Təbiət
qayğı sevir
5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür
Qlobal istiləşmənin təbiətdə
yaratdığı dağıntılar ətraf mühitə
də çox güclü mənfi təsir göstərir. Bu
gün bəşəriyyət meşə sahələrinin və
bioloji müxtəlifliyin getdikcə azalması, ozon qatının
dağılması, hidrosferin çirklənməsi,
turşulu yağışlar və kəskin əhali
artımı kimi qlobal problemlər qarşısındadır.
Bütün bunların ətraf mühitə təsiri ciddi fəsadların
yaranması ilə nəticələnir.
Ətraf
təbii mühitin çirklənməsi, təbii sərvətlərin
tükənməsi, təbii mühitin dağılması kimi
hadisələr insan əməyinin neqativ nəticələrindəndir.
Məhz sənaye müəssisələrinin atmosferə
atdığı karbon, kükürd, azot oksidləri, metan,
benzol və digər uçucu üzvi maddələr, müxtəlif
toz, kül, metal durları, dionksinlər və pestisidlər,
"istixana effekti", "ozon dəlikləri" turşulu
yağışlara səbəb olur. Baxmayaraq ki, müasir
dövrdə torpağın əsas zəhərləyicisi
pestisidlərdir, böyük şəhərlərin
metallurgiya, neft-kimya və maşınqayırma müəssisələrinin,
istilik elektrik stansiyalarının yaxın ətraflarında
ağır metalların, neft məhsullarının, zəhərli
maddələrin konsentrasiyası normadan dəfələrlə
çox olur.
XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini biruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar.
Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
5 iyun 1972-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar vermiş və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.
Ətraf mühitin çirklənməsi problemi respublikamızdan da yan keçməmişdir. Sənaye, nəqliyyat, kommunal və digər obyektlərin ekoloji cəhətdən qeyri-optimal paylanması, təbii sərvətlərdən qeyri-rasional və israfçılıqla istifadə, uzunmüddətli layihələr əvəzinə üstünlüyün tezqayıdışlı istehsala verilməsi ciddi problemlər yaratmışdır. Mütəxəssislərin məlumatına görə, sənaye obyektlərin atmosfer havasına çirkləndirici maddələr atan stasionar mənbələrin sayı 11 mindən çoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun-Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Bu tədbirlər sayca çoxdur və ilbəil bu məsələ ilə bağlı yeni layihələr reallaşdırılır. Yeni meşə massivləri salınır, milli parklar, yasaqlıqlar, qoruqlar yaradılır və s. Son illər bu problemin həllinə diqqət artırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi və 2011-ci ildə bu istiqamətdə işlərin davam etdirilməsi problemin həllinə öz müsbət təsirini göstərmişdir. Bu sahədə qəbul olunan dövlət proqramları isə məsələnin həllində əhəmiyyətli rol oynamışdır.
Bakı və Abşeronun məişət tullantılarından təmizlənməsi ilə bağlı görülən işlər xüsusi olaraq diqqətəlayiqdir. Ölkə Prezidentinin sərəncamı ilə "Təmiz Şəhər" ASC-nin yaradılması problemin həllinə öz müsbət təsirini göstərmişdir.
Keçən il olduğu kimi, bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 iyun-Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar jurnalistlər arasında elan olunmuş "Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" birgə layihəsi üzrə ekoloji mövzuda yazılmış ən yaxşı məqalə və telereportajların qaliblərini mükafatlandıracaq. Jurnalistlər və telereportyorlar ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanması, təbiətdən davamlı istifadənin təmin olunması, təbliğ edilməsi və əhalinin məlumatlandırılması məqsədilə ekoloji mövzuda yazdıqları məqalə və telereportajları artıq müsabiqə komissiyasına təqdim ediblər.
5 iyun-Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Bakıda və respublikanın rayonlarında ictimaiyyətlə birgə iməciliklər təşkil olunacaq, yaşıllıqlara qulluq ediləcək, eləcə də bir sıra ərazilər məişət tullantılarından təmizlənəcək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 5 iyun.- S. 4.