"Eurovision" müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkənin reklam bazarına güclü təsir göstərəcək

 

Ölkəmiz gələn il daha bir nüfuzlu beynəlxalq müsabiqəyə ev sahibliyi edəcək. Bu il "Eurovision" beynəlxalq müsabiqəsində Azərbaycanın qələbəsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına böyük təsir göstərdi. Artıq Azərbaycanda növbəti ildə keçiriləcək bu müsabiqəyə hazırlıq işlərinə başlanmışdır. Mütəxəssislərin fikrincə, bu müsabiqənin Azərbaycanda keçirilməsi ölkəmizdə reklam bazarının inkişafına da müsbət təsir göstərəcək. Bu məsələ ilə bağlı Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, professor Cahid Həsənova müraciət etdik.

 

C.Həsənov bildirdi ki, Azərbaycanın bu müsabiqədə qələbəsi çox mühüm tarixi hadisəyə çevrildi. Artıq dördüncü dəfə idi ki, ölkəmiz bu müsabiqəyə qoşulurdu. Bu az vaxt ərzində qazanılmış nailiyyətlər həqiqətən ürəkaçandır. Bu qələbə ölkəmizdə həyata keçirilən islahatların, bir növ, məntiqi nəticəsi idi. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənətin də inkişafı dövlətimizin diqqət mərkəzindədir. Bu sahədə qəbul olunan dövlət proqramları incəsənətin bütün sahələrinin inkişafı üçün geniş imkanlar yaratmışdır. Azərbaycan mədəniyyəti həqiqətən dünyanı fəth edir. Çox az müddət ərzində bu müsabiqəyə qoşulan Azərbaycanın tarixi qələbəsi xalqımızın güclü mənəvi potensiala malik olmasını bir daha təsdiq etdi.

- Sizcə, bu müsabiqənin Azərbaycanda keçirilməsi ölkəmiz üçün hansı cəhətləri ilə əlamətdar olacaq?

- Bu, ilk növbədə, beynəlxalq aləmin diqqətini Azərbaycana yönəldəcək. Dünyanın məşhur adamlarının Azərbaycana gəlməsi, ölkəmizlə tanış olması turizm imkanlarımızın təbliği cəhətdən çox əhəmiyyətli olacaq. Bu imkan yaradacaq ki, biz tədbirin iştirakçılarına Azərbaycanımızın gözəl təbiəti, tarixi abidələri, Dağlıq Qarabağ problemi ilə bağlı məlumat verək. Bu çox önəmli faktordur.

- Bu sahədə reklamçılarımızın da üzərinə böyük vəzifələr düşür.

- Əlbəttə, bu tədbirdə Azərbaycanımızı dünyaya tanıtmaq üçün reklam işinin çox önəmli rolu olacaq. Bu özü məbləği milyardlara başa gələn bir reklam kampaniyası olacaq. Mən deyim ki, dünya ölkələri onilliklər ərzində turizmin inkişafına həsr etdikləri reklam kampaniyasından bu tədbir daha məhsuldar bir kampaniya olacaq. On-on beş gün ərzində çox tarixi bir reklam kampaniyası üçün şərait yaranacaqdır.İnanıram ki, Azərbaycanda bu tədbir başqa ölkələrdən də yüksək səviyyədə keçiriləcək. İştər səhnə quruluşu, istər dizayn, istərsə reklam kampaniyası daha effektli olacaq. Çünki artıq Azərbaycanın beynəlxalq tədbirləri keçirmək sahəsində çox gözəl təcrübəsi var.

- Bunu nə ilə əsaslandırardınız?

- Əvvəla, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın dörd ildə bu müsabiqdə Azərbaycana dəstək verməsi öz nəticəsini vermişdir. Ölkədə keçiriləcək bu beynəlxalq müsabiqənin təşkilinə rəhbərlik də Mehriban xanıma həvalə edilmişdir. Biz Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir çox beynəlxalq müsabiqələrin necə yüksək səviyyədə keçdiyinin şahidi olmuşuq. Və inanırıq ki, bu tədbir daha da təkmil olacaq və dünyanı heyrətləndirə biləcəyik. Mehriban xanımın böyük təşkilatçılıq bacarığı, onun yüksək zövqü müsabiqənin təşkilinə də öz təsirini göstərəcəkdir.

- Yenə reklamla bağlı söhbətimizə qayıdaq.

- Mən 20 illik reklam sahəsindəki fəaliyyətimə istinadən deyə bilərəm ki, bu qələbə həm də reklamçıların böyük sevincinə səbəb oldu. Reklam baxımından bu tədbir Azərbaycana yeni reklam investisiyalarının cəlb olunmasına gətirib çıxaracaqdır. Burada həm sosial reklam, həm siyasi reklam, həm də mədəni reklamlardan gələn vəsait milyonlarla hesablanacaq. Eyni zamanda, 800-1000 nəfər reklamçı işə cəlb olunacaq. Söhbət təkcə dekorasiyanın hazırlanmasından getmir. Siz fikir vermisinizsə, qələbənin sabahı günü Bakı şəhərinin ərazilərində "Eurovision: Odlar Yurdu, sənə qələbə yaraşır" adlı reklam kampaniyası keçirildi. Bu, hələ ilk addımda qələbəni tərənnüm edən reklam idi. Həm açıq havada, həm mətbuatda, həm televiziyada bu reklamlar geniş əks olundu.

Bu reklam kampaniyası təkcə Bakını deyil, Azərbaycanın bütün bölgələrini əhatə etməlidir. Reklamın müxtəlif növlərindən istifadə etməklə Azərbaycanın maddi-mənəvi dəyərləri barədə məlumatların bu reklamlarda əks olunması çox vacibdir. Biz reklam eksperti kimi bununla bağlı xüsusi konsepsiya hazırlamışıq. Nəzərdə tutmuşuq ki, 150-200-ə yaxın bilbord növlü reklam konstruksiyası, transporantlar hazırlanmalı və onlar təkcə Bakı şəhərində deyil, müxtəlif bölgələrdə qurulmalıdır. Çünki müsabiqəyə qatılan qonaqlar ola bilsin ki, təkcə paytaxtda deyil, əyalətlərdə də yerləşdirilsinlər. Yaxud müsabiqədən əvvəl və ya sonra qonaqlar bölgələrimizə də səyahət edə bilərlər.

Bir məsələ də diqqətdən yayınmamalıdır. Qonaqlarımız hava limanından şəhərə gələnə qədər yol boyu reklamlar Azərbaycanımız haqqında onlarda müəyyən təəssürat yaratmalıdır. Burada çevik reklam siyasəti yeritmək gərəkdir. Bu reklamlarda Azərbaycanın turizm potensialı, onun ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında müfəssəl məlumat verilməlidir. Bu işə Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin xüsusi dəstək verəcəyi şübhəsizdir.

Biz, reklamçıların üzərinə düşən vəzifə bundan ibarətdir ki, vəziyyətdən istifadə edərək Bakıdan qonaqların regionlarımıza cəlb olunması üçün onları həvəsləndirək. Reklam bu işi müvəffəqiyyətlə yerinə yetirə bilər. Bu işin sivil qaydası reklamın yüksək səviyyədə, beynəlxalq standartlara uyğun təşkilindədir. Bunun üçün isə xüsusi konsepsiyanın hazırlanması vacibdir. Biz belə bir strateji konsepsiya hazırlamışıq. Bu konsepsiya dünyanın tanınmış reklam kompaniyaları tərəfindən də dəstək almışdır.

- Cahid müəllim, bizə belə gəlir ki, bu müsabiqənin keçirildiyi ərəfədə Azərbaycan haqqında dünyanın müxtəlif dövlətlərində, onların televiziya kanallarında, mətbuatda xüsusi reklam materialları vermək olar.

- Əlbəttə, bu çox vacib məqamdır. Bu gün bizim televiziya kanallarına dünyanın bir çox ölkələrində baxılır. Bu kanallarda biz reklam kampaniyasını onsuz da aparacağıq. Ancaq fürsətdən istifadə edib Azərbaycan haqqında xüsusi reklam çarxları hazırlayıb xarici televiziya kompaniyalarına ötürmək lazımdır. Eləcə də dünyada nüfuz qazanmış mətbuat orqanlarına da belə reklam materialları verilməlidir. Ümumiyyətlə, ölkəmizin beynəlxalq aləmdə təbliği üçün yaranmış bu vəziyyətdən maksimum bəhrələnmək lazımdır. Xüsusilə, müsabiqənin keçirildiyi vaxta qədər bizim reklamlarımız xarici ölkə vətəndaşlarını inandırmalıdır ki, Azərbaycan bu tədbirə hazırdır və onun yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Bizim konsepsiyamızda da belə bir vacib məqam var. İstəyirik ki, Avropa ölkələrinin məşhur şəhərlərinin mərkəzi küçələrində bu müsabiqə ilə bağlı açıq havada xüsusi reklam şitləri yerləşdirək. Bizim bu ölkələrin reklam kompaniyaları ilə danışıqlarımız da olub. Biz istəyirik ki, birillik müqavilə ilə yerlər icarəyə götürək və öz reklam şitlərimizi orada yerləşdirək. Ümumiyyətlə, xaricdə olacaq reklamlar təkcə Azərbaycanda bu müsabiqənin keçiriləcəyini əks etdirməmlidir, həm də ölkmiz haqqında maraqlı məlumatları özündə ehtiva etməlidir.

Bu müsabiqənin Azərbaycanda keçirilməsi ölkəmizin təbliği üçün çox əlverişli tarixi şansdır. Biz bu şansdan maksimum bəhrələnməli və Azərbaycanımızı dünyaya tanıtmaq üçün bütün imkanları səfərbər etməliyik.

 

 

Söhbəti yazdı: M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 10 iyun.- S. 5.