Samux: Yüksəlişdə
hamının zəhmət payı var
Samux Rayon İcra Hakimiyyətində
keçirdiyimiz "dəyirmi masa"da çıxış
edənlər dönə-dönə bu fikri vurğuladılar
ki, hərə öz işinə vicdanla yanaşsa, vicdanla
işləsə, neqativ hallar, o cümlədən korrupsiya və
rüşvətxorluq halları öz-özünə aradan
qalxacaq.
Son illər Samuxun dinamik inkişafı haqqında çox yazmışıq. Kimin yolu Gəncədən cəmi 5-6 kilometr aralıda yerləşən Samuxa düşürsə, heyrətini gizlədə bilmir, istər-istəməz "halal olsun" kəlməsini dilinə gətirir. Təbii ki, rayon rəhbərliyindən başlamış sıravi sakinə kimi bu işlərdə, bu yüksəlişdə hamının zəhmət payı var. Amma rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev bütün bunlarla yanaşı, ölkə Prezidenti İlham Əliyevin regionlara, o cümlədən Samuxa xüsusi diqqət və qayğısını ön plana çəkir:
- Cənab Prezidentimizin son illər iki dəfə Samuxda olması, bir sıra obyektlərin açılışında iştirak etməsi bizi hədsiz ruhlandırıb deyir, - çalışırıq ki, etimadı doğruldaq. Dəstək, qayğı olmasaydı, biz bu gün öz rayonumuzdan ağızdolusu danışa bilməzdik. Amma hələ görüləsi işlərimiz çoxdur. Gərək daha məsuliyyətli olaq, bu günün işini sabaha qoymayaq, adamların sosial problemləri ilə daha yaxından məşğul olaq.
Doğrudan da, 2011-ci ilin birinci rübünün yekunlarının təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də Samux rayonunun iqtisadiyyatında yüksək nəticələr əldə olunacaqdır. Rayonda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir. Rüb ərzində ümumi məhsul buraxılışı 13,8 milyon manat olmuşdur ki, bu da 2010-cu ilin birinci rübündəkindən 24,7 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun payı 95,3 faiz təşkil etmişdir. Cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalı 16,3 faiz artaraq 2,1 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı 31,5 faiz artaraq 4,7 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 15 faiz artaraq 12,8 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 16,2 faiz artaraq 3,3 milyon manat, əhalinin gəlirləri 4,7 faiz artaraq 11,1 milyon manat olmuşdur.
Aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədilə hazırda rayon üzrə 661 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur ki, bu da 3075 nəfərin sosial müdafiəsi deməkdir. Bir ailəyə ödənilən orta məbləğ 113,5 manat təşkil etmişdir.
Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 414 yeni iş yeri yaradılmışdır ki, onlardan da 216-sı daimi, 78-i müvəqqəti, 120-si isə mövsümi iş yerləridir. Ümumilikdə birinci Dövlət Proqramının icrasına başlanılandan bu günə qədər rayonda 13960 yeni iş yeri yaradılmışdır.
İqtisadiyyatın inkişafında əldə olunan nailiyyətlər rayonda genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılmasına böyük stimul verir. Rübün əvvəlindən rayon ərazisində, xüsusilə onun mərkəzində geniş tikinti-quruculuq və abadlıq işlərinə başlanmış və bu işlər bu gün də uğurla davam etdirilir. Şəhərin giriş hissəsində inşa edilən Dövlət Bayrağı meydanında və rayon icra hakimiyyətinin yeni inşa edilən inzibati binasında işlər tam başa çatdırılmışdır. Hər iki obyekt ölkə başçısının iştirakı ilə istifadəyə verilmişdir. Rayon polis şöbəsinin yeni inzibati binası isə daxili işlər naziri Ramil Usubovun iştirakı ilə istifadəyə verilmişdir.
Rüb ərzində Heydər Əliyev prospektində, Arif Nəbiyev küçəsində və Çobanabdallı-Lək-Əlibayramlı yolunda geniş abadlıq işləri aparılmış, divarlar, yaşayış binalarının dam örtükləri təmir edilmiş və rənglənmişdir. Yolların kənarında 3 mindən çox həmişəyaşıl və dekorativ ağac və gül kolları əkilmişdir. 28 May küçəsinin qalan hissəsinə və Mehdi Hüseynzadə küçəsinə 1200 metr yeni asfalt örtüyü salınmışdır. Şəhərin digər küçələrində də yenidənqurma işlərinə hazırlıq görülür.
Respublika əhəmiyyətli Gəncə - Samux yolunda, habelə Lək, Qarayeri, İnstitut yollarında təmir işləri aparılmış, yolların xətlənməsi işləri görülmüşdür. Samux şəhər - Poylu, Yenikənd - Qırmızı Samux istiqamətində avtomobil yolarında cari təmir işləri həyata keçirilmişdir. Qəsəbə və kəndlərdə daxili yollarda təmir-bərpa işlərinin aparılmasına start verilmişdir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq 36 mənzilli 4 mərtəbəli yaşayış binasının tikintisinə başlanmış və burada işlər sürətlə davam etdirilir. Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin, rayon məhkəməsinin, prokurorluğun inzibati binalarının inşası üzrə hazırlıq işləri görülür.
Rayonun Lək kəndi ərazisində inşa edilən regional əhəmiyyətli 500 kilovoltluq yarımstansiyanın tikintisində və "Universal NAA" MMC nəzdində yeni istehsal sahələrinin yaradılmasında işlər tam başa çatmış və hər iki obyekt ölkə Prezidenti tərəfindən işə salınmışdır. Sərkar kəndi ərazisində fəaliyyət göstərən quşçuluq fabriki nəzdində broyler sexi fəaliyyətə başlamışdır. Bu müəssisələrdə 133 yeni iş yeri açılmışdır.
Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. 2011-ci ilin məhsulu üçün 11507 hektar sahədə şum qaldırılmış, 9919 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır. Aparılmış taxıl səpininin 5785 hektarı buğda, 3624 hektarı dən üçün arpa, 510 hektarı isə xəsil olmuşdur.
Yazlıq bitkilərin səpini 1362 hektar sahədə aparılmışdır. Bundan 269 hektarı çoxillik otlar, 224 hektarı kartof, 372 hektarı tərəvəz, 9 hektarı yazlıq buğda, 488 hektar sahədə isə günəbaxan əkilmişdir.
Dövlət Proqramına uyğun olaraq, rayonda üzümçülük və meyvəçilik də sürətlə inkişaf edir. Hazırda 1115 hektar üzüm bağı, 1084 hektar meyvə bağı mövcuddur. Mövcud bağlardan 736 hektarı bar verən sahədir. Üzümçülüyü və meyvəçiliyi inkişaf etdirmək üçün hazırda rayonun Poylu və Qarabağlı kəndlərində 150 hektar plantaj aparılaraq 90 hektara yaxın üzüm, 30 hektar isə meyvə əkilmişdir. Burada işlər davam etdirilməklə şərab zavodunun tikintisi nəzərdə tutulur.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayonun 35 yaşayış məntəqəsindən 27-si, yəni keçmiş sovetlər birliyi dövründə təbii qaz alan bütün yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunmuşdur. Bu gün rayonda 11725 abonent təbii qazdan istifadə edir ki, bu da 2003-cü ildəkindən təxminən 3 dəfə çoxdur.
Bəs rayonda neqativ hallara qarşı mübarizə necə aparılır?
Hidayət ƏHMƏDOV, rayon təhsil şöbəsinin müdiri:
- Təhsil Nazirliyində, rayon icra hakimiyyətində bu məsələlər çox ciddi müzakirə olunmuş, konkret vəzifələr müəyyənləşdirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev tez-tez məktəblərdə olur, işimizlə maraqlanır, konkret köməkliklər göstərir. Buraxılış imtahanlarına nəzarət, şəffaflığa nail olmaq, nizam-intizamın möhkəmləndirilməsi və sair məsələlər bir vəzifə kimi qarşımızda qoyulmuşdur. Samuxun ümumtəhsil məktəblərində 1227 nəfər pedaqoji işçi çalışır. Əmək haqları xeyli vaxtdır ki, bankomatlar vasitəsilə həyata keçirilir. Şöbədə nağd pul əməliyyatı aparılmır.
İl ərzində şöbəyə 103 müraciət daxil olmuş, onların hamısı araşdırılmış, müvafiq tədbirlər görülmüşdür. Bu tədris ili ərzində yuxarı orqanların, o cümlədən Təhsil Nazirliyinin "Qaynar xətt"inə bir dənə də olsun şikayət daxil olmamışdır. Yalnız 4 halda işədüzəlmə ilə bağlı müraciət olmuş, onlar araşdırılmış və əsassız olduğu müəyyənləşdirilmişdir.
Bütün bunlara baxmayaraq, biz işimizi daha aşkarlıq və şəffaflıq üzərində qurmağa səy göstəririk.
Qəmbər SADIXOV, Samux rayonu üzrə maliyyə
şöbəsinin rəisi:
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Korrupsiyaya qarşı mübarizə və şəffaflığın
artırılması ilə bağlı əlavə tədbirlər
haqqında" sərəncamından və Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin maliyyə sistemində
korrupsiyaya qarşı mübarizə sahəsində
görülən işlər və bu işlərin səmərəliliyinin
daha da artırılması haqqında kollegiya qərarından
irəli gələn vəzifələrin həyata
keçirilməsi üçün Samux rayonu üzrə
maliyyə şöbəsinin kollektivi konkret tədbirlər
planı hazırlamışdır. Belə ki, əvvəlki
illərdə təlimata uyğun olaraq sifarişçi təşkilatın
sənədləri əməliyyat aparılması
üçün 5 otaqdan keçməli idi. 2011-ci ilin yanvar
ayından isə "bir pəncərə" sistemi
yaradılmış, sifarişçilərin digər
işçilərlə təmaslarının
qarşısı alınmışdır. Bununla da yarana biləcək
rüşvətxorluğun, sifarişçilərin işində
süründürülməçilik hallarının
qarşısı birdəfəlik alınmışdır.
Mən
deyərdim ki, Samux bəlkə də yeganə rayondur ki, təlimata
əsasən əmək haqları və digər xərclər
vaxtlı-vaxtında ödənilir. Bu da Maliyyə Nazirliyi rəhbərliyinin
rayona diqqətinin nəticəsidir. Təsadüfi deyildir ki,
Samux rayonu üzrə maliyyə şöbəsinə 2010-cu və
2011-ci ilin birinci rübündə sifarişçi təşkilatlardan
və vətəndaşlardan şikayət daxil
olmamışdır. Kollektiv rüşvətxorluğa
qarşı mübarizə tədbirlərini gələcəkdə
də davam etdirəcək.
Gülağa BAĞIROV, rayon suvarma sistemləri idarəsinin
rəisi:
- İdarə rayonun 22780 hektar suvarılan torpaqlarına xidmət göstərir. Balansımızda 451 ədəd subartezian quyusu və 25 ədəd nasos stansiyası vardır. Bundan əlavə, idarənin balansına uzunluğu 65,5 kilometr olan və öz axını ilə axan təsərrüfatlararası və 661 kilometr təsərrüfatdaxili kanal daxildir.
Subartezian quyularında 2010-cu il və 2011-ci ilin birinci rübü ərzində 422 nasos təmir olunmuş, 52 ədəd elektrik avadanlığı, 32 ədəd quyuda isə güc transformatorları təmir edilmişdir.
Çaylardan
gələn sel sularından maksimum istifadə olunub. Gələn
güclü selin qarşısının alınması
üçün əlavə işlər
görülmüş, Gəncə və Qabırrı
çaylarında, Qannı qobuda əlavə sahilbərkitmə
işləri görülmüş, sel sularının
qarşısı alınmış, dambalar bərkidilmişdir.
Bunun da nəticəsində təbii fəlakətlə
bağlı əhali və əkin sahələrinə ziyan dəyməmişdir.
2010-cu il
və 2011-ci ilin I rübü ərzində maşın və
mexanizmlərin saxlanması üçün ehtiyat hissələri
və avadanlıqlar alınmış və təmir
olunmuşdur. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən
idarəyə yeni ekskovatorlar verilmişdir. Ötən müddətdə
Yenikənd və Qırmızı Samux nasos stansiyaları əsaslı
təmir olunmuşdur.
İlham HƏSƏNOV, rayon mərkəzi xəstəxanasının
baş həkimi:
- Ötən
müddətdə Səhiyyə Nazirliyində fəaliyyət
göstərən "qaynar xəttə" 4 nəfər
müraciət etmişdir. Müraciətlərdən biri
növbəsiz hemodializ prosedurunun təşkili, ikisi dərman
preparatları ilə təmin edilməsi, biri isə xəstə
uşağının təcili tibbi yardım avtomobili ilə
Bakı şəhərinə göndərilməsilə əlaqədar
olmuşdur. Bundan başqa, Samux MPX-nə 2010-cu il və 2011-ci
ilin I rübü ərzində 89 nəfərin 107 müxtəlif
səpkili müraciəti olmuş, bütün hallarda vətəndaşların
tələbləri təmin edilmişdir. Müvafiq dövrdə
6 nəfər şəxs işlə təmin olunmaq
üçün növbəyə yazılmış, 9 nəfər
şəxs xəstələrinin Bakı şəhərinə
aparılması üçün təcili tibbi yardım
avtomobilləri ilə təmin edilmişdir.
Səhiyyə
Nazirliyinin 30 mart 2011-ci il tarixli "Əhalinin müraciətlərinə
baxılması işinin təkmilləşdirilməsi barədə,
41 saylı əmrinin tələblərinə müvafiq olaraq
tibbi yardımın göstərilməsilə bağlı
yaranan müxtəlif problemlərin yerində
araşdırılması məqsədilə nazirliyin mütəxəssisləri
yerlərə ezam olunmuşlar. Qeyd etmək istəyirik ki, həkimlərin
və digər tibb işçilərinin işə qəbulu
məhz bu əmrin tələblərinə müvafiq həyata
keçirilir.
Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin "Azərbaycan
Respublikasının əhalisinə zəmanətli tibbi
yardımın təmin edilməsi" barədə 141
saylı əmrinə əsasən bütün tibb müəssisələrində
əhaliyə göstərilən zəmanətli tibbi xidmət,
müayinələr və 60 adda dərman preparatları, 23
adda tibbi ləvazimat və köməkçi materiallarla
müalicə pulsuz olaraq aparılır. Göstərilən dərman
preparatları və sarğı materiallarının, həmçinin
tibbi ləvazimat və köməkçi materiallarının
adlı siyahısı xəstəxananın müxtəlif
şöbələrində, elan guşəsində
asılmışdır.
...Çıxış
edənlər müxtəlif sahələrə rəhbərlik
edən şəxslərdir. Lakin onları yalnız bir məqsəd
birləşdirir: Samuxun adını uca tutmaq!
Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 5 iyun.- S. 6.