Əbədiyaşarlıq rəmzi

 

Həyatı duyandan, onun təzadlı aləmini hiss edəndən varlığına ən çox inandığımız, əbədiyyətinə həsəd apardığımız Günəş ömrüdür. Mavi səmadan öz qızılı şəfəqlərini bütün Kainata, eləcə də Yer üzünə səpən, hamını, hər yanı öz nuruna eyni dərəcədə qərq edən Günəş planetimizin yaşayışı üçün bir İlahi payıdır. Ulu Tanrı tərəfindən bəşəriyyətə bəxş edilən bu nadir nemətin qarşısına heç bir qara qüvvə, heç bir bulud indiyə kimi sədd çəkə bilməyib və bilməyəcəkdir.

 

Əsrlər boyu elinə, obasına, xalqına, Vətəninə səadət gətirən, onu qara qüvvələrdən qoruyan böyük şəxsiyyətlərin yaşadığı ömrü də nuru, hərarəti ilə həmişə Günəş ömrünə bənzədirlər. Belə Günəş ömrü yaşayanlardan biri də Azərbaycanımızı dünyaya tanıdan, böyük bəlalardan xilas edən, ölməz ideyaları ilə xoşbəxt və səadətli günlərə aparan ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir.

1969-cu ilin günəşli bir yay günündə Böyük Tanrının elçisi kimi Azərbaycanımıza rəhbər gəldi. Özülü ziddiyyətlərdən, gizli siyasətlərdən qoyulmuş nəhəng bir dövlətin işlərindn ancaq Heydər Əliyev baş aça bilərdi. Ömrünün otuz ilindən çoxunu doğma Azərbaycanın çiçəklənməsinə sərf edən Heydər Əliyev deyərdi ki, təbiət Odlar yurdundan öz səxavətini əsirgəməyib, onun zəngin təbii sərvətləri var, ərazisi, relyefi və rəngərəng iqlimi düşmənlərə göz dağıdır.

Ulu öndər yaxşı bilirdi ki, Azərbaycan Şərqdə sivilizasiyanın ən qədim ocaqlarından biridir. Saysız-hesabsız işğallara və əsarətlərə baxmayaraq, Azərbaycan xalqı minilliklər boyu öz dilini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlaya bilmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan torpağı öz bərəkətini birə-on artırdı, kəndlər, qəsəbələr böyüdü, genişləndi, şəhərlərimiz abadlaşdı. Rəhbərin səyi bütün sahələrdə - məhsuldar qüvvələrin yüksəlişində, infrastrukturun əsaslı surətdə dəyişməsində, mədəniyyət və təhsilin səviyyəsinin qalxmasında, yeni həyat tərzində təcəssüm etdi.

Azərbaycanın sənaye mənzərəsi xeyli dəyişdi, bu sahədə məhsul buraxılışı on il ərzində on dəfələrlə artdı, respublika sənayesi beş ayda Rusiyanın 1913-cü ildə istehsal etdiyi qədər məhsul buraxdı. Dünyanın 80 ölkəsinə 350 növ məhsul ixrac edən Azərbaycan neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metal, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, mineral gübrələr, çini-saxsı, xalça və xalça məmulatları istehsalına görə SSRİ məkanında qabaqcıl yerlərdən birini tutdu. Bu rəqəmlər o illər üçün İttifaq səviyyəsində çox yüksək göstəricilər idi. Mingəçevir və Əli Bayramlı elektrik stansiyalarının ümumi gücü QOELRO planına əsasən tikilməsi nəzərdə tutulan 30 stansiyanın gücünə bərabər oldu.

Heydər Əliyevin rəhbərliyi və qayğısı nəticəsində Azərbaycan kəndləri tanınmaz dərəcədə dəyişdi. 1981-ci ildə 1 milyon 15 min ton pambıq yığılıb təhvil verildi. Rəhbərlik iqtisadiyyatın dinamik inkişafını əsaslı tikintinin genişləndirilməsi ilə qırılmaz surətdə bağladığından 150 yeni iri müəssisə, 86 sex və istehsalat tikilib işə salındı.

Bu illərdə Azərbaycanımızın ayrılmaz parçası olan qədim Naxçıvan elində də yüksəliş hökm sürdü. Ümummilli liderimiz deyirdi: "Naxçıvanda əsas quruculuq işi, sənayenin, kənd təsərrüfatının inkişafı - bunların hamısı 1970-ci ildən başlayaraq gedibdir..." Doğrudan da, Naxçıvan Muxtar Respublikasının son bir qərinəlik tarixi Heydər Əliyev şəxsiyyəti ilə bilavasitə sıx bağlıdır. Qeyd edək ki, Naxçıvan MR-də bu gün çox sürətlə davam edən misli görünməmiş quruculuq prosesinin əsası məhz Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdən qoyulmuşdur. Keçən əsrin 70-ci illərində ulu öndərin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elmi Mərkəzi, Naxçıvan Dövlət Pedaqoji İnstitutu, politexnik, kənd təsərrüfatı və musiqi texnikumları, Batabat Astrologiya Rəsədxanası, Ordubad təcrübə-konstruktor burosu yaradıldı.

Ümummilli lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan - 1993-cü ildən sonra onlarla məktəb binası, körpülər, xəstəxanalar və tibb mərkəzləri tikilib istifadəyə verildi. Bu gün də şəhər və kəndlərimiz öz yeni meydanları, xiyabanları, müasir tikililəri ilə gündən-cünə cavanlaşır və gözəlləşir. Ədəbiyyat və incəsənətə ürəkdən bağlı olan Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi epik, Nəsiminin dərin fəlsəfi poeziyası, Füzulinin insanpərvərlik ruhu ilə aşılanmış müdrik misraları, Vidadinin və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan zərif lirikası, A.Bakıxanovun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin yaradıcılıqları daha böyük həvəslə öyrənildi, dünyanın çox böyük ölkələrində təbliğ olundu. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirvarid Dilbazi, Osman Sarıvəlli, Nigar Rəfibəyli, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov, Əbülhəsən, Əli Vəliyev kimi şair və yazıçıların yaradıcılıqlarına dövlət səviyyəsində diqqət yetirildi, fəxri adlar verildi, xatirələri əbədiləşdirildi. Gənc şair və yazıçılar da diqqətdən kənarda qalmadılar. Bəxtiyar Vahabzadə, Anar, Əkrəm Əylisli, Elçin, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Fikrət Qoca, Məmməd Araz, Nəriman Həsənzadə və digərlərinin yaradıcılıq nümunələri xarici dillərə tərcümə olundu, ən yaxşı əsərləri ədəbiyyatın qızıl fonduna daxil edildi.

Azərbaycan bəstəkarlıq məktəbi böyük şöhrət qazandı. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Şəfiqə Axundova, Polad Bülbüloğlu və başqa musiqi xadimlərinin vokal-simfonik və kamera əsərləri, operettaları, mahnıları ölkələr dolaşdı. Teatrımızın da ən böyük tərəqqisi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərə təsadüf edir. O illərdə 14 dövlət, 41 xalq teatrı fəaliyyət göstərirdi. Simfonik, balet, çoxsəsli xor, oratoriya, kantata və digər klassik musiqi janrlarının inkişafına və təbliğinə daha çox fikir verildi. Ümumtəhsil məktəblərinin şəbəkələri ilbəil genişləndirildi, yeni ali məktəblər fəaliyyətə başladı.

Heydər Əliyevin rəhbərliyi dövründə Bakı şəhərinin küçə və meydanlarında möhtəşəm binalar, şəxsiyyətlərin, böyük şair və yazıçıların abidələri ucaldıldı. Öz mənbəyini xalq yaradıcılığının, milli memarlığın zəngin xəzinəsindən, əlvan naxışlardan, xalçaçılıq sənətindən, tətbiqi sənət nümunələrindən alan Azərbaycan təsviri sənət və arxitekturası yüksək bədii, professional yetkinlik zirvəsinə ucaldı. Tahir Salahov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Maraq Rəhmanzadə, Ömər Eldarov parlaq milli kaloriti, üslub rəngarəngliyi ilə fərqlənən, romantikadan ilhamlanan, dərin fəlsəfi mənaya, emosional təsir gücünə malik olan əsərlər yaratdılar.

Respublikamızı belə yüksək inkişaf səviyyəsinə çatdıran Heydər Əliyev Moskvaya daha məsul vəzifəyə getdikdən sonra ona qarşı olan təsirlərə baxmayaraq, yenə də ən böyük vətənpərvər kimi Azərbaycanın inkişafı üçün öz səyini əsirgəmədi. Ermənilərin əlaltısına çevrilmiş SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun açıq-aşkar təzyiqi ilə böyük dövlət xadimi Heydər Əliyev siyasət meydanından uzaqlaşsa da, sonradan Azərbaycanın dar günlərində o, öz xalqının azadlığı, səadəti, müstəqilliyi naminə Günəşə çevrildi. Təəssüf ki, qara qüvvələr bu Günəşin qarşısını almaq istədilər, onun Azərbaycan səmasından işıq saçmasına mane olmağa çalışdılar. Heydər Əliyev bir müddət Odlar yurdunun əzəli və ayrılmaz parçası olan qədim Naxçıvanda yaşamalı oldu.

Azərbaycan torpaqları hərraca qoyulduğu andan xalq bütün ümidini yenidən Heydər Əliyevə bağlamışdı. Lakin aldanmış Vəzirovlar, vəzifəpərəst Mütəllibovlar, AXC-Müsavat cütlüyünün kəmsavad, küçələrdən siyasət meydanına atılmış, yalnız mal-dövlət hərisi olan siyasət dəllalları bu böyük şəxsiyyətin qarşısında güclü sədd çəkərək onu xalqdan ayrı salmağa səy göstərdilər. Nəhayət, torpaqlarımızın 20 faizindən çoxu erməni quldurlarına satıldıqdan, bir milyondan artıq insan yurd-yuvasından didərgin düşdükdən, Xocalı qırğını kimi dəhşətli faciə baş verdikdən, Gəncədə başlayıb Bakıya doğru addımlayan vətəndaş müharibəsi qığılcımından sonra hamı etiraf etdi ki, Azərbaycanı düşdüyü fəlakət burulğanından yalnız Heydər Əliyev çıxara bilər. Beləliklə, o vaxtkı "rəhbərlərimiz" də müstəqil Azərbaycanın idarə olunmasında, yadelli işğalçılardan xilas edilməsində, vətəndaş qarşıdurmasının dayandırılmasında, ölkənin dünya siyasətinə qovuşdurulmasında gücsüzlüklərini hiss edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməli oldular. İllərin tökülüb qalmış, həll edilməmiş problemləri Heydər Əliyev gücünün qarşısında aciz qaldı. Xalq yekdilliklə onu özünə Prezident seçdi. Bundan sonra ermənilər Azərbaycan dövlətinin binasında görkəmli bir şəxsiyyətin durduğunu yaxşı başa düşdüklərindən öz işğalçılıq fəaliyyətinə ehtiyatla yanaşdılar. Lakin mayası və xəmiri satqınlıqdan yoğrulmuş vətən xainləri müdrik Prezidentin yeritdiyi siyasətin aliliyinə dözə bilmədiklərindən 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyinə xələl gətirəcək dövlət çevrilişlərinə cəhd etdilər. Xalq isə hər an öz rəhbəri ilə bir oldu, baş verə biləcək qəsdlərin qarşısını mətanətlə aldı.

Heydər Əliyev iradəsi, gücü, nüfuzu sayəsində Azərbaycanda az vaxt ərzində sabitlik yarandı və iqtisadiyyatın dinamik inkişafının əsası qoyuldu, ölkə nüfuzlu beynəlxalq təşkilatlara üzv seçildi. Məhz Heydər Əliyevin dərin və güclü siyasəti nəticəsində bu gün dünya siyasətində və iqtisadiyyatında aparıcı rol oynayan Bakı neftinin beynəlxalq bazarlara çıxarılması üçün uzunmüddətli və respublikamız üçün sərfəli olan müqavilələr imzalandı və bu, Azərbaycanın xoş gələcəyi üçün zəmin yaratdı. Böyük seçinc hissi ilə demək olar ki, bütün təsir və təzyiqlərə baxmayaraq, reallaşdırdığı, əsasını qoyduğü və bu gün böyük şəxsiyyətin adını daşıyan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri tam gücü ilə fəaliyyətdədir. Bütün bunlar Azərbaycanımızın daha da çiçəklənməsi, qüdrətlənməsi naminə ulu öndər tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir.

 

 

Hacı Tofiq SEYİDZADƏ,

professor,

 

İbrahim YUSİFOĞLU,

şair-publisist

 

Xalq qəzeti.- 2011.- 10 iyun.- S. 4.