9 iyun 1993-cü il: milli dövlətçiliyimizin nicatına doğru uğurlu addımın atıldığı gün

 

Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə ölkəmiz və xalqımız böyük fəlakətlərdən xilas oldu

 

Azərbaycan Prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir. O, üç dəfə - ayın 7-də, 8-də və 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq, iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim.

 

Ulu öndər Heydər Əliyevin "Ostankino" dövlətlərarası televiziya şirkətinə müsahibəsindən

 

1993-cü ilin yazında yayında Azərbaycanda baş verən ictimai-siyasi proseslərin o günləri yaşamış hansısa soydaşımızın yadından çıxması qətiyyən mümkün deyil. Ən unutqan insanlar belə həmin günlərin dəhşətini bütün ömrü boyu yaddaşlarında yaşadacaqlar. Çünki milli tariximizin həmin dönəmində Azərbaycan xalqı heç zaman üzləşmədiyi fəlakətlərin bir addımlığında idi. Əgər 1918-20-ci illərdə mövcud olmuş dövlət müstəqilliyinin əldən getməsi bizim üçün sadəcə istiqlalın itirilməsi kimi qiymətləndirilirdisə, 1993-cü ildə biz həmin faciə ilə yanaşı daha ağır bir bəlanın - vətəndaş müharibəsinin bir addımlığında idik. 1920-ci ildə dövlət müstəqilliyimizin əldən getməsi zamanı nəinki vətəndaş müharibəsi təhlükəsi yaranmamışdı, əksinə, xalq daha sıx birləşərək ümumi düşmənə qarşı mübarizə aparmaq əzmində idi. 1993-cü ildə isə düşmənlərimiz daha güclü, daha amansız olduğuna görə bizi müstəqilliyin itrilməsi ilə yanaşı vətəndaş müharibəsi kimi ağır fəsadlar törədəcək proseslə üz-üzə qoymuşdu. O günlərdə xalqımız sadəcə köməksiz, dövlətimiz isə gücsüz idi. Amma Ulu Tanrı insanlara həmişə nicat yolu verən, ümid işığı göstərəndir.

 

O zaman dövlətimizin nicat yolu ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində, xalqımızın ümid yeri isə o böyük insanın siyasi dühasında, liderlik məharətində, dövlətçilik təcrübəsində, şəxsi keyfiyyətlərində idi. Təkcə Bakıdan deyil, ölkənin hər yerindən Naxçıvana göndərilən minlərlə məktubun müəlliflərini bir amal birləşdirirdi: "Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa Azərbaycan xilas ola bilməyəcək". Sadə insanlar "Heydər müəllim, Sizin Bakıya qayıtmağınız biz insanlardan daha çox anamız Azərbaycana lazımdır" - deyə gözlənilən faciənin miqyasını dilə gətirirdilər. Ölkə ziyalıları dövlət sükanı arxasında görmək istədikləri yeganə insanın məhz Heydər Əliyev olduğunu bu şəkildə yazırdılar: "Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz" ("91-lər"in Heydər Əliyevə məşhur müraciətindən).

Ali Sovetin deputatları, hökumətin üzvləri, hətta, Prezident Əbülfəz Elçibəy başda olmaqla bütün dövlət adamları Heydər Əliyevə müraciət göndərir, onun Naxçıvandan Bakıya gəlməsini israrla xahiş edirdilər. Doğrudur, bəzi adamlar ulu öndərin Muxtar Respublikadan Bakıya gəlməsini arzulayarkən sırf xalqın və dövlətin taleyini düşünmür, bilavasitə özlərini gözləyən təhlükədən xilas olmaq məqsədi daşıyırdılar. Fakt isə ondan ibarət idi ki, zorən bəlalara düçar edilmiş 8 milyonluq ölkə əhalisi də, bir ovuc iqtidar rəsmisi də ümid yeri kimi, nicat ünvanı kimi məhz Heydər Əliyevi görürdü. Hamı ulu öndərin Naxçıvandan Bakıya gəlməsini arzulayırdı, bədxahlarımızdan və düşmənlərimizdən başqa.

1993-cü ilin yayında Ermənistanın kütləvi informasiya vasitələri həyəcanla yazırdılar: "İndi Əliyev Bakıdadır və başa düşmək lazımdır ki, hər halda orada qayda yaradılacaqdır". Yəni ermənilər Azərbaycandakı xaos və anarxiyanı sevinclə izləyir, şadyanalıqla qarşılayırdılar. Bu sevinc və şadyanalığın davam etməyəcəyindən məyusluq ifadə edən erməni siyasətçiləri yazırdılar: "Hazırda həqiqət bu cürdür: kim bu mənasız müharibədə qələbə qazansa, axır nəticədə bu məzmunsuz qələbələrin əvəzini məhz o artıqlaması ilə ödəməli olacaqdır. Çünki Heydər Əliyevin Naxçıvanda olması Ermənistan üçün onun Bakıda olmasından daha faydalı və daha əlverişli idi".

Ulu öndərin Naxçıvandan Bakıya qayıtması ərəfəsində ölkədə baş verən ictimai-siyasi prosesləri xarakterizə etmək istəyən siyasətçi, politoloq və tarixçilər çoxlu sayda məqalə və kitablar qələmə alıb, radio-televiziya verilişləri ərsəyə gətirilib. Ancaq cəsarətlə demək olar ki, həmin günlərin Azərbaycanı haqqında danışarkən, ölkədə baş verənləri məhz olduğu kimi xarakterizə etmək çox müşkül məsələdir. Öz xarici himayədarlarının dəstəyi ilə gündən-günə quduzlaşan işğalçı qonşumuz təcavüzün miqyasını anbaan genişləndirir, siyasi hakimiyyətdə qalmaq istəyənlərlə hakimiyyətə gəlmək istəyənlərin mübarizəsi qanlı didişmələr şəklində dərinləşir, xarici ölkələrdə Azərbaycanın dövlət müstəqilliyinə inam saatbasaat azalır, müstəqil dövlətimizin düşmənləri günbəgün artır, beynəlxalq təşkilatlar sözümüzü eşitmək istəmir, ölkə xarici siyasət istiqamətində heç bir addım atmaq iqtidarında deyil, daxili sabitliyi xaos, anarxiya, özbaşınalıq əvəz edib, ölkə rəhbərlərinin vəzifə postunu qoyaraq xəlvəti qaçması tendensiyası Azərbaycanın imicinə ağır zərbə vurur, iqtisadiyyat çökür, mədəniyyət məhv olur, təhsil, elm, səhiyyə və idman qara gündədir. Bütün bunların səbəbkarı olan insanlar isə hakimiyyətdədirlər və acizanə şəkildə Heydər Əliyevdən xahiş edirlər ki, gəl bizi bu bəlalardan xilas et. Bəlaların ən dəhşətlisi isə ölkənin xanlıqlara parçalanmasına rəvac verilməsi, vətəndaş müharibəsinin başlanması üçün dəhşətli bir zəminin yaranması idi. Bütün bu məqamları nəzərə alan heç bir siyasətçi çiynini həmin ağır yükün altına verməzdi. Bu ağır vəzifənin öhdəsindən ancaq və ancaq ulu öndr Heydər Əliyev gələ bilərdi və gəldi.

1993-cü il iyunun 4-də Gəncədə baş verən hadisələr ölkə rəhbərliyini artıq tamamilə çıxılmaz vəziyyətə salmışdı. Vəziyyətin son dərəcə ağırlaşdığını görən ulu öndər Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ölkə Prezidenti acizanə şəkildə Heydər Əliyevin Bakıya gəlməsini xahiş edir, baş nazir Naxçıvana göndərilən emissarların sırasını daim, dövri olaraq genişləndirir, Ali Sovet sədri ölkədəki ictimai-siyasi vəziyyətdən baş çıxara bilməyərək istefa verir və... AXC-Müsavat iqtidarının bəzi nümayəndələri Heydər Əliyevin Bakıya gəlməsinə etiraz edərək onu fiziki cəhətdən yox etməklə hədələyirdilər. Ancaq zamanın çoxsaylı sınaqlarından uğurla çıxmış Heydər Əliyev heç bir hədə-qorxunu nəzərə almadan, xalqın taleyinə acıyaraq Bakıya gəldi. Bu qayıdış bütün soydaşlarımızın ürəyində ölməkdə olan inam və ümidi yenidən göyərtdi. Xalqın qurtuluşa inamı birə min qat artdı.

Ancaq ulu öndərin cəmi üç gündən sonra - iyunun 13-də Gəncəyə - AXC-Müsavat iqtidarının əliylə ərsəyə gəlmiş üsyankar polkovnik Surət Hüseynovla görüşməyə getməsi, onunla geniş müzakirələr apardıqdan sonra Bakıya qayıtması göstərdi ki, ölkədə sabitliyin əldə edilməsi üçün çox mühüm addımlar atılmışdır. Bu addımlar öncə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar olması, sonra cəbhədə atəşkəs barədə sazişin imzalanması, beynəlxalq aləmdə Azərbaycana olan inamın artması, ölkə iqtisadiyyatının dirçəldilməsi və nəhayət, bu günkü qüdrətli Azərbaycan dövlətinin formalaşdırılması ilə nəticələndi. Xalqın xoşbəxtliyidir ki, bu gün Azərbaycan dövlətinin sükanı arxasında ulu öndərin siyasi məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyev dayanır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 9 iyun.- S. 5.