Gəncə faciəsi: AXC-Müsavat
iqtidarının bir illik hakimiyyətin qanlı sonluğu
Üstündən 18 il keçsə də, o
müdhiş günləri unutmaq mümkün deyil.
Qardaşın qardaşa güllə atdığı həmin
günlər Azərbaycan xalqının ən yeni tarixinə
qanla yazıldığı üçün heç vaxt unudulmamalıdır.
İndiki gənc nəsil həmin günlərdən ibrət
dərsi götürməli, ölkənin inkişafı, tərəqqisi
yolunda faydalı işlərlə məşğul
olmalıdır, Vətənin gücünü, qüdrətini
artırmaq üçün var qüvvəsini əsirgəməməlidir.
On səkkiz
il bundan əvvəl ölkədə vəziyyət kritik həddə
çatmışdı. AXC-Müsavat cütlüyünün
bir illik hakimiyyəti faciəli sonluqla tamamlanmaq üzrə
idi. Sadə dildə desək, AXC-Müsavat cütlüyü
özünün hördüyü tora
düşmüşdü. Keçən əsrin 70-80-ci illərində
"yun Surət" kimi tanınan Yevlax rayonundakı ilkin yun
emalı fabrikinin direktoru Surət Hüseynov öz himayədarının,
yəni o vaxtkı prezident Əbülfəz Elçibəyin
üzünə "ağ" olmuşdu. Ölkə
başçısı da bundan hiddətlənərək
"yun polkovniki"nə qulaqburması vermək fikrinə
düşmüşdü. Bunun üçün 1993-cü il
may ayının 25-də prezident Elçibəyin sədrliyi
ilə Dövlət Müdafiə Komitəsinin xüsusi
yığıncağı keçirilmişdi. Qərara
alınmışdı ki, Surət Hüseynovun nəzarəti
və bilavasitə rəhbərliyi altında olan Gəncə
şəhərindəki 709-cu əlahiddə motoatıcı
briqada ləğv edilsin.
Ancaq
bu qərarı həyata keçirmək planı iflasa
uğradı. Ona görə ki, baş nazir Pənah
Hüseynov daxili işlər naziri İsgəndər Həmidovun
kabinetində - yəni Bakıda oturmaqla Gəncədə
iyunun 4-nə təyin olunmuş "Tufan" əməliyyatına
səriştəli müdaxilə etmək iqtidarında deyildi.
Məhz o vaxtkı ölkə rəhbərliyinin fərsizliyi
və qorxaqlığı nəticəsində başdansovdu
hazırlanmış əməliyyat təlafata, böyük
dağıntılara səbəb oldu. Onlarla adam öldü,
yaralandı, əsir düşdü.
Əsir
düşərək girov kimi saxlananlar arasında
respublikanın baş prokuroru, kənd təsərrüfatı
naziri, milli təhlükəsizlik nazirinin birinci müavini,
daxili işlər nazirinin birinci müavini, ədliyyə
nazirinin müavini və başqaları vardı. Ən
acınacaqlı o idi ki, baş prokuror girov
saxlandığı halda prezident Əbülfəz Elçibəyin
həbs olunması barədə sanksiya imzalamışdı. Bu
hadisə AXC-Müsavat iqtidarı tərəfindən adi hal
kimi qəbul edildi.
Ölkədə vəziyyət günbəgün, saatbasaat gərginləşirdi. Surət Hüseynov Gəncəbasar bölgəsini ələ keçirmişdi. Onun tabeliyindəki hərbiçilər torpaqlarımızı zəbt etməklə məşğul olan erməni silahlı birləşmələrinə qarşı vuruşmaq əvəzinə, Bakıya doğru irəliləyir, yolüstü bütün rayonlara öz adamlarını rəhbər təyin edirdilər.
Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmışdı. Buna etiraz edən batalyon komandiri Əlikram Hümbətov Surət Hüseynovla əlbir olaraq qoşunlarını döyüş bölgələrindən geri çağırmışdı. Ağdam rayonu işğal altına düşəndən sonra surətçilər Gəncədə, əlikramçılar isə Lənkəranda və ətraf rayonlarda məskən salmışdılar.
Xarici kəşfiyyat
orqanları da farağat durmurdular. Onların təkidi ilə
şimal rayonlarında yaşayan sadvalçılar, cənubda
isə əlikramçılar təxribatlar törədərək
Azərbaycanı parçalamağa
çalışırdılar. Olduqca mürəkkəb vəziyyət
yaranmışdı. AXC-Müsavat hakimiyyəti ölkəni
idarə etmək iqtidarında deyildi. Xalq çaşqın vəziyyətdə
qalmışdı. Hamının nəzərləri qədim
Azərbaycan torpağı olan Naxçıvana yönəlmişdi.
Böyük zəhmət bahasına ikinci dəfə
qazanılan müstəqilliyimiz real təhlükə ilə
üz-üzəydi. Onu yadellilərdən qorumağa, yenidən
müstəmləkəyə çevrilməyin
qarşısını almağa qadir olan bir şəxsiyyət
vardısa, o da Heydər Əliyev idi.
Antik
dövrün yunan filosofu Demokrit deyirdi ki, "ən
böyük məğlubiyyət özünü itirmək,
özünü ələ almağı bacarmamaqdır". Gəncə
şəhərindəki biabırçılıqdan sonra
AXC-Müsavat hakimiyyəti iflic vəziyyətinə
düşmüşdü. Bunu Əbülfəz Elçibəy
də etiraf edirdi: "Biz dövlət adamlarını ora
göndəririk, onlar o saat girov götürülür və
onlara hədə-qorxu, hətta üstlərinə silah tutmaqla
onları danışdırırlar və bizim ona görə
də dövlət tərəfindən bir iş görməyimiz
çətinləşir..." İyunun 7-də Prezident
aparatında keçirilən müşavirədə deyilən
bu sözlər acizlikdən, qorxaqlıqdan xəbər
verirdi".
"Tufan"
əməliyyatı nəticəsində baş vermiş
qanlı faciəni xalqdan gizlətməyi qarşısına məqsəd
qoyan rəsmi dövlət orqanları həqiqətlə
heç bir əlaqəsi olmayan uydurma məlumat yaydılar.
Daxili İşlər Nazirliyinin Gəncə şəhərində
törədilmiş qanlı hadisələr barədə
yaydığı rəsmi informasiyada oxuyuruq: "İyunun 4-də
səhər saat 9-da Gəncə şəhərində bir
qrup silahlı adam silah, döyüş sursatı ələ
keçirmək və girovlar götürmək məqsədilə
hərbi hissəyə qəflətən basqın etmişdir.
Hərbi qulluqçular özünü müdafiə məqsədilə
atəş açmağa məcbur olmuşlar. Təlafat var.
Bu hadisə ilə əlaqədar şəhərdə
kriminogen vəziyyət son dərəcə kəskinləşmişdir.
Bir sıra cinayətkarlar tutulmuşdur. Hakimiyyət
orqanları vəziyyəti sabitləşdirməyə, ictimai
təhlükəsizliyi təmin etməyə dair tədbirlər
görürlər".
Həmin
günlərdə DİN-dən geri qalmaq istəməyən
AXC-Müsavat İnformasiya Mərkəzinin yaydığı rəsmi
məlumat da xalqı aldatmağa, əsl həqiqəti gizlətməyə
yönəlmişdi. Gəncə qırğınının
səhərisi günü bu cür "mötəbər"
orqanların yalanları ilə məlumatlandırılan Əbülfəz
Elçibəy xalqa müraciət etdi. Daha doğrusu, onun
adından hazırlanmış müraciəti diktor oxuyub əhaliyə
çatdırdı. Prezident müraciətdə törədilmiş
qırğından, dağıntılardan dəhşətə
gəlmiş gəncəliləri səbirli olmağa və vətəndaş
sülhünü bərpa etməyə
çağırırdı. Ölkə rəhbərinin
baş vermiş faciənin ağır təsirindən
özünə gələ bilməmiş insanlara müraciəti
bir daha göstərirdi ki, onun, yaxud müraciəti
hazırlayanların Gəncədə baş vermiş faciənin
miqyasından və əhalinin hakimiyyətə inamsız
münasibətindən qətiyyən xəbərləri yox
idi. Sonrakı hadisələr də bunu sübuta yetirdi.
Dövləti
idarə edənlər, ilk növbədə Prezident "mənim
heç nədən xəbərim yoxdur" deməklə
yaxalarını kənara çəkirdilər. Eyni zamanda,
onların davranışları da açıq şəkildə
göstərirdi ki, hakimiyyət şok içərisindədir
və ölkəni idarə etmək, qəti, məsuliyyətli
qərarlar vermək iqtidarında deyildir. AXC-Müsavat
cütlüyünün başında duranlar özlərini
qorumaq üçün yollar arayırdılar. Onlar da nicat
yolunun yalnız Naxçıvandan gələcəyinə
möhkəm əmin olduqları üçün Heydər Əliyevə
minnətçi düşmüşdülər.
Prezident Əbülfəz
Elçibəyin 5 iyun 1993-cü il tarixli sərəncamı
ilə yaradılmış Dövlət Komissiyası Gəncədən
qayıdıb Milli Məclisə məlumat verdikdən sonra
faciənin nə qədər dəhşətli olması və
Azərbaycanda qardaş qırğınının törədilməsi
faktı xalqa tamamilə aydın oldu. Yalnız bundan sonra
Dövlət Komissiyasının təklifi ilə Prezident fərman
verərək 8 iyun 1993-cü il tarixdə Ümummilli Matəm
Günü elan etdi.
Milli Məclisin
Gəncə faciəsindən sonra, demək olar ki, hər
gün keçən iclaslarında səslənən
ittihamlara aydınlıq gətirən tapılmırdı.
AMİP sədri Etibar Məmmədov daha fəal görünməyə
çalışırdı. Onun "...İsa bəy sizin əliniz
qana batıb! Ona görə bu qanı boynunuzdan atmaq istəyirsiniz"
ittihamına spiker İsa Qəmbərin "Etibar bəy,
709-cu briqadanın müdafiə nazirinə tabe olmamasında
sizin də əliniz var..." cavabı aranı
qatmışdı. Keçmiş cəbhədaşların
çəkişməsi, məsuliyyətdən yaxa qurtarmaq
üçün müxtəlif bəhanələr səsləndirmələri
xalqı təngə gətirmişdi. Bakıda, Gəncədə,
başqa şəhər və rayonlarda aramsız keçən
mitinqlərdə xalq təkidlə Heydər Əliyevin hakimiyyətə
gətirilməsini tələb edirdi. Surət Hüseynovun
paytaxta tərəf irəliləyən qoşunun vahiməsindən
yuxusunu itirən hakimiyyət təmsilçiləri, Heydər
Əliyevə yalvarırdılar ki, Bakıya gəlib
onları bu bəladan qurtarsın.
Azərbaycan
xalqının xilaskarı olan Heydər Əliyev
çoxsaylı xahiş və minnətdən sonra iyunun 9-da
Bakıya gəldi, Milli Məclisdə qısa bəyanat verərək,
əsl həqiqəti öyrənmək üçün Gəncə
şəhərinə getdi. Burada gördüklərindən və
eşitdiklərindən dəhşətə gələn ulu
öndərimiz tam yəqin etdi ki, Vətən təhlükədədir,
həqiqətən Azərbaycan müstəqilliyini itirə
bilər, onu xilas etmək üçün əməli fəaliyyətə
keçmək lazımdır.
Gəncə
qırğınının səbəbkarları xalqın
nifrətinə tuş gəldilər. O vaxtdan 18 il keçsə
də hazırda müxalifət düşərgəsinin
başında dayanan keçmiş AXC-Müsavat rəhbərləri
yenidən hakimiyyətə qayıtmaq arzusu ilə
alışıb-yanırlar. Bunun üçün onlar
müxtəlif dona girir, min cür hoqqadan çıxırlar.
Amma, əbəs yerə əziyyət çəkirlər,
xalq onlardan gördüyünü görüb.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.-5 iyun.- S. 4.