Azad rəqabətin
uğurlu nəticəsi
Müstəqillikdən
əvvəlki dövrdə Azərbaycan səhiyyə sistemi
Ümumittifaq səhiyyə strukturunun tərkib hissəsi kimi həmin
strukturun inkisaf dinamikasına uyğun tərzdə mövcud
olmuşdur. Sovet İttifaqının iflası,
bütün sahələrdə olduğu kimi, səhiyyə
sahəsində də xaos yaratdı və İttifaqdaxili
işgüzar əlaqələrin bir anda pozulması bu sistemin
işini iflic vəziyyətinə saldı. Üstəlik, həmin
dövrdə ölkədə baş verən ictimai-siyasi
proseslər əslində dövlətin ən ümdə
funksiyalarından biri olan səhiyyə təhlükəsizliyi
məsələsini arxa plana keçirmişdi.
Nəticədə bir müddət ərzində istər səhiyyə xidmətləri, istərsə də əczaçılıq təminatı köhnə ətalət sürəti ilə mövcudluğunu davam etdirirdi. Artıq bütün resurslar tükənmək üzrə idi və nicat yolu ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra görünməyə başladı. Bütün siyasi qalmaqalları qətiyyətlə və ardıcıllıqla aradan qaldıran ümummilli lider ölkə həyatının hər bir sahəsində zəruri islahatların aparılmasını sürətləndirdi. Yeniləşmə ab-havası səhiyyədən də yan keçmədi. İslahatların aparılması üçün zəruri qanunvericilik bazasının yaradılması həm dövlət qurumlarının, həm də özəl qurumların geniş fəaliyyəti üçün meydan açdı. Səhiyyə Nazirliyi yenicə ortaya çıxmış iqtisadi, maliyyə və qanunvericilik aktlarından və müvafiq əlveriçli şəraitdən bəhrələnərək Azərbaycan səhiyyə sistemini işlək mexanizmə çevirməyə başladı. Ölkə iqtisadiyyatında başlamış dirçəliş, uğurlu neft siyasətinin həyata keçirilməsindən əldə olunan vəsaitlər tez bir zamanda ildən-ilə büdcə vəsaitlərinin artırılmasını və bu isə öz növbəsində səhiyyə, təhsil, elm və digər sosial yönümlü sahələrin sürətli inkişafına impuls vermiş oldu.
Bu gün Azərbaycan səhiyyəsi dünyanın aparıcı elmi-texnoloji institutları ilə əməkdaşlıq edir və ən müasir tibbi biliklərin və avadanlıqların ölkəmizin tibbi-müalicə mərkəzlərinə cəlb olunması ilə yüksək səviyyəli tibbi xidmət göstərir. Müasir səhiyyə sisteminin bütün istiqamətlərində özəl sektorun payı günbəgün artır.Yeni açılan hər bir özəl klinika və ya əczaçılıq şirkəti daha çox indiyədək ölkədə mövcud olmayan texnologiya və məhsulları ölkəyə gətirərək mütəxəssislərin istifadəsinə və xəstələrin xidmətinə təqdim edir.
Azərbaycan əczaçılıq bazarı, demək olar ki, bütünlüklə idxala əsaslanır. Bu da təbiidir, çünki ən müasir dərman preparatlarının istehsalı tibbi elmi biliklərin ənənəsinə əsaslanan yüksək texnologiyaya malik ölkələrdə mümkündür ki, bu da əsasən ABŞ, Qərbi Avropa ölkələri və Yaponiyadır. Bu məqalənin müəllifi kimi belə bir həssas mövzuya müraciət edərkən Azərbaycan əczaçılıq bazarını ətraflı öyrənməyi və hazırkı durumu olduğu kimi təsvir etməyə çalışdım. Bir neçə aylıq araşdırmalardan sonra deyə bilərəm ölkəmizdə əczaçılıq bazarı MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə ən liberal və ən yüksək rəqabətin olduğu bazar sayıla bilər. Müqayisə üçün deyim ki, 75 milyon əhalisi olan qardaş Türkiyədə əczaçılıq məhsullarının idxalının 95 faizi cəmi iki böyük şirkətin - "Hədəf" və "Səlcuq depo" şirkətlərinin əlində, qonşu Gürcüstanda isə idxalın 95 faizi "Aversi", "CPS" və "PSP" kimi üç böyük şirkətin əlində cəmləşmişdir. Postsovet məkanına daxil olan hər bir Orta Asiya respublikasında isə cəmi bir idxalçı şirkət fəaliyyət göstərir. Azərbaycanda isə fəal idxal əməliyyatları ilə məşğul olan 100-dən artıq şirkət vardır və dünyanın bütün qitələrindən ölkəmizə dərman preparatları və tibbi vasitələr idxal olunur. İdxalçı şirkətlərin sayının çoxluğu kəskin rəqabət şəraiti formalaşdırmış və bu müəssisələrdə hazırda 10 minə yaxın adam çalışır.
Müstəqilliyimizin ilk illərində yaranmış "Riad-Renta" və "Farm Qafur" kimi şirkətlər uzun müddət işləyərək nəzərəçarpan bazar payı tuta bilmişdilər. Lakin 2000-ci illərin əvvəllərindən başlayaraq, bütün digər yönümlü şirkətlər kimi, əczaçılıq şirkətlərinin də sayı sürətlə artmağa başladı. Sonradan açılan hər bir şirkət özündən əvvəlkilərin iş üslubunu öyrənərək onlardan daha qabaqcıl texnologiyalara müraciət edərək dünya əczaçılıq biznesinin yeniliklərini öz işlərində tətbiq etməklə bazardaxili rəqabətə yeni nəfəs gətirdi. Bu şirkətlərin siyahısında "AvroMed", "Azərimed", "Qlobal Farma", "El Kompani", "Atlant" və bu kimi onlarla yeni müəssisələri sadalamaq olar. Bu sırada özünəməxsus iş tərzi ilə seçilən və artıq ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınan, dünya əczaçılıq sənayesinin nəhəngləri ilə məhsuldar iş birliyi qurmağa müvəffəq olmuş "AvroMed" şirkəti diqqəti daha çox cəlb edir.
"AvroMed" şirkətinin əsası 2001-ci ilin oktyabrında qoyulmuşdur. Fəaliyyətinin ilk ili ərzində dünyanın aparıcı dərman istehsalçıları ilə tərəf müqabili olaraq Avropanın 20-dən çox əczaçılıq şirkətinin idxalçısı olmuş və 2003-cü ilin sonuna Avropa, Amerika və Yaponiya əczaçılıq şirkətləri ilə hərtərəfli faydalı əməkdaşlıq qurmağa nail olmuşdur. Hazırda ""AvroMed" " şirkəti dünyanın ən qabaqcıl beynəlxalq istehsalçıları ilə bağladığı birbaşa müqavilələr əsasında əczaçılıq məhsullarını Azərbaycan bazarına gətirən ən böyük idxalçılardan biridir və Yer kürəsinin 42 ölkəsində yerləşən 200-dən çox şirkətin məhsullarını Azərbaycan əczaçılıq bazarına təqdim edir.
Şirkətin məqsədi müasir elmi biliklər və texnologiyalar əsasında istehsal olunan yüksək keyfiyyətli dərman preparatlarının geniş spektrini əhalinin istifadəsinə vermək və dünya əczaçılıq sənayesində baş verən ən son yenilikləri Azərbaycanin dərman bazarına təqdim etməkdir. Yüksək tibbi ixtisaslı və təcrübəli kadrlarin məqsədəyönlü işi sayəsində şirkətin fəaliyyət dairəsi gündən-günə genişlənir. "AvroMed" MMC Azərbaycan əczaçılıq bazarında ilk dəfə olaraq müştəriyə birbaşa çatdırma xidmətini təşkil etmiş və müasir tipli paylayıcı şəbəkə yaratmışdır. "AvroMed" şirkətinin mərkəzi ofisi(1500 kvadratmetr) və mərkəzi anbarları (5000 kvadratmetr) Bakı şəhərində yerləşir və bütün ölkə ərazisində paylayıcı şəbəkənin fəaliyyətini təmin edir.İstər Bakı şəhərində, istərsə də regionlarda yerləşən ofis və anbar sistemləri texniki təchizat baxımından ən müasir standartlara cavab verir.
İdxal olunmuş məhsullar paylaşdırılmazdan əvvəl hərarət, rütubət və s. parametrləri tənzimləyən avadanlıqlarla təchiz olunmuş anbarlarda saxlanılır. Bütün ölkə üzrə müasir tipli paylayıcı şəbəkə ilə yüksək ixtisaslı personalın işi müştərilərə ən keyfiyyətli xidmət göstərilməsini təmin edir. Telefon, faks və ya on-layn yolu ilə verilən sifarişlər qısa müddət ərzində xüsusi təchiz olunmuş avtomobillərdə öz müştərilərinə çatdırılır.
Azərbaycanın müxtəlif şəhərlərində yaradılan regional satış bazaları şirkət məhsullarının milli miqyasda təklif edilməsi üçün böyük potensial yaratmışdır. Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Şirvan, Lənkəran və Şəki şəhərlərində Şirkətin regional filialları fəaliyyət göstərir.
"AvroMed" şirkəti həmçinin hepatit, məxmərək, parodititis, kiçik sifilis, qızılca, difteriya, pertussis və qrip kimi bir neçə xəstəliyə qarşı immunizasiya üçün peyvənd kabinetlərinin yaradılması məqsədilə dünyanın ən nüfuzlu şirkətlərindən biri olan GlaxoSmithKline ilə sıx iş birliyi yaratmışdır. Artıq iki peyvənd mərkəzi Bakının mərkəzində yerləşən iki xəstəxanada müvəffəqiyyətlə işləyir.
Bakının 30-dan çox ən böyük özəl xəstəxanaları, dövlət qurumlarının nəzdində fəaliyyət göstərən bir çox xəstəxanalar, o cümlədən Nefçilər Xəstəxanası, Mərkəzi Klinik Xəstəxana, Respublika Mərkəzi Xəstəxanası şirkətin müştəriləri arasındadır. Bundan başqa, bütün ölkə ərazisində 1000-dən çox özəl və dövlət aptekləri, dərman depoları, xəstəxana aptekləri, mərkəzi regional apteklər "AvroMed" MMC ilə müvəffəqiyyətlə əməkdaşlıq edir.
"AvroMed" MMC -nin fəaliyyət istiqamətlərindən biri də dövlət qurumlarının nəzdində olan tibb müəssisələrini dərman preparatları və tibb ləvazimatları ilə təchiz etməkdir. Azərbaycan Respublikasinda dövlət qurumlarının nəzdindəki tibb müəssisələrinin təchizatı tender yolu ilə həyata kecirilir. 2007-ci ildən etibarən "AvroMed" MMC Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dərman vasitələri və tibbi ləvazimatların təchizatı üzrə kecirilən tenderlərində uğurla iştirak edir. "AvroMed" MMC həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dərman preparatları və tibbi vasitələr üzrə kecirdiyi tenderin bəzi lotları üzrə qalib olmuşdur. Şirkət 2010-cu ildən etibarən ölkəmizin 11 regional mərkəzi xəstəxanasının tenderində qalib gəlmişdir və hazırda həmin xəstəxanaların dərman vasitələri ilə təminatını həyata kecirir.
"AvroMed" MMC Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kecirdiyi tenderin qalibi olaraq respublikanin hemofiliya və talassemiyalı irsi qan xəstələrini qan donorluğuna aid tibbi vasitələrlə, eləcə də şəkərli diabet və s. imtiyazlı xəstələri onlar ücün nəzərdə tutulmuş dərman preparatları ilə təmin edir.
"AvroMed"
MMC-nin təchizatçıları Pfizer, GlaxoSmithKline,
Balkanpharma, Berlin-Chemie, Gedeon Richter, Nycomed, Egis, Ivax, In-notech,
Les Laboratories Servier, Sanofi-Aventis, Pierre Fabre, Lek, Pliva, Solvay
Pharma, JMS, Schering Plough, Schering AG, Hartmann, Janssen Cilag və s.
kimi dünya əczaçılıq sənayesinin ən
qabaqcıl şirkətləridir.
Eyni zamanda, "AvroMed" şirkəti Pfizer H.C.P. Corporation, Alcon Pharmaceuticals, Novartis, Cheminova Internacional, Catalysis, Ely-Lilly, Alfa Wasterman, Yugoremedia, Yadran, Promed, Octapharma, Biolek, Fito Farm, Lekxim, Materiya-Medika Holding və digər transnasional şirkətlərin Azərbaycanda eksklüziv distribütorudur.
Bütün bu göstərilənlərlə birlikdə "AvroMed" bu gün də təchizatçılarının sayını və ölkə ərazisində fəaliyyətini genişləndirməkdə davam edir. Şirkətdə 600-ə yaxın mütəxəssis çalışır və onların peşəkar bacarıqlarının artırılması istiqamətində daim iş aparılır. Xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər işçilərin təkmilləşdirilməsi üçün dünya əczaçılıq sənayesində baş verən ən yeni dəyişiklikləri şirkətin əməkdaşlarına xüsusi treninq proqramları vasitəsilə çatdırırlar. "AvroMed" şirkəti Azərbaycan əczaçılıq bazarında öz mütərəqqi fəaliyyəti nəticəsində beynəlxalq sənayedə mövcud olan nou-hau elementlərini ölkəmizə gətirməklə novator şirkət imicini qazanmışdır. Şirkətin fəaliyyəti həm ölkə daxilində, həm də onun hüdudlarından kənarlarda yüksək qiymətləndirilir və təqdir edilir. 2008-ci ildə mərkəzi qərargahı İngiltərədə yerləşən Avropa Biznes Assambleyası "AvroMed" şirkətini "Şöhrət çələngi" beynəlxalq mükafatı ilə təltif etmiş, 2010-cu ildə isə şirkət ölkəmizdə "Uğur" milli mükafatına layiq görülmüşdür.
Fəaliyyəti ilə yaxından tanış olduğumuz "AvroMed" şirkəti tək deyil. İş adamları üçün yaradılmış münbit şərait iqtisadiyyatın bütün sahələrində yeni tipli müəssisələrin meydana çıxmasına səbəb olur. Bu müəssisələr ölkəmizin çiçəklənməsi naminə, vətəndaşlara ən müasir standartlara uyğun xidmət göstərməyə, dünya iqtisadiyyatının çağdaş tendensiyalarını öyrənərək nou-hau biliklərini milli sənayemizə tətbiq etməyə qərarlıdırlar. Bu nəcib və vətənpərvər fəaliyyətində ölkəmizin tərəqqisi naminə çalışan bütün şirkətlərə ugurlar arzulayırıq.
N.QƏDİMOĞLU
Xalq qəzeti.- 2011.- 10 iyun.- S. 7.