Azərbaycan dövləti gənc nəslin zamanın tələbləri səviyyəsində yetişməsi üçün bütün addımları atır

 

Təhsil prosesindəki yeniliklər də məhz bu məqsədə xidmət edir

 

Ulu öndər Heydər Əliyev öz siyasi fəaliyyətinin bütün dönəmlərində elmin, təhsilin və mədəniyyətin inkişaf etdirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Yeni ali məktəblərin açılması, yeni ixtisasların yaradılması, ölkə gənclərinin başqa ölkələrdə mükəmməl ali təhsil alması üçün yollar axtarılması məsələləri daim onun diqqət mərkəzində olurdu. Xüsusən, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən və ulu öndərin siyasi hakimiyyətə qayıtmasından sonra bu tendesiya daha iti sürətlə davam etdirilmişdir. Heydər Əliyevin "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adlı tarixi müraciətində isə bu məsələlərə yeni müstəvidən nəzər salınır, qarşıda duran vəzifələrin əhatəsi, miqyası genişləndirilirdi.

 

2003-cü ilin payızından - ümummilli liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinə başlanılmasından sonra isə Azərbaycan gəncliyinin daha intellektual səviyyədə yetişməsi, təhsil sisteminin dünya standartları səviyyəsinə qaldırılması üçün xüsusi dövlət proqramlarının icrasına başlanılmış, çoxsaylı uğurlar əldə edilmişdir. Bu gün ölkədə təhsil sisteminin yüksək inkişafına nail olmaq üçün 16 Dövlət Proqramı icra olunur. Ölkənin ali məktəblərində dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərində öyrədilən ixtisasların açılması da həmin proqramların tərkib hissəsidir. Bu günlərdə yaradılmasının beş ili tamam olan musiqi menecmenti ixtisası da təhsilə göstərilən dövlət qayğısının nəticəsidir.

Bəs bu təşəbbüs həyatda özünü necə doğrultdu? Bu sualla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi menecmeti və musiqi texnologiyaları kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Telman Hacıyevə müraciət etdik:

- Bəli, bizim kafedra da, öyrətdiyimiz musiqi menecmenti ixtisası da Azərbaycan təhsil sistemi üçün yenidir. Daha doğrusu, sizin dediyiniz kimi, cəmi beş yaşımız var. Bu ixtisas da, bu kafedra da Prezident İlham Əliyevin təhsilə qayğısının nəticəsidir.

Beş il əvvəl yaradılmış bu yeni ixtisası formalaşdırmaq məqsədilə Təhsil Nazirliyinin tədris planı əsasında akademiyanın elmi-pedaqoji potensialından istifadə edərək tədris proqramları, dərslik, dərs vəsaitləri, metodik tövsiyələr tərtib etdik. Bütün bunlar nəzərdən keçirildikdən sonra nazirlik belə bir ixtisasın və kafedranın yaradılması üçün xüsusi əmr verdi. İxtisasımız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul siyahısına salındı və bakalavr dərəcəsi üzrə musiqi menecmenti ixtisasına tələbə qəbulu aparıldı. İndi çox asanlıqla söylənilən bu prosesdə akademiyanın rektoru, professor Fərhad Bədəlbəyli başda olmaqla bir çox insanlar xeyli zəhmət çəkdilər.

Hazırda kafedramızda üç elmlər doktoru, üç professor, bir neçə elmlər namizədi, dosent və baş müəllimlər çalışır. Bütün yeniliklər zamanı olduğu kimi bizdə də bəzi çətinliklər yaranırdı. Sonra bütün məsələlər yoluna qoyuldu. Artıq ikinci ildir ki, əsl ali təhsilli musiqi menecmentlərinin buraxılışı olur. Həm məzunlarımız, həm də yuxarı kurs tələbələrimiz ali məktəblərdə, Bakıdakı səfirliklərdə, müxtəlif şirkətlərdə və müəssisələrdə klassik Azərbaycan və dünya musiqisindən ibarət layihələr icra edir, gənc istedadlı musiqiçilərimizin konsertlərini reallaşdırırlar. Bu işlərdə akademiyanın bəlkə də tükənməyəcək qədər olan potensialından istifadə olunur. İndi sual ortaya çıxa bilər ki, musiqiçilər çalıb oxuyacaqlarsa və akademiyanın potensialından istifadə olunacaqsa, onda bu ixtisasa nə ehtiyac var idi? Əsas məsələ də elə bundadır. Belə ki, on illərdən bəri bizdə musiqi tədbirlərini və milli-mənəvi dəyərlərimizlə bağlı olan layihələri elə musiqiçilərin özləri təşkil edirdilər. Ancaq inkişaf etmiş ölkələrdə musiqiçilər bu işə qarışmır, onlar sadəcə öz ifalarını nümayiş etdirirlər. Bizdə musiqi mədəniyyətini dərindən bilən, onun təbliği yollarını mənimsəmiş, fəqət, heç bir ifaçılığı olmayan gənclər daim bu təbliğ prosesindən kənarda qalırdılar. İndi isə elə deyil. Hazırda həmin qabiliyyətli gənclər təkcə yerli layihələrin icrasını reallaşdırmır, həm də gənc musiqiçilərimizin beynəlxalq aləmə çıxarılmasını təşkil edirlər.

Mən bir faktı yada salmaq istəyirəm. Tələbə-gənclərimiz bir neçə gün öncə - mayın 10-da Quba Rayon İcra Hakimiyyətinin böyük zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə geniş yubiley tədbiri təşkil etmişdilər. Layihənin rəhbərləri Mina Hacıyeva və Telman Hacıyev idi. Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov fəxrlə söylədi ki, bu qəbildən olan məsuliyyətli tədbirin məhz tələbə menecmentlər tərəfindən reallaşdırılması Azərbaycan gəncliyinin uğurlarındandır.

Akademiyada olarkən yaradılmasının beş illiyi qeyd edilən kafedranın professor-müəllim heyətinin və tələbələrinin bir neçə ilə görüşdük. Fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva: -Cənab Prezidentin cəmiyyətimizin inkişafı üçün müəyyən etdiyi istiqamətlərə uyğun olaraq həyata keçirilən bütün tədbirlər alqışlanır. Bu ixtisasın yaradılması da alqışlanmalıdır. Əminik ki, gələcəkdə daha böyük uğurlarımız olacaq. Bu ixtisas Azərbaycan musiqisinin təbliğ olunması üçün düşünülmüş ən uğurlu addımlardan biridir.

Dosent Xavər Əhmədova: - Kafedramızın professor-müəllim heyətinin və tələbələrimizin son beş ildə əldə etdiyi uğurlar, xüsusən, musiqi menecmentlərinin həyata keçirdikləri layihələr təkcə yüksək bədii məzmunu ilə deyil, həm də milli-mənəvi dəyərlərin təbliği, azərbaycançılıq ideologiyasının dəstəklənməsi baxımından yüksək qiymətləndirilir. İnşallah, gələn illər bu yeni ixtisas Azərbaycan musiqisinə daha böyük töhfələr verəcək.

Ülviyyə Xudayarova, IV kurs tələbəsi: - Əsasən əla qiymətlərlə oxuyuram. Oxuduğum illər ərzində ixtisasım üzrə layihələr tərtib etmişəm. Akademiyanın Qara Qarayev adlı zalında reallaşan layihəm professor-müəllim heyəti və tələbələr tərəfindən böyük maraqla qarşılandı. İndi əsas məqsədim Azərbaycan musiqisini dünya miqyasında təbliğ etməkdir. Əminəm ki, akademiyada aldığım mükəmməl təhsil nəticəsində bu arzum da həyata keçəcəkdir. Gənclərin musiqi menecmenti ixtisasına daha böyük maraq göstərməsini arzulayıram.

Tural Əliyev, tələbə: - Kafedranın ən böyük nailiyyətlərindən biri Bakıdakı Rusiya mədəniyyət və informasiya mərkəzi ilə birgə həyata keçirilmiş tədbirlər, müsabiqələr idi. Bu layihələr bizim mədəniyyətimizin təbliğinə və dost xalqın mədəniyyətini öyrənməyimizə xidmət edirdi.

Əsmər Rəhimova, tələbə: - Akademiyada oxuduğum üç ildə professor-müəllim heyətindən öz ixtisasım - musiqi menecmenti üzrə kifayət qədər bilik aldım. Ancaq öyrəndiyim təkcə bu deyil. Mən milli təəssübkeşlik baxımından da çox şey öyrəndim. Bu ixtisası və kafedranı yaradanlara böyük minnətdarlıq duyğularım var. Arzu edirəm menecment ixtisası on ildən, 20 ildən sonra da Bakı Musiqi Akademiyasına böyük üz ağlığı gətirsin. İnanıram ki, belə olacaq. Çünki bu ixtisas Azərbaycan dövlətinin təhsilə qayğısı nəticəsində yaradılıb.

 

 

Qələmə aldı: İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 5 iyun.- S. 5.