"Təmiz
Şəhər" sağlam ekoloji mühit uğrunda
mübarizənin önündədir
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq tapşırıqlarına uyğun olaraq, Azərbaycanda
ekoloji mühitin sağlamlaşdırılması sahəsində
məqsədyönlü iş aparılır.
Paytaxtda
əmələ gələn bərk məişət
tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi
sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə
şəhərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması məqsədilə
dövlət başçısının 2008-ci il 6 avqust
tarixli "Bakı şəhərində məişət
tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi
haqqında" Sərəncamına əsasən, "Təmiz
Şəhər" Açıq Səhmdar Cəmiyyəti təsis
olunmuşdur. Səhmdar Cəmiyyət fəaliyyətə
başladığı ilk gündən indiyədək bu
istiqamətdə bir sıra işlər
görülmüşdür. Bu işlərlə tanış
olmaq məqsədilə "Təmiz Şəhər"
ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovla
görüşdük. Onunla müsahibəni təqdim
edirik.
- Zakir müəllim, Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının təmizlənməsi istiqamətində son illər dövlət səviyyəsində davamlı tədbirlər həyata keçirilməkdədir. Səhmdar Cəmiyyətin yaranmasını zəruri edən hansı məsələlər idi?
- Sizin də qeyd etdiyiniz kimi paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması və bərk məişət tullantılarından təmizlənməsi istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər reallaşdırılır. Ümumiyyətlə, tullantıların idarə olunması sahəsi olduqca mürəkkəb və diqqət tələb edən sahədir. Ölkədə, o cümlədən Bakı şəhərində mövcud ekoloji problemlərin sistemli şəkildə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixində "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" təsdiq olunmuşdur. Kompleks Tədbirlər Planı çərçivəsində paytaxtda məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması kimi vəzifələr də müəyyən edilmişdir.
Dövlət başçısının 2008-ci il 6 avqust tarixli "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən, təsis olunmuş "Təmiz Şəhər" ASC-yə Bakı şəhərinin ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurulması tapşırılmışdır.
- Artıq Səhmdar Cəmiyyətin yaradılmasından iki il vaxt ötür. Bu illər ərzində "Təmiz Şəhər" ASC tərəfindən hansı işlər görülmüşdür?
- "Təmiz Şəhər" ASC-nin əsas hədəfi Balaxanı şəhər tullantıları zərərsizləşdirlməsi poliqonunda hökm sürən acınacaqlı vəziyyəti aradan qaldırmaq idi. Bildiyiniz kimi, Balaxanı poliqonunda baş verən yanğınlar nəticəsində əmələ gələn tüstü şəhəri bürüyərək insanların səhhətinə və ətraf mühitə mənfi təsir edirdi. Görülmüş işlər nəticəsində tüstülənmənin qarşısı tamamilə alındı, poliqonun ətraf mühitə mənfi təsiri nəzərə çarpacaq dərəcədə azaldı. Balaxanı poliqonunda səhmdar cəmiyyətimiz tərəfindən görülmüş işlərin qiymətləndirlməsi üçün mütəmmadi olaraq ekoloji monitorinqlər aparılır. Bu məqsədlə səhmdar cəmiyyətlə beynəlxalq səviyyəli müasir laboratoriya arasında xidmət müqaviləsi imzalanmışdır. Ekoloqlarımız tərəfindən aparılan su və torpaq nümunələrinin müqayisəli analizlərinin nəticələrinə əsasən, məlum olmuşdur ki, su nümunələrində bütün elementlərin miqdarı yol verilən qatılıq həddindədir, torpaq nümunələrində isə zərərli elementlərin azalması müşahidə olunur. Analizlər göstərir ki, hava nümunələrində zərərli qazların miqdarı aşağı düşmüşdür və yol verilən həddə çatdırılmışdır.
Bundan əlavə, Balaxanı poliqonu ərazisində yuma-dezinfeksiya məntəqəsinin qurulması işləri həyata keçirilir. Bildiyiniz kimi, tullantı maşınları şəhərimizin müxtəlif küçə və məhəllələrindən topladığı tullantıları Balaxanı poliqonuna daşıyır. Burada tullantı boşaldıldıqdan sonra bu maşınlar paytaxtımızda dolaşaraq öz fəaliyyətlərini yenidən davam etdirir. Ətraf mühitə mənfi təsirin azaldılması məqsədilə bu ilin avqust-sentyabr aylarında Balaxanı poliqonunda tullantı daşıyan maşınlar üçün yuma və dezinfeksiya məntəqəsi işə başlayacaqdır.
Tullantıların idarə edilməsi sahəsində tullantıların çeşidlənməsi və təkrar emalı mühüm utilizasiya üsullarındandır. Eyni zamanda, çeşidləmə ucuz xammal bazarı, həmçinin təbii sərvətlərə, enerjiyə, torpaq ərazilərinə qənaət deməkdir. Artıq Balaxanı poliqonu yaxınlığında illik gücü 200 min ton olan yarım-avtomatik çeşidləmə xəttinin qurulması məqsədilə yer ayrılmış, Almaniya istehsalı olan avadanlığın təchizatı üzrə müqavilə imzalanmışdır, tikinti-quraşdırma işləri üçün hazırlıq aparılır. Yaxın müddətdə qeyd olunan çeşidləmə xətti istismara veriləcək. Növbəti illərdə də bu cür stansiyaların sayının artırılması planlaşdırılır.
Bu 2 il müddətində Balaxanı poliqonu ərazisində bir çox işlər görülüb və görülməkdədir və bizim əsas məqsədimiz Balaxanı poliqonunun beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, ərazinin tam sanitariya və gigiyena normalarına uyğun poliqona çevrilməsidir. Bunun üçün İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı arasında imzalanmış saziş əsasında həyata keçirilən "Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi" layihəsi çərçivəsində də əhəmiyyətli işlər görülür.
- Zakir müəllim, hamıya məlumdur ki, bu gün Bakının müxtəlif ərazilərində qeyri-qanuni tullantı sahələri mövcuddur. Bununla bağlı nə deyə bilərsiniz?
- Təəssüf ki, bu gün Bakının müxtəlif inzibati rayonlarında qeyri-qanuni tullantı sahələri var. Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, "Təmiz Şəhər" ASC Bakı şəhəri ərazisində əmələ gələn məişət tullantılarının yalnız yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğuldur. Buna baxmayaraq, qeyri-qanuni fəaliyyət göstərən tullantı sahələrinin yerlərini müəyyənləşdirmək məqsədilə "Təmiz Şəhər" ASC ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə inventarizasiya işləri aparmışdır. İnventarizasiya nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrin ərazisində çox sayda qanunsuz tullantı sahələri aşkar edilmişdir ki, bu tullantı sahələrindən də 38-nin hər birinin ərazisi 100 kvadrat metrdən böyük idi. Tullantı sahələrinin ləğv edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün mütəmadi reydlərin aparılması məqsədilə "Təmiz Şəhər" ASC-nin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və "Təmiz Şəhər" ASC-nin daxil olduğu İşçi Qrupu yaradılmışdır. Bakı şəhərində keçirilən reydlər zamanı aşkar olunmuş qanunsuz tullantıxanaların ləğv edilməsi ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılmış, protokollar və aktlar tərtib olunmuşdur. Nəticədə paytaxtın müxtəlif rayonlarında aşkar edilən qeyri-qanuni tullantı sahələrinin bəziləri artıq ləğv edilmiş, burada toplanan tullantılar zərərsizləşdirilmək üçün Balaxanı poliqonuna nəql edilmişdir. Bakı şəhərində ekoloji tarazlığın bərpası və təmizliyin mühafizəsi məqsədi ilə bu istiqamətdə keçirilən monitorinqlər və reydlər davam etdiriləcək.
Bundan başqa, qanunsuz tullantı sahələrinin ləğv edilməsi məqsədilə "Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi" layihəsi çərçivəsində xüsusi proqram da hazırlanmaqdadır.
- Zakir müəllim, hazırda Balaxanı qəsəbəsində Bərk Məişət Tullantılarının Yandırılması Zavodu tikilir. Hazırda işlər hansı mərhələdədir?
- Məlumat üçün qeyd edim ki, tullantıların idarə edilməsi kompleks şəkildə aparılmalıdır. Dünya təcrübəsi də göstərir ki, tullantıların idarə edilməsinə yalnız kompleks şəklində yanaşaraq uğurlu nəticələr əldə etmək mümkündür. Bu prosesə tullantıların poliqonlarda basdırılması, təkrar emal edilməsi, tullantıların zavodlarda yandırılması və digər üsullar daxildir.
Tullantıların zavodlarda yandırılması və bununla da alternativ enerjinin əldə edilməsi müasir dünyada ən çox istifadə edilən zərərsizləşdirmə üsullarından biridir.
Əgər siz dünya tərcrübəsinə nəzər salsanız görərsiniz ki, hazırda Avropa və Asiyada ən qabaqcıl ölkələr məişət tullantılarının idarə edilməsi prosesində daha çox tullantıların yandırılması üsuluna üstünlük verir. Məsələn, Danimarka və İsveç tullantıdan enerji istehsal etmək üzrə bir əsrdən çoxdur ki, liderdir. Lüksemburq, Niderland, Almaniya və Fransa kimi Avropa ölkələri məişət tullantılarının idarə edilməsi sahəsində tullantıların yandırılmasına daha çox yer verir. Yaponiyada tullantıların yandırılması üsulundan xüsusilə geniş istifadə edilir. Ümumiyyətlə, dünyadakı 600-ə yaxın tullantıların yandırılması zavodlarında ildə 130 milyon tondan artıq tullantı yandırılır ki, bundan da hər il 100 PJ (petacoul) eletkrik enerjisi istehsal edilir. Bu təqribən 10 milyon avropalı istehlakçının elektrik enerjisinə olan tələbatına bərabərdir.
Hazırda Balaxanı qəsəbəsində inşa olunan Tullantıların Yandırılması zavoduna gəlincə, məlumat üçün bildirim ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Fransanın CNİM S.A. şirkəti ilə imzalanmış müqaviləyə əsasən tikilməkdə olan zavod ildə 500 min ton bərk məişət tullantısı və 10 min ton tibbi tullantıları utilizasiya etmək gücünə malik olacaq. 2012-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulan zavod alternativ enerji kimi ildə 231,5 mln kVt/s elektrik enerjisi istehsal edəcək. Zavodun fəaliyyəti nəticəsində tullantıların ümumi kütləsi 3 dəfə, həcmi isə 10 dəfə azalacaq. İstehsalat gücünə görə həmin zavod Şərqi Avropada və MDB məkanında ən iri bu tipli zavod hesab olunur. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək.
Qeyd etmək istərdim ki, zavodun layihəçisi və podratçısı olan CNİM S.A şirkəti Belçika, Estoniya, Fransa, İtaliya, Portuqaliya, Böyük-Britaniya kimi qabaqcıl ölkələrdə analoji layihələr həyata keçirir və bu günə qədər 143 ədəd "Tullantıdan Enerjiyə" zavodu inşa etmişdir.
- Bir qədər də gələcək planlarınız barədə məlumat verməyinizi xahiş edirik.
- Tullantıların idarə edilməsi sisteminin inkişaf etdirilməsi istiqamətində gələcəyə yönəlik bir çox planlar mövcuddur. Misal üçün, Balaxanı qəsəbəsi ərazisində sənaye parkının yaradılması üçün təkrar emal müəssisələrinin bir araya gətirilməsi planlaşdırılır. Təkrar emal sahəsində maraqlı olan potensial sahibkar və investorlar üçün əlverişli şərait yaratmaq, ölkədə təkrar emal prosedurunun inkişafını yaxşılaşdırmaq məqsədilə Balaxanı Sənaye Parkı yaradılacaq. Parkın ərazisində emal və istehsal müəssisələrinin qurulması üçün hökumət tərəfindən hər cür şərait və köməklik göstəriləcək. Parkın poliqona və Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna, həmçinin nəqliyyat qovşağına yaxınlığı əldə edilmiş təkrar xammal və ya istehsal edilmiş məhsulların asanlıqla satış bazarına çıxarılmasına şərait yaradacaq. Burada əsas məqsəd ölkənin sənaye potensialının sistemli şəkildə reallaşması, qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi ilə beynəlxalq tələblərə uyğun istehsal infrastrukturunun yaradılaraq ondan sahibkarların istifadəsini, ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə biznes və sosial xidmətlərin göstərilməsini və eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji tarazlığın bərpasını təmin etməkdir.
Bakı şəhərində və ətraf qəsəbələrdə əmələ gələn bərk məişət tullantılarının daşınması işinin təkmilləşdirilməsi məqsədi ilə yükləmə-boşaltma məntəqələrinin qurulması layihəsinin reallaşdırılması planlaşdırılır. Burada həmçinin, çeşidləmə xəttlərinin qurulması nəzərdə tutulub. Yükləmə-boşaltma məntəqələrinə tullantı daşıyan maşınlarla nəql ediləcək tullantı kütləsi çeşidlənəcək və təkrar emala yararlı materiallar ümumi kütlədən ayrılaraq emal müəssisələrinə nəql ediləcək, digər tullantılar isə sıxlaşdırılaraq iri həcmli konteyner maşınları vasitəsi ilə gecə vaxtlarında tullantıların yandırılması zavoduna və ya poliqona nəql ediləcək.
Yükləmə-boşaltma məntəqələrinin yaradılmasında əsas məqsəd Bakı şəhərinin müxtəlif rayonlarından tullantıların Balaxanı poliqonuna daşınmasında yaranan çətinliklərin aradan qaldırılmasıdır. Yükləmə-boşaltma məntəqələri istismara verildikdən sonra məişət tullantılarının zərərsizləşdirmə obyektlərinə çatdırılması məsələsi öz həllini tapacaq. Bu məntəqələrin yaradılması həmçinin, şəhərdə mövcud tıxac problemlərinin qismən həll edilməsi, nəqliyyat xərclərinin azaldılması və yanacağa qənaət, ətraf mühitə atılan zərərli qazların miqdarının azaldılması deməkdir.
Tullantılar qarışıq şəkildə toplandığından və daşındığından Balaxanı poliqonuna nəql edilən bərk məişət tullantılarının tərkibində məişətdə əmələ gələn təhlükəli tullantılara (batereyalar, akumulyatorlar, termometrlər, flürosen lampalar və s.), məişət texnikasına (tozsoran, soyuducu və s.), elektron tullantılara (kompyuter, printer və s.), tikinti və söküntü tullantılarına (beton qırıqları, taxta parçaları və s.) rast gəlmək mümkündür. Onlar torpaq səthini zəhərləməklə yanaşı, insan səhhəti üçün də təhlükəlidir. Bu məqsədlə adı çəkilən tullantı növlərinin ayrıca utilizasiyası təşkil edilməlidir. Hazırda bu istiqamətdə araşdırmalar aparılır və texniki-iqtisadi əsaslandırmalar hazırlanacaqdır.
- Hazırda dünyanın inkişaf edən ölkələrində Təmiz İnkişaf Mexanızmi üzrə layihələr icra edilməkdədir. "Təmiz Şəhər" ASC belə layihələri tətbiq edəcəkmi?
- "Təmiz Şəhər" ASC tərəfindən məişət tullantılarının idarə edilməsi istiqamətində Təmiz İnkişaf Mexanizmi üzrə iki potensial karbon krediti layihəsi işlənir. Bunlardan biri Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti nəticəsində ətraf mühitə atılan istilik effekti yaradan qazların azaldılması ilə bağlıdır. Digər layihə isə, Balaxanı poliqonunun müasir standartlara uyğun bərpası və tullantıların çürüməsi nəticəsində əmələ gələn istilik effekti yaradan metan qazının ətraf mühitə atılmasının qarşısının alınması və onun emalı nəticəsində istilik və ya elektrik enerjisinin əldə edilməsidir. Artıq hər iki layihə barədə niyyət məktubu BMT-yə göndərilmişdir və hazırda müvafiq sənədləşmə işləri aparılır.
Təbii ki, tullantıların düzgün idarə edilməsi sisteminin qurulmasına ilk öncə ictimaiyyət arasında ekoloji savadlılığın artırılması, maarifləndirmə və təşviqat işlərindən başlanılmalıdır.
Dövlət tərəfindən bu sahəyə çox böyük diqqət yetirilir, lakin bu prosesdə ən vacib və məsuliyyətli vəzifə məhz ictimaiyyətin üzərinə düşür. Ekoloji maarifləndirmə və insanların bu sahədə davranışlarının dəyişdirilməsi uzun müddətli bir prosesdir.
Bu istiqamətdə bir çox işlər görülmüşdür. Belə ki, tullantıların idarə edilməsi sahəsində "Təmiz Şəhərim" uşaqlar arasında rəsm sərgi müsabiqəsi, məktəblilər arasında "Təmiz Şəhər naminə" yay məktəbi, "Şəhərimizin təmizliyi hər birimizdən asılıdır" foto sərgisi, "Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər" mövzusunda elmi-praktik konfrans, müəssisə və bələdiyyələr üçün təlim-tədris kursları və artıq ənənə halını almış iməclik və ağacəkmə kampaniyalarının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, əsasən də tullantılarla düzgün rəftara yönəltmək olmuşdur. Hazırda da ictimai maarifləndirmə və təşviqat sahəsində fəal iş aparılır.
Bundan başqa, "Təmiz Şəhər" ASC tullantıların evlərdə çeşidlənərək yığılması üzrə 2 pilot layihə həyata keçirir. Bunlardan biri "Təmiz Şəhər" ASC və "İçəri Şəhər" Dövlət Tarixi-Memarlıq Qoruğunun tullantıların idarəedilməsinin müasir şəkildə qurulması istiqamətində həyata keçirdiyi tədbirlərdir. Belə ki, layihə çərçivəsində tullantıların üzvi və qeyri-üzvi hissələrə çeşidlənməsi məqsədilə müxtəlif təşviqat materialları qoruq ərazisinin sakinlərinə paylanmış, ərazidə izahedici stendlər qurulmuş, ərazi iki müxtəlif rəngli konteynerlə təchiz edilmiş, əhaliyə iki seksiyalı zibil qutuları verilmişdir. Qoruq əhalisi və ərazidə yerləşən təşkilatlar arasında geniş maarifləndirmə və təşviqat işləri indi də davam etdirilir.
Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən Xəzər rayonunda yerləşən Qala qəsəbəsində üzvi və qeyri-üzvi tullantıların ayrı-ayrılıqda yığılmasının və daşınmasının təşkil edilməsi üzrə "Təmiz Qala" pilot layihəsi həyata keçirilir. Layihə çərçivəsində Qala qəsəbəsi maşın və mexanizmlər, tullantıların yığılması üçün konteynerlərlə təchiz edilmiş və bu konteynerlər üçün meydançalar qurulmuşdur. Bu istiqamətdə davamlı təbliğat - təşviqat işləri "Təmiz Şəhər" ASC tərəfindən bu gün də davam etdirilir.Bizim "Təmiz Şəhər"ASC olaraq əsas məqsədimiz bərk məişət tullantılarının düzgün və müasir idarəçiliyi sistemini qurmaqla ekoloji vəziyyətin yaxşılaşdırılmasını təmin etməkdir. Bu yolda öz fəaliyyətimizi davam etdirərək, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvələri səfərbər edəcəyik.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 8 iyun.- S. 7.