Gəncə, 4 iyun: On səkkiz il əvvəl
və indi
Adi bir
gün idi həmin gün. Günəşli, bir qədər sərin,
ara-sıra çiskin yağışlı gün. Amma illər,
aylar keçir, həmin gün yaddan çıxmır, xatirələrdə
ağır, müharibə qoxulu gün kimi qalır.
Çünki şəhər sakinləri həmin səhər
yuxudan top-tüfəng səsləri ilə durmuşdular və
ilk əvvəl ətrafda nə baş verdiyini
anlamamışdılar. Amma bir azdan...
Məlum
oldu ki, hökumət qoşunları şəhərdəki hərbi
hissəyə hücum ediblər və nəticədə
çox ciddi qarşıdurma yaranıb, ölən və
yaralananlar olub.
1993-cü
ilin 4 iyunu və ondan sonrakı günlərdə Gəncədə
və ətraf rayonlarda baş verənlər haqqında qəzetimizdə
çoxlu yazılar dərc olunub.
Müsahibimiz
Azərbaycan Müəllimlər İnstitutu Gəncə
filialının direktoru, fizika-riyaziyyat elmləri doktoru,
professor, respublikanın əməkdar müəllimi,
qabaqcıl təhsil işçisi, YAP Gəncə təşkilatı
sədrinin müavini Ramiz Məmmədovdur.
- Ramiz
müəllim, 4 iyunu necə xatırlayırsınız?
-
Düzünü bilmək istəsəniz heç o
günü xatırlamaq belə istəmirəm. O gün mənim
üçün təqvimə "qara gün" kimi daxil
olub. Amma nə edəsən, bu da bir tarixdir, xalqın taleyinə
yazılmış bir gündür.
Əslində,
belə bir günün tezliklə baş verəcəyini
gözləyirdik. Çünki AXC-Müsavat iqtidarı
ölkəni idarə edə bilmirdi. Səriştəsiz,
iddialı adamlar ölkənin taleyi üçün məsuliyyət
daşımırdılar.
İqtidar
qoşunlarının hücum etdiyi hərbi hissə
yaşayış binalarının sıx olduğu, nəqliyyatın
intensiv hərəkət etdiyi bir ərazidə yerləşir.
Səhərin gözü açılmamış ora tanklar,
BTR-lər yeritmək ağılsızlıq idi. Neçə-neçə
cavan, qoca, uşaq həlak oldu. Sonrakı günlərdə Gəncə
döyüş meydanını xatırladırdı. Hava
limanı, şəhərin digər tikililəri
dağıdılmşdı. Günün günorta
çağı əlində avtomat oynada-oynada gedənlərə
baxmaq adi hal almışdı...
- 4 iyun,
sonra 9 iyun, 13 iyun və 15 iyun gəlirdi...
- Bəli,
xalqımız, o cümlədən, biz gəncəlilər 4
iyunu nə qədər ağrılı, kədərlə
xatırlayırıqsa, adlarını çəkdiyiniz 9
iyunu, 13 iyunu və 15 iyunu bir o qədər sevinclə, fərəhlə
xatırlayırlar. Başqa cür ola da bilməz. Əslində
4 iyun vətəndaş müharibəsinin başlanğıcı
idi, qardaş qırğını başlamışdı,
şəhərlər, kəndlər viran olunurdu, adamlar evdən
bayıra çıxmağa qorxurdular, hərənin əlində
bir silah var idi. Müstəqilliyimizin taleyi şübhə
altında idi. Biz eşidirdik, bilirdik, mətbuatdan oxuyurduq ki,
Azərbaycanda gedən təhlükəli prosesləri diqqətlə
izləyən ulu öndərimiz Heydər Əliyev Vətənin
taleyi üçün hədsiz narahatlıq keçirirdi.
Üstəlik, ona çoxlu müraciətlər olur, köməyə
çağırırdılar. Mən özüm neçə-neçə
Gəncə ziyalısı, ağsaqqalı
tanıyırdım ki, Heydər Əliyevin Bakıya
qayıtmasını xahiş etmək üçün dəfələrlə
Naxçıvana getmişdilər. Təbii ki, belə bir
böyük şəxsiyyət xalqı ağır gündə
tək qoya bilməzdi. Ona görə də 1993-cü ilin
iyunun 9-da Bakıdan göndərilmiş xüsusi təyyarə
Heydər Əliyevi paytaxtımıza gətirdi. Əslində,
AXC-Müsavat iqtidarı ulu öndəri Bakıya dəvət
etmək haqqında hələ Gəncə hadisələrinin
ertəsi günü düşünməyə
başlamışdı. Bilirdilər ki, Heydər Əliyevin
Bakıya gəlib işə qarışmasa 4 iyunun əks-sədası
bütün ölkəni bürüyəcək və vətəndaş
müharibəsinin qarşısını almaq olmayacaq.
İqtidar Gəncə ilə bağlı ağılsız, səriştəsiz
hərəkət etdiyini başa düşmüşdü. Gəncə
hadisələrini araşdıran komissiyanın rəyində
yazılmışdı: "Şahidlərin məlumatında
və komissiya üzvlərinin müşahidələrinə əsasən
məlum olmuşdur ki, 4 iyun 1993-cü il tarixdə, səhər
saat 6 radələrində 130 nömrəli hərbi hissənin
ərazisindən istifadə etməklə 709 nömrəli hərbi
hissəyə tank, BMP, BTR və digər hərbi texnikalar vasitəsilə
geniş hücum təşkil edilmiş, tank
tırtılları altında kazarmada yuxuda olan əsgərlərdən
12 nəfəri əzilmiş və vəhşicəsinə məhv
edilmişdir. Eyni zamanda, həmin kazarma top, minamyot və
başqa silahlardan atəşə tutularaq tamamilə
yandırılmış və daş-kəsək altında əsgərlərin
cəsədləri qalmışdır. Komissiyanın məlumatına
görə, basqın zamanı 69 nəfər hərbi
qulluqçu və mülki şəxs
öldürülmüş, 150-dən çox əsgər və
zabit yaralanmışdı. Qarşı tərəfin cavab atəşi
nəticəsində Bakıdan və ətraf rayonlardan gətirilmiş
daxili qoşunların xüsusi təyinatlı dəstələri
tərksilah olunmuş, 1250 hərbi qulluqçu girov
götürülmüşdü.
İyunun
9-da xalq azacıq da olsa dərindən nəfəs aldı:
Heydər Əliyev gəlibsə, qardaş qırğnına
son qoyulacaq.
İyunun
13-ü gününü isə heç vaxt unutmayacağam.
Milli Məclisin iclasında Heydər Əliyevin bir qrup
jurnalistin müşayiəti ilə Gəncəyə yola
düşməsi xəbəri bütün şəhəri
ayağa qaldırmışdı. Gəncəlilər ulu
öndərin yolunu səbirsizliklə gözləyirdilər.
Şər
qarışana yaxın Heydər Əliyev şəhər icra
hakimiyyətinin qarşısındakı meydana gəldi. Əslində,
bu görüş əvvəlcədən nəzərdə
tutulmamışdı. Amma ulu öndər eşidəndə
ki, meydanda on minlərlə adam onun üzünü görmək,
səsini eşitmək istəyir, o zaman Heydər Əliyev
buraya gəldi. Həmin görüşü yada salanda indinin
özündə də həyəcanlanır, özümü
ələ ala bilmirəm. Çünki mən xalqın öz
liderinə olan məhəbbət və ehtiramının,
inamının, iftixarının, qürurunun şahidi idim.
Adamların üzünə baxırdım. Sevinc dolu göz
yaşları, ümidli baxışları necə unutmaq
olar?!
Beş il
sonra, 1998-ci ilin oktyabrın 7-də elə həmin meydanda Gəncə
seçiciləri ilə görüşən Heydər Əliyev
o günləri xatırlayaraq deyirdi: "Gəldim, ancaq öz
üzərimə vəzifə götürmədim. Bir həftə
mənimlə danışıqlar getdi. Burada qan
tökülmüşdü. Ona görə mən
bütün çətinliklərə baxmayaraq, o vaxt həyatımın
böyük təhlükə altında olduğunu görərək,
böyük riskə gedərək 1993-cü ilin iyun
ayının 13-də buraya, Gəncəyə, qardaş
qanı tökülən bu qədim diyara gəldim. Burada vəziyyətin
nə qədər gərgin olduğunu gördüm. Eyni
zamanda, gəncəlilərin mənə nə qədər dəstək
verdiyini görərək Bakıya dönüb iyun
ayının 15-də Ali Sovetin sədri vəzifəsini öz
üzərimə götürməyə razılıq verdim.
Məni Ali Sovetə sədr seçdilər".
-
Professor, o ağır günlərdən 18 il ötür. Gəncə
xeyli dəyişib, abadlaşıb. Ölkə Prezidenti
İlham Əliyevin yaxından qayğısı və köməyi
sayəsində şəhərdə bir sıra obyektlər
istifadəyə verilib. Son aylar isə Gəncə nəhəng
tikinti meydançasını xatırladır. Hara baxırsan
iş gedir, yollar, səkilər yenidən qurulur, qədim
binalar yeni həyata qaytarılır, infrastruktur yeniləşir
və sair. Bir şəhər sakini, ziyalı kimi on səkkiz
il əvvəlki iyunla, indiki iyunu necə müqayisə edərdiniz?
- İndi
şəhərdə aparılan işlərə baxıram və
Gəncənin yaxın gələcəkdəki vəziyyətini
gözlərim önünə gətirirəm. Bilirsiniz,
neçə qürur hissi keçirirəm?! Qədimliklə
müasirliyi özündə birləşdirən, yeniləşmiş,
öz libasını dəyişmiş Gəncə.
Şəhərin
elə bir sahəsi yoxdur ki, o unudulsun. Diqqətimi və məni
hədsiz sevindirən cəhətlərdən biri işlərin
həddindən artıq sürətlə aparılması və
yüksək keyfiyyətidir, müasirliyidir. Gəncədə
bu gün elə bir iş başlanıb ki, ona kənardan
laqeyd qalmaq olmur. Çalışırsan ki, sən də bir
işin qulpundan yapışasan. Çünki Gəncə elə-belə
şəhər deyil, qədim tarixi olan, Nizami, Məhsəti,
Bəndər, Cavadxan yetişdirən bir şəhərdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev şəhərimiz
haqqında görün necə gözəl deyib: "Gəncə
bizim qədim şəhərimizdir, Azərbaycanın tarixidir.
Müstəqil Azərbaycanın ikinci şəhəridir. Ona
görə Gəncəyə xüsusi diqqət, münasibət
olmalıdır. Abadlıq, quruculuq işlərini görəndə,
yolların salınmasını, camaatın əhval-ruhiyyəsinin
yüksəlməsini görəndə mən çox sevinirəm.
Mən istəyirəm ki, bu şəhər daha da gözəlləşsin,
abadlaşsın".
Ürəyimiz
dağa dönür. Ölkə başçısı Gəncəni
təkcə sözlə deyil, əməli işi ilə,
köməyi, qayğısı ilə sevdiyini sübut edir.
Lap bu yaxınlarda şəhərə əlavə olaraq 5
milyon manat vəsait ayırması da bunun əyani
sübutudür. Biz də gərək bu etimadı
doğruldaq, qayğıya əməli işimizlə cavab verək.
Gəncənin yeni rəhbərliyi şəhərin
Avropanın ən gözəl məkanlarından birinə
çevrilməsi üçün əlindən gələni
əsirgəmir.
- Ramiz
müəlim, qədim tarixi memarlıq obyektləri,
ayrı-ayrı inzibati, yaşayış binaları öz əvvəlki
görkəminə qaytarılır. Şəhərdə hara
baxırsan, binaların fəsadları yenidən qurulur,
milli-memarlıq elementləri daha qabarıq üzə
çıxarılır. Sizcə, şəhərdə belə
obyektlər çoxdurmu?
-
Bilirsiniz, əgər biz deyiriksə, şəhərimizin 2-3
mindən çox yaşı var, o zaman olanlarımızı
niyə göstərməyək, nümayiş etdirməyək.
Şəhərdə elə binalar var ki, yaşı 150-200 ildən
çoxdur. Yaşı 100-ü keçmiş binalar isə
daha çoxdur. Amma bu binaların yaşının qədim
olmasını sakinlərin çoxu bilmirdi. Çünki
binalar rekonstruksiya olunanda elə kökə salınıb ki,
onun dünən və ya 100-150 il bundan əvvəl tikildiyini
ayırd etmək mümkün deyildi. Dəqiq desəm, Gəncənin
milli memarlığına xas elementləri özündə
birləşdirən bina görünmürdü. Fasadı əcaib
rənglənən binanın boya qatı qaşındıqdan
və digər lazımi işlər görüldükdən
sonra bu binalara baxdıqca baxmaq istəyirsən. İsmət
Qayıbov küçəsindəki Gigiyena və Epidemiologiya
Mərkəzinin yerləşdiyi bina, M.Abbaszadə
küçəsindəki mərkəzi poçtun binası,
yaşayış binaları, hərbi komissarlığın
yerləşdiyi bina və digər onlarla qədim tarixi
memarlıq inciləri indi üzə çıxıb.
Ümumiyyətlə, sevindirici haldır ki, şəhər rəhbərliyi
Gəncənin qədimliyini, özünəməxsusluğunu,
milli-memarlığını konkret faktlarla üzə
çıxarır. Şəhər rəhbərliyi məsələ
qaldırıb ki, nə üçün 217 qədim
binası, 300-dən çox tarixi abidəsi olan Gəncə
ölkədə turizm mərkəzi kimi hələ də
lazımi ad qazana bilməyib. Vaxt vardı idi Gəncədə
turistlərə Göy-Göldən və butulkalı evdən
başqa heç nə göstərə bilmirdilər. Amma
indi bizim görün nə qədər gəzməli, görməli,
öyünməli obyektlərimiz var?
- Bəs
Nizami Gəncəvi?
- Nizami Gəncəvi
bizim qürur yerimizdir, başımızın tacıdır. Mən
inanıram ki, tezliklə dünyanın elə bir yeri qalmayacaq
ki, oradan durub gəlib Nizaminin məqbərəsini, onun
doğulduğu şəhəri ziyarət etməsinlər.
Hazırda Nizami ilə bağlı şəhərdə elə
irimiqyaslı bir iş gedir ki, onların təkcə
adlarını sadalamaq kifayətdir. Məqbərə və
onun ətrafı tamamilə yenidən qurulur, divarlara dahi
şairin əsərlərindən fraqmentlər həkk olunur,
yaşıllıqlar salınır, Nizami irsini öyrənən
və təbliğ edən mərkəz yaradılır, şəhərin
ən uzun, yəni 15 kilometrlik küçəsinə Nizami
adı verilir. Bu yaxınlarda Azərbaycan Milli Elmlər
Akademiyasının illik ümumi yığıncağında
Nizami mərkəzinin yaradılmasının vacibliyi ilə
bağlı qaldırılan məsələ
hamımızın ürəyindən xəbər
vermişdir. Cənab Prezidentimiz İlham Əliyev həmin
yığıncaqda dedi ki, "Nizami mərkəzinin
yaradılması ilə əlaqədar səslənən təkliflər
hesab edirəm ki, təqdirəlayiqdir. Heç kəsdə
şübhə yoxdur ki, Nizami Gəncəvi dahi Azərbaycan
şairidir. Bunu bütün dünya bilir".
- Deyəsən
Gəncənin ərazisi də böyüyür...
- Lap bu
yaxınlarda şəhərin ərazisi 9980 hektar idi. İndi
17 min hektara çatdırılır. Şəhərin
dörd yanında yeni tikililər, park və xiyabanlar, yollar
salınacaq, infrastruktur dəyişəcək. Əslində,
beynəlxalq standartlara görə şəhərlərdə
əhalinin sıxlığının normal olması
üçün adambaşına 18 kvadratmetr mənzil sahəsi
düşməli olduğu halda, Gəncədə bu göstərici
13,9 kvadratmetrdir. İndi 2015-ci ilədək bu rəqəmin
15,5 kvadratmetrə çatdırılması nəzərdə
tutulur ki, buna görə 1 milyon 990 min kvadratmetr
yaşayış binaları tikilməli, 2015-2030-cu illər
arasında isə daha 2 milyon 572 min kvadratmetr mənzil sahəsi
istifadəyə verilməlidir.
Biz bu yaxınlarda şəhər icra hakimiyyətində keçirilən müşavirədə iştirak etdik və Gəncənin yaxın gələcəkdə necə olacağı barədə çox sevindirici, fərəhli məlumatlar aldıq. Gəncə çayı ərazisində yeni parkın salınması, şəhərin giriş qapıları, Heydər Əliyev parkı, Heydər Əliyev Mərkəzi, yeni yollar, xiyabanlar, gənclərin istirahət guşələri və neçə-neçə bu kimi obyektlər...
- Ramiz müəllim, yenə qayıdaq on səkkiz il əvvələ. Məhz həmin 4 iyun günü və ondan sonrakı günlərdə siz ziyalılar, digər şəhər sakinləri nə düşünürdünüz? İnanırdınızmı, elə bir gün gələcək ki, Azərbaycan, o cümlədən qədim Nizami yurdu yenidən qısa zaman kəsiyində beləcə dəyişəcək, gözəlləşəcək?
- Səmimi deyirəm. Heydər Əliyevin Gəncənin baş meydanında nurlu, işıqlı, inamlı, qətiyyətli simasına baxdıqdan sonra əmin oldum ki, qara günlər arxadadır. Hərçənd hələ qarşıda bizi neçə-neçə çətin günlər gözləyirdi. Müxtəlif qətllər, terrorlar, terrora cəhdlər, digər qarşıdurmalar, daha nələr, nələr... Bunların hamısının qarşısı Heydər Əliyevin böyüklüyü nəticəsində alındı.
İndi mstəqilliyimizin 20-ci ildönümünü qeyd etməyə hazırlaşırıq. Bunun qiymətini bilməliyik, qoruyub saxlamalıyıq. Gəncənin hər bir sakini əldə olunanlara görə ulu öndər Heydər Əliyevə, son 8 ildə Gəncəyə 10 dəfədən çox səfər edən, ona daim köməklik göstərən cənab İlham Əliyevə minnətdardır. Bu diqqət, qayğı daim olub, indi də var.
Bu gün Gəncədə həyata keçirilən işlərə hamımız dəstək olmalıyıq. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüskarlığı, təşkilatçılığı, daim yenilik hissi ilə yaşaması, işgüzarlığı bizi də hədsiz ruhlandırır, qüvvəmizi səfərbər edir. Bilirik ki, görülən hər bir iş doğma Gəncəmizin tərəqqisi, inkişafı naminədir. On səkkiz il əvvəl topa-tüfəngə tutulan qədim Gəncəyə bu gün sığal çəkilir, o öz libasını dəyişir. Bundan böyük nə ola bilər?!
Söhbəti
yazdı: Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 4 iyun.- S. 5.