Ölkəmizin uğurlu xarici siyasəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə zəmin yaradır

 

Son günlər dünyanın aparıcı beynəlxalq təşkilatlarının tribunalarından Azərbaycanla bağlı fikirlər daha tez-tez səsləndirilir. Dünyanın əsas güc mərkəzlərinin təmsilçilərinin ölkəmizə səfərləri gündən-günə intensivləşir.

Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə məsul olan qurumların gündəliyində Azərbaycanın adı daha tez-tez hallandırılır. Bütün bunların fonunda isə rəsmi Bakı daha möhtəşəm bir dividend əldə etmiş olur: Dünya ictimaiyyəti ikili standartlardan əl çəkərək həqiqəti söyləməyə, bütövlükdə bəşəriyyətin daha aydın sabahını təmin edəcək ədalətli qərarlar qəbul etməyə can atır. Əlbəttə, bütün bunlar hələlik nəzərə çarpan cəhdlərdir və əminik ki, həmin cəhdlərin uğurlu nəticələrinin şahidi olacağıq. Təbii ki, bütün dünya üçün nəzərdə tutulan ədalətli qərarların Azərbaycan üçün, xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin reallaşması üçün xüsusi önəmi olacaqdır.

Son günlər həm Azərbaycanın beynəlxalq aləmdəki siyasi-diplomatik fəaliyyətinin çevik və əhatəli xarakter alması, həm də aparıcı ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların respublikamıza marağının artması belə deməyə əsas verir ki, biz hansısa ictimai-siyasi proseslərin ərəfəsindəyik. Bir neçə gün əvvəl "böyük səkkizlərin" Fransada keçirilən növbəti sammiti çərçivəsində Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçısıları məxsusi olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çıxış yolları axtarmaq məqsədiylə geniş müzakirə aparmışdılar. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama və Fransa Prezidenti Nikola Sarkozi aparılan müzakirədən sonra xüsusi bəyanatla çıxış etmişdilər. Vasitəçi ölkələrin dövlət başçılarının bəyanatında açıq şəkildə qeyd edilirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması hamını narahat etməlidir.

Ekspertlərin fikrincə, dünyanın aparıcı dövlətlərinin rəhbərləri bu şəkildə - konkret bəyanatla çıxış edərkən bir neçə xüsusi məqamı əsas götürürdülər. Əvvəla, müasir dünyanı ən çox narahat edən, həllivacib məsələlərdən biri karbohidrogen ehtiyatı olmayan ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsidir. Avropada belə ölkələr istənilən qədərdir. Həmin ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi üçün daim müxtəlif yollar, variantlar axtarılır. Belə yollardan biri artıq tapılmışdır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş imicini çoxdan doğrultmuşdur. Belə bir vəziyyətdə, yəni Azərbaycanın Avropa üçün xüsusi önəm kəsb etdiyi bir zamanda bu ölkənin ərazisinin 20 faizinin 20 il düşmən tapdağında qalması dünya siyasətini istiqamətləndirənlərə üz ağlığı gətirmir. Üstəlik, Azərbaycan Avropa üçün təkcə karbohidrogen istehsalçısı kimi deyil, eləcə də demokratik dəyərlərin geniş şəkildə bərqərar olduğu ölkə kimi maraqlıdır. Ona görə də dünya ictimaiyyəti bu münaqişənin ədalətli şəkildə həll edilməsi üçün məxsusi yollar axtarır.

İkinci, bu gün beynəlxalq aləmdə ən çox müzakirə edilən məsələlərdən biri də terrorçuluğa və separatçılığa qarşı birgə mübarizənin genişləndirilməsidir. Azərbaycan yüz illərdən bəri erməni terrorunun, son yüz ildə isə erməni separatizminin ağır fəsadları ilə üz-üzədir. Üstəlik, işğal edilmiş Azərbaycan ərazilərində heç kəsin yaşamadığına görə bu yerlər nəzarətsiz zonaya çevrilmişdir. Məhz həmin səbəbdən də Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlarımız narkotika istehsalı, ticarəti və tranziti ilə məşğul olan cinayətkar qrupların fəaliyyət meydanı olmuşdur. Bu faktı beynəlxalq aləmdə hamı çox yaxşı bilir. Ona görə də Avrasiyada yaranan yeni narkotika meydanının ləğv edilməsi bütün beynəlxalq təşkilatların gündəliyindədir. Azərbaycan xalqının mədəniyyətinə, mənəviyyatına, məişətinə, əxlaqına və gündəlik həyatına yaxşı bələd olan avropalılar dəqiq bilirlər ki, həmin torpaqların Azərbaycana qaytarılması qeyd edilən ərazilərin narkomafiyaların əlindən alınması olacaqdır.

Üçüncü, bu gün dünyada qloballaşma daha dönməz xarakter alır. Sivil, inkişaf etmiş xalqların hamısı bu beynəlxalq prosesə öz töhfələrini verirlər. Öz milli mədəniyyətini qoruyub saxlamaqla bəşəri dəyərlərin ən mütərəqqi cəhətlərini qəbul edən, qloballaşmaya xüsusi töhfələr verən Azərbaycanın dinlər və sivilizasiyalararası dialoqun genişləndirilməsi üçün həyata keçirdiyi çoxsaylı tədbirlər bütün dünyanın gözü qarşısındadır. Azərbaycandan fərqli olaraq Ermənistanda isə nəinki qloballaşmaya töhfə vermək barədə düşünmürlər, əksinə, erməni xalqını ən ali irq kimi dünyaya təqdim etməyə çalışır, Ermənistan üzərində şovinizmin və nasizmin ən radikal, ən mürtəce qanadlarının pərvazlanmasına zəmin yaradırlar. Beynəlxalq aləmdəki Azərbaycan diasporu daim sülhə, dostluğa, tərəqqiyə, firavanlığa can atdığı halda, erməni diasporu terroru, qarəti, quldurluğu, cinayətkarlığı, maliyyə fırıldaqlarını, fitnə-fəsadı, ayrı-seçkiliyi üstün tutur. Çox qəribədir ki, ermənilərin bütün bu iyrənc əməlləri Ermənistan dövlətinin rəhbərləri tərəfindən dəstəklənir, himayə olunur. Məhz həmin amilləri əsas götürən beynəlxalq ictimaiyyət Azərbaycanın mövqelərini daha dərindən dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün siyasi yollar arayır.

Azərbaycanın xarici siyasətinin beynəlxalq aləmdə yüksək səviyyədə dəstəkləndiyini sübut edən çoxsaylı faktlar, rəqəmlər, arqumentlər mövcuddur. Elə bir gün olmur ki, hansısa ölkədən Azərbaycanı dəstəkləyən qərar, bəyanat və ya başqa bir sənəd barədə xəbər eşitməyək. Bütün bunlar hamının gözü qabağındadır. Ancaq ölkəmizin beynəlxalq nüfuzunun indiki səviyyəsi barədə "Xalq qzeti"nin son iki nömrəsinə - 120 və 121-ci nömrələrinə baxmaq kifayətdir. Ölkəmizin qonaqları barədə verilən məlumatların siyahısı elə bütöv bir yazı həcmində olar. Əvvəlcə qəzetin 120-ci nömrəsinə baxaq. Sərlövhə: "Hillari Klinton: Azərbaycan ilə əlaqələr ABŞ üçün strateji əhəmiyyət daşıyır". Xəbərdə bildirilir ki, Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə mətbuat konfransı keçirən xanım Klinton bildirib: "ABŞ Azərbaycan ilə ikitərəfli, regional və beynəlxalq səviyyədə səmərəli əməkdaşlıq edir. Əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik". Sərlövhələr: "Riçard Morninqstar Azərbaycana gələcək", "ABŞ Dövlət Departamentinin ixrac nəzarəti sahəsində Cənubi Qafqaz üzrə nümayəndəsi Azərbaycana səfərə gələcək", "ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupuna yeni üzv qoşulmuşdur", "Azərbaycanın xarici işlər naziri Vaşinqtonun nüfuzlu araşdırma mərkəzlərindən biri olan Atlantik Şurada çıxış etmiqdir", "Fransada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab nəşr olunmuşdur" və sair.

İndi isə qəzetin 121-ci nömrəsində bu qəbildən olan materialların heç olmazsa sərlövhəsinə fikir verək: "Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir", "Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir", (yeri gəlmişkən, cənab Ottinger Bakıda qeyd etmişdir ki, Azərbaycan Avropa İttifaqının ən etibarlı tərəfdaşlarından biridir), "Azərbaycan Prezidenti İlham Əliyev Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir", "Azərbaycan Prezidenti İlham Əliyev Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir" və sair. Bunlardan əlavə, dünyanın və Avropanın futbol qurumlarının rəhbrləri olan cənab Jozef Blatter və Mişel Platinin və Bakı səfəri barədə məlumatlar da qəzetin həmin nömrəsində verilib. Yəni Azərbaycan hər gün 5-6 beynəlxalq təşkilatın rəhbərini və ya təmsilçisini qəbul edir. Bu fakt ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.

Bəs, Ermənistanda vəziyyət necədir? Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Azərbaycanın dostu və yaxun qonşusu olan İran İslam Respublikasının Prezidenti ötən həftənin sonunda İrəvana rəsmi səfərə getməli idi. Ermənistan rəhbərliyinin səfərə hazırlaşa bilməməsi, ali qonağı qəbul etmək imkanının olmaması, səfər çərçivəsində imzalanacaq sənədlər üzərində işin başa çatmaması üzündən cənab Əhmədinejatın İrəvan səfəri qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu da Ermənistanın qonaq qarşılaması. Görünür, İrana nəyisə diktə etmək istəyirlər, alınmır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 10 iyun.- S. 5.