Azərbaycan Ordusu yüksək döyüş hazırlığına yiyələnib

 

Milli Məclis üzvlərinin, media nümayəndələrinin və qeyri-hökumət təşkilatları rəhbərlərinin ordumuzda döyüş hazırlığı ilə yaxından olmaq üçün hərbi hissələrə tez-tez baş çəkməsi, Müdafiə Nazirliyi mətbut xidmətinin kütləvi informasiya vasitələri üçün cəbhə bölgələrində ənənəvi olaraq mətbuat konfransları təşkil etməsi Silahlı Qüvvələrimizlə cəmiyyət arasında qarşılıqlı inamın daha da möhkəmlənməsinə xidmət edən əhəmiyyətli tədbirlərdəndir.

 

İyunun 3-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü və Müdafiə Nazirliyinin dəstəyi ilə Milli Məclisin üzvləri, bir sıra qeyri-hökumət təşkilatı rəhbərlərinin və 10-a yaxın kutləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə ənənəvi olaraq cəbhə bölgəsində- Beyləqan-Füzuli istiqamətində hərbçilərlə görüşlər keçirilmişdir. İlk öncə birləşmənin komanda məntəqəsinə dəvət olunan qonaqlar üçün brifinq keçirilmişdir. Daha sonra müasir kompyuter avadanlıqları və beynəlxalq standartlara uyğun simulyasiya qurğuları ilə təmin olunmuş artilleriya sinfinə dəvət olunan qonaqlar artilleriyaçılarımızın nümayiş etdirdikləri nəzəri və praktiki döyüş hazırlığı tapşırıqlarını izləmişlər. Hərbçilərimizin peşəkarlığı ictimaiyyət nümayəndələrində ordumuzun hazırki durumu ilə bağlı xoş təəssüratlar və zəngin təsəvvür oyatmışdır. Tədbir iştirakçıları düşmənlə bilavasitə təmas xəttində döyüş növbəsində olan hərbi birləşmənin qərargahına, komanda məntəqəsinə və döyüş mövqelərinə baş çəkmiş, hərbi qulluqçularımızın məişət şəraiti, döyüş hazırlığının vəziyyəti ilə yaxından tanış olmuşlar. "N" hərbi hissəsində hərbçilərimizin döyüş texnikası ilə keçirdiyi təlimlər, nümayiş etdirdikləri silahlardan praktiki atışlar ictimaiyyət nümayəndələrində ordumuz haqqında kifayət qədər dolğun rəy formalaşdırmışdır. Bundan əlavə, qonaqlar "N" hərbi hissəsinin tibb taboru ilə də yaxından tanış olmuş, burada yaradılmış şəraitdən və ali dərəcəli hərbi həkimlərin peşəkarlığından məmnun qalmışlar. Əsgər yeməkxanasında nahar edən ictimaiyyət nümayəndələrinin iştirakı ilə daha sonra "N" hərbi hissəsindəki silah-sursata baxış keçirilmişdir. Qonaqlar arasında yer alan millət vəkili Fazil Mustafa cəbhə bölgəsində tank taqımının hərbi təlimindən sonra jurnalistlərə bildirib ki, "bu gün Azərbaycan ordusu üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlir. Gündən-günə güclənən Azərbaycan Silahlı Qüvvələri istənilən vaxt müharibəyə hazırdır və işğal altında olan torpaqlarımızı azad edə bilər".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da təlimdən sonra öz fikirlərini jurnalistlərlə bölüşüb: "Mən də ilk növbədə belə bir görüşü təşkil etdiyinə görə Müdafiə Nazirliyi rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Müharibəni udmaq üçün ordu ilə cəmiyyət arasında çox ciddi əlaqələrin olması vacibdir. Cəmiyyət daim orduya dayaq olmalıdır. Bununla yanaşı cəmiyyətin ordu ilə bağlı düzgün informasiya alması da günün əsas tələblərindəndir. Bu mənada belə görüşlərin davamlı xarakter almasını arzulayıram. Azərbaycan Silahlı Qüvvələrinin bu gün həyata keçirdiyi praktiki hərbi təlimlər ordumuzun müharibəyə hazır olduğunu bir daha sübut edir. Silahlı Qüvvələrimizin müasir hərbi texnikalarla təchiz olunması ordumuzun yüksək döyüş hazırlığına yiyələnməsini təmin edir".

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni də öz təəsüratlarını media nümayəndələri ilə bölüşərək demişdir ki, bu gün Azərbaycanda NATO standartlarına cavab verən müasir və yüksək döyüş hazırlığına malik bir ordunun qurulması bizim hamımızı ürəkdən sevindirir. Milli adət-ənənələrə söykənən belə bir sivil ordunun qurulmasında istər ictimaiyyət nümayəndələri, istər vətəndaş cəmiyyəti, istərsə də qeyri-hökumət təşkilatları çox maraqlıdır. Müdafiə Nazirliyi rəhbərliyinin orduda gedən proseslərin, əldə olunan uğurların, həyata keçirilən əhatəli islahatların ictimaiyyətləşdirilməsində maraqlı olması və bu mühüm məsələyə son dərəcə diqqətlə yanaşması da bizi çox sevindirir. Şaffaflığın və orduya ictimai nəzarətin artırılmasında Müdafiə Nazirliyi rəhbərliyinin göstərdiyi xüsusi diqqətin nəticəsidir ki, bu gün biz burada -"N" hərbi hissəsində sizinlə birlikdə hərbi qulluqçuların yanındayıq. Biz bunu ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyatımızın bütün sahələrində şəffaflıq və ictimai nəzarətlə bağlı həyata keçirdiyi siyasi xəttə çox dolğun və təqdirəlayiq bir dəstək kimi dəyərləndirir və Müdafiə Nazirliyinin bu addımını yüksək qiymətləndiririk".

Qeyri-Hökumət Təşkilatı nümayəndələrinin digər üzvü, tədbir iştirakçısı olan İradə xanım Əliyeva da ordumuzun hazırkı durumu ilə bağlı bildirmişdir ki, əsgər və zabitlərlə bu görüş şəxsi heyətdə, heç şübhəsiz, ruh yüksəkliyi yaradacaq. Hərbi qulluqçularla ünsiyyətdən və onlardakı yüksək vətənpərvərlik hissindən həm qürur duydum, həm də şərəf hissi keçirdim. Biz yüksək döyüş hazırlığına yiyələnmiş ordumuzla fəxr edirik.

Ön xətdə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu mətbuat konfransı keçirdi. Qonaqları döyüş bölgəsində salamlayan zabit dedi:

- Biz ənənəvi olaraq bu dəfə də cəbhə bölgəsində düşmənlə yaxın məsafədə mətbuat konfransı keçiririk. Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birlikdə Milli Məclis üzvlərinin və qeyri-hökumət təşkilatları təmsilçilərinin ayrı-ayrı hissələrə gəlməsi və ordumuzun mövcud vəziyyəti ilə yerindəcə tanış olması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Müdafiə Nazirliyinin rəhbərliyi bu işin səmərəli təşkili və kütləvi informasiya vasitələri, o cümlədən QHT-lərlə əlaqələrin möhkəmləndirilməsi üçün xüsusi tapşırıqlar vermişdir. Çünki ordu ilə cəmiyyət arasında mövcud olan körpünün daha da möhkəmləndirilməsində media və QHT-lərin rolu böyükdür.

Daha sonra Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri E. Sabiroğlu ordumuzun mövcud durumu və əldə etdiyi uğurlarla bağlı jurnalistlərə ətraflı məlumat verərək bildirmişdir ki, bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur və istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Bu günə qədər Azərbaycan 28-ə qədər ölkə ilə hərbi saziş imzalayıb. Ordumuzun gündən-günə güclənməsi nəticəsində xarici dövlətlərin Silahlı Qüvvələrinin Azərbaycan ordusu ilə əməkdaşlıqda marağı artıb. Azərbaycanın hərbi potensialı daim gücləndirilir. Yeni texnikalar alınır. Son bir neçə ildə Silahlı Qüvvələrin 43 hərbi hissəsində əsaslı tikinti və təmir-bərpa işləri aparılıb. Bu gün Azərbaycan ordusu dövlətin və xalqın etimadını doğruldur və qarşıya qoyulmuş bütün döyüş tapşırıqlarını layiqincə yerinə yetirir.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2011.- 8 iyun.- S. 4.