Bakı şəhəri
qəsəbələrinin problemləri aradan
qaldırılır
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə Bakı şəhərinin daha da inkişaf etməsi
üçün hazırda bir sıra tədbirlər həyata
keçirilir.Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafı proqramı çərçivəsində
paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri
geniş vüsət alır, yol-nəqliyyat sisteminin əsaslı
təmiri və yenidən qurulması sürətlənir, əhalinin
kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi
istiqamətində tədbirlər həyata keçirilir. Nəticədə
Bakının, Bakıətrafı qəsəbə və kəndlərin
sosial-iqtisadi və mədəni siması getdikcə dəyişir,
qaza, suya, elektrik enerjisinə olan tələbatın ödənilməsi,
küçə və məhəllədaxili
işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın
fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin
- məktəblərin, uşaq bağçalarının, xəstəxanaların,
mədəniyyət evlərinin tikintisi və bərpası,
müasir avadanlıqla təchiz edilməsi ilə bağlı
işlərin həcmi artır.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirməklə bərabər, dövrün tələblərinə uyğun olaraq Bakı şəhərinin və paytaxt qəsəbələrinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün qarşıya yeni vəzifələr qoyaraq demişdir: " Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaqdır. Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcəkdir. Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə getsin".
Azərbaycan Prezidenti İlham Əliyev paytaxtətrafı qəsəbələrin inkişafına həmişə diqqət göstəriləcəyini vurğulamış, yol-nəqliyyat sistemində görülən işləri yüksək dəyərləndirmişdir: "Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsl mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu, mənim qəti fikrimdir. Əlbəttə ki, şəhər böyüyür, Azərbaycan əhalisi artır. Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun. Son illər ərzində şəhərimizdə bu məqsədlə genişmiqyaslı işlər aparılmışdır. Xüsusilə, yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. O tədbirlər vaxtlı-vaxtında görülmüşdür. Çünki əgər o tədbirlər görülməsəydi, bu gün Bakıda şəhər nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi..."
Onu da xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanışlıq üçün vaxtaşırı ayrı-ayrı yaşayış sahələrində olur, ictimaiyyətin nümayəndələri ilə görüşür.Belə görüşlərdən biri də paytaxtın Şüvəlan və Sabunçu qəsəbələrində olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə Xəzər rayonunun Şüvəlan qəsəbəsinə gəlmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Şüvəlan qəsəbəsinin sxemi əsasında həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə dövlətimizin başçısına məlumat vermişdir. Bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Azərbaycan Prezidentinin verdiyi tapşırıqlara uyğun olaraq paytaxtın digər kənd və qəsəbələrində olduğu kimi, Şüvəlanda da abadlıq və quruculuq tədbirlərinə başlanılmışdır. Qəsəbədaxili yollar əsaslı şəkildə yenidən qurulur. İndiyədək Şüvəlan qəsəbəsinin küçələrində 30 min kvadratmetr asfalt işləri aparılmış, piyada keçidləri və səkilər tamamilə yenidən qurulmuşdur.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinləri salamlayaraq demişdir: "Şüvəlan qəsəbəsində də işlər yaxşı gedir, yollar çəkilir, bütün infrastruktur yeniləşəcəkdir. Əminəm ki, qısa müddətdə Şüvəlanın bütün yolları gözəl olacaqdır. Bildiyiniz kimi, Bakıətrafı qəsəbələrin inkişafı Proqramı qəbul edilibdir. Çox böyük proqramdır və orada hər bir qəsəbə üçün xüsusi məsələlər nəzərdə tutulub, onlar öz həllini gözləyir. Beləliklə, hesab edirəm ki, iki ilyarım ərzində Bakıətrafı qəsəbələrdə bütün sosial və iqtisadi məsələlər həllini tapacaqdır. İndi biz birinci mərhələdə yolların çəkilişi ilə məşğuluq. Müvafiq göstərişlər verilib, vəsait ayrılıb və Şüvəlan qəsəbəsində də gözəl yollar çəkilir. Bununla bərabər bütün başqa məsələlər də öz həllini tapmalıdır. Bildiyiniz kimi, proqram mətbuatda dərc edilmişdir. Hər bir vətəndaş oxuya bilər proqramda nə vardır. Hər bir qəsəbə üzrə konkret layihələr nəzərdə tutulubdur. Şüvəlan qəsəbəsində də həllini gözləyən bütün məsələlər həll olunacaqdır. Xüsusilə yollar, qazlaşdırma ilə bağlı məsələlər daha da böyük həcmdə həll olunmalıdır. Qaz təchizatında işlər daha da yaxşı görülməlidir. Su və kanalizasiya məsələləri həll edilməlidir. Bilirəm ki, insanları ən çox narahat edən məsələ budur. Beləliklə, bütün başqa sosial məsələlər də həll olunmalıdır. Uşaq bağçaları, məktəblər təmir olunmalıdır. Yəni elə etməliyik ki, iki ilyarım ərzində Bakının bütün ətraf qəsəbələrində sosial və infrastruktur məsələləri öz həllini tapsın. Bu günə qədər müəyyən işlər görülmüşdür. O cümlədən Şüvəlan qəsəbəsində abadlıq, quruculuq işləri aparılmışdır, yeni binalar, məktəblər tikilmişdir. Ancaq hesab edirəm ki, icrasını gözləyən məsələlər tezliklə öz həllini tapmalıdır. Sizdən də xahişim ondan ibarətdir ki, bütün bu işlərə nəzarət edəsiniz və çatışmayan məsələlər haqqında məlumat verəsiniz"
Prezident İlham Əliyev daha sonra demişdir ki, biz elə etməliyik ki, ölkə qarşısında duran bütün vəzifələr öz həllini tapsın. Həm iqtisadi, həm sosial məsələlərin həlli ilə ciddi məşğuluq. Eyni zamanda, tarixi keçmişimizə, mədəniyyətimizə, dini abidələrin qorunmasına da böyük diqqət göstərilir. İndi ölkədə bütün dini abidələrimiz böyük zövqlə, böyük sevgi ilə təmir edilir, bərpa olunur. Bu, bizim mənəvi dayağımızdır. Biz elə etməliyik ki, ölkəmiz hərtərəfli inkişaf etsin. Biz çox möhkəm milli və tarixi təməl üzərində müasir dövlət qururuq. Əlbəttə, mədəniyyətlə bağlı bütün məsələlər də Azərbaycanda uğurla həll olunur...
Dövlət başçısı sakinlərlə görüşündə daha sonra bildirmişdir ki, biz ölkəmizi ona görə qururuq ki, Azərbaycan vətəndaşları rahat yaşasınlar. Yaşamaq, işləmək üçün bütün şərait olsun. Uşaqlar yaxşı məktəbə getsinlər, yaxşı tibb mərkəzləri yaradılsın, yollar yaxşı olsun. Bütün kommunal infrastruktur, idman qurğuları müasir tələblərə cavab versin. Bu bölgədə bu istiqamətdə əvvəlki dövrdə də işlər görülmüşdür. Burada stadion tikilibdir. Ondan sonra bu ərazilərdə idman kompleksi Şağanda açılıbdır. Mərdəkanda 26 saylı xəstəxana əsaslı təmir ediləcək və bütün bu qəsəbələrə xidmət göstərəcəkdir. Burada digər müasir obyektlər, ticarət obyektləri yaradılır. Bilirsiniz ki, bu bölgənin tarixi çox zəngindir. Şüvəlan, Mərdəkan qəsəbələri və ətraf qəsəbələr böyük tarixə malikdir. Biz bu qəsəbələrin inkişafına xüsusi diqqət göstərməliyik və burada yaşayan vətəndaşlar bütün lazımi infrastruktur imkanları ilə təmin edilməlidir. Məqsədim bundan ibarətdir.
Şüvəlan qəsəbəsində görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı Sabunçu qəsəbəsinə gəlmişdir. Xatırdadaq ki, bu il aprelin 27-də Prezident İlham Əliyev Sabunçu sakinləri ilə görüşərkən onlar dövlətimizin başçısından bu qəsəbədən Bakıxanov qəsəbəsinə və Heydər Əliyev prospektinə aeroport istiqamətində nəqliyyatın çıxışını təmin etmək üçün yeni yolun çəkilməsini xahiş etmişdilər. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu qəsəbəsindən Bakıxanov qəsəbəsinə və Heydər Əliyev prospektinə aeroport istiqamətində nəqliyyatın çıxışını təmin edəcək yeni yolun keçəcəyi ərazi ilə yerindəcə tanış olmuş və məsələnin həlli ilə bağlı müvafiq göstərişlərini vermişdi. Dövlətimizin başçısının tapşırıqları qısa vaxt ərzində və yüksək keyfiyyətlə həyata keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni yolun tikintisi barədə Prezidentə məlumat vermişdir. Bildirmişdir ki, min metr uzunluğu olan yeni yolda 12 min kvadratmetr asfalt işləri aparılmış, 4 min metr uzunluğunda səkilərə xaricdən gətirilmiş qranit döşənmişdir. Yağış sularının axıdılması üçün 500 metr uzunluğunda boru xətti çəkilmişdir. Yol boyu xaricdən gətirilmiş işıq dirəkləri quraşdırılmışdır. Yolun keçdiyi ərazidə məskunlaşmış 25 qaçqın ailəsi yeni mənzillərlə təmin edilmişdir. Yolun yatağı 2 metrdən 6 metrə qədər qaldırılmışdır. Yeni yolun istifadəyə verilməsi 40 min əhalisi olan Sabunçu qəsəbəsinin Bakıxanov, Qaraçuxur qəsəbələrinə, Əmircan və Bülbülə kəndlərinə, o cümlədən Heydər Əliyev prospektinə çıxışını tam təmin edəcək və məsafəni xeyli qısaldacaqdır.
Yeni yolla tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışdır.Dövlət başçısı bildirmişdir ki, bu yolun çəkilişi onu göstərir ki, mümkün olmayan şey yoxdur. Biz qısa müddət ərzində - bir ay keçmədən bu yolu yaratdıq. Özü də gözəl, keyfiyyətli yoldur və bütün qəsəbəyə rahatlıq verəcəkdir. Biz bunu tezliklə operativ şəkildə həll etdik. Müvafiq göstərişlər verilmişdi. Belə də olmalıdır. İnsanları narahat edən məsələ varsa, onu mən bilməliyəm və onu tezliklə həll etməliyəm. Bu yolun çəkilişindən sonra qəsəbəyə gəliş-gediş çox rahat olub. Yol gözəl, müasir səviyyədədir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sistemli,düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasəti, regionların və Bakıətrafı qəsəbələrin tərəqqisinə göstərdiyi qayğı ötən illərdə olduğu kimi, bundan sonra da davam etdiriləcək, ölkənin tarazlı inkişafını reallaşdıracaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 4 iyun.- S. 1.