İnsan
kapitalının reallaşdırılmasının əsas
istiqamətləri
Əvvəlcə onu qeyd edək
ki, kapitallar sistemində formalaşan və kapitallar kapitalı
olan insan kapitalı - təhsilə və ixtisaslı
hazırlığa qoyulmuş kapital sayəsində
toplanılmış texniki bilik və bacarıqlar
ehtiyatının rolu, əhəmiyyəti,
reallaşdırılması istiqamətlərinin dərindən
öyrənilməsi müasir dünyada və ölkəmizdə
xüsusi aktuallıq və böyük sosial-iqtisadi əhəmiyyət
kəsb edir.
Kapitalın
təkrar istehsalı prosesində onun tərkib hissələri
olan istehsal vasitələrini hərəkətə gətirib
öz dəyərindən əlavə dəyər istehsal edən,
dəyərini artıran, onun işçi qüvvəsinin
daşıyıcısı olan insan da kapitaldır və
iqtisadi ədəbiyyatda bu, insan kapitalı adlanır. Bu prosesi
daha intensiv davam etdirmək və özünün dəyərindən
əvvəlki istehsal prosesindən daha artıq dəyər
yaratmaq üçün təhsilə və ixtisaslı
hazırlığa qoyulan kapital sayəsində işçi
qüvvəsində toplanmış texniki bilik və
bacarıqlar ehtiyatı daha davamlı
artırılmalıdır. Çünki daha çox
toplanmış texniki bilik və bacarıqlar ehtiyatı daha
çox məhsul və dəyər istehsal etməyə,
istehsalı yeniləşdirməyə, elm və texnikanın
nailiyyəti əsasında texnologiyaların tətbiqini
sürətləndirməyə əlverişli şərait
yaradır. Ona görə də bu məsələ həmişə
aktual problem kimi qarşıya qoyulur və
reallaşdırılır.
Bunu
xüsusilə nəzərə çatdırmaq
lazımdır ki, ölkənin və bütövlükdə
cəmiyyətin inkişaf səviyyəsini və iqtisadi tərəqqisini
dövlətin malik olduğu təbii sərvətlərindən
daha çox onun təhsilinin, elminin inkişaf səviyyəsi
müəyyən edir. Müasir dövrdə bu mühüm
sosial-iqtisadi məsələnin həlli ön plana keçir
və xüsusi aktuallıq kəsb edir. Çünki
elmi-texniki tərəqqinin və elmi-texniki inqilabın nəticələri,
əhalinin bilik səviyyəsi, onların texniki bilik və
bacarıqlara yiyələnməsi əhalinin həyat səviyyəsinin
yüksəldilməsinin və bütövlükdə ölkənin
sosial-iqtisadi inkişafının başlıca və əsas
təminatçısı kimi çıxış edir. Bütün
bunlar insan vasitəsilə və insan fəaliyyəti ilə
reallaşdırıldığına görə insanın
özünün texniki bilik və bacarıqlar
ehtiyatının formalaşmasına xüsusi diqqət yetirilməli,
onun təhsil alması və ixtisas hazırlığı
üçün dövlət tərəfindən, habelə
bütün mənbələrdən ayrılmış vəsaitin
- kapitalın, insan kapitalının həcmi və kəmiyyəti
daim çoxaldılmalıdır. İqtisadi artım
üçün elə bir dövr gəlib
çatmışdır ki, bütün kapital, investisiya
qoyuluşlarından istifadənin önündə, onlardan
istifadədə insan kapitalı başlıca yer
tutmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev demişdir: "Azərbaycan çox zəngin
ölkədir. Bizim çox zəngin sərvətimiz
vardır. Ancaq bizim ən böyük resursumuz insanların
biliyidir, savadıdır. Öz imkanlarımızdan səmərəli
istifadə edərək, maddi kapitalı insan kapitalına
çevirməliyik və bunu edirik".
Buna
görə də təsadüfi deyildir ki, bizim ölkəmizdə,
habelə dünyanın bütün qabaqcıl ölkələrində
təhsil və elm sahəsindəki problemlərin həllinə,
onların reallaşdırılmasına getdikcə daha
çox əhəmiyyət verilir və dövlətin
prioritet siyasətinin başlıca istiqamətlərindən
birinə çevrilir. Bakı Dövlət Universitetinin yeni tədris
korpusunun açılışında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
demişdir: "Dövlət siyasətində təhsil məsələləri,
demək olar ki, prioritet məsələlərdir".
Dövlət
başçısının nəzərdə tutduğu və
irəli sürdüyü bu strategiya insanların
yaradıcı düşünməsinə,
istedadlarını inkişaf etdirməyə əlverişli
şərait yaratmışdır. Dünya təcrübəsi
sübut edir ki, insanın inkişafında əsas
ağırlıq elm və təhsilin, ixtisaslı
hazırlığın üzərinə düşür və
vacib amillərlə bağlıdır.
İnsan
kapitalı - təhsilə və ixtisaslı
hazırlığa qoyulmuş kapital texniki bilik və
bacarıqlar ehtiyatı formalaşdırılmasını nəzərdə
tutur. Onun sayəsində zənginləşmiş
işçi qüvvəsi isə adi, ixtisas və təhsil
almamış işçi qüvvəsinə nisbətən
elmi-texniki tərəqqini daha sürətlə inkişaf
etdirir, onun nailiyyətlərindən bacarıqla və səriştəli
istifadə edir, nəticə etibarilə daha çox mənfəət,
gəlir və məhsul yaradır, əhalinin daha firavan
yaşamasına maddi imkan formalaşdrır.
İxtisaslı
hazırlığa qoyulmuş kapital müəyyən əmək
sahəsində səriştə və təcrübəyə
malik inkişaf etmiş, həm də spesifiklik kəsb
etmiş işçi qüvvəsidir ki, insanın buna malik
olması üçün ona müəyyən təhsil və
ya xüsusi hazırlıq verilməlidir, bunun
üçün isə kapital qoyulmalıdır.
Xüsusi
hazırlıq, təhsil tələb edən ixtisaslı əmək
adi işçi qüvvəsinə nisbətən daha
çox məsrəf tələb edən, istehsalına daha
çox iş vaxtı sərf olunan və buna görə dəyəri
daha yüksək olan işçi qüvvəsinin təzahürüdür.
Həm
də ona görə belə kapitala insan kapitalı deyilir ki, təhsilə
və ixtisas hazırlığına qoyulmuş kapital sayəsində
işçi qüvvəsində toplanmış texniki biliklər
və bacarıqlar ehtiyatı, işçi qüvvəsi, onun
sahibi insan tərəfindən ona sərf edilmiş
kapitalın dəyərindən daha çox dəyər
yaradır, elmi-texnikanı inkişaf etdirir, ondan səmərəli
istifadə edir, cəmiyyət üçün tələb
olunan səviyyədə insan tərbiyə edir, demli,
bütün növ kapitallar kimi, insan kapitalı da məqsədli
səciyyə daşıyır.
Bunun
sayəsində insan kapitalı əmək amilinin yeni iqtisadi
formasını meydana çıxarır, onun
inkişafını və formalaşmasını təmin edir.
İnsan kapitalı işçi qüvvəsində texniki
bilik və bacarıq ehtiyatının toplanmasını ifadə
edir. Çünki bunsuz işçi qüvvəsi müasir
elmi-texniki inqilab və elmi-texniki şəraitdə fəaliyyət
göstərə bilməz. Məhz insan kapitalı öz
mahiyyəti etibarilə insanda texniki biliklərin və
bacarıqların artması sayəsində mövcud
ehtiyatlardan daha faydalı istifadəni, hətta istehsal
imkanlarının məhdudluğu şəraitində daha
yüksək nəticələrə nail olunmasını
şərtləndirir. İnsan kapitalı iqtisadi imkanlara deyil,
əqli imkanlara görə daha çox məhsul və nemət
istehsal etməyə imkan verir.
Amerika
Birləşmiş Ştatlarının məşhur
iqtisadçı alimləri Pol.A.Samuelson və Vilyam D.Nordahus
özlərinin "İqtisadiyyat" dərsliyində insan
kapitalını "təhsil və ixtisaslı
hazırlığa qoyulmuş kapital sayəsində
işçi qüvvəsində toplanılmış texniki
bilik və bacarıqlar ehtiyatı" kimi qiymətləndirmişlər.
Bununla yanaşı, həmin ölkənin Haarvard Universitetinin
professoru N.Qreqori Mənkyu "İqtisadiyyatın əsasları"
dərsliyində insan kapitalını "Təhsil və
iş zamanı əldə edilən biliklər
formalaşmasında insanda toplanmış investisiyalar" kimi
dəyərləndirmişdir. Fikrimizcə, insan kapitalına
verilən bu iki tərif məzmun və mahiyyətcə
bir-birini tamamlasa da "İqtisadiyyat" dərsliyindəki
fikirlər tutumlu, zəngin və dolğundur.
Mühüm
sosial-iqtisadi, mənəvi və hətta siyasi əhəmiyyəti
olan insan kapitalının normal olaraq
reallaşdırılması və gerçəkləşməsi
aşağıdakı istiqamətlər vasitəsilə təmin
olunur:
- təhsilə
kapital qoyuluşu vasitəsilə;
-
ixtisaslı hazırlığa kapital qoyuluşu vasitəsilə;
- nəhayət,
elmə kapital qoyuluşu vasitəsilə.
Son
illərdə ölkəmizdə insan kapitalının
reallaşması istiqamətində xeyli iş
görülmüş, xüsusilə peşəkar
kadrların hazırlanmasına, təhsilin inkişafına, bu
sahəyə ayrılan büdcə vəsaitinin ildən-ilə
çoxalmasına, təhsil işçilərinin sosial məsələlərinin
həllinə, tələbələrin təqaüdlərinin
artırılmasına, istedadlı tələbələrin
xarici ali məktəblərə qəbuluna, təhsil
işçilərinin peşəkarlıq səviyyəsinin
yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir.
Ölkəmizdə
təhsilin və elmin inkişafının yeni mərhələyə
qaldırılmasında xalqımızın ümummilli lideri
Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Onun
təklif və tövsiyələri ölkədə təhsilin
təşkili və inkişafının proqramına
çevrilmişdir. Ulu öndərin hakimiyyətinin birinci mərhləsinin
ilk ilində - 1969-cu ildə 244 ixtisas üzrə respublikadan kənara
47 tələbə göndərildiyi halda, 1980-ci ildə bu rəqəm
1400 nəfərə çatdırılmışdır. Ölkəyə
rəhbərliyinin ikinci mərhləsində də
ümummilli lider təhsilin və elmin inkişafına, insan
kapitalının reallaşdırılmasına ciddi əhəmiyyət
vermiş, ölkədən kənarda - həm Müstəqil
Dövlətlər Birliyi, həm də dünyanın digər
ölkələrində yüksək ixtisaslı kadrlar
hazırlanması işinə xüsusi qayğı ilə
yanaşmışdır. Ümummilli lider Heydər Əliyev
demişdir: "Elmə qoyulan sərmayə xalqın
intellektual sabahına xidmət edir".
Müasir
dövrdə də təhsilin inkişafı ön plana
çəkilmiş, ölkə Prezidenti cənab İlham Əliyevin
imzaladığı sərəncamlara uyğun olaraq dövlət
proqramları yerinə yetirilməyə başlanmış,
Milli Məclis tərəfindən "Təhsil
haqqında" Qanun qəbul edilmişdir. Bütün
bunların sayəsində təhsilin inkişafı, insan
kapitalının formalaşması istiqamətlərində
xeyli iş görülmüşdür. Bakı şəhəri
Zabrat qəsəbəsindəki məktəbin yeni
binasının açılışında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
"İqtisadi inkişaf sürətinə görə Azərbaycan
qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi
dəyərləri, iqtisadi potensialımızı insan
kapitalına çevirməliyik. Çünki insan savadı,
biliyi onun gələcək həyatını müəyyən
edir, ölkənin hərtərəfli inkişafına xidmət
edir və beləliklə, ölkənin intellektual
potensialı möhkəmlənir. Bu gün vaxt gəlibdir ki,
biz məhz bu sahəyə sərmayələr qoyaq".
Qeyd
etmək lazımdır ki, orta və ali təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi son
illərdə xüsusilə diqqət mərkəzində
saxlanılır, orta məktəblər üçün yeni
binalar, ali məktəblərdə yeni korpuslar tikilir,
laboratoriyalar zənginləşdirilir və yeniləri
yaradılır. Bütün bunlar isə təhsilin keyfiyyətinin
yüksəldilməsinə, işçi qüvvəsinin
texniki bilik və vərdişlərinin
artırılmasına, onların əməyinin səmərəliliyinin
çoxalmasına əlverişli şərait yaradır. XXI əsrin
"Təhsil əsri" elan edildiyi bir dövrdə ölkəmizdə
təhsilə ayrılan vəsait ildən-ilə
çoxaldılır. Belə ki, 2010-cu ildə təhsilin
inkişafına 1,3 milyard manat vəsait yönəldilmişdir.
Əgər 2004-cü ildə peşə təhsilinə 5,4
milyon manat ayrılmışdırsa, 2010-cu ildə bu rəqəm
26 milyon manata çatdırılmış, 2009-cu ildə
ölkəmizdə ilk peşə-ixtisas təhsili sistemi
formalaşdırılmışdır. Eyni zamanda, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə qəbul edilmiş "Azərbaycan Respublikasında
texniki-peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramı (2007-2012-ci illər)" ilə
ölkədə ilk peşə-ixtisas təhsilinin
inkişafına böyük zəmin yaradılmışdır.
Onu
göstərmək gərəkdir ki, ölkəmizdə son
bir neçə ildə 1360 məktəb binası tikilmiş
və 300-dən çox məktəb binası təmir
edilmiş, 2006-ci ildə təhsilə ayrılan büdcə
xərcləri 47 faiz, investisiya xərcləri 2 dəfədən
çox artmışdır. Bundan başqa, 10 mindən
çox azərbaycanlı gənc müxtəlif ölkələrin
ən nüfuzlu ali məktəblərində ən zəruri
ixtisaslar üzrə oxumağa göndərilmişdir. Təkcə
ABŞ-da 400 nəfər azərbaycanlı gənc həmin
ölkənin nüfuzlu ali məktəblərində təhsil
alır. Azərbaycanda informasiya və kommunikasiya
texnologiyalarının ali və orta məktəblərdə tətbiqinə
qoyulan vəsaitin həcmi getdikcə çoxalır. Hazırda
ölkəmizdə də informasiya cəmiyyəti və elm
tutumlu iqtisadiyyat formalaşmışdır. İnformasiya və
kommunikasiyaların davamlı inkişafı dövlət siyasətinin
prioritet istiqamətləri sırasında yer almış, onun
nəinki sosial-iqtisadi inkişafda, habelə təhsilin və
elmin irəliləməsində mühüm rolu hiss
olunmağa başlamışdır.
Respublikamızda
son 2 il ərzində 40 yeni uşaq bağçası tikilib
istifadəyə verilmiş, 44 məktəbəqədər təhsil
ocağı təmir edilmiş, nəticədə həmin
müəssisələrə əlavə olaraq 8,6 min nəfər
uşaq qəbul olunmuşdur. Görülmüş tədbirlər
nəticəsində bütün şagirdlərin 80 faizinin tədris
şəraiti yaxşılaşmış, ikinövbəli məktəblər
73 faizdən 44 faizə, ikinci növbədə oxuyan
şagirdlər 34,5 faizdən 21 faizə endirilmişdir. Ölkəmizdə
2009-cu ildə 500 məktəb internetə qoşulmuşdur.
Orta məktəb şagirdlərinin dərsliklərlə
pulsuz təminatı kimi mühüm tədbir həyata
keçirilmişdir.
Onu
da qeyd etmək lazımdır ki, özünün intibah
dövrünü yaşayan Naxçıvan Muxtar
Respublikasında insan kapitalının
reallaşdırılması məqsədilə təhsilin,
ixtisaslı hazırlığın və elmin inkişafı
üçün əsaslı tədbirlər görülərək
həyata keçirilməsi təmin edilmişdir. Belə ki,
muxtar vilayətdə 90-dan çox təhsil yönümlü
yeni obyekt istifadəyə verilmiş, müasir avadanlıqla təchiz
edilmişdir.
Həmçinin
muxtar respublikada yeni məktəb binalarının inşa edilməsi
davam etdirilir, onların texniki və kadr təminatı
yaxşılaşdırılır, təhsil müəssisələrinin
informasiya kommunikasiya texnologiyaları və pulsuz dərsliklərlə
təmin edilməsi, məktəb kitabxanalarının zənginləşdirilməsi
və fəaliyyətinin yaxşılaşdırılması
diqqət mərkəzində saxlanılmışdır. Muxtar
respublikada 220 məktəbin hamısının kompyuterlə təmin
edilməsi işi xeyli sürətləndirilmişdir. 2009-cu
ildə muxtar respublikada 2580 yerlik 6 kənd məktb binası
tikilmiş, 28844 yerlik 4 orta məktəb binası əsaslı
təmir olunmuşdur. Keçən il muxtar respublikada 10 yeni
ümumtəhsil məktəbi tikilmişdir ki, onların da əksəriyyəti
rayon mərkəzlərindən uzaq kəndlərdə
inşa edilmişdir.
Bundan
başqa, Naxçıvan şəhərində 240, Şərur
şəhərində 200, Culfa şəhərində 240 nəfərlik
uşaq bağçaları, Babək qəsəbəsində
367, Şahbuz şəhərində 362 yerlik uşaq musiqi məktəbləri
inşa edilmişdir. Culfa rayonunda ekoloji tərbiyə, texniki
yaradıcılıq, uşaq yaradıcılıq, gənc
turist və diyarşünaslıq mərkəzləri
üçün ayrılmış binalar yenidən əsaslı
təmir edilərək müasirləşdirilmişdir. Muxtar
respublikanın ümumtəhsil məktəblərində hər
18 şagirdə 1 kompyuter olmaqla 2781 dəst kompyuterdən
istifadə olunur. Onlardan 2193 və ya 79 faizi internetə
qoşulmuşdur. 2009-cu ildə orta məktəbi bitirən
şagirdlərdən 73 faizi, 2010-cu ildə isə 79 faizi ali məktəblərə
sənəd vermişdir. 2009-cu ildə 1348 nəfər və
ya 41 faizi ali məktəbə qəbul olunmuşdursa, 2010-cu
ildə onların 1435 nəfəri və ya 46 faizi tələbə
adını qazanmış, 431 nəfəri orta ixtisas məktəblərinə
daxil olmuşdur. 2010-cu ildə Heydər Əliyev adına Hərbi
Liseyi bitirmiş 190 kursantdan 187-si ali hərbi məktəblərə
qəbul olunmuşdur.
Muxtar
respublikada əgər 2009-2010-cu tədris ilində 113 tədris
müəssisəsi istilik sisteminə qoşulmuşdursa,
2010-2011-ci tədris ilində daha 129 tədris müəssisəsi
istilik sistemi ilə təmin edilmişdir.Həmçinin orta
ixtisas məktəblərində xeyli uğurlar əldə
olunmuşdur. Belə ki, 2009-cu ildə orta ixtisas məktəblərinə
ümumi orta təhsil bazasında 226 nəfər, tam orta təhsil
bazasında 196 nəfər olmaqla cəmi 422 nəfər qəbul
olunmuşdursa, 2010-cu ildə orta ixtisas mktəblərinə qəbul
olunanların sayı 431 nəfər olmuşdur.
Naxçıvan
peşə liseyi üçün yeni bina istifadəyə
verilib və bu tədris müəssisəsi cari ildən
şagird qəbuluna başlayacaqdır. Liseyə 48 nəfər
şagird qəbul olunacaq və burada 4 ixtisas üzrə
mütəxəssis hazırlanacaqdır. Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə Şərur peşə
liseyi yaradılmış və burada bənna, dülgər,
qaynaqçı, daşyonanlar hazırlanır. Lisey təşkil
olunduğu gündən indiyədək burada 13 min, Culfa
liseyində 8 min, Ordubad liseyində 5 min ixtisaslı kadr
hazırlanmışdır.
Bundan başqa, ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün 255 elektron lövhə quraşdırılmışdır. Bütün bunlar ali məktəblərə qəbul imtahanlarında 500-700 bal intervalında nəticə əldə edən abituriyentlərin sayının artmasına öz təsirini göstərir. 2010-cu ildə 500-dən yuxarı bal toplayanların sayı 232 nəfərdən 280 nəfərə çatmışdır. İlk dəfə olaraq 9 nəfər tələbə prezident təqaüdünə layiq görülmüşdür. 2010-cu ildə orta məktəbi bitirənlərdən 64 nəfəri xarici ölkələrdə ali təhsil almaq hüququnu qazanmışdır.
Təhsilə göstərilən yüksək dövlət qayğısı muxtar respublikanın ali məktəblərinə qəbulun dinamikasında da özünü göstərir. Belə ki, 1996-cı ildə ali məktblərə qəbul olunanlar 40 nəfər, 2000-ci ildə 582 nəfər, 2005-də 1209 nəfər, 2010-cu ildə isə 1622 nəfər olmuşdur.
Naxçıvan Muxtar Respublikasında elmin inkişafına da xüsusi diqqət yetirilir. Son 15 ildə AMEA Naxçıvan bölməsinin tarix, etnoqrafiya və arxeologiya, incəsənət, dil və ədəbiyyat institutlarının, təbii ehtiyatlar institutunun, Batabat astrofizika rəsədxanasının və əlyazmalar fondunun, bioresurslar institutunun inzibati binaları, biokimyəvi tədqiqatlar laboratoriyasının və bioresurslar institutunun nəbatat bağının binaları tikilmiş və yenidən qurulmuşdur.
Naxçıvanda elmin inkişafı üçün dövlət tərəfindən maliyyə imkanları ildən-ilə artırılır. 2009-cu ildə muxtar respublikada elmin maliyyələşdirilməsinə 1995-ci ilə nisbətən 255 dəfə çox, yəni 2 milyon 89 min manat büdcə vəsaiti ayrılmışdır.
Bütövlükdə ölkədə və o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilin və elmin inkişafını sürətləndirmək, onun davamlılığını təmin etmək nəticə etibarilə insan kapitalının səmərəliliyini və sosial-iqtisadi faydasını daha da artırır. Bu sahədə uğurları artırmaq üçün hər şeydən əvvəl təhsilin və elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmalıdır. Təhsilin məzmununun yeniləşdirilməsi ön plana çəkilməlidir. Həmçinin təhsil müəssisələrinin bütövlükdə informasiya kommunikasiya texnologiyaları ilə təminatı işi gücləndirilməlidir.
Eyni zamanda, təhsil sistemi üçün yüksək ixtisaslı elmi-pedaqoji kadrlar hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Ölkədə təhsilin və elmin inkişafının elmi əsaslarla qurulması prinsipi ardıcıl olaraq davam etdirilməlidir.Bundan başqa, təhsilin və elmin maliyyə təminatı mexanizminə bir daha yenidən baxılmalıdır. Həm də maddi istehsal və qeyri-maddi istehsal, xidmət müəssisələri üçün ixtisaslı kadrların hazırlığını təmin etmək məqsədilə respublikamızın bəzi nazirlikləri və iri maddi istehsal müəssisələri nəzdində onların hesabına daimi fəaliyyət göstərən kurslar və ixtisaslı işçilər hazırlayan məktəblər yaradılması məsələləri götür-qoy edilməlidir.
Başqa məsələlərlə yanaşı, bu deyilənlərin yerinə yetirilməsi, onların davamlı olaraq həyata keçirilməsi insan kapitalının əsas istiqamətlərinin normal olaraq reallaşdırılmasına müsbət təsir göstərərdi. Nəhayət, insan kapitalı və onun reallaşdırılması məsələləri kütləvi informasiya vasitələrində özünə yer almalı, bu barədə təbliğat işi gücləndirilməlidir. Ölkəmizin ali və orta ixtisas məktəb tələbələrinin, habelə sahibkarların və rəhbər işçilərin insan kapitalı və onunla əlaqədar digər məsələlər üzrə biliklərinin daha da genişləndirilməsi məqsədilə "İqtisadi nəzəriyyə" fənninə ayrıca bir mövzu salınmalı və tədris olunmalıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, indi ölkəmizdə təhsilin inkişafı üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaradılmışdır. Bu isə heç şübhəsiz, insan kapitalının reallaşdırılması və gerçəkləşdirilməsi işində yeni istiqamətlər formalaşdırmağa imkan verəcəkdir.
Asif ŞİRƏLİYEV,
Naxçıvan
Dövlət Universiteti
iqtisadiyyat
fakültəsinin dekanı,
iqtisad elmləri
doktoru, professor
Xalq qəzeti.- 2011.- 5 iyun.- S. 5.