Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmaması dünyada
hamını narahat edir
Minsk qrupuna üzv olan ölkələrin
dövlət başçılarının son
bəyanatı da bu narahatlığın ifadəsidir
Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğala son qoyulmalıdır və bu məsələ tezliklə öz həllini tapmalıdır. Çünki Azərbaycan xalqının səbri tükənməz deyil.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Beynəlxalq ictimaiyyətin ikili standartlardan əl çəkə bilməməsinə,
hətta, bir çox siyasi qüvvələrin qərəzli
mövqe nümayiş
etdirməsinə baxmayaraq
Azərbaycan Respublikası
öz ərazi bütövlüyünün bərpa
edilməsi üçün
səylərini gündən-günə
artırır.
Çünki
işğal olunmuş torpaqların ermənilərdən azad
edilməsi bizim üçün təkcə siyasi və
iqtisadi əhəmiyyət kəsb etmir. Burada daha çox mənəvi-psixoloji
amillər vardır. Belə ki, Azərbaycan torpaqlarının
əvvəlki əsrlərdə parçalanması, zəbt
olunması prosesi gedəndə dünya xəritəsində
müstəqil Azərbaycan dövləti yox idi. İndi isə
nəinki regionda, hətta, bütün dünyada sözü kəsərli
olan, güclü iqtisadiyyata, müasir hərbi texnika ilə təchiz
olunmuş Silahlı Qüvvələrə, böyük
elmi-texniki potensiala, qətiyyətli Ali Baş Komandana və ən
başlıcası möhtəşəm ümumxalq dəstəyi
qazanmış iqtidara malik olan Azərbaycan dövləti
mövcuddur. Bütün bu məqamlar isə bizə imkan verir
ki, işğal altında olan torpaqlarımızı istənilən
yolla düşmən tapdağından azad edək. Ulu öndər
Heydər Əliyevin dediyi kimi, bu məsələni həll edə
bilməsək bizi əcdadlarımızın ruhu da
bağışlamaz, gələcək nəsillər də. Odur
ki, Azərbaycan dövləti regionun ən ağrılı
problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həllini tezləşdirmək
üçün bütün vasitələrdən istifadə
edir.
Azərbaycan
rəhbərliyinin son zamanlar bu istiqamətdə siyasi-diplomatik
fəallığını artırması dünya ictimaiyyətini
daha konkret addımlar atmağa məcbur edir. "Böyük
səkkizlik" ölkələrinin Fransada keçirilən
sammiti çərçivəsində
görüşmüş ABŞ, Fransa və Rusiya prezidentləri
toplantı çərçivəsində Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması barədə də
müzakirələr aparmış, birgə bəyanat
vermişlər. Barak Obama, Nikola Sarkozi və Dmitri Medvedevin
imzaladığı bəyanatda Azərbaycan və Ermənistan
prezidentləri gələn ay keçiriləcək növbəti
görüşdə münaqişənin tənzimlənməsinin
əsas prinsipləri üzərində işi tamamlamağa
çağırılır. Vasitəçi ölkələrin
dövlət başçılarının qənaəti belədir
ki, münaqişənin dinc tənzimlənməsi istiqamətində
addım atılmasının vaxtı
çatmışdır: "Əsas prinsiplərin bu il
martın 5-də Soçidə müzakirə edilmiş
sonuncu versiyası geniş əhatəli dinc tənzimlənmənin
hazırlanması üçün ədalətli və
tarazlaşdırılmış təməl yaradır". Yeri
gəlmişkən, Birləşmiş Ştatların Azərbaycandakı
səfiri Mətyu Brayza kütləvi informasiya vasitələrinə
verdiyi müsahibədə məxsusi olaraq qeyd edib ki, prezidentlərin
Kazan görüşünün ümidverici nəticələri
gözlənilir.
Bu,
danılmaz faktdır ki, indi dünyanın bütün
qütblərində mövcud olan beynəlxalq təşkilatlar
və aparıcı dövlətlər Azərbaycanın ərazi
bütövlüyünü tanıyır, Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyünün bərpası şərtiylə
həll edilməsi zərurətini açıq mətnlə,
birmənalı şəkildə bəyan edirlər. Ancaq o da
faktdır ki, münaqişənin bu şəkildə həllinə
əngəl törədən qüvvələr də az deyil
və torpaqlarımızın hələ də işğal
altında qalmasının əsas səbəbi məhz həmin
qüvvələrdir. Rəsmi Bakının yeritdiyi xarici siyasət,
xüsusən, neft diplomatiyası Azərbaycanın
dostlarını gündən-günə çoxaltsa da, qara
qüvvələr, ermənipərəst siyasətçilər,
xüsusən, çörəyi konfliktlərdən
çıxan təşkilatlar hələ çoxdur və Azərbaycan
indi məhz həmin qüvvələrə qarşı
mübarizə aparır.
Nazirlər
Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında giriş nitqi ilə çıxış edən
Prezident İlham Əliyev respublikamızın sosial-iqtisadi
inkişafı ilə yanaşı ölkəmizin hərbi
potensialının artırılması zərurətini, bu
istiqamətdə kifayət qədər işlərin
görüldüyünü vurğuladı. Qeyd edildi ki,
ölkəmizdə hərbi sənaye potensialı sürətlə
inkişaf edir. Bu sahənin genişləndirilməsi həm sənayenin
inkişafına xidmət edir, həm də ölkənin hərbi
qüdrətinin artmasına. Ancaq dövlət ilk növbədə
Azərbaycanın hərbi potensialının bilavasitə
daxili imkanlar hesabına gücləndirilməsinə
çalışır. Elə Müdafiə Sənayesi
Nazirliyi də bu məqsədlə yaradılıb. Təsadüfi
deyil ki, bu gün Azərbaycan Müdafiə Sənayesi
Nazirliyinin müəssisələrində 430 adda hərbi təyinatlı
məhsullar istehsal olunur və bu sahədəki işlərin ən
müasir texnologiyalar əsasında qurulması
üçün konkret layihələr
reallaşdırılır.
Ancaq
Prezident İlham Əliyevin əsas məqsədlərindən
biri bütövlükdə bölgədə təhlükəsizlik
tədbirlərinin gücləndirilməsi işində Azərbaycanın
müsbət rolunun genişləndirilməsidir. Çünki
ölkəmiz bölgədə sabitləşdiricilik
missiyasını öz üzərinə
götürmüşdür. Dövlətimiz bütün sahələrdə
olduğu kimi bu sahədə də öz uğurlu siyasətini
aydan-aya, gündən-günə genişləndirir. Ona
görə də biz beynəlxalq ictimaiyyətdən haqq, ədalət,
obyektivlik, prinsipiallıq, tərəfsizlik tələb edəndə
səsimizin bütün tribunalardan eşidilməsinə nail
oluruq. Prezident İlham Əliyev Azərbaycanın səsini
bütün dünyanın qulağına çatacaq şəkildə
qətiyyətlə söyləyir:
"Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində mövqeyimiz birmənalıdır. Beynəlxalq
hüquq normaları tam şəkildə təmin edilməlidir.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
qeyd-şərtsiz icra edilməlidir. Necə ki, Liviya ilə
bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri
bir neçə saatdan sonra icra edilməyə
başlanmışdır. Yəni, mən bu barədə
artıq fikrimi bildirmişəm. Bir daha demək istəyirəm
ki, bu, ədalətsizlikdir, bu, ikili standartlardır və bu
ayrı-seçkiliyi heç bir səbəblə izah etmək
mümkün deyildir. Çünki ermənilər tərəfindən
azərbaycanlılara qarşı soyqırımı - genosid
törədilmişdir. Xocalı soyqırımı törədilmişdir.
Ermənilər tərəfindən günahsız insanlar vəhşicəsinə
qətlə yetirilmişdir. Nədənsə o zaman dünya
birliyi bizim dərdimizə biganə qalmışdır. Azərbaycanın
beynəlxalq birlik tərəfindən tanınmış əraziləri
uzun illərdir işğal altındadır. Təhlükəsizlik
Şurasının 4 qətnaməsi qəbul edilib, ATƏT-in
qərarları, Avropa Parlamenti, Avropa Şurası, İslam
Konfransı Təşkilatı, NATO-nun qərarları -
bütün bu qərarlar işğal olunmuş torpaqlardan erməni
qoşunlarının çıxarılmasını tələb
edir. Ancaq məsələ öz həllini tapmır. Belə
olan halda Azərbaycan vətəndaşları haqlı olaraq
sual verirlər ki, nə üçün bizə qarşı
münasibət fərqlidir?"
Yeri
gəlmişkən, həmin narahatlıq artıq dünya
ictimaiyyəti tərəfindən də açıq şəkildə
ifadə edilir. Məsələn, ABŞ Dövlət katibinin
müavini Filip Qordon Senatda çıxışı zamanı
erməni lobbisinin və erməni diasporunun gözü
qabağında söyləyib ki, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı sülh sazişinin
layihəsini hazırlamağın vaxtıdır. Ermənistan
isə bu layihənin ərsəyə gəlməsini hər
vasitə ilə əngəlləməyə
çalışırdı. Rəsmi İrəvanın
münaqişənin həllinə mane olmaq cəhdlərinə
baxmayaraq Avropa parlamentinin sədri Yeji Buzek bilavasitə Ermənistanda
olarkən bəyan edib ki, bu münaqişə tezliklə,
özü də ölkələrin ərazi
bütövlüyünün bərpası şərtiylə
həll edilməlidir. Ermənistan rəsmiləri isə beynəlxalq
ictimaiyyətin indiki iradəsini yenə də şantajla qarşılamağa
çalışırlar. Guya Azərbaycan neft sektorundan əldə
etdiyi kapital vasitəsiylə ermənilərin
hüquqlarının pozulmasına nail olur. Bu arqumentin cəfəngiyyat
olduğunu artıq dünyada hamı bilir.
Azərbaycan
xalqının arzu-istəklərini və haqlı tələblərini
ifadə edən Prezident növbəti dəfə qətiyyətlə
bildirir ki, münaqişənin həllində ölkəmizin,
xalqımızın və dövlətimizin mövqeyi birmənalıdır.
Bu mövqe nəinki bizim arzularımıza, eləcə də
beynəlxalq hüquqa əsaslanır və beynəlxalq
hüquq hələ ki, dünyada aparıcı rola malikdir. Bütün
bunları əsas götürən Azərbaycan rəhbərliyi
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə, üstəlik tezliklə həll olunması
üçün öz səylərini artırır və bu
səylərin nəticəsi ümidvericidir. Prezident İlham Əliyev
yuxarıda qeyd etdiyimiz nitqində həmin ümidləri bu
şəkildə ifadə edir: "Hazırda
danışıqlar masasında olan təkliflər Azərbaycanın
ərazi bütövlüyünün bərpasını təmin
edəcəkdir. Eyni zamanda, məsələ öz həllini
Dağlıq Qarabağda yaşayan insanların və oraya
mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının
muxtariyyət,özünüidarəetmə statusunda
yaşamasını təmin edə biləcək prinsiplər
əsasında tapa bilər. Bir daha demək istəyirəm ki,
Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da
nə vaxtsa müstəqilliyin verilməsi
mümkünsüzdür. Bu, danışıqlar mövzusu
deyildir və olmayacaqdır".
Qeyd
edək ki, 2011-ci ilin birinci rübündə Azərbaycan tərəfinin
təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə
missiyası işğal olunmuş torpaqlarımıza səfər
etmişdir. Ermənilərin bütün cəhdlərinə
baxmayaraq missiyanın Dağlıq Qarabağdan kənardakı
bütün rayonlara səfəri baş tutmuş və
münaqişənin həllinə müsbət təsir edəcək
hesabat hazırlanmışdır. Ən başlıcası
hesabatda açıq-aydın göstərilir ki, işğal
olunmuş ərazilərdəki bütün infrastruktur ermənilər
tərəfindən başdan-başa
dağıdılıbdır. Bu isə ermənilərin
kimliyinin dünya ictimaiyyətinə
çatdırılması baxımından növbəti
imkandır.
Əminik
ki, Azərbaycan tərəfinin göstərdiyi qətiyyət
və dünya ictimaiyyətinin iradəsi nəticəsində
Ermənistan ən azı öz xalqının mənafeləri
baxımından destruktiv mövqelərdən əl çəkəcək,
münaqişənin ədalətli şəkildə həlli
üçün irəli sürülən təkliflərlə
razılaşacaqdır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 5 iyun.- S. 4.