Söz dünyasının işığında

 

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru, filologiya elmləri doktoru Nüşabə Araslı, f ilologiya üzrə fəlsəfə doktorları, aparıcı-elmi işçilər - Asif Rüstəmli, Xədicə İsgəndərli, Leyli Əliyeva, Qürbət Mirzəzadə, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının müəllimi, şair Vaqif Aslan, AzTV-nin əməkdaşı Azər Rüstəmli və mən - 8 nəfərlik heyət səhər tezdən Bakıdan Urmiyaya yola düşdük.

 

Bir neçə saatlıq yoldan sonra bir anda sərhəd bizi Azərbaycandan ayırıb İrana qovuşdurdu. Biləsuvar, Ağdaş, Meşkin... və buradan başı qarlı Savalan görünür. Savalanın füsunkar gözəlliyi bizi elə sehrləyir ki, Əhmədabadı nə vaxt keçdiyimizi hiss etmirik. Dağlar qoynunda yerləşən bu şəhərin evləri sanki adamın ayağı altında qalır. Bir qədər bizim Ağsu dolaylarını xatırladır bu yollar.

... Təbriz yolu başlayır. Bu yolun qəribə gözəlliyi onu əhatə edən qayalardır. İri sal daşlardan hörülüb elə bir bu qayalar. Səf-səf düzülən bu daşlar çox böyük, nizami bir ordunu xatırladır. Sanki nə vaxtsa hansısa döyüşdə daşlaşıb bu ordu. Bir qədər sonra daha fərqli bir mənzərə diqqətimizi çəkir. Adamı həyəcanlandıran, güc-qüvvət aşılayan bu mənzərələri ötdükcə xəyallar səni keçmişə aparır, qulağına atların kişnərtisi, nal səsi, qılıncların cingiltisi gəlir. Tarix vərəqlənir yaddaşında, müəyyən zaman kəsiyində ikiyə bölünmüş torpaqlarımızın sakini olursan sən də.

Ağır düşüncələrdən, xəyallardan həzin bir mənzərə ayırır səni. Suyu qurumuş bir bulaq küskün-küskün bir tərəfə çəkilib, qəribsəyibdi elə bil. Həsrətmi çökmüş suyuna, nisgilmi yağmış başına?! Görən suyundan sonuncu içən kimlər olmuş? Nakam aşiqlərmi, həsrətdən yanan ürəklərmi, yoxsa uzaq-uzaq yollar gəlib yol yorğunu olanlarmı? Bəlkə, elə buna görə incik bir gəlin tək çəkilibsən duvağına?! Gəl, küskün bulağım, olum quruyan göz yaşın, gəl ikimiz ağlayaq, canlansın ölən ruhum, quruyan suyum. Gəl, birgə oxuyaq o taylı-bu taylı sevilən mahnımızı:

 

Təbrizin yolları dolanbadolan,

Qaragilə, dolanbadolan.

Sən ki məni sevmədin,

Get, ayrı dolan, Qaragilə,

get ayrı dolan.

 

Qoy hay versin səsimizə Qaragilənin ruhu, çağlasın həsrətdən quruyan bulaqlar...

Dalğın fikirlərlə Əhəri də keçirik. Yolboyu təbiətdən rəng alan, Allahın möcüzələrini xatırladan qayaların hərəsi bir günbəzə bənzəyir. Burada torpaq çox zəngin olduğundan qayalar müxtəlif rəngdədir.

Vanyarı da arxada qoyan yollar bizi Urmiya gölünə yaxınlaşdırır. Nəhəng bir körpüdən keçirik, uzunluğu 1785 metrdir. Adına Şəhid Kələntəri körpüsü deyilir. Urmiya gölü möhtəşəm gözəlliyi ilə gözlərimiz önündədir. Sular necə də sakit-sakit axır, İlahi? Bu göldə bir hikmət varmış kimi adamı özünə çəkir. Lal sular insanın ruhunu oxşayır. Bir qədər sonra yol ortada qalır, hər iki yandan Urmiyanın suları sanki sənə "yaxşı yol" deyir. Qarşıdakı Zəmbil dağı öz əzəmətiylə qonaqlarını qarşılayan ev sahibi kimi vüqarla durur.

... Artıq axşam düşürdü. Günəş bir gözəlin hörüklərini xatırladan saçaqlarıyla gölün sularına sığal çəkirdi.

Bu da Urmiya şəhəri. Asif Rüstəmlinin sözləri hamının sevinc hissini daha da artırdı: "Urmiyanın qoxusu gəlir". Bu torpaq qoxusuydu, bu həsrət qoxusuydu. Nəhayət, bu söz aşiqlərinin sevgi, sözə məhəbbət qoxusuydu. Bu Cəlaləddin Ruminin, Hüsaməddin Çələbinin söz qüdrətiydi, hamını bir araya gətirmişdi. İki böyük söz ustadının söz işığına, söz gücünə böyük Türk dünyasının, qədim Naxçıvanın, doğma Azərbaycanın sinəsi dolu söz adamlarını bir yerə cəmləmişdi.

"Van Yüzüncü Yıl Unversitesi və Urmiya Universitesi İşbirligi ilə düzənlənən Uluslararası Mesnev-İ və Hüsaməddin Çələbi Simpozium"u adlanan möhtəşəm tədbir, adından bəlli olduğu kimi, iki böyük dövlətin mənəvi dəyərlərini, söz xəzinəsini təmsil edirdi. Bu konfransın keçirilməsinin mədəni irsimizin dünya ölkələri arasında yayılıb təbliğ edilməsində böyük rol oynayacağı da şübhəsizdir.

Azərbaycandan gələn qonaqlar adından ilk olaraq söz Asif Rüstəmliyə verildi. A.Rüstəmli qeyt etdi ki, Urmiya Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında on ildən artıqdır ki, sıx elmi-əməkdaşlıq, yaradıcılıq əlaqələri davam edir. Bu vaxtadək Nizami adına Ədəbiyyat İnstitutu Urmiya Dövlət Universiteti ilə N. Gəncəvinin, Ə. Xaqaninin, M.Füzulinin, Ş.İ.Xətainin yaradıcılığına həsr edilmiş birgə elmi-konfranslar keçirmişdir. Məsnəvi əslində iki ölkə arasında bir mənəviyyat körpüsüdür.

Asif Rüstəmli Urmiya Dövlət Universitetinin rektoru Həsən Sidqiyə Nizami adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının "Azərbaycan - İran elmi, ədəbi-mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə", rektor müavini doktor Məhbub Taleyiyə "Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin yaradılması və inkişafındakı xidmətlərinə görə" xüsusi diplom və mükafatlarını təqdim etdi.

İranlı alimlərdən doktor Pərvin Məşhur, doktor Fəridə Davidi Məğdəmi, doktor Məryəm Gülləbi, doktor Seyid Kərim Xubbin, doktor Mömini Hezavəniu, doktor Əhməd Qoli, xanım Fatimə Mehripuyəni və başqaları maraqlı mövzularla çıxış etdilər.

Mövlana Hüsaməddinə qarşı çox böyük sevgi duyurdu. Hüsaməddin çox dərrakəliydi, Mövlananı yaxşı tanıyırdı. Həm də din adamı, irfani birisiydi. Ustadının fikirlərini oxuyur, içini bilirdi. Hüsaməddin Cəlaləddin Ruminin oğlundan bir yaş fərqliydi, lakin Mövlananın oğlu heç babasını onun qədər yaxşı tanımırdı.

Məsnəvinin bu günümüzə gəlib çatmasında, Mövlananın dünyada tanınmasında Çələbinin rolu çox böyükdür. H.Çələbi "Divani-kəbir"in, digər əsərlərin yazılmasının da səbəbkarıdır. Bütün ömrü boyu Mövlana Hüsaməddinə iltifat etdi, Hüsaməddin isə ona etibar göstərdi.Çələbi Mövlanadan sonra 11 il yaşadı. Onların məzarı da yanaşıdır.

Mövlana əsərlərində Şəmslə bağlı fikirlərini, onun uzaqlığından doğan həsrətini ifadə edirdi. Şəms Mövlananın sevgisini belə bildirirdi: "Mən birisini arayırdım özüm kimi, qüvvəm olsun, özümdən yorulmuşam". Mövlana Şəms kimi birisiydi. Hüsaməddinin təsiri Şəmsdən az deyildi. Böyük insanlar Allaha yetişənlərdir. Məsnəvidə dinlərin bir arada yaşaması özünü göstərir. Dini fəlsəfədə Mövlananın və məsnəvinin çox önəmli yeri var. Məşhur filosoflar Mövlananı yaxşı anlayırdılar bu fikirlə - "lampalar yalnız ayrıdır, işıqsa eynidir".

Bu tədbirdə ən önəmli hadisə Hüsaməddin Çələbinin 21-ci nəvəsi Esme Çələbinin iştirakıydı. Türkiyədən təşrif buyuran xanım Çələbi üzündə nur, dilində soykökünün söz çələngini gətirmişdi. İnsana yalnız müsbət enerji bəxş edən bu xanım səhnədəki çıxışıyla bir nur parçasını xatırladırdı. Hər iki dövləti, gələn qonaqları salamlayaraq ulu babasının adının anıldığı bu tədbirə görə öz təşəkkürünü bildirdi.

Çıxışlar arasında ən çox diqqətimi çəkən Türkiyə Cümhuriyyəti Urmiya Baş Konsulu Ərdoğan Odabaşın nitqindən bəzi məqamları təqdim etmək istəyirəm: "Hz.Mövlananın öncə Şəms Təbriziylə qarşılaşması, onda özünü tapması, bundan sonra da Urmiyadan Anadoluya köç edən Şeyx soyundan bir ailənin övladı olan Hüsaməddin Çələbini öz müridi təyin etməsi, ölümündən sonra isə ilk xəlifəsi elan etməsi təsadüfi deyil. Hz.Mövlananın Şəms Təbrizinin yerini, onun ölümündən bir qədər sonra urmiyalı Hüsaməddin Çələbi ilə doldurması, Məsnəvinin yazılış fikrini Hz. Mövlanaya verəni Hüsaməddin Çələbi olması bir təsadüf deyil. Hər üçünün də təməl fikirləri din, dil, irq, rəng, qadın, erkək, zəngin, yoxsul, bütün insanlığı Allah sevgisi altında bir arada toplamaq üzərində qurulmuşdur. Bundan gözəl, bundan daha birləşdirici bir fəlsəfi düşüncə ola bilərmi? Bu gün Hz. Mövlana, Şəms Təbrizi və Hüsaməddin Çələbinin düşüncələri insanlıq tərəfindən mənimsənilsə, dünyada savaşlar qalmaz. Allahın yaratdığı hər bir varlıq hüzur və güvənc içində bir-birlərinə qarşı sevgi və sayğı təməlində xoşbəxt yaşam sürərdilər. Bu cür simpoziumların və buna bənzərlərin bundan sonra düzənlənməsi dünya barışı yolunda insanlığa mesaj verilməyə davam edilməsinə ümid edirəm"

Ərdoğan bəyin gurultulu alqışlarla qarşılanan, ürəkdən gələn isti sözləri əslində, Azərbaycan, Türkiyə, İran mədəni və elmi əlaqələrinin bundan sonra da möhkəmlənməsinə bir çağırışdır.

Azərbaycan alimləri adından professor Nüşabə Araslıya söz verildi. Yeri gəlmişkən, N.Araslının İranda yetərincə tanınaraq böyük hörmətlə qarşılanması, atası - mərhum akademik Həmid Araslının adının ehtiramla, qədirbilənliklə çəkilməsi qəlbimizdə fəxarət hissi doğurdu. Professor "Mövlana Cəlaləddin və klassik türk məsnəviləri mövzusundakı çıxışında Mövlana Cəlaləddinin türk xalqları ədəbiyyatlarına qüvvətli təsirindən, ilk türk məsnəvilərinin yaranması və dini təsəvvüfü çalarlarla zənginləşməsində mühüm rolundan danışdı.

Simpoziumun birinci günü Azərbaycandan gəlmiş heyət üzvlərindən Asif Rüstəmli, Nüşabə Araslı, ikinci günü isə Qürbət Mirzəzadə və mən münsiflər heyətinə dəvət olunduq. AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Xədicə İsgəndərli "Rumi və Nəbati poetikasında müştərək xüsusiyyətlər" mövzusundakı çıxışında Nəbati yaradıcılığı ilə Rumi poeziyası, xüsusən onun türk şeirlərini ehtiva edən "Divani-kəbir" arasındakı həm məzmun, həm də forma baxımından xeyli yaxınlıqlar olduğunu bildirərək onların lirikası arasında ümumi cəhətlərin ən mühümlərini: hər iki şairin Qurani-Kərimə xüsusilə bağlılığını, İlahi eşqin tərənnümünü, ədəbi yaradıcılığın təbiətinə, vəzn və qafiyəyə yaxınlığını qeyd etdi. Natiq bildirdi ki, bir mövzunun şeir boyu inkişaf etdirilməsi, xitabların tez-tez işlədilməsi, ritorik suallardan istifadə, daxili qafiyələrin işlədilməsinə xüsusi diqqət Nəbati və Rumi yaradıcılığının müştərək xüsusiyyətləridir. X.İsgəndərli çıxışının sonunda hər iki şairin ədəbi-tarixi mövqeyindəki uyğunluqdan da söz açaraq bildirdi: Mövlana Rumi Sənai və Əttar yaradıcılığında formalaşan farsdilli Sufi lirikasının kamillik həddinə çatdırmış, Nəbati isə Nəsimi və Füzulidən gələn Azərbaycan irfani poeziyasına yekun vurmuşdur.

Fasilə zamanı Xədicə İsgəndərli və Leyli Əliyeva yerli televiziyaya müsahibə verməyə dəvət olundular.

Tədbirin yekununda Azərbaycanı təmsil edən şair Vaqif Aslanın ifasındakı şeirləri gurultulu alqış sədalarıyla qarşılandı. Görkəmli alimlər hədiyyələrlə təltif olundular.

Simpozium ilk iş gününü başa vurduqdan sonra bütün iştirakçılar Urmiya Universitetinin rəhbərliyi altında dağın ətəyində yerləşən "Bənd" adlı gözəl məkana dəvət olundu. Burada da urmiyalıların yüksək qonaqpərvərliyi ilə qarşılaşdıq. Hər yerdə Şərq adət-ənənələri özünü göstərirdi. Hər birimizi gülərüzlə, doğma adamlar kimi salamlayır, "xoş gəldiniz" deyirdilər. Burada aşıqları görəndə sevinc hissi keçirdik. Bir daha ruhən bağlılığımızı duydum. Urmiya aşıqları da bizim saz ustaları kimi avazla, həm də öz şirin ləhcələriylə oxuyurdular. Türkiyəli qonaqlar "Gizir oğlu Mustafa bəy"i, biz isə "Şirvan gözəlləməsi"ni ifa etməyi xahiş etdik. Urmiya elində ozanı dinləmək bizə xüsusi zövq verdi. Şam süfrəsi başa çatdıqdan sonra üniversitetin rektoru Həsən Sidqi və müəllim heyətinin üzvləri azərbaycanlı qonaqlarla fikir mübadiləsi apardılar.

Ertəsi gün simpoziumun yekunundan sonra qonaqlar Urmiya Şəhər Bələdiyyəsinin təşkilatçılığıyla dağlar qoynunda yerləşən gözəl bir məkana axşam süfrəsinə dəvət olundular. Dostluq, səmimiyyət, qarşılıqlı hörmət və ehtiram şəraitində keçən həmin günlər həyatımızın ən xoş xatirəsi kimi yaddaşımızda qalacaq. Ən başlıcası isə Türkiyə, Azərbaycan adları gələndə üzlərdəki sevinc və məhəbbət heç vaxt unudulmayacaq.

 

 

Aida ŞÜKÜRLÜ

 

Xalq qəzeti.- 2011.- 5 iyun.- S. 7.