayonun 4 güləşçisi birinci yeri, 1 nəfər üçüncü yeri tutmuşdur.

2010-cu il yanvarın 14-17-də Bakı şəhərində keçirilmiş sərbəst güləş üzrə beynəlxalq turnirdə də rayon güləşçiləri fəal iştirak etmiş, Pərviz İbrahimov birinci yerə, Mircəlal Həsənzadə isə ikinci yerə layiq görülmüşdür. Rayonun yetirməsi Yaşar Əliyev keçən ilin martında Moskvada keçirilmiş dünya kuboku uğrunda yarışda ikinci yeri, Mircəlal Həsənzadə Polşada keçirilmiş Sinqapur olimpiadasının lisenziya yarışlarında ikinci yeri qazana bilmişdir. Güləşçilər bir sıra Avropa çempionatlarında da uğurlar əldə etmişlər.

Bütün bu nailiyyətlər sözsüz ki, rayon idman məktəbinin məşqçi və müəllimlərinin gərgin əməyinin nəticəsidir. Həmin məktəbin güləşçisi Roman Bəkirovun bu qələbələrin qazanılmasında böyük xidmətləri olmuşdur. O, rayon rəhbərliyi tərəfindən yüksək nailiyyətlərinə görə mənzillə mükafatlandırılmışdır.

Bədən tərbiyəsi və idman sahəsində rayonun ümumtəhsil məktəbləri də bir sıra uğurlar qazanmışdır. Məktəblilər öz güclərini stolüstü tennis, basketbol və dama yarışlarında sınamışlar.

Şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində də bir sıra yarışlar keçirilmişdir. Təhsil Şöbəsi hər il olduğu kimi keçən dərs ilində də "Cəsurlar" və "Şahin" hərbi idman oyunlarının rayon turunu keçirmişdir. Bu yarışlarda Qobu qəsəbə 1 saylı orta məktəbin komandası birinci yerə, Novxanı 1 saylı orta məktəbin komandası ikinci yerə, Xırdalan 8 saylı orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür. Ayrı-ayrı məktəblilər rayonlarında keçirilmiş bu və ya digər yarışlardan da müəyyən uğurlarla qayıtmışlar.

 

Məktəbəqədər tərbiyə müəssisələri də unudulmayıb

 

Təhsil prosesində məktəbəqədar tərbiyə işinin xüsusi rol oynadığını bildirən Nadir müəllimin sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş və 2007-2010-cu illəri əhatə edən "Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı" bu sahədəki təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması, ehtiyac olan yerlərdə yeni müəssisələrin inşası, uşaq bağçalarının əsaslı təmiri və müasir avadanlıqlarla təminatı kimi məsələlərin həllinə kömək etmişdir. Bu məqsədlə Abşeron Rayon Təhsil Şöbəsi də müvafiq planlaşdırma işləri aparmış və proqram hazırlamışdır.

Hazırda rayonda fəaliyyət göstərən 23 uşaq bağçası-körpələr evində ümumilikdə 1860 uşaq tərbiyə alır və onların təlim-tərbiyəsi ilə 213 nəfər pedaqoji işçi məşğul olur. Yeni dərs ilinə hazırlıq mərhələsində uşaq bağçalarında əsaslı və cari təmir işləri görülmüşdür. Hazırda Xırdalandakı 3 və 17 saylı, Saray qəsəbəsindəki 14 saylı uşaq bağçalarında əsaslı təmir işləri davam etdirilir. Bütün məktəbəqədər tərbiyə müəssisələrində "Payız", "Yeni il şənliyi", "Novruz bayramı", "Əlvida, bağça" və s. tədbirlər keçirilmişdir.

Rayon Təhsil Şöbəsi ölkə Prezidentinin "Valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" fərmanına uyğun olaraq bu qəbildən olan uşaqların övladlığa götürülməsi, ailələrdə yaşayıb tərbiyə olunması, onlar üçün daha səmərəli şərait yaradılması istiqamətində də bir sıra tədbirlər həyata keçirməkdədir. Rayonda 852 nəfər valideyn himayəsindən məhrum uşaq var. 22 uşaq şəhid ailəsindən olanlardır. Tam imkansız ailələrdən olan 2 uşaq dövlət təminatlı internat məktəblərinə göndərilmiş, 5 nəfər qəyyumluğa götürülmüş, 4 nəfər övladlığa, 8 nəfər isə himayəyə verilmişdir.

Qeyd edək ki, Abşeron Rayon Təhsil Şöbəsi rayonda təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, Təhsil Nazirliyi tərəfindən verilmiş hər bir əmr və sərəncamı lazımınca icra etmək üçün hər gün yorulmadan çalışır. Yeri gəlmişkən, Təhsil Şöbəsinin müdiri Prezident təqaüdü alan məzunların da adlarını qeyd etməyi xahiş etdi. Bildirdi ki, onlardan ikisi - Xırdalan 1 saylı orta məktəbin məzunu Aygün Məmmədova və Xırdalan 2 saylı orta məktəbin məzunu Nigar Əsgərli Azərbaycan Tibb Universitetində, bu məktəbin digər bir məzunu - Elvin Əbdürrəhmanov isə Bakı Dövlət Universitetində təhsil alırlar. Dinamik inkişafda olan bir rayonun pedaqoji kollektivinin rəhbəri kimi bu siyahının daha da uzun olmasını arzuladığını deyən Nadir müəllimin istəyinə biz də qoşuluruq və inanırıq ki, bu zəhmətkeş pedaqoji kollektiv qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcək...

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 4 iyun.- S. 6.