Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksək qiymətləndirilir

 

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkədə demokratik islahatların həyata keçirilməsi və dünya birliyinə inteqrasiya proseslərinə daha çox cəlb olunmaq istiqamətində bir sıra mötəbər qurumlar, habelə regional təşkilatlarla çoxtərəfli əlaqələr yaranmışdır.Ümummilli lider Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyindən - 1993-cü ilin iyunundan başlayaraq xarici siyasət xəttində Avroatlantik strukturlara və institutlara inteqrasiya xüsusi əhəmiyyət kəsb edirdi. Avropaya inteqrasiya Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətdə prioritet istiqamətə çevrilmiş və bu konteksdə nüfuzlu beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlığa başlanılmışdır.

 

Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi proqramlar çərçivəsində qurulmuş və müxtəlif sahələr üzrə - iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər istiqamətlərdə aparılır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də eyni zamanda ölkəmizdə siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını daha da artırmışdır.

Azərbaycanda uğurlu islahatların həyata keçirilməsi, demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, beynəlxalq konvensiyalara qoşulmaq, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirmiş, əlaqələrini genişləndirmişdir. Avropa İttifaqı ilə əməkdaşlığın daha geniş vüsət alması diqqəti xüsusi cəlb edir. Belə ki, 1996-cı il aprelin 22-də Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Saziş"i imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsi baxımından bu müqavilə böyük əhəmiyyət kəsb edir. Çünki bu saziş Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüquqi baza rolunu oynayır.

Avropa İttifaqı ilə Azərbaycan arasında energetika və nəqliyyat məsələləri üzrə ayrıca Alt Komitə də təsis edilmişdir. Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr təkcə bunlarla deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, eyni zamanda bölgədə sülhün və sabitliyin təmin olunmasına dair digər proqramlar çərçivəsində reallaşır. Cənubi Qafqazda mövcud olan münaqişələrin aradan qaldırılması, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, region dövlətləri arasında vahid əməkdaşlıq və təhlükəsizlik sisteminə inteqrasiya mühitinin yaradılması da Avropa İttifaqının əsas şərtlərindəndir.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini özünəməxsus müdrikliklə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi önəm verir. 2004-cü ilin mayında dövlət başçımızın Brüsselə səfəri zamanı Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində tamamilə yeni mərhələyə qədəm qoydu. Bu səfər çərçivəsində ölkəmizin Avropa İttifaqı ilə "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində genişmiqyaslı əməkdaşlığa dair razılaşmalar əldə edildi. Hazırda Avropa İttifaqının regionda həyata keçirdiyi "Yeni qonşuluq siyasəti" layihəsinin əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarətdir. Təbii ki, Cənubi Qafqaz ölkələri də bu məsələdə maraqlıdırlar və Avropa İttifaqı ilə ikitərəfli münasibətləri genişləndirməyə çalışırlar.

Azərbaycanın Avropada enerji təhküləsizliyinin təminatında böyük rol oynaması beynəlxalq aləmdə ölkəmizə olan marağı daha da artırdı. 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamaları böyük maraqla qarşılandı. Bununla da, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni perspektivlər açıldı.

Avropa İttifaqı Azərbaycanla əlaqələrinə xüsusi önəm vermiş, ölkəmizdə aparılan demokratik islahatları, iqtisadi inkişafı yüksək qiymətləndirmişdir. Bu ilin əvvəlində Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana səfəri zamanı "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalandı. Bununla yanaşı, "Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma Memorandumu"nun imzalanması ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Hazırda ölkəmiz Avropa İttifaqı ilə münasibətlərdə öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan ittifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır.

Qeyd edək ki, Avropa İttifaqı Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdən, həyata keçirilən demokratik islahatlardan, ölkəmizin iqtisadi, siyasi və mədəni həyatındakı inkişafdan məmnunluğunu ifadə edir. Biz Avropa Komissiyası və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin 26 may 2011-ci ildə "Qonşuluq paketi" adlanan illik hesabatında da bunun şahidi olduq. Buraya Avropa Qonşuluq Siyasətinin qiymətləndirilməsinə dair Azərbaycan da daxil olmaqla 12 ölkə üzrə hesabat, sektor hesabatı və "Şərq tərəfdaşlığı"na dair hesabat daxildir.

Sənədin ölkəmizlə bağlı hissəsində göstərilir ki, Azərbaycan 2010-cu ildə Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planının icrası üzrə müəyyən irəliləyiş (xüsusən, makroiqtisadi sabitlik və yoxsulluğa qarşı mübarizə ilə əlaqədar sahələrdə) əldə edib. Dünyanın üzləşdiyi qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan ili normal başa vurub. Energetika sektorunda müsbət irəliləyiş baş verib. Belə ki, 2011-ci ilin yanvarında "Cənubi qaz dəhlizinə dair Avropa İttifaqı-Azərbaycan Birgə Bəyannaməsi" imzalanıb.

Sənəddə qeyd olunur ki, mütəşəkkil cinayətkarlığa, terrorizmə, mülki dövriyyədən çıxarılmış əşyalarla qanunsuz ticarətə və insan alverinə qarşı mübarizə, həmçinin gender bərabərliyi sahələrində tərəqqi baş verib.

2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar ən yüksək səviyyədə davam edib və bir sıra məsələlərlə yanaşı əsirlərin qarşılıqlı dəyişdirilməsi ilə bağlı razılaşma əldə edilməsinə töhfə verilib. Həmçinin qeyd edilir ki, penitensiar sistemin infrastrukturunun və qanunların ümumi icrasının təkmilləşdirilməsi sahəsində müəyyən irəliləyiş baş verib. 2010-cu ilin noyabrında müvafiq şikayət verildikdən sonra 2,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş iki gənc fəal azad edilib.

Sənəddə bildirilir ki, 2010-cu il Prezident İlham Əliyev tərəfindən "Azərbaycanda ətraf mühitin qorunması ili" elan olunub. Bunun davamı kimi ekologiyanın bərpası məqsədilə 30 milyon ağac əkilməsi kampaniyasına başlanılıb. Eyni zamanda Su Ehtiyatlarının Kompleks İdarə Olunması üzrə Dövlət Komissiyası yaradılıb. Bununla yanaşı, qeyd olunur ki, Azərbaycan 2010-2012-ci illər üçün rabitə və informasiya texnologiyalarının inkişafına dair Dövlət Proqramı qəbul edib. Elektron hökumətin yaradılması üzrə fəaliyyət planının qəbul edilməsi də təqdir olunur.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 4 iyun.- S. 3.