Narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir

 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın növbəti iclası keçirilmişdir.Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tədbiri giriş sözü ilə açmışdır.O bildirmişdir ki, sürətlə inkişaf edən müstəqil respublikamızda sağlam cəmiyyətin qorunub saxlanılması daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir.Tədbirin keçirilməsində məqsəd isə cəmiyyətdə narkomaniya probleminin müzakirəsibu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir.

 

Rayon icra hakimiyyəti başçısının müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Eldar Ağayev 2010-2011- ci illər ərzində görülən işlər haqqında məlumat vermişdir. O, bu ümumbəşəri bəla ilə mübarizə istiqamətində respublikamızda ciddi tədbirlərin görüldüyünü vurğulamışdır. Qeyd etmişdir ki, hələ 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Prezident İlham Əliyevin 2007-ci il 28 iyun tarixli sərəncamı ilə isə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.

İclasda Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Bəxtiyar Bayramov, Müasir Psixologiya Mərkəzinin psixoloqu Fuad Bayramov, Bakı İslam Universitetinin müəllimi Əli Şərbətov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Fidumə Hüseynova, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Araz Əliquliyev vurğulamışlar ki, narkomaniyaya qarşı mübarizə tədbirlərinin getdikcə gücləndirilməsinə baxmayaraq, bu problemin həll olunmaması böyük narahatlıq doğurur. Bildirmişlər ki, respublikamızda bu istiqamətdə müvafiq qanunvericilik bazası formalaşdırılmış, əlaqədar beynəlxalq konvensiyalar təsdiq olunmuş, dövlət qurumları tərəfindən lazımi işlər görülür. Lakin bütün bunlara baxmayaraq, narkomaniya təkcə müəyyən bir qrup insanın problemi deyil, bütün cəmiyyətin, hər birimizin problemidir və onunla mübarizə hamılıqla aparılmalıdır.

Tədbirin sonunda komissiya və rayon Gənclər və İdman İdarəsi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş "Narkomaniya bəlası əleyhinə" inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 4 iyun.- S. 5.