Azərbaycanın ilk xanım bəstəkarı

 

Azərbaycanın ilk professional qadın bəstəkarlarından biri, görkəmli sənətkar, qayğıkeş pedaqoq, gözəl insan, əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin anadan olmasının 95 illiyi tamam olur. Ə.Hüseynzadənin dahi Üzeyir bəy Hacıbəylinin bəstəkarlıq məktəbinin qadın sənətkarları arasında xüsusi yeri vardır.

 

Ədilə Hacağa qızı Hüseynzadə 28 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. İçərişəhərdə boya-başa çatan Ədilə altı yaşından musiqi ilə məşğul olmağa başlamış, yeddiillik musiqi məktəbini bitirmişdir. Dəqiq elmlərə hədsiz marağı onu öncə N.Nərimanov adına Sənaye Texnikumuna, sonra isə Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) çəkib aparmışdır. Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran gənc xanım yüksək səviyyəli mühəndis-texnoloq peşəsinə yiyələnmişdir. Musiqiyə olan istəyi isə onu bir an belə tərk etməmişdir. Daim yüksək musiqi təhsili almaq barədə düşünmüşdür. İstedadlı gəncin Üzeyir bəy Hacıbəyli ilə təsadüfi tanışlığı onu bu arzusuna daha da yaxınlaşdırmışdır.

Ədilə xanımın xatirələrindən: "1936-cı ilin yayında atamın Şüvəlandakı bağında oturmuşduq. Birdən kiçik bacım təngnəfəs gəlib xəbər verdi ki, Üzeyir bəy bir neçə nəfərlə bizim evə tərəf gəlir. Hamımız cəld qapıya çıxdıq. Doğrudan da, Üzeyir bəy idi. Atam tez onu ehtiramla qarşıladı və bağa dəvət etdi. Üzeyir bəy Hacıbəyli bildirdi ki, yayda dincəlmək və yaradıcılıqla məşğul olmaq üçün sakit bağ axtarır. Bağımızın bir tərəfində qonaq-qara üçün ayrıca ev var idi. Atam oranı Ü.Hacıbəyliyə göstərdi. Üzeyir bəy də evi çox bəyəndi. Böyük sənətkar nə qədər israr etsə də, atam onunla pul söhbəti aparmadı. Beləliklə, 1936-cı ilin yay aylarında Üzeyir bəy Hacıbəyli ailəsi ilə bərabər bizim bağda istirahət etdi və özünün məşhur "Koroğlu" operasının dördüncü pərdəsini də orada yazdı. Elə həmin yay Üzeyir bəy Şüvəlan bağlarına elektrik xətti çəkdirdi. Ona qədər bağlarda sakinlər lampa işığından istifadə edirdilər."

Qarşıdan isə dəhşətli 1937-ci il gəlirdi. Hüseynzadələr ailəsini İran pasportları olduğu üçün Xəzərin o tayına sürgün etdilər. Ədilə xanım ailəli və iki övladı olduğu üçün sürgündən azad edildi. Lakin ata-anasından,bacı-qardaşından ayrı düşdü. Üzeyir bəy Ədilə xanıma əsl atalıq qayğısı göstərdi. Ona çətinlikləri dəf etməkdə yardımçı oldu. Ədilə Hüseynzadə çox götür-qoydan sonra, 1942-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının yaradıcısı və rektoru olan Ü.Hacıbəylinin yanına gəlib bildirdi: "Üzeyir əmi, mən musiqiçi olmaq istəyirəm. Hiss edirəm ki, yaxşı səsim var". Komissiya toplandı və Ədilə xanımın səsini dinlədilər. Məlum oldu ki, doğrudan da, Ə. Hüseynzadənin gözəl metso soprano səsi var. Elə o gündən onu konservatoriyanın vokal şöbəsinə qəbul edirlər.

Bir il orada oxuduqdan sonra Ədilə xanım bəstəkar olmaq arzusuna düşür. Ə. Hüseynzadə o günləri belə xatırlayırdı: "Bir gün Üzeyir bəy Hacıbəylinin yanında bəstəboy, qarayanız bir qız gördüm, onunla maraqlandım. Dedilər ki, Ağabacı Rzayevadır. Üzeyir bəydən bəstəkarlıq dərsləri alır. Əvvəl təəccüb etdim. Qızdan da bəstəkar olar ? - deyə düşündüm. Sonra özümü bu sahədə sınamaq qərarına gəldim. Gedib evdə jurnalları, kitabları qarşıma tökərək, şeir axtarmağa başladım və İsmayıl Soltanın "Yadigar" şeirini tapdım. İkinci Dünya müharibəsi artıq başlamışdı. Bu şeir də elə müharibəyə həsr olunmuşdu. "Yadigar" məni çox tutdu və ona bir musiqi bəstələdim. Bu romansı sevimli müəllimimə göstərdikdə onu çox bəyəndiyini söylədi. Elə o gündən də məni bəstəkarlıq şöbəsinə keçirdi".

Bu, 1943-cü il idi. Ədilə xanım həftədə dörd dəfə Üzeyir bəydən dərs alırdı. İki dəfə kompozisiya fənnindən, iki dəfə də Azərbaycan xalq musiqisinin əsaslarından. Beləliklə, Ədilə yolunu seçdi. Üzeyir bəy Hacıbəylinin xeyir-duası ilə Ə.Hüseynzadə bu sənətin sirlərinə layiqincə yiyələndi. Hələ tələbəlik dövründə Ədilə xanım Ü.Hacıbəylinin təşəbbüsü ilə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə "Vəslin həvəsi" romansını bəstələmişdi. Üzeyir bəyin yüksək qiymətləndirdiyi romansın ilk ifaçısı isə böyük Bülbül olmuşdu. Bu əsər o qədər melodik, lirikdir ki, bugünə kimi sevilərək ifa edilir.

Ədilə xanım hər dəfə Üzeyir bəydən, onun xeyirxahlığından, atalıq qayğısından danışanda kövrəlirdi, gözləri yaşla dolurdu. O, Üzeyir bəyi sənət peyğəmbəri adlandırırdı. 1948-ci ildə Üzeyir bəy Hacıbəyli vəfat etdikdən sonra Ə.Hüseynzadəni Boris Zeydmanın sinfinə keçirmişdilər. 1953-cü ildə o, Azərbaycan Dövlət Konservatoriyasını müvəffəqiyyətlə bitirmişdi. Onu dərs demək üçün Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə göndərmişdilər. 33 il - 1953-cü ildən 1986-cı ilə qədər Ə.Hüseynzadə bu məktəbdə kompozisiyanın əsasları fənnini tədris etmişdir. Çoxlu istedadlı bəstəkarlar, musiqişünaslar yetişdirmişdir. Onun tələbələrindən Müslüm Maqomayev, Sevda İbrahimova, Firəngiz Əlizadə, Elnarə Dadaşova, Azad Zahid və başqaları artıq çoxdan tanınmış sənətkarlardırlar. Zümrüd Dadaşzadə, Lalə Hüseynova və başqa musiqişünaslar da sevimli müəllimlərinin xatirəsini həmişə əziz tutur. Ədilə Hüseynzadə həm pedaqoq, həm də bəstəkar kimi yorulmadan fəaliyyət göstərmişdir. İstedadlı bəstəkar musiqinin müxtəlif janrlarında bir-birindən gözəl əsərlər yazmışdır. Onun Səməd Vurğunun sözlərinə bəstələdiyi xor və simfonik orkestr üçün "Gözəl vətən", Tofiq Mütəllibovun şeirinə yazdığı "Sülhün səsi" kantataları, pambıq ustası Bəsti Bağırovaya həsr etdiyi simfonik poeması, "Oğlumun babasına" balladası, dördhissəli simli kvarteti, violonçel və fortepiano üçün sonatinası, xor və kamera-instrumental əsərləri 1944-cü ildə Tbilisidə keçirilən "Zaqafqaziya baharı" dekadasında, Moskvada və başqa şəhərlərdə ifa edilərək çox yüksək qiymətləndirilmiş, Bəstəkarlar İttifaqının plenumlarında mütəxəssislərin müsbət rəyini qazanmışdır. Ədilə Hüseynzadə müxtəlif janrlarda əsərlər yazsa da, onun vokal musiqisi sahəsindəki nailiyyətləri daha böyükdür. O, romans və mahnılar müəllifi kimi professional sənətdə iz qoymuşdur. Ədilə xanım peşəkar ifaçı olaraq vokalın xüsusiyyətlərini dərindən bildiyi üçün hər romansın, mahnının incəliklərinə varmağı bacarırdı. O, öz fəaliyyətində həm klassik, həm də müasir şairlərin poeziyasına müraciət etmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, Natəvanın, Puşkinin şeirlərinə musiqilər yazmışdır. S.Vurğunun, B.Vahabzadənin, N.Xəzrinin, R.Rzanın, N.Rəfibəylinin də poeziyasına gözəl romans və mahnılar bəstələmişdir. "Bülbül", "Qarayazı meşəsində", " Bir səs", "Yaşamaq", "Gəlsən ölərəm" və başqa əsərlər bu gün də sənətçilərimiz tərəfindən həvəslə səsləndirilir.

Ədilə Hüseynzadənin yaradıcılığında müstəsna yer tutan R.Rza və N.Rəfibəylinin şeirlərinə yazdığı "Duyğular" vokal silsiləsi musiqimizin ən dəyərli incilərindəndir. Bədii ədəbiyyatı, poeziyanı dərindən bildiyi üçün Ədilə xanım şeirləri sərraf bacarığı ilə seçirdi. Bəstəkarın əsərlərində musiqi ilə poeziya vəhdət təşkil edir və bir-birini yüksək səviyyədə tamamlayır.

Ə.Hüseynzadə görkəmli vokal ustası kimi də mədəniyyətimizə layiqli töhfəsini vermişdir. Yəqin, çoxları bilmir ki, Üzeyir bəy Hacıbəylinin dünya şöhrəti qazanmış "Arşın mal alan" operettası əsasında 1945-ci ildə ekranlaşdırılmış eyniadlı filmdə Ədilə xanım Üzeyir bəyin təklifi ilə Asyanın vokal partiyasını səsləndirmişdir. Ədilə xanım xatırlayırdı: "Mənə dedilər ki, filmin musiqi redaktoru olan dirijor Niyazi ilə işləmək çox çətindir. Sənə əziyyət verəcək, get-gələ salacaq. Lakin mən getdim, Asiyanın partiyasını oxuyan kimi Niyazi bəyəndi və ilk dəfədən də səs lentə alındı".

Ə.Hüseynzadə istər bəstəkarlıq, istər müəllimlik, istərsə də həyatda Ü.Hacıbəylini özünə örnək sayırdı. Ədilə xanım özü də çox həssas, incə qəlbli insan idi. Hamının sevincinə, kədərinə şərik çıxırdı. İnsanların xoşbəxtliyini öz xoşbətliyi kimi qəbul edirdi. Ədilə xanım Hüseynzadə nurlu bir şəxsiyyət və istedadlı sənətkar kimi insanların qəlbində yaşayır.

 

 

Səadət QARABAĞLI,

üzeyirbəyşünas

 

Xalq qəzeti.- 2011.- 5 iyun.- S. 7.